Bz06072020

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məqalələr Hüseynin müsibətində ağlayan gözlər

Hüseynin müsibətində ağlayan gözlər

 

Həzrət Peyğəmbər (s): "Qiyamət günü Hüseynin müsibətində ağlayan gözlərdən başqa, bütün gözlər  ağlayacaq."
 
Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır. İslam Peyğəmbərinin sevimli nəvəsi İmam Hüseyn (ə) bu ayda haqq-ədalət uğrunda qətlə yetirilib.

Əhli-beyt (ə) aşiqləri hər il məhərrəm ayı  İmam Hüseynin qətlə məzlumcasına şəhid olması (ə) ilə bağlı  hər il məhərrəm ayı əza saxlayır. 14 əsrdir ki, müsəlmanlar eyni hadisəni hər il qeyd edərək İmam Hüseynə (ə) göz yaşı axıdırlar. 14 əsrdir ki, İslam müxalifləri məhz İmam Hüseynə (ə) əzadarlıqla mübarizə aparırlar, ancaq heç bir şeyə nail ola bilmirlər. Çünki Hüseynsiz (ə) İslam, əməvilərin səltənətini möhkəmləndirən İslamdır. Qərb alimlərindən biri deyirdi ki, Qərbdə bir hansısa tədbirin keçirilməsi üçün küllü miqdarda vəsait xərclənirsə, müsəlmanlar bircə qara bayraq görən kimi öz İmamlarının(ə) məclisinə tələsirlər. Nə qədər də qəribə görsənsə, adi əzadarlıq, göz yaşları İslam müxaliflərinin əsas hədəfinə çevirilib.
Əzadarlıq İslam, xüsusən Azərbaycan, mədəniyyətinin ayrılmaz bir hissəsidir. Böyük şairlərimiz Kərbəla hadisəsini vəsf etmiş, mərsiyələr yazmış, Aşura günü insanlar şəbeh qurur, həmin şəbehdə iştirak edən mərsiyyəxanlar muğamın inkişafına böyük töhfələr vermişlər. Hətta sovetlərin dövründə belə bizim xalq İslama sədaqətini göstərmək üçün Məhərrəm ayında əyləncələrdən çəkinər, gizli yerlərdə əzadarlıq məclisləri qurardılar. Əzadarlıq özlüyündə bir mədəniyyət olmaqla yanaşı, ictimai fəlsəfədir.
İmam Hüseynin (ə) Kərbəla qiyamının əhəmiyyəti nə qədər mühümdürsə, əzadarlığın həmin qiyamın ruhiyyəsinin yaşadılmasında əhəmiyyəti bir o qədərdir. Hacə Nəsirəddin Tusi vaxtı ilə deyirdi ki, əgər imamlardan (ə) göstəriş olmasa idi ki, Aşura günü yas tutulsun, o Aşuranı İmam Hüseynin (ə) timsalında Haqqın qələbəsi günü kimi bayram edərdi. Ancaq həm Peyğəmbər (s) özü, həm imamlar (ə) təkidlə Məhərrəmlikdə əzadarlığın zəruriliyini vurğulayıblar.
Rəvayətlərdə nəql olunur ki, bütün ilahi peyğəmbərlər (ə) İmam Hüseynə (ə) əza saxlayıblar. Mötəbər hədislərdə hətta Həzrət Muhəmmədin (s) İmam Hüseyn (ə) kiçik olarkən ona yas saxladığı barədə deyilir. Elə İmam Hüseynin (ə) Kərbəlada şəhid olacağını Peyğəmbər (s) özü əvvəlcədən xəbər vermişdi və ona ağlamağı tövsiyə etmişdi. Hədislərin birində deyilir ki,  Cəbrayıl (ə) Peyğəmbərə nazil olaraq ona bir ovuc torpaq verdi. Peyğəmbər (s) bu torpağın haradan gətirildiyini soruşduqda, Allahın vəhy məleykəsi bunun Kərbəla çölündən gətirdiyini və onun nəvəsi İmam Hüseynin (ə) Kərbəlada şəhid olacağını deyir. Bu xəbərdən ağlayan Peyğəmbər (s) həmin torpağı xanımı Ümmü Sələməyə verir və deyir ki, bu torpaq qana bulaşsa Hüseynin (ə) şəhid olduğunu bilsin. Bu hadisənin üstündən neçə il ötdükdən sonra Aşura günü Ümmü Sələmə Peyğəmbərin (s) verdiyi torpağın qana bulaşdığını görür və küçəyə çıxıb fəryad edir. Digər bir rəvayətdə İmam Sadiqin (ə) Həcc mövsümündə Məkkədə mərsiyyəxanlara pul verib İmam Hüseynə (ə) nohə oxutdurduğu da nəql olunur.
Bütün bunlar əzadarlığın əhəmiyyətini göstərir. İmam Hüseyn (ə) meydanda tək qalanda üzünü dörd səmtə çevirərək hər səmtə doğru çağırdı: “Peyğəmbər övladına kömək edən yoxdurmu?” Əlbəttə ki, İmam (ə) bunu Yezidin azğın qoşununa demirdi, onun çağırışı bütün dövrlərdə və bütün ölkələrdə yaşayan azadlıq və ədalətin, Haqqın tərəfdarlarına ünvanlanmışdı. Hər il Məhərrəm ayında əza saxlayan hər kəs sanki, İmamın (ə) yardım çağırışına müsbət cavab vermiş olur. İmam Hüseyn (ə) Haqqın təcəllası olduğu kimi, Yezid batilin təcəssümüdür. İmama (ə) ağlayıb Yezidə nifrin oxuyan hər kəs, əslində Haqqın əzilməsinə ağlayıb zalımlara etirazını bildirirlər. İmam Hüseynə (ə) görə axıdılan göz yaşı, həm Haqqa məhəbbət, həm batilə etirazdır. Bu səbdəndir ki, tarixən İmam Hüseynə (ə) əzadarlıq edilən ərazilərdə böyük imperiyalara qarşı qiyamlar olub.
Sual yarana bilər ki, niyə məhz ağlamaq? Olmazdırmı ki, hansısa tədbirlər, məsələn son zamanlar dəbdə olan qanvermə aksiyaları və yaxud elmi-praktiki konfranslar keçirilsin? İslam əlbəttə ki, bütün xeyriyyə işləri alqışlayır, ancaq İmam Hüseyn (ə) məktəbinin, İslam həqiqətlərinin yaşanması üçün quru və hissiz tədbirlər azdır.
İmam Hüseynin (ə) qiyamı ictimai bir hadisədir, ancaq onun məqsədi insanların daxilində mənəvi inqilab yaratmaqdır. İmam Hüseynə (ə) əzadarlıq həm cəmiyyətin ictimai şüurunun oyanması, həm də ayrı-ayrı fərdlərin mənəvi islahına xidmət edir. Bəzi insanlar İmam Hüseynin (ə) faciəsinə böyük bir tarixi hadisə kimi deyil, özlərinin şəxsi dərdi kimi baxırlar. Kərbəladan danışanda, sanki onların özlərindən danışırlar. Hansısa elmi tədbirdə İmam Hüseyn (ə) faciəsi təfərrüatı ilə və düzgün şəkildə təhlil oluna bilər, ancaq bu quru təhlillər insanın ağlına yol tapsa da, qəlblərə yol tapa bilməyəcək. Əza saxlayan şəxs sanki o hüzünlü tarixi yenidən yaşayır,  rözə və mərsiyyələrdə deyilən ürəkyandıran sözlərə ağlamaqla İmam Hüseynin (ə) qiyamını dəstəkləyir, xəyalən özünü Kərbəlada hiss edir, o hadisənin ümumbəşəri dəyərini anlayır. İmam Hüseyn (ə) üçün tökülən göz yaşı daş qəlbilri yumşalldır, insanlarda "zülmə baş əymək" xəstəliyini sağaldıb şəfa verir.
ahlibeyt.az (Mətndə azca dəyişiklik edilib. Administrator)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə