Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) Məqalə İMAM MEHDİNİN (Ə) HӘYATINA QISA BİR BAXIŞ

İMAM MEHDİNİN (Ə) HӘYATINA QISA BİR BAXIŞ

 BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
 
İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:
 
Şiələrin on ikinci imamı, Peyğәmbәri-Әkrәmin (s) son canişini imam Mehdi (ә) 255-ci һicri-qәmәri ilinin Şəban ayının 15-də cümә günü, dan yeri sökülәn zaman İraqın Samirra şәһәrindә dünyaya gәlmişdir. Һörmәtli atası, şiələrin on birinci imamı һәzrәt Həsən Əskəri (ə), anası isə Nərgis xatundur vә onun kimliyi haqda müxtәlif rəvayətlər nəql edilmişdir. Bir rəvayətə görə; o, Rum imperatorunun oğlu “Yəşua”nın qızıdır. Onun da anası һәzrәt İsanın (ә) vәsisi Şәmunun nəslindəndir. Rəvayətlərә görə, qәribә bir yuxu nəticəsində müsəlman olmuşdur. İmam Həsən Əskərinin (ә) göstәrişi ilә müsəlmanlara qarşı döyüşә keçən Rum ordusuna qoşulur və nəhayət, dostları ilə birlikdə müsəlmanlara әsir düşür. İmam Hadi (ə) bir nəfəri göndәrir ki, onu alıb Samarraya gətirsin. Bununla bağlı müxtәlif rəvayətlər nəql olunsa da, diqqәti cәlb edәn әn önəmli mәsәlә Nərgis xatunun imam Hadinin (ә) bacısı Hәkimənin evində qalıb, ondan dini tәlim-tәrbiyә alması vә Һәkimə xanımın ona böyük һörmәt bәslәmәsidir. (“Biharül-ənvar”, c. 5, h. 29, s. 22 və h. 14, s. 11.)
 
İllər öncə Peyğəmbəri-Әkrәm (s), Әmirәlmöminin Әli (ә) və imam Sadiqin (ә) kәlamlarında Nərgis xatun uca bir qadın vә “cariyә”lərin ən yaxşısı və sәrvәri olaraq tanıtdırılır. Demәk lazımdır ki, imam Zamanın (ә) anası Nərgis xatun Susən, Reyhanə, Məleykə, Seyqәl kimi başqa adlara da çağrılarmış. (“Biharül-ənvar”, c. 5, h. 7, s. 21; “Qeybəti Tusi”, h. 478, s. 470; “Kəmalud-din”, c. 2, fəsil: 33, h. 31, s. 21.)
 
İMAM MEHDİNİN (Ə) ADI, KÜNYӘSİ VӘ LӘQӘBLӘRİ
 
İmam Zamanın (ә) adı və künyәsi İslam Peyğəmbərinin (ә) adı və künyәsi ilә eynidir. Bəzi rəvayətlərdə onun zühuruna qədər adının çəkilməsi qadağan edilmişdir. O һәzrətin məşhur lәqәblәri bunlardır: Mehdi, Qaim, Müntәzәr, Bəqiyyәtullah, Höccət, Xәlәfüs-Saleh, Mәnsur, Sahibül-Əmr, Sahibәz-Zaman, Vәliyyi-Әsr. Bu lәqәblәrin içində ən məşhuru “Mehdi”dir və hәr biri Hәzrәtə xas xüsusiyyətə işarədir.
 
İMAM MEHDİNİN (Ə) DÜNYAYA GƏLİŞİ
 
Bu haqda Peyğəmbər (s)-dən nəql olunan hədislər olduqca çoxdur və həmin hədislərdə deyilir: “Mənim nəslimdən “Mehdi” adlı bir şəxs qiyam edəcək və yer üzündən zülmün kökünü qoparacaq.”
 
Zülmkar Abbasi xəlifələri bu məzmunlu hədisləri bildiklərindən, imam Mehdi (ə) dünyaya göz açdığı vaxtdan onu öldürməyi ön plana çəkmişdilər. Bunun üçün imam Cavad (ə)-ın zamanından etibarən məsum imamların (ə) həyatları çətinlik, əziyyət, siyasi və nizami təzyiqlərlə keçmişdir. Bu təzyiq və məhdudiyyətlər imam Həsən Əskərinin (ə) dövründə öz həddini aşmış, Abbasi məmurları o həzrətin evinə bütün giriş-çıxışları nəzarət altında saxlayırdılar.
 
Bu vəziyyət qarşısında vəd edilmiş ilahi xilaskarın dünyaya gəlişinin gizli olması lazımlı bir məsələ idi. Hətta imam Həsən Əskəri (ə)-ın yaxın dostları belə, imam Mehdinin (ə) dünyaya gəlməsindən xəbərsiz idilər. O həzrətin təvəllüdündən bir neçə saat əvvələ qədər də, anası Nərgiz xatunda hamiləlik əlamətləri görünmürdü.
 
İmam Cavadın (ə) qızı və imam Həsən Əskərinin (ə) bibisi Həkimə xanım imam Mehdinin (ə) təvəllüd əhvalatını belə nəql edir:
 
“İmam Həsən Əskəri (ə) bir nəfəri göndərərək məni yanına çağırdı. Yanına çatdığım zaman dedi: “Ey bibi, bu axşam iftar üçün bizdə qal! Çünki Şaban ayının on dördüncü gününün axşamıdır. Allah bu gecə yer üzündə (son) höccətini aşkar edəcək.” Mən də “anası kimdir?” deyə soruşduqda, Həzrət buyurdu: “Nərgiz.” Dedim: “Canım sənə fəda olsun! Onda hamiləlik əlaməti görünmür.” Həzrət buyurdu: “Dediyim həqiqətdir.” Sonra Nərgizin yanına getdim və salam verib oturdum. O, ayaqqabılarımı çıxarmaq üçün mənə yaxınlaşıb dedi: “Ey mənim sərvərim, vəziyyətiniz necədir?” Mən dedim: “Xeyr, mənim və xanədanımın sərvəri sənsən.” O, mənim dediklərimlə razılaşmayıb dedi: “Bibican, nə danışırsan?” Mən ona “Qızım, bu axşam Allah sənə elə bir övlad verəcək ki, dünya və axirətin sərvəri olacaq!” – dediyim zaman utandı və həya etdi.”
 
Həkimə xanım deyir: “Şam namazından sonra iftarımı açıb, yatağıma uzandım. Gecə yarısı (gecə) namazını qılmaq üçün ayağa qalxıb namaz qıldım. Nərgiz heç bir şey yoxmuş kimi yatmışdı. Namazın davamında müstəhəb əməlləri yerinə yetirdikdən sonra yatdım. Birdən bir qorxu ilə yuxudan ayıldım. O, hələ də yatmışdı. Bir az sonra oyandı və gecə namazını qılıb təkrar yatdı. Mən çölə çıxdım, şəfəq zamanının olub-olmadığını anlamaq üçün səmaya baxdım. Birinci şəfəqin olduğunu gördüm. Nərgiz hələ yatmışdı. Mən şübhəyə qapıldım! (İmam Əskərinin (ə) sözlərinə qarşı qəlbimdə tərəddüd yarandı.) Qəflətən imam Həsən Əskəri (ə) “Ey bibi, tələsmə, (təvəllüd vaxtı) yaxındır!” – deyə səsləndi. Mən oturdum və “Səcdə” surəsi ilə “Yasin” surəsini oxumağa başladım. Nərgiz həyəcan içərisində yuxudan oyandı. Dərhal yanına gedib dedim: “Bəla səndən uzaq olsun! Ağrımı hiss edirsən?” Dedi: “Bəli, bibi!” Dedim: “Özünü ələ al, həyəcanlanma, bu, sənə verdiyim xəbərdir.” Bu zaman mən və Nərgiz halsızlaşdıq. Sonra səvərimin (yeni doğulan körpənin) səsi ilə özümə gəldim, paltarı üzərindən götürdüm və onu səcdə halında gördüm! Qucağıma götürdüm. O, tərtəmiz idi! Bu zaman imam Həsən Əskəri (ə) məni çağırıb dedi: “Ey bibi! Oğlumu mənim yanıma gətir!” Onu imam Həsən Əskərinin (ə) yanına apardım... Qucağına alıb buyurdu: “Oğlum danış! Uşaq danışmağa başladı və belə dedi: “Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədər-Rəsulullah” (Şəhadət verirəm ki Allahdan başqa məbud yoxdur, təkdir, şəriksizdir və Mühəmməd Onun rəsuludur.) Sonra Əmirəlmöminin Əliyə (ə) və digər imamlara (ə) salam göndərdi... İmam Həsən Əskəri (ə) dedi: “Ey Bibi! Onu anasının yanına apar, ona da salam versin...”
 
Həkimə xatun deyir: “Bir gün sonra imam Həsən Əskərinin (s) yanına gedib, salam verdim. Mövlamı (imam Mehdini (ə)) görmək üçün pərdəni kənara çəkdim. Lakin onu görə bilmədim. Hörmətli atasından “Canım sənə fəda olsun! Sərvərimə nə oldu?” – deyə soruşduqda, Həzrət buyurdu: “Ey bibi, onu Musanın (ə) anasının onu əmanət verdiyi şəxsə (Allaha) əmanət olaraq tapşırdım.”
 
Həkimə xatun yenə deyir: Yeddinci gün olduqda, yenə imam Həsən Əskərinin (ə) evinə getdim, salam verib oturdum. İmam (ə) “Oğlumu yanıma getir!” – deyə buyurdu. Mən də gedib gətirdim. İmam (ə) dedi: “Oğlum danış! Körpə (imam Mehdi (ə)) Allahın birliyinə şahidlik edib, Peyğəmbər (s)-ə və uca ata-babalarına salam göndərdikdən sonra bu ayəni oxudu:
 
وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ
 
“Biz istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək. Onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onları o torpaqda yerləşdirək), Firona və (onun vəziri) Hamana və qoşunlarına onların (İsrail övladları) tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək.” (“Qəsəs” surəsi, ayə: 5-6; “Kəmalud-din”, c. 2, fəsil: 42, h. 1, s. 143.)
 
İMAM MEHDİNİN (Ə) XÜSUSİYYƏTLƏRİ
 
Məsumların (ə) hədislərində imam Mehdinin (ə) xüsusiyyətləri haqda belə buyurulur: “O, ibadət əhli, gecə ibadətlə məşğul, zahid, sadə yaşayan, səbirli, helmli, ədalətli və yaxşılığı sevəndir. O, elmdə hər kəsdən üstün, mübarək bədəni təmizlik və bərəkət qaynağı, qiyam və cihad əhlidir. Böyük dünya inqilabının rəhbəri, son xilaskarı və bəşəriyyətə vəd edilən islahatçıdır. O, çox nurani, Rəsulullahın (s) nəslindən, həzrət Fatimənin (ə) övladlarından və imam Hüseyinin (ə) nəslindən olan doqquzuncu övladıdır. Zühur zamanı Kəbəyə söykənəcək və Peyğəmbərin (s) bayrağını əlinə alacaq. Qiyamı ilə dünyanın hər tərəfində Allahın dinini dirçəldəcək, hökmlərini dünyanın hər yerində icra edəcək və dünya zülmlə dolduqdan sonra haqq-ədalətlə dolduracaqdır.” (“Müntəxəbül-əsər”, 2-ci fəsil, s. 329-383.)
 
İMAM MEHDİNİN (Ə) HƏYAT MƏRHƏLƏLƏRİ
 
İmam Mehdinin (ə) həyatı üç dövrdən ibarətdir:
 
1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü təvəllüdündən atası imam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.
 
2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, imam Mehdinin (ə) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti  əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür:
 
a) Kçik (qısamüddətli) qeyb dövrü: 260-cı hicri ilində imam Həsən Əskərinin (ə) şəhadətə çatması ilə imam Mehdinin (ə) imamlıq dövrü və bu tarixdən etibarən, o həzrətin kiçik qeyb dövrü də başladı. Kiçik qeyb dövrü 329-cu hicri ilinə qədər, təxminən, 70 il davam etdi.
 
b) Böyük (uzunmüddətli) qeyb dövrü: Bu dövr 329-cu hicri ilindən başlanmışdır və Allahın əmri və iradəsi ilə qeyb buludlarının çəkilib dünyanın vilayət günəşi ilə işıqlanacağı günə qədər davam edəcək.
 
Qeyd etmək lazımdır ki, şiələr kiçik qeyb dövründə xüsusi nümayəndələr vasitəsilə İmamla (ə) əlaqə saxlayır, ilahi vəzifələrini öyrənib, həyatlarını da İmamın (ə) göstərişləri istiqamətində tənzim edirdilər. Ancaq böyük qeyb dövrünün başlanması ilə bu əlaqə kəsilir. Bundan sonra möminlər dini vəzifələrini əldə etmək üçün İmamın (ə) ümumi nümayəndələrinə üz tutmalı olurlar. Bu nümayəndələr təqvalı və imanlı din alimləri, böyük “mərcəi-təqlidlər”dən ibarətdirlər. Bu aydın yol imam Mehdinin (ə) etibarlı şiələrindən birinə yazdığı məktubda ifadə olunmuşdur. İmamın ikinci xüsusi nümayəndəsi tərəfindən çatan bu məktubun bir hissəsində belə buyurulur:
 
وَ أَمّاَ الْحَوادِثُ الْواقِعَة فَارْجِعوا فيها إِلى رُواةِ حَديثِنا فَإِنَّهُم حُجَّتى عَلَيكُم وَ أَنَا حُجَّةُ اللهِ عَلَيهِم...
 
“Gələcəkdə baş verəcək hadisələr zamanı (ilahi vəzifələri əldə etmək üçün) bizim hədislərimizi nəql edənlərə (fəqihlərə) müraciət edin. Çünki onlar mənim sizlərə höccətim, mən də onların üzərində Allahın höccətiyəm...” (”Kəmalud-din”, c. 2, fəsil: 45, h. 3, s. 236.)
 
3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci imam (ə) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, qardaşlıq, dostluq və ədalətlə dolduracaqdır. Heç kim vəd edilən imamın (ə) nə vaxt zühur edəcəyini bilməz. Rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir.
 
İlahi! Bizim gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandır! Bizi onun vəfalı dostların və fədakar əsgərlərindən qərar ver! Amin!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə