Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Əhli-beytlə (ə) tanışlığın zəruriliyi

Şiə məqalələri

Əhli-beytlə (ə) tanışlığın zəruriliyi

İslam Peyğəmbəri (s) “Məvəddət” ayəsinə (“Şura”, 23) əsasən ömrünün son anlarınadək ümməti Əhli-beyti (ə) tanımağa və onlara itaətə çağırmışdır. Əhli-beyti tanımaq və onlara itaət Allahın kitabı və səhih rəvayətlərdə təsdiqini tapmış zərurətdir. Bu həqiqətə diqqət dünya və axirət səadəti üçün hazırlıqdır. Uyğun həqiqətə diqqətsizlik əbədi bədbəxtliklə, insanın zəhmətlərinin puça çıxması ilə nəticələnir.
İmam Sadiq (ə) Müəlla ibn Xünəysə buyurur: “Ey Müəlla! Əgər bir bəndə yüz il (Kəbədə) Allahın rükn və məqamı arasında bəndəlik etsə, gündüzlər oruc tutub, gecələr ibadətə məşğul olsa, vaxtını raz-niyazda keçirsə, qocalıqda qaşları gözlərinin üstünü örtənədək, boynunun sümükləri sinəsinə enənədək bu halda olsa, amma bizim haqqımızı və yerimizi bilməsə, heç vaxt onun üçün mükafat olmayacaq.” (“Səvabul-əmal və İqabul-əmal”, 455; “Əl-məhasin”, 1-90, bab 16, hədis 40; “Biharul-ənvar”, 27-177, bab 7, hədis 24)
Quran ayələri və mötəbər rəvayətlərdə təsdiqini tapmış bu mərifət insanı Əhli-beytdən (ə) uzaqlaşdıran hicabları aradan qaldırır. Nəticədə o böyük insanların varlığının, üslubunun, maarifinin təsiri insanın həyat səhifəsində özünü göstərir.
Əgər insan Əhli-beytin (ə) varlıq aləmində mövqeyini, insanlıq məqamını anlayıb həyatın bütün sahələrində onların göstərişlərinə tabe olursa, belə bir tanışlıq həqiqi tanışlıqdır.


Əgər biz Əhli-beyti (ə) ayə və rəvayətlərin göstərdiyi ünvanın həqiqi nümunəsi kimi tanısaq və bilsək ki, onlar “əhlüz-zikr”, “sadiqin”, “muhsinin”, “muttəqin”, “mucahidin”, “muminun”, “sabirin”, “ülul-əlbab”, “sirat”, “səbir”, “sarəllah”, “vəchullah”, “eynullah” kimi təbirlərin ən üstün təcəssümüdür, onlardan necə faydalanmağın və xoşbəxtliyimiz üçün necə bəhrələnməyin yolunu taparıq. Anlayarıq ki, onlardan savayı nicat gəmisi və həqiqi rəhbər yoxdur. Dünya və axirət çətinliklərində, vəsvəsələr hücum etdiyi vaxt yalnız onlara üz tutarıq. Beləcə, ağlımızı, ruhumuzu və qəlbimizi onların pak maarif şərbəti ilə sirab edərik. Quranda oxuyuruq: “Allahı sevirsinizsə mənə itaət edin, Allah da sizi sevsin..” (“Ali-İmran”, 31)
Belə bir mərifət əldə etdikdə bütün vücudumuzla onlara itaət edərik ki, Allahın sevimlisi olaq, Allah da Əhli-beytin (ə) razılığı səbəbindən bizdən razı qalsın.
Əhli-beytlə (ə) tanışlıq Allah, Quran və varlıq aləmi ilə həqiqi tanışlıq səbəbidir. Belə bir mərifət həqiqətlərin dərki üçün nuraniyyətə səbəb olur. Bu yolla nəfs saflaşdırılır, batin aləmi bəzənir. Əhli-Beytə (ə) eşq sayəsində insan siratı adlayır. Onların vilayət və imamətinin qəbulu əzabdan qurtuluş açarıdır.
Əziz İslam Peyğəmbəri (s) mühüm bir rəvayətdə (Şeyx Süleyman Qunduzi Hənəfidən nəql olunmuş mühüm bir sənəddə) buyurur: “Ali-Məhəmmədlə tanışılıq oddan qurtuluş, onlara məhəbbət siratdan keçid icazəsi, onların vilayəti əzabdan sığortalanmadır.” (“Yənabiul-məvəddət”, 1-78, bab 3, hədis 16; “Fəraidus-səmtəyn”, 2-256, bab 49, hədis 525)
Bəli, Əhli-beyti (ə) Quran və sünnə vasitəsi ilə tanısaq dünya və axirət səadətinə yol taparıq. Bu yolla əbədi bədbəxtlikdən qurtularıq. (“Məcməuz-zəvaid”, 9-172)
Şeyx Süleyman Qunduzi və İbrahim ibn Məhəmməd Cəvini (hər ikisi tanınmış sünnə alimlərindəndir) Peyğəmbərin (s) dilindən həzrət Əli (ə) və digər imamlarla bağlı belə nəql edirlər: “Ya Əli! Mən elmin şəhəriyəm, sənsə onun qapısı. Şəhərə yalnız qapıdan daxil olurlar. Məni dost, səni düşmən sayan kəs yalan deyir. Çünki sən məndənsən, mən də səndən. Sənin ətin ətimdən, qanın qanımdan, ruhun ruhumdan, batinin batinimdən, aşkarın aşkarımdandır. Sən ümmətimin rəhbəri, məndən sonra onlar üzərində xəlifəmsən. Sənə tabe olan xoşbəxtliyə çatdı, sənə tabe olmayan bədbəxtliyə yuvarlandı. Səni dost bilən mənfəət əldə etdi, səni düşmən sayan ziyana düşdü. Sənə itaət edən nicat tapdı, səndən ayrılan həlak oldu. Sən və sənin nəslindən olan imamlar məndən sonra Nuhun gəmisi kimisiniz. Bu gəmiyə süvar olan nicat tapdı, ondan uzaqlaşan qərq oldu. Siz Əhli-beyt (ə) ulduzlar kimisiniz. Qiyamətədək bir ulduz batsa, başqa biri parlayır.” (“Yənabiul-məvəddət”, 1-95, bab 4, hədis 6; “Fəraidus-səmtəyn”, 2-423, hədis 517; “Cameul-əxbar”, 14...)
Həzrət Haqq öz bəndələrinə əmr edir ki, Allahın ipinə sarılsınlar. Bundan ötrü Allahın ipini tanımaq lazımdır. Ayədə oxuyuruq: “Hamılıqla Allahın ipinə sarılın, pərakəndə düşüb dəstə-dəstə olmayın.” (“Ali-İmran”, 103)
İmam Baqir (ə) “Allahın ipi” təbiri ilə bağlı buyurur: “Məhəmməd Əhli-beyti (ə) Allahın möhkəm ipidir. Allah bu ipdən möhkəm yapışmağı tapşırmışdır. Buyurmuşdur ki, hamılıqla Allahın ipinə sarılın, pərakəndə düşməyin, dəstə-dəstə olmayın.” (“Təfsirul-Əyaşi”, 1-194, hədis 123; “Təfsirus-Safi”, 1-365; “Biharul-ənvar”, 65-233, bab 24)
Bəli, bu böyük şəxsiyyətlər sonsuz mərifət, elm və əməl dəryasıdır. Onlar bütün fəzilətlərə və kamilliklərə malikdirlər. Varlıq aləmində onlara oxşar tapılmaz. Allahın əmri ilə imamət məqamına çatıb bir dəstəni cəhənnəm əzabı ilə qorxutmaq, digərini behişt nemətlərilə həvəsləndirmək üçün seçilmişlər. Onlar bir zümrəni misali behiştə, bir başqa zümrəni əqli cənnətə, başqa bir qrupu müqəddəs ərşə, mənəviyyat və ləyaqətə inandırırlar.
İnsan Əhli-beytə (ə) həqiqi mərifət sayəsində Allah və Qiyaməti tanıyır, mənəvi məfhumları dərk edir, Quranı olduğu kimi mənalandırır, peyğəmbər sünnəsini dərk edir, kamillik və fəzilət əldə edir, dünya və axirət xoşbəxtliyinə çatır, bədbəxtlikdən qurtulur, savab əməllərə yiyələnir, çirkin işlərdən uzaq qalır, Allaha yaxın məqama yüksəlir, behiştə giriş ləyaqəti qazanır, cəhənnəmdən amanda qalır, vəsvəsələrlə mübarizə yolunu tanıyır, ibadətin ləzzətini dadır, günahdan uzaq qalır, təqva həqiqətini dadır, təqva ilə zinətlənir, düzlük, paklıq, sədaqət və bütün başqa keyfiyyətlərə sahib olur.
Bəli, ayə və rəvayətlərdən göründüyü kimi, Əhli-beyt (ə) bütün maddi və mənəvi bərəkətlərin mənbəsidir. İnsan onları tanımadan, onlara bağlanmadan heç bir bərəkətə nail ola bilmir.
Şeyx Süleyman Qunduzi Hənəfi və İbrahim ibn Məhəmməd Cəvini həzrət Əlidən (ə) belə nəql edir: İslam Peyğəmbəri (s) buyurdu: “Ya Əli! Sənə dediklərimi yaz.” Dedi ki, unudacağımdanmı qorxursan? Buyurdu: «Yox, mən Allahdan istəmişəm ki, sən bütün həqiqətləri hifz edəsən. Amma şəriklərinə görə yaz.» Dedim ki, ey Allahın rəsulu şəriklərim kimdir? Buyurdu: “Sənin zürriyyəndən olan imamlar. Onlara xatir ümmət üçün yağış yağar, onların duası qəbul olar. Allah onların vasitəsi ilə ümmətdən bəlanı uzaqlaşdırar. Onların vücudu xatirinə səmadan mərhəmət nazil edilər. Sən onların birincisisən.” Sonra Həsənə işarə ilə buyurdu: “Bu onların ikincisidir.” Daha sonra Hüseynə işarə edərək buyurdu: “Hüseyndən sonra da imamlar var.” (“Yənabiul-məvəddət”, 1-73, bab 3, hədis 8; “Fəraidus-səmteyn”, 2-259, bab 50, hədis 527)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə