Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə "Surə"lər haqqında qısa məlumat Quran təhrifi mövzusunda Təkfir amili

"Surə"lər haqqında qısa məlumat

Quran təhrifi mövzusunda Təkfir amili

Vəhhabilərin şiələri Quran təhrifi düşüncəsində günahlandırmaları onların müsəlman firqələrinə yağdırdıqları tükənməz ittihamlardan yalnız biri kimi də görünə bilər. Lakin təəssüf ki, bu heç də sıradan bir ittiham deyil. Əvvəla, söhbət Quranın etibarından gedir. Əgər müsəlmanlar bir-birlərini onun təhrifində günahlandırsalar, bu müqəddəs kitab nəinki qeyri-müsəlmanların, hətta müsəlmanların da yanında hörmətdən düşər, ona inam azalar. İkinci məsələ isə Quranın təhrif olunduğunu düşünənlərin təkfir edilməsi ilə bağlıdır. Sələfilər belə bir düşüncəyə malik müsəlmanları kafir və mürtəd hesab edir, qətlini vacib sayırlar. Və şiələri belə bir etiqadda günahlandırmaq onların təkfirçilik planlarına əlverişli şərait yaratmış olur.
Dövrümüzdə Əhli-beyt davamçılarını kafir sayan vəhhabi alimlərinin əsas dəlillərindən biri məhz bu qondarma iddia olmuşdur. Tanınmış vəhhabi müftisi İbn Cibrindən (1933-2009) yoxsul şiələrə zəkat verməyin hökmünü soruşduqda bu məzmunda cavab vermişdi: “Kafirə zəkat verilməz. Şiələr də dörd dəlilə əsasən, kafirdirlər: 1. Onlar Quranın təhrif olunduğunu düşünürlər...” (İbn Cibrin A. “Əl-Lölö əl-məkin” fətvaları. Etiqadi suallar. Sual: 43. www.ibn-jebreen.com)
Bu ittihamı səsləndirən sələfi və vəhhabilərin sayı-hesabı yoxdur. Ehsan İlahizəhir (1941-1987) bu mövzuda “Şiə və Quran”, Məhəmməd Malullah (1957-2002) “Şiə və Quran təhrifi”, Nasir Qəfari (1956-) “Şiə məzhəbinin etiqadları”, Məhəmməd Əs-Seyf “Əş-Şiə əl-İsna əşəriyyə və təhrif əl-Quran”, Osman əl-Xəmis (1962-) “Şiə və Quran” adlı əsərlər yazmış və bununla bütün dünyada Əhli-beyt davamçılarına qarşı terror əməliyyatlarının mental əsaslarını təmin etmişlər. Milli vəhhabilərimiz də öz məsləkdaşlarından geri qalmayaraq sayt, forum və sosial şəbəkələrdə, həmçinin Youtube portalına yerləşdirdikləri dırnaqarası dərslərində “Şiə məzhəbinin ən böyük alimləri kafirdir”, “Bu məzhəbi kafirlər qurmuşlar”, “İslam düşmənlərini tanıyaq” kimi əxlaq və mədəniyyətdən kənar fikirlər səsləndirirlər.
Vəhhabi alimlərinə müasir Şiə alimlərinin yekdilliklə Quranın təhrif olunmadığını düşündüklərini deyəndə bəhanə gətirirlər ki, Quranın təhrif olunduğunu, azaldığını söyləyən alimləri təkfir etmədiklərinə görə, digər Şiə alimləri də bunu təsdiqləmiş sayılırlar. Osman Əl-Xəmis məsləkdaşı Ehsan İlahizəhirin “bütün şiələr Quranın təhrif olunduğunu düşünürlər” fikrini də bununla izah etməyə cəhd göstərmişdir. Yəni şiə alimləri Cəzairi və Nuri Təbrisi kimiləri təkfir etmədiklərinə görə onlarla eyni fikri bölüşmüş sayılırlar. (www.almanhaj.net) İddianın absurdluğu aksiom olsa da, bunları deməyi lazım bilirik: Biz məzhəb olaraq, təkfirçi deyilik, müxalif fikirləri təkfirlə cavablandırmır, insanlara düşüncə və etiqad azadlığı tanıyırıq. Yaşadığımız cəmiyyətdə Quranın nəinki bəzi hissələrinin azaldığını düşünən, ümumiyyətlə, hamısının bəşər tərəfindən yazıldığını deyən, Allah-Taalanın nəinki kitabını, hətta Özünü belə inkar edənlər var və biz onların qətlinə fərman vermirik. Bizim dinimiz, Quranımız belə deyir. Biz müharibə vəziyyətinə və döyüşlərə aid hökmləri sülh şəraitində tətbiq etmir və nəticədə mütərəqqi İslama mürtəce rəng qatmırıq. Bizim peyğəmbərimiz adi şəraitdə müşriklərlə də normal davranırdı, imamımız Cəfər Sadiq məsciddə ateistlərlə elmi mübahisə edir, şübhələrini cavablandırırdı, onları söyüb məsciddən qovmurdu.
Digər tərəfdən, Şiə hüququ o qədər mükəmməldir ki, əl-Xəmis kimilərin iman və küfr meyarlarını öyrətməsinə ehtiyac yoxdur. Biz bu meyarları kiminsə əks-təbliğatından, yaratdığı ajiotajdan deyil, Allahın kitabından və Peyğəmbərin sünnəsindən əxz edirik. Vəhhabilərin az qala bütün Orta Şərqi xarabalığa çevirməkdə olan küfr meyarları isə özlərinə qalsın.
Başqa izahı olmayıb məhz Quranın təhrifinə dəlalət edən azsaylı hədislərə (xatırladaq ki, qeyri-şiə mənbələrində belə hədislər dəfələrlə çoxdur) və hansısa Şiə alimlərinin yanlış fikrinə görə bütün Əhli-beyt davamçılarını kafir adlandıran vəhhabilərə isə sözümüz budur: Quranın azaldığını düşünənləri kafir sayırsınızsa, ayrıseçkilik etməyin, cürətiniz çatırsa, lap əvvəldən – Quranın təxminən üçdə ikisinin çıxarıldığını söyləyən xəlifə və səhabələrdən başlayaraq hamısının hökmünü verin. Heç olmasa, təkfirçiliynizdə səmimi olun, ayrıseçkilik etməyin. Peyğəmbərin “Əli ilə vuruşan mənimlə vuruşub, mənimlə vuruşan Allahla vuruşub” dediyi halda, nə üçün ona qarşı qiyama qalxan, onu öldürməyə çalışan və on minlərlə müsəlmanın qətlinə bais olan səhabələri təkfir etmirsiniz? Peyğəmbərin “Əlini söyən məni söyüb, məni söyən Allahı söyüb” dediyi halda, nə üçün minbərlərdə Əliyə lənət oxutduran Müaviyəni təkfir etmir, hətta çoxlu səhabələrdən də uca tutursunuz? Allah və Rəsulu dəfələrlə Əhli-beyti, ən azı, onları sevməyi tapşırdığı halda, nə üçün Peyğəmbərin ciyərparəsinin başını kəsib qız-gəlinlərini əsir tutan Yezidi təkfir etmir, üstəlik, Əmirəlmöminin adlandırırsınız? Bunları təkfir etmirsinizsə, onda heç kimi təkfir etməyin, lal-dinməz yerinizdə oturun, iftiralardan əl çəkin, bir neçə nəfərin fikrini bütöv bir məzhəbə aid etməyin.
Biz indi diqqəti başqa bir məqama yönəltmək istəyirik: Hörmətli sələfilər! Tutaq ki, sizin hədis kitablarınızda təhrifə aid bircə nümunə belə yoxdur və heç bir aliminiz belə bir iddiada olmayıb. Əksinə, 100 il öncəyə qədər istisnasız olaraq, bütün şiə alimləri Quranın təhrif olunduğunu deyiblər. Amma 100 ildir bu firqənin alimləri sələflərinin səhvini başa düşmüşlər və Quranın təhrif edilmədiyini söyləyirlər. Əgər belədirsə və bu firqə hidayət yolunu tapıbsa, nə üçün buna sevinib müsəlmanları təbrik etmir, hələ üstəlik, qədim alimlərin sözlərini bayraq edib indiki şiələri də kafir sayırsınız? Əgər sizin məqsədiniz bəşəriyyətin hidayətidirsə, nə üçün hər hansı məzhəb haqda mühakimə yürüdərkən indiki etiqadlarını deyil, 100 il qabaqkı etiqadlarını əsas götürürsünüz? Sizdə baş kəsməkdən, qan tökməkdən başqa hidayət yolu yoxdurmu?
Quranın təhrif edildiyini, onun bəzi hissələrinin mövcud Quran kitabından çıxarıldığını düşünən bəzi əxbarilər çox pis və yanlış düşüncədə olmalarına baxmayaraq, nəinki şiə, hətta bir çox sünni və sələfi alimlərə görə də, kafir sayılmırlar, onları təkfir etmək hətta sələfilərin dini əsaslarına görə də yolverilməzdir. Çünki onların bu fikrə düşməsinə bəzi hədislər səbəb olmuşdur. Bu alimlər bəziləri kimi kimlərəsə külli miqdarda pul verib yalan hədis qoşdursaydılar, onları xəyanətdə günahlandırmaq olardı. Onlar isə qabaqcadan uydurulmuş belə hədisləri düzgün araşdırma metodlarını bilməmişlər, dominant düşüncəyə çevrilmiş əxbarilik onları bəlli fikirlərə sövq etmişdir. Onların günahı elmi əsaslarının yanlışlığı və bunun da nəticəsində yanlış elmi nəticələrə gəlmələridir. Buna isə Sələfizmin banisi İbn Teymiyyənin sözləri ilə cavab vermək istəyirik. O yazır: “Quranın Allah kəlamı olmadığını deyən şəxs iftiraçı və bidətçidir... Təkfirə gəldikdə isə, doğrusu budur ki, Məhəmməd ümmətindən ictihad edən və haqq niyyətilə səhvə yol verən təkfir olunmur. Əslində, onun səhvi bağışlanacaqdır. Amma kimin üçün Peyğəmbərin gətirdikləri aydın olsa və o, hidayəti açıq-aşkar dərk etdikdən sonra Peyğəmbərə qarşı çıxıb möminlərin yolundan ayrısına üz tutsa, kafirdir... Hər xətakar və bidətçi, hər cahil və sapqın nəinki kafir, heç fasiq və günahkar da hesab olunmur”. (İbn Teymiyyə. "Məcmu əl-fətava", 12/179-180. www.shamela.ws) Bir qədər sonra isə yazır: “Sələflərdən çoxları çoxlu belə məsələlərdə səhvə yol vermiş, amma bununla təkfirin yolverilməz olduğuna dair həmfikir olmuşlar. Məsələn... bəzi sələflər Quranın bəzi hərflərini inkar etmiş, “yəyəs” sözünü “yətəbəyyən”, “qada” sözünü “vassa” kimi oxumuş, bəzisi Fələq və Nas surələrini Qurandan çıxarmış, bir başqası ona Qünut surəsi əlavə etmişdir. Bunlar icma və mütəvatir nəqlə əsasən, səhvdir, lakin onların nəzərində mütəvatir olmadığına görə təkfir olunmurlar. Mütəvatir nəqllə höccət tamamlanan (qəti dəlillərlə üz-üzə qalan) şəxs isə kafir olur”. (Yenə orada, 12/492-493) İbn Teymiyyə həmçinin deyir: "Səhvə yol vermiş heç bir müsəlman alimi ictihadına görə təkfir etmək olmaz. Alimləri kafir adlandırmaqla cahilləri onların canına salmaq çox xoşagəlməz haldır... (Hədisdə deyildiyi kimi) alim ictihad edərkən doğru nəticə aldıqda iki savab, yanlış nəticə aldıqda isə bir savab etmiş olur". (Yenə orada, 35/100, 103)
Bəlli təkfirə qarşı etirazlardan və İbn Teymiyyənin uyğun fikrinin yayılmasından sonra Osman əl-Xəmis onun ümumi şəkildə dediyi bir sözünü saytına yerləşdirərək əsassız fikrinə bəraət qazandırmağa çalışmışdır. (www.almanhaj.com) Halbuki yuxarıda göründüyü kimi, İbn Teymiyyə məsələyə dair mövqeyini məhz burada detallarıyla açıqlamış və hansısa şübhə səbəbindən yanlış elmi nəticə almış alimləri təkfir etməmişdir.
Vəhhabi sələfizminin banisi Məhəmməd ibn Əbdülvəhhabın bəzi fikirləri də bu baxımdan diqqətəlayiqdir: "Kitabın (Quranın) və mütəvatir sünnənin dəlillərini rədd etmək küfrdür, ancaq bunları rədd edənin kafirliyinə hökm çıxarmaq olmaz. Burada cəhalət, aşkar mətnə qarşı çıxdığını bilməmək, yaxud onun mənasını anlamamaq kimi amillər ola bilər". ("Əd-Dürər əs-səniyyə", 10/432-433. www.shamela.ws)
Eyni fikri qədim Əhli-sünnə alimlərindən də söyləyənlər az olmayıb. Nümunə üçün, Beyhəqinin bu cümləsini qeyd etmək olar: “Son iki surənin Qurandan olduğunu inkar edən dindən çıxmır, çünki buna (ciddi elmi) şübhə səbəb olmuşdur”. (Beyhəqi Ə. “Əs-Sünən əl-kübra”, 10/349, hədis: 20899. www.shamela.ws) Əhli-sünnə arasında ən çox tərəfdara malik olan firqə imamı Əbülhəsən Əşəri isə deyirdi: “Mən qiblə əhlindən heç kimi təkfir etmirəm. Çünki hamı eyni tanrıya üz tutur. Fərq və ixtilaflar isə yalnız sözlərdədir”. (Yenə orada) Yaxud Misirin görkəmli Hənəfi alimlərindən olmuş İbn Nüceym yazır: “Ortada güclü şübhə olduğu təqdirdə qəti inkar küfrə bais olmur; necə ki, Bismillah ayəsində belədir”. (İbn Nüceym Z. “Əl-Bəhr ər-raiq”, 1/330-331. www.shamela.ws)
Heç şübhəsiz, bəzi əxbari alimlərinin Quranın təhrif olunduğunu düşünmələrinə də Şiə və Əhli-sünnə kitablarının uyğun hədisləri bais olmuşdur. Əxbarilərin yanlış elmi metodlarını da nəzərə alsaq, bu, ciddi şübhədir və ciddi şübhəyə əsasən, ictihad edib yanlış nəticə alan alim kafir sayıla bilməz. Doğrudur, nass – Quranın təhrifdən qorunacağını bildirən ayələr qarşısında ictihad yolverilməzdir. Lakin unutmayaq ki, hər bir mətni müxtəlif cür izah etmək olar və Quranın çoxlu ayələrini müxtəlif firqələr tam fərqli şəkillərdə açıqlayırlar. Heç şübhəsiz, sözügedən alimlər də uyğun ayələri, yanlış olaraq, Quranın azalma təhrifindən də qorunacağına dəlil kimi başa düşməmişlər.
Bütün bunlardan sonra israrla əxbarilərin təkfir edilməsini tələb edən vəhhabi alimlərini, onların bu israrlarının mənşəyini anlamaq çox da çətin deyil və bunu vəhhabizmin hətta İbn Teymiyyə daxil bütün müsəlmanlardan fərqlənən təkfirçi mahiyyətində axtarmaq lazımdır. Maraqlıdır ki, bu tələbdə olanlar özlərini “təkfirçi”, “xəvaric” deyil, mötədil sələfi adlandıranlardır. Belələrindən soruşmaq lazımdır ki, siz Allahın rəsulumusuz, yoxsa səlahiyyətli səfiri?! İnsanların inanc və əməllərini təftiş etmək səlahiyyətini sizə kim verib?! Ümumiyyətlə, İslamın harasında təkfir sünnəsi var və təkfir etməyənlər üçün hansı cəzalar nəzərdə tutulub ki, bu qədər əl-ayağa düşüb müsəlmanları kafir elan etməyə can atırsınız?!
P. S. Vəhhabi sələfilərinin iddia və iftiralarının əksinə olaraq, Quranın bəzi hissələrinin azaldığını heç də əksər Şiə alimləri deyil, Şiəliyin Əxbari qoluna mənsub olan bəzi alimlər söyləmişlər. Sözügedən iftiralara isə ayrıca yazılarda geniş cavablar verilmişdir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə