Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İman-Təqva Nəfsin istəklərinə uymaqdan böyük bir büt yoxdur

İman-Təqva

Nəfsin istəklərinə uymaqdan böyük bir büt yoxdur

 Şübhəsiz, insan varlığında qoyulan müxtəlif meyillər, istəklər, qərizələr, instiktiv hisslər həyatın davamı üçün zəruridir və hər kəs yaşamaq üçün onlara möhtacdır. Öz batinimiz üzərində düşündükdə, görürük ki, Xaliq bütün bu instinktləri məhz insan təkamülü üçün yaratmışdır. Başqa sözlə, insanın cismində bihudə bir üzv olmadığı kimi, istək və meyilləri də bihudə deyil. Lakin burada böyük əhəmiyyət kəsb edən məsələ onların həddini aşmaması, zərərli və qorxulu hala düşməməsi və əqlin kontrolundan çıxmamasıdır. Məsələn, heç kim insanda “qəzəb”in rolunu inkar edə bilməz. Hüququ tapdanmış şəxs onu bütün qəzəbi sayəsində mübarizə meydanında tələb etməyincə, (sakit və aram halda) onu əldə edə bilməz! Amma qəzəb öz təbii halını itirib əqlin ixtiyarından çıxdıqda da insanı heç bir hədd-hüdudu tanımayan vəhşi bir heyvana çevirməyə də qadirdir. Yaxud insanın sərvətə malik olmaq və vəzifəyə yiyələnmək üçün çalışması normal və təbii meyil sayıldığı halda, yalnız dünya, sərvət və vəzifə düşkünlüyünün, yəni bu meyillərdə ifrata varmağın viranedici təsiri də heç kimə gizli deyildir.

Buna əsasən, ruhi qüvvələrin normal vəziyyətinin bir-birinə dəyməsi nəticəsində insanın ixtiyarı əlindən çıxır və rəvayətlərdə bu “nəfsi istəklərə uymaq” kimi təbir olunur. Rəvayətlərə əsasən, nəfsin istəklərinə uymaq bütpərəstliyin ən təhlükəli növüdür. Peyğəmbəri-Əkrəmdən (s) bu məzmunda belə bir hədis nəql olunur: “...Nəfsin istəklərinə uymaqdan böyük bir büt yoxdur...” (“Təfsiri-nümunə”, 15-ci cild, səh.103.)

Başqa bir hədisdə o həzrət belə buyurur: “Həqiqətən, sizin üçün qorxduğum (və səadət yolunuz üzərində yerləşən) ən qorxulu və təhlükəli məsələ nəfsin istəklərinə uymaq və uzun-uzadı arzulara qapılmaqdır. Çünki nəfsin istəklərinə uymaq insanı haqdan uzaqlaşdırır, uzun-uzadı rzulara qapılmaq isə axirəti unutdurur.” (“Təfsiri-nümunə”, 21-ci cild, səh. 267; 15-ci cild, səh. 104.)

Qurani-Kərimin “Kəhf” surəsinin 28-ci ayəsində də bu haqda belə buyurulur:

وَ لا تُطِعْ مَنْ أَغْفَلْنا قَلْبَهُ عَنْ ذِكْرِنا وَ اتَّبَعَ هَواهُ وَ كانَ أَمْرُهُ فُرُطاً؛

“Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!”

“Nəfsin istəklərinə uymaq adlı büt necə olur ki, insan əqlini həbs edir və insanın bütün varlığına hakim kəsilərək onun ixtiyarını ələ alır?” – sualının cavabı aşağıdakı mətləblərdən aydın olur:

1. İman zəifliyi: İnsan varlığında bu bütün yaranmasının əsas səbəblərindən biri imanın zəifliyidir. İlahi əmrlərin icrasına göz yumulduğu zaman iman zəifliyi baş qaldırır. Hər bir halda Allahın hazır, əməllərə nəzarətçi olduğu və qiyamət günü qurulan böyük ilahi məhkəmə haqda düşünən insan cəhd edir ki, ilahi hökmlərə qarşı çıxmasın və ilahi sərhədləri aşmasın. İman zəifliyi isə, istək və ehtirasların normal həddini aşmasına zəmin hazırlayır.

2. Çirkin ətraf mühit və nalayiq dostlarla rabitə: İnsan şəxsiyyətinin formalaşmasında ünsiyyət və əlaqələrinin təsiri o qədər böyükdür ki, hətta bəziləri belə demişlər: “İnsanı tanımaq üçün onun dostuna və kimlərlə oturub-durduğu şəxslərə baxmaq lazımdır.” Şübhəsiz, nalayiq şəxslərin çoxu öz dostlarını müxtəlif yollarla günaha sövq edir. Qurani-Kərimin “Furqan” surəsinin 27-29-cu ayələrində buyurulur:

وَ یَوْمَ یَعَضُّ الظّالِمُ عَلی یَدَیْهِ یَقُولُ یا لَیْتَنِی اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِیلاً. یا وَیْلَتی لَیْتَنِی لَمْ أَتَّخِذْ فُلاناً خَلِیلاً. لَقَدْ أَضَلَّنِی عَنِ الذِّکْرِ بَعْدَ إِذْ جاءَنِی وَ کانَ الشَّیْطانُ لِلاْ ِنْسانِ خَذُولاً

“O gün zalım (peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım. Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim! Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Quranın həqiqəti) mənə çatdıqdan sonra məni ondan (zikrdən, Peyğəmbərdən və Qurandan) o (həmin dost) yayındırdı.”

BÜTƏ PƏRƏSTİŞİN ƏN BÖYÜK TƏHLÜKƏSİ

Şübhəsiz, insan varlığındakı bütün, başqa sözlə, nəfsin istəklərinə uymağın ən böyük təhlükəsi haqla batili ayırd edə bilməməkdir. Allah-Taala Qurani-Kərimin “Casiyə” surəsinin 23-cü ayəsində buyurur:

أَ فَرَأَیْتَ مَنِ اتَّخَذَ إِلهَهُ هَواهُ وَ أَضَلَّهُ اللَّهُ عَلی‏ عِلْمٍ وَ خَتَمَ عَلی‏ سَمْعِهِ وَ قَلْبِهِ وَ جَعَلَ عَلی‏ بَصَرِهِ غِشاوَةً فَمَنْ یَهْدیهِ مِنْ بَعْدِ اللَّهِ أَ فَلا تَذَکَّرُونَ

“Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda, onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”

Qeyd edilənlərə əsasən, insan səadəti və xoşbəxtliyi yalnız iman və saleh əməl sayəsində, cəhənnəm əzabı və əbədi bədbəxtlik isə insanın vücudundakı bütün – nəfsi istəklərin həddini aşması nəticəsində hasil olur. Mərhum imam Xomeyni gənclərə xitabən necə də gözəl buyurmuşdur: “Nə qədər ki, gəncsiniz, çalışın vücudunuzdakı pis xislətlər kök atmasın. Çünki ömür keçdikcə, bu xislətlər möhkəmlənir və insanın onlardan qurtulması çətinləşir. Nə qədər ki, gəncsiniz, özünüzü ibadət və gözəl xüsusiyyətlərə adət etdirin.” (“Bərdaşthayi əz sireyi-imam Xomeyni”, Qulaməli Rəcai, 5-ci cild, səh.189.)

Bir sözlə, əgər insan bilsə ki, bir gün ilahi məhkəmədə sorğu-suala tutulacaq, hər bir əməl və rəftarı araşdırılacaq, öz islahı uğrunda çalışar və əməllərini diqqət mərkəzində saxlayar ki, meyil və istəkləri həddini aşmasın. Sözsüz, bu təfəkkür tərzinin insan ruhunun təkamülündə təsiri olduqca böyükdür və insanın fərdi və ictimai həyatında böyük tərbiyəvi təsirləri ərməğan gətirəcəkdir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə