Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə "Surə"lər haqqında qısa məlumat Quranın təhrifinə dair “Abdullah ibn Məsud” problemi

"Surə"lər haqqında qısa məlumat

Quranın təhrifinə dair “Abdullah ibn Məsud” problemi

Süyutinin rəvayətinə görə, Abdullah ibn Məsud əlimizdəki Quranın son iki surəsini Qurandan hesab etməyərək onun 112 surədən ibarət olduğunu bildirirmiş. (Süyuti. Əl-İtqan, 1/226) O, bu iki surəni öz Quranından silir və Qurandan olmadığına israr edirmiş. (Əhməd ibn Hənbəl. Əl-Müsnəd, 35/117, h: 21187) Bu hərəkətindən isə onun Quranı toplayan heyətin qərarı ilə razılaşmadığı ortaya çıxır. O, həm də etirazla deyirmiş: “Məni kimin qiraətinə tabe olmağa çağırırsınız?! Peyğəmbərin səhabələri bilirlər ki, mən onların arasında Allahın kitabına ən elmli şəxsəm”. (Müslim, 4/1912, h: 2462) Xatırladaq ki, Quranı toplayan heyətin başçısı gənc səhabələrdən olmuş Zeyd ibn Sabit idi. Abdullah həmçinin deyirdi ki, mən Peyğəmbərin ağzından 70 surə öyrənəndə Zeyd ibn Sabit uşaqlarla oynayırdı. (Əbu Davud. Əl-Məsahif, 1/74)
Qeyri-şiə hədisşünaslar qədimdən Abdullah ibn Məsudun bu əməlinin Quranın təhrifini qəbul etmək demək olmadığını isbatlamaq üçün cox cəhdlər etmişlər. Baqillani iddia edirdi ki, zəif və ya ən azı vahid hədislərlə onun belə bir etiqada malik olduğunu söyləmək olmaz. Səhabəni uyğun ittihamdan uzaqlaşdırmaq üçün onlarla dəlil və ehtimal irəli sürən Baqillaniyə görə, bu rəvayətlərin səhih olduğunu qəbul etsək belə, deməliyik ki, İbn Məsud son iki surənin Quran və vəhy olmasına deyil, Quranda yazılmasına etiraz etmişdir. (Baqillani. Əl-İntisar, 1/318) Lakin Səhih-Buxarini şərh etmiş ən güclü hədisşünaslardan olan İbn Həcər Əsqəlani bu ehtimalı istisna etməsə də, deyir: “Səhih hədis bunu açıq-aşkar rədd edir. Belə ki, hədisdə onun “bu iki surə Allahın kitabından deyildir” söylədiyi qeyd olunmuşdur”. (İbn Həcər. “Fəth əl-bari”, 8/743)
Quranın son iki surəsinə dair bu hədislər qeyri-şiə alimləri arasında əməlli-başlı problemə çevrilmişdir. İbn Həcər bu barədə Nəvəvinin, İbn Həzmin və Fəxr Razinin də görüşlərini qeyd edərək onların hər üçünün Abdullah ibn Məsuda dair bu iddiaları yalan hesab etdiyini yazır. Lakin təbii ki, İbn Həcər kimi bir hədis alimi ən mötəbər kitablarda yer almış səhih hədislərin yalan olmasını qəbul etmir. O, Fəxr Razinin fikrini bu şəkildə qeyd edir: “Əgər bu iki surənin İbn Məsudun dövründə mütəvatir şəkildə Qurandan sayıldığını desək, onları inkar edəni kafir bilməliyik; əgər qeyri-mütəvatir şəkildə Qurandan sayıldığını desək, Quranın bəzi hissələrinin qeyri-mütəvatir olduğunu qəbul etməliyik. Bu, bərk düyündür”. İbn Həcər sonra yazır ki, bu iki surənin İbn Məsudun dövründə mütəvatir şəkildə Qurandan sayıldığını, lakin İbn Məsudun fikrincə, mütəvatir olmadığını ehtimal etsək, düyün açılmış olar. (Yenə orada) İbn Teymiyyə də problemi bu şəkildə həll etməyə çalışmışdır. (İbn Teymiyyə. “Məcmu əl-fətava”, 12/493)
Lakin bu həllin əsassızlığı da aydın görünür. Necə ola bilər ki, son iki surə bütün böyük səhabələr tərəfindən Qurandan sayılsın, amma İbn Məsud onların bu fikrindən xəbərsiz olsun və nəticədə həmin surələrin mütəvatir şəkildə Quranın tərkib hissəsi sayılmasını bilməsin?! Hədis və tarix qaynaqları sübut edir ki, vahid Quran kitabı ətrafında kifayət qədər ciddi dartışmalar getmiş və İbn Məsud da bu polemikaların içində olmuşdur. Onun səhabələrin uyğun icmasından xəbərsiz olduğunu düşünmək absurddur. Əslində, bəzi müsəlman alimlərinin bütün bu cəhdləri göstərir ki, sözügedən hədislərdəki iddianı qəbul etmək Quranın təhrif olunduğuna, qəbul etməmək isə (sələfilərə görə) İbn Məsudun kafir olduğuna gətirib çıxarır.
Biz İbn Məsudun uyğun mütəvatirlikdən və hətta icmadan xəbərsiz olduğuna inanmasaq da, onun xəyanət deyil, səhv etdiyini qəbul edirik. Məşhur Əhli-sünnə alimi İbn Həcər Əsqəlaniyə, Sələfizmin banisi İbn Teymiyyəyə və bugünkü bəzi vəhhabilərə görə, Abdullah ibn Məsud həqiqətən bu səhvə yol verib, lakin bu onun ictihadıdır və küfrünə səbəb olmur. Əslində, çox tolerant və mütərəqqi yanaşmadır, İslamın sülh, sevgi və şəfqət ruhuna tam uyğundur. Lakin nə üçün onlar bu qaydanı ancaq özlərinə sərf edəndə tətbiq edirlər? Nə üçün müqəddəs saydıqları səhabəni təmizə çıxarmaq üçün bu qaydaya üz tutur, amma Şiənin hansısa qoluna mənsub olan hansısa alim belə bir söz deyəndə nəinki ictihad etdiyini söyləmir, hətta o bir, yaxud bir neçə nəfərin sözünü bütün Əhli-beyt davamçılarına aid edib hamısını kafir sayırlar, təkfir təkfir dalınca gəlir? Halbuki şiə alimlərinin çox böyük əksəriyyəti belə hədisləri kökündən zəif sayır, qəbul etmirlər. Təəssüf doğuran da məhz budur.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə