Bz.er10142019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Peyğəmbərİn(s) təvazökarlığı

Allahın Rəsulu (s) o dərəcədə təvazökar idi ki, fəqirlər və kasıblar ilə oturar, onlarla birlikdə yemək yeyər və buyurardı: “Mən də Allahın bəndəsiyəm, bəndələr kimi yeyir, bəndələr kimi otururam.”
Zeyd Şəhham imam Cəfər Sadiqdən (ə) rəvayət edir ki, buyurdu: “Allah-Təala həzrət Muhəmmədi (s) peyğəmbərliyə seçdiyi andan o Həzrətin (s) vəfatınadək Peyğəmbər (s) bir şeyə söykənərək yemək yemədi, əksinə qullar kimi yemək yeyir, onlar kimi də otururdu.” Zeyd deyir: Soruşdum: “ Nə üçün belə edirdi?” İmam Cəfər Sadiq (ə) buyur-du: “ Allah-Təalanın qarşısında təvazökarlıq üçün.” (Biharul-ənvar cild 16, səh.261)

Başqa bir hədisdə imam Cəfər Sadiq (ə) buyurur: “Peyğəmbər (s) hansı evə getsəydi yuxarı başa keçməz, elə qapının yanındaca oturardı.” ( “Üsuli-kafi”, Əl-işrə kitabı 6-cı hədis)

Mərhum Deyləmi (r.ə.) özünün “İrşadul-qulub” kitabında rəvayət etmişdir ki, Allahın Rəsulu (s) ayaqqabısına və paltarına özü yamaq tikərdi, qoyunları özü sağardı, xidmətçilərlə birlikdə yemək yeyərdi. Quru yerdə oturardı, ulağa minərdi, çox vaxt başqalarını da öz yerində otuzdurardı, evi üçün özü bazarlıq edərdi. Heç bir xəcalət çəkmədən aldıqlarını özü evə aparardı, hamı ilə - istər böyük, istər kiçik, kasıb ya varlı - əl ilə görüşər və görüşdüyü şəxs əlini çəkmədən Peyğəmbər (s) əlini çəkməzdi. Qarşısına çıxan hər kəsə - böyüklü kiçikli – salam verərdi, kim o Həzrəti (s) süfrəsinə dəvət etsəydi kasıb süfrəsi olduqda belə, süfrədə cəmi bir neçə xurma olsaydı belə onların dəvətini qəbul edərdi. (İrşadul-qulub, cild 2, səh. 74)

Şeyx Səduq (r.ə.) imam Muhəmməd Baqirdən (ə) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Beş şeydən ölənədək əl çəkmərəm: Bəndələrlə (qullarla) birgə yemək yeməkdən, palansız ulağa minməkdən, keçini öz əlimlə sağmaqdan, yun paltar geyinməkdən, uşaqlara salam verməkdən, təki məndən sonra bunlar sünnət olsun.” (Şeyx Səduq “Əmali” 17-si məclis, hədis 2)

Rəvayət olunur ki, Peyğəmbər (s) səfərdə idi, yemək üçün bir qoyun kəsilməsini əmr etdi. Yoldaşlarından biri dedi: “Onu kəsmək mənim boynuma.” Başqası dedi: “Dərisini soymaq da mənim boynuma.” Başqa birisi dedi: “Xörəyi bişirmək də mənim boynuma.” Beləcə hər kəs bir işi öz boynuna götürdü. Peyğəmbər (s) belə buyurdu: “Elə isə ocaq qalamaq üçün odun yığmaq da mənim boynuma.” Dedilər: “Ey Allahın Elçisi, biz özümüz odun yığacağıq, daha sizin zəhmət çəkməyinizə ehtiyac yoxdur.” Həzrət (s) buyurdu: “Bilirəm, amma özümü sizdən üstün saymaq istəmirəm, çünki Allah-Təala özünü başqalarından üstün sayan bəndəni xoşlamır.” (Müntəhal-amal cild 1, səh.18)

Bir kişi həzrət Peyğəmbər (s) üçün süd və bal gətirmişdi. Allahın Rəsulu (s) buyurdu: “Bunların biri olan yerdə o birisinə ehtiyac yoxdur. Mən bunların ikisini də yeyə bilmərəm, bu işi başqalarına da haram etmirəm, mən yalnız Allah qarşısında təvazökar olmaq üçün belə edirəm. Çünki kim Allah-Təalanın qarşısında təvazökar və başıaşağı olarsa Allah onu ucaldar. Amma kim təkəbbürlük və lovğalıq edərsə Allah-Təala onu alçaldar.” (Tuhəful-uqul, Məvaizun-Nəbi fəsli)

Peyğəmbər (s) oturduğu məclisin yuxarı-aşağısı olmazdı, hamı dövrəvari oturardı. Ənəs ibn Malik deyir: “Biz Peyğəmbərin (s) yanına getdikdə orada dövrəvari oturardıq.” Həmçinin Cabir (r.ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) yola çıxarkən səhabələr o Həzrətdən (s) irəlidə yol gedər və arxanı mələklər üçün saxlayardılar. (Sünənün-Nəbi səh.70)

Əbuzər Ğəffari (r.ə) rəvayət etmişdir ki, Allahın Rəsulu (s) təvazökarlıqla və çox sadə tərzdə səhabələri ilə oturardı, belə ki, özgə bir şəxs içəri girsəydi səhabələr Peyğəmbəri (s) nişan verməyincə, həmin şəxs oturanların hansının Peyğəmbər (s) olduğunu bilməzdi. Biz həzrət Peyğəmbərdən (s) xahiş etdik ki, başqaları onu tanısınlar deyə onun üçün bir yer düzəldək. Həzrətin (s) razılığını əldə etdikdən sonra daş və gil ilə bir yer düzəltdik. Allahın Elçisi (s) daşın üstündə oturdu və biz də onun ətrafına toplaşdıq. (Sünənün-Nəbi səh.53)

Əbul-Fəth Razi öz təfsirində yazır: “Peyğəmbər (s) belə bir dua edərdi: İlahi, məni kasıblar kimi yaşat, kasıblar kimi öldür, qiyamət günü kasıblarla birgə dirilt!”

İmam Muhəmməd Baqir (ə) buyurur: “Bir mələk Peyğəmbərin (s) yanına gəlib dedi: Allah-Təala səni iki şeyin ixtiyarında qoymuşdur, hansını istəyirsən seç. Birincisi budur ki, həm təvazökar, həm də elçi olasan. O biri budur ki, Süleyman (ə) kimi padşah və peyğəmbər olasan. Peyğəmbər (s) Cəbrailə (ə) baxdı və o da işarə ilə təvazökarlığı göstərdi. Peyğəmbər (s) buyurdu: Mən bəndəçilik və təvazökarlıqla peyğəmbərliyi seçirəm.” (Biharul-ənvar cild 18, səh. 334; Üsuli-kafi Təvazö fəsli, hədis 5)

“Məkarimul-əxlaq” kitabında Peyğəmbərin (s) həyatı barədə Əbu Səid Xidri rəvayət edir ki, Allahın Rəsulu (s) pərdə arxasındakı qızlardan da həyalı idi. Belə ki, əgər bir şeydən xoşu gəlməsəydi qiyafə və simasından bilinərdi (daha sözlə deməyə ehtiyac olmazdı). (Sünənün-Nəbi səh.23)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə