Şn12142019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Ailə həyatı qurmaq üçün ən münasib qadın

Ədəbi yazılar

Ailə həyatı qurmaq üçün ən münasib qadın

Özünüzə necə bir həyat yoldaşı axtarırsınız? Necə bir qadınla ailə həyatı qurmaq istəyirsiniz? Evlənəcəyiniz qadının hansı səciyyəvi xüsusiyyətlərə və sifətlərə malik olmasını istəyirsiniz? Sizin fikrinizcə, layiqli və səciyyəvi xüsusiyyətlərə malik bir ömür-gün yoldaşı tapmaq və tanımaq çox çətin bir məsələdirmi?

Ola bilsin siz də bəzi insanlara rast gəlmisiniz ki, onlar qadın seçimində və axtardığını tapmaqda çətinlik çəkirlər və ya özlərini çətinliyə salırlar. Yəqin ki, belələrinə və ya qadın bəyənməkdə çox ciddilik, sərtlik və evlənəcəyi qadının bəzi xüsusiyyətlərə malik olmasında tələbkarlıq edənlərə rast gəlmisiniz.

Müşahidə etmisiniz ki, belə adamlar öz böyüklərini, ya ailəsini hansı tələb və şərtlərlə elçiliyə göndərirlər?

Eşitmisiniz ki, onlar öz gələcək gəlinlərində (və ya kürəkənlərində) hansı sifət və xüsusiyyətlərin olmasını istəyirlər?

Gözəllik, xoşqamətlilik, zərli-zinətli, tayfalı, qohum-əqrabalı, valideynlərin pullu, vəzifəli, ev-eşikli olması, yaxşı həyat şəraiti, ailəsinin ictimaiyyətdəki mövqeyi, ali təhsil, iş sahibi, evdarlığı bacarması və s... kimi sifətlər, indiki dövrdə elçiliyə gedənlərin gəlindən və elçiliyinə gələnlərin kürəkəndən umacaqlarının az bir qismidir. Allah bilir ki, elçiliyə gedənlərin bəziləri daha nələri nəzərdə tuturlar və nələri axtarırlar.

Lakin bilmirlər və ya bilmək istəmirlər ki, yuxarıda sayılan şərtlərin heç birisi heç kimə həqiqi xoşbəxtlik bəxş etməmişdir. Elçilik üçün daha gözəl, önəmli şərt və sifətlər vardır ki, yalnız həmin şərtlərə əməl etmək ailə həyatı qurmaq istəyən cütlüklərin səadət və xoşbəxtliyinə zəmanət verir.

Amma təəssüflər olsun ki, elçiliyə gedənlər (bəzən evlənmək istəyənlər və bəzəndə ailə və qohumları) hər dəfə elçilikdən qayıtdıqdan sonra, oturub elçiliyinə gedilən tərəfin özünün və ailəsinin (guya) nöqsanlarını saymağa başlayırlar. Əslində, o sayılanların heç birisi nöqsan deyil, bəlkə elçiliyə gedən tərəfin qızdan və ailəsindən umacaqlarıdır ki, onlarda tapmadıqda onu böyük bir nöqsan sayırlar.

Elə buna görə də belə adamlar asanlıqla həyat yoldaşı seçə bilmirlər və mütəmadi olaraq dəfələrlə onun-bunun elçiliyinə gedir, müxtəlif ailələri narahat edir, kimlərisə cavab intizarında qoyur və pak qəlbləri sındırırlar. Axırda isə özlərinin sərt, səhv ölçüləri ilə bir qızı, bəlkə də zor, hiylə və ikrahla öz oğlanları üçün bəyənirlər ki, bu cür nikahların isə axır aqibəti sonu görünməyən bir uçurumdur.

Mənə ünvanlanan bir məktubu sizin diqqətinizə çatdırıram:

* "... Bədəxlaqlı, heç nəyə qane olmayan, bihəya, tamahkar, yava danışan və qeybətcil bir həyat yoldaşım var idi. Varlı ailədən olmasına baxmayaraq, çox xəsis, paxıl, mədəniyyət və tərbiyədən uzaq idi... Əlindən cana doymuşdum... Ata-anam, qohum-qonşu onun sözlərindən və əməllərindən cana yığılmış və çıxılmaz vəziyyətdə qalmışdılar... Söyüş, iftira və töhmətləri ilə hamının narahatçılığına səbəb olmuşdu... Həmişə ata-anasının var-dövlətini mənim üzümə vurub deyirdi ki, sən məni bədbəxt elədin... Çox müsibətlərdən sonra ayrılmaq qərarına gəldim və çox söz-söhbətdən sonra ayrıldıq...!"

? Əgər yazdıqlarınızın hamısı həqiqətdirsə, mən sizdən soruşuram ki, evlənmək istəyərkən necə və nə üçün belə bir seçim etdiniz?

Gözəl və cazibədar olduğu üçün? Pullu ailədən olduğu üçün? Məgər siz bilmirdiniz ki, hər kəs qadının mal-dövləti və gözəlliyinə görə onunla nikah bağlasa, Allah-Taala o şəxsi həmin mal-dövlətin öhdəsinə buraxır və o gözəllik onun başının bəlasına çevrilir?![1] Əksər hallarda isə pul və gözəllik düşkününün nəsibi yalnız xarlıq, rüsvaylıq və nakamlıq olduğunu bilmirdinizm? Məgər siz bilmirdiniz ki, insani və ilahi dəyərlərdən uzaq olan, mədəniyyətsiz, mənəviyyatsız bir qadın özünün və atasının varıyla öyünəcək və onu minnət çubuğu edəcəkdir? Məgər bilmirdiniz ki, əgər var-dövlət, ağıl, şüur və düşüncə ilə birlikdə olmazsa, azğınlıq və özbaşınalığa səbəb olacaqdır?

Çox gözəl olardı ki, bu hədisi o zaman sizə xatırladaydılar: “Hər kəs bir qadınla onun gözəlliyinə görə evlənərsə, o gözəllik onun üçün əzab, əziyyət, çətinlik və problemlərdən başqa bir şey doğurmayacaqdır”.[2]

Bilmirəm, bəlkə də belə bir qadınla evlənməyi özünüz üçün zirəklik və fəxr bilərək fikirləşmisiniz ki, qoy, camaat desin ki, filankəs, filan vəzifəli və varlı şəxsin qızı ilə evlənib.

Əgər belə isə, Allahın Rəsulu (s) bu haqda buyurur: “Hər kəs özünü göstərmək və başqalarının önündə lovğalanmaq üçün evlənərsə, Allah-Taala bu nikahı onun alçalması və xar olmasına səbəb edəcəkdir. Bu cür evlilikdən ələ gətirdiyi qazanc qədər, onu cəhənnəmin kənarında saxlayacaq, sonra isə cəhənnəmə atacaqdır”.[3]

Bəlkə də siz heç vaxt belə bir fikirdə olmamısınız. Sadəcə, sizin dünya görüşünüzün olmadığına görə və gözüyumulu, axtarışsız, tanımamış, bilməmiş səhv bir addım atmısınız ki, bunun da nəticəsində yeni ailə həyatınız uğursuzluqla nəticələnmişdir.

Əlbəttə, evlənəcəyiniz qadını tanımamış və kim olduğunu bilməmiş və nə etdiyin haqqında dərindən düşünməmiş bir addım atmağın nəticəsi ümidsizliyə və puçluğa yuvarlanmaqdan başqa bir şey deyildir. İndi deyirsiniz ki, Allah-Taalaya şükürlər olsun ki, bu bəladan can qurtarmısınız. Bilmək istərdim ki, indi nə işlə məşğulsunuz, nə edirsiniz və ya nə etmək istəyirsiniz? Ailə həyatı qurmaq barədə gələcək planlarınız nədir?

* "... İndi bir müddətdir ki, yaxşı, xoşdilli və mehriban bir qadın axtarıram... Nəcib, hörmətli, düşüncəli, anlayışlı ailədən olan bir qadınla ailə həyatı qurmaq istəyirəm... Artıq başa düşmüşəm ki, necə bir qadınla evlənməliyəm... Şəxsiyyətli və qanacaqlı bir qadın istəyirəm ki, həyatın gözqamaşdırıcı zər-zinətinə yox, ədəb, əxlaq, ünsiyyət və mehribançılığa dəyər verən olsun... Bu günü dünənindən daha gözəl olsun... Cavan, xoşüzlü, şirindilli, xoşrəftarlı, evdar və ev işlərində bacarıqlı olsun... Bəlkə, bu zaman mənim viran olmuş və xəzana dönmüş həyatım yenidən gülüstana çevrilə”.

?... Əziz qardaşım! Bilmək istəyərdim ki, görəsən, siz özünüz bu saydığınız sifətlərə sahibsinizmi?

Yaxşı olardı ki, siz də öz şərtlərinizdən azaldıb bir az güzəştli olasınız.

Zahiri gözəlliyə aldanmayın, həqiqi, batini və əsas sifətlərin axtarışında olun.

Anlayışlı, düşüncəli, ədəbli, həyalı, nəcib və imanlı bir ailədə böyümüş bir qadınla evlənin. Əgər ağıllı və həyalı bir qadın tapıb evlənsəniz, artıq başqa sifət və xüsusiyyətlər haqqında narahat olmaya bilərsiniz, çünki o sifətlər sonradan ikinizin qarşılıqlı anlayışınız və birgə zəhmətiniz sayəsində düzələcəkdir. Çünki hər kəsin ağlı, ədəbi və həyası olsa, o, hər şeydən əvvəl Ulu yaradana iman gətirəcəkdir və Allaha olan iman isə bütün yaxşılıqların və gözəlliklərin qaynağıdır. Allah eləməsin ki, batini və mənəvi gözəllikləri, zahiri gözəlliyə qurban verəsiniz.

Əziz bacı və qardaşlar! Əgər siz yersiz və gərəksiz istək və şərtlərinizdən əl çəkib zahiri gözəllik, pul, dövlətli olmaq kimi məsələləri ön planda yerləşdirməyib, həqiqi və mənəvi sifətlərə üstünlük versəniz, özünüzə layiq, uyğun və vəfalı birini tapıb, ailə həyatı qura bilərsiniz. Bununla da, onu və özünüzü tənhalıq zülmətindən işıqlı bir sabaha çıxararsınız. Bu zaman qarşılıqlı sevgi, məhəbbət və bir-birinizin köməyi ilə gözəl yuva, həyat qurub yaşamağı bacaracaq və öz əxlaqi və mənəvi nöqsanlarınızı Ulu yaradana olan xalis imanınız sayəsində özünüzdən uzaqlaşdıracaqsınız.

Hamınıza həyat yolunda xoşbəxtlik və müvəffəqiyyətlər arzulayıram. Arzum budur ki, Allah-Taalanın köməyi ilə, əl-ələ verib birlikdə və bir-birinizin köməyi ilə hər açdığınız sabahı dünənkindən daha xoşbəxt yaşayasınız.[4]

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə