Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə "Surə"lər haqqında qısa məlumat Şeyx Kuleyni və Quran təhrifi məsələsi

"Surə"lər haqqında qısa məlumat

Şeyx Kuleyni və Quran təhrifi məsələsi

Biz “əl-Kafi və “təhrif” hədisləri” yazısında sübut etdik ki, böyük Şiə alimi Şeyx Kuleyninin (864-940) ittiham olunduğu səksəndən artıq hədisin heç biri Quranın təhrifinə əsas vermir. Təbii ki, həm Şiə, həm Əhli-sünnə kitablarında açıq-aşkar təhrifə dəlalət edən rəvayətlər vardır. Heç şübhəsiz, Kuleyni də onları görmüş, lakin nəinki kitabında yazmamış, hətta təhrifi – Quran ayələrinin artırılıb-azaldılmasını inkar edən çoxlu hədislərə yer vermişdir.
Lakin əl-Kafidə təhrif hədisləri olsaydı belə, bunu Kuleyninin fikri kimi qələmə vermək düzgün olmazdı. Çünki bu kitabda təhrifi inkar edən hədislər də var. Bunu bir qədər açıqlayaq.
Vəhhabilər deyirlər ki, Kuleyni əl-Kafinin müqəddiməsində yalnız səhih hədisləri topladığını yazmışdır; deməli, hər bir hədisdə mövcud fikir həm də Kuleyninin fikri hesab olunmalıdır. Bu da növbəti savadsızlıqdan, ya da bəhanədən başqa bir şey deyil. Əl-Kafidə kifayət qədər ziddiyyətli hədislər var. Bu zaman onların hansını müəllifin fikri hesab etməliyik?! Təsadüfən, “təhrif” hədisləri arasında da beləsini gördük. Bir hədisdə deyilir ki, Fatimə müshəfində bir Quran ayəsi belə yoxdur, digər hədisdə isə bir ayənin Fatimə müshəfində filan formada qeyd olunduğu göstərilir. İndi Kuleyninin fikrini necə təyin edə bilərik: Kuleyniyə görə, Fatimə müshəfində Quran ayəsi varmı, yoxmu? Müəllif öz meyarlarına əsasən, səhih bildiyi hədisləri qeyd etməklə kifayətlənib aralarındakı ziddiyyəti həll etməyibsə və öz fikrini açıq şəkildə ortaya qoymayıbsa, onun hansı mövqedə olduğunu təyin etmək mümkün deyil.
İndi isə Kuleyninin qeyd etdiyi və təhrifə qarşı çıxan bir neçə hədisə nəzər salaq:
İmam Baqir (ə) Səd əl-Xeyrə yazdığı məktubunda müsəlmanların Quranın ayələrini diqqətlə qoruduqlarını, amma mənasını təhrif etdiklərini açıq-aşkar bildirirdi: “(Allahın) Kitabından üz çevirməyin bir növü belədir ki, hərflərini qoruyub, hədlərini (mənalarını) təhrif edirlər. Rəvayət edirlər, lakin riayət (və əməl) etmirlər. Cahillər onun rəvayətinin qorunduğuna sevinir, alimlər isə ona əməl olunmadığına görə kədərlənirlər”. (Kuleyni. Əl-Kafi, 8/53)
İmam Baqir (ə) Quranın müxtəlif həcmlərdə deyil, eyni olduğunu bildirərək buyurur: “Quran birdir, Bir olan tərəfindən bir nəfərə nazil olub. Fərqlər isə yalnız rəvayətçilərə görədir”. (Kuleyni, 2/630)
Məlum olduğu kimi, Quranın təhrif edildiyini düşünənlər imamların, xüsusən də İmam Əlinin adının çıxarıldığını iddia edirlər. İmam Sadiq isə Quranda heç bir imamın adının olmadığını açıq-aşkar bildirir və bu yanlış düşüncəni kökündən rədd edir. Ondan “Əlinin və Əhli-beytin adları nə üçün Quranda yoxdur?” – deyə soruşana cavab verir ki, Allah namaz haqda ayə göndərib, amma onun üç, yoxsa dörd rəkət olduğunu deməyib, bunu Allahın rəsulu təfsir edib. “Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” ayəsində Əlinin və Əhli-beytin nəzərdə tutulduğunu da Peyğəmbər söyləyib. (Kuleyni, 1/286-287)
Ayətullah Xoyi bu hədis barədə deyir: “Bu səhih hədis bütün belə hədislərə hakimdir və onların məqsədini açıqlayır”. (Xoyi Ə. “Əl-Bəyan fi təfsir əl-Quran”, 232) Yəni imamlar Quranda adla deyil, işarə və xüsusiyyətlərlə tanıtdırılmışlar.
Həmçinin İmam Sadiq buyurur: “Qurana müvafiq olmayan hər bir hədis cəfəngiyatdır”. (Kuleyni, 1/69) Hədisin dəyərləndirilməsində Kuleyninin ilk meyarı da məhz Quranla uyğunluğudur. O, əl-Kafinin müqəddiməsində yazdığı “Hədisləri Allahın kitabı ilə tutuşdurun; düz gələni götürün, zidd olanı rədd edin” (Kuleyni, 1/8) hədisi ilə bunu özünün əsas meyarı bəyan etmişdir.
Bütün deyilənlərdən əlavə, yenə də təkrar edirik ki, “rəcm ayəsi” hədisi kimi qeyri-şiə mənbələrindən daxil olanları çıxmaq şərtilə, Kuleyninin əl-Kafidə topladığı hədislərin heç biri Quranın təhrif olunduğuna əsas vermir. Hələ üstəlik, müəllifin də belə bir fikirdə olduğunu söyləmək isə, yumşaq desək, xüsusi insafsızlıq tələb edir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə