"Surə"lər haqqında qısa məlumat

Quranın ədəbi və sənət ecazları

  Qurani-Kərim bütün bəşəriyyətin səadətini sığortalayır. Quranın hökmü altında İslam yarım sər ərzində bütün imperatorluqlar üzərində qələbə qazandı. Biz də, imam Xomeyninin (r) təbirincə, Quranın hökmü altında düşmən üzərində qələbə çalacağıq. Dünya uzun müddət bəşər təfəkkürünün məhsulu olan modern qanunlar ardınca qaçdı və nəticəsi böhran oldu. İndi tədricən din yolunu tuturlar, tövhid sorağına gedirlər. Dünyanın bir nöqtəsində din hakimiyyətə gəlib və milyonlarla insan İslam hökmləri altına quruculuqla məşğuldur. Bu gün Qurandan qurtuluş yolunda istifadə üçün tarixi fürsət yaranıb. Amma bundan ötrü Quranı düzgün anlamaq lazımdır. Təbii ki, Quran düşüncə ilə oxunmalı, ondan düzgün nəticələr çıxarılmalıdır. İnsan öz acizliyini etiraf etməsə Allahın qüdrətinə sığına bilməz.

  Bəs insan Quranı necə başa düşə bilər? Hansı qüvvə Quran həqiqətlərini insana çatdırmaq gücündədir? Bunu deyə bilərik ki, son Peyğəmbərin (s) möcüzəsi Quran idi və bu kitab yeganə qurtuluş vasitəsi kimi təqdim olunurdu. Quran ictimai və fərdi həyatın bütün sahələrini işıqlandırır, insan düşüncə vasitəsi ilə bu həqiqətlərə çata bilər.

  Quranın müxtəlif ecazları var və onlardan biri ilahi kitabın ədəbi ecazıdır. Həzrət Peyğəmbər (s) peyğəmbərlik məqamına seçiləndən sonra onun əlində Qurandan başqa bir şey yox idi. İnsanları peyğəmbərə itaətə sövq edən Quranın ecazı idi. Quran öz həqiqətinin sübutu üçün kafirləri ədəbi ecaz mübarizəsinə çağırırdı. O dövrdə ərəb ədəbiyyatı çox güclü idi. Qurana qarşı ən sadə mübarizə üsulu bu ola bilərdi ki, onun ədəbi baxımdan səbatını sındırsınlar. Amma bu mümkün olmadı. Allah öz peyğəmbərinə yol göstərərək buyurdu ki, əgər inanmırlarsa, qoy Quranın mislini yaratsınlar.

  Beləcə Quran müxalif cəbhə üzərində ədəbi ecazı ilə qələbə qazandı. Bu ecaz düşmənə sarsıdıcı zərbə oldu və ədəbiyyat baxımından öndə gedən ərəblər ilahi kitabın həqiqətinə baş əydilər. Onlar anladılar ki, Quranla mübarizənin sonu məğlubiyyətdir. Bu yolla Quranın vəhy olduğu, həzrət Məhəmmədin peyğəmbərliyi qəbul edildi. Düşmənin acizliyi Quranın ilahiliyinə ən bariz dəlillərdəndir. Maraqlıdır ki, Quran təkcə ərəbləri yox, bütün dünyadakı müxalifləri mübarizəyə dəvət edirdi. İsra surəsinin 88-ci ayəsində oxuyuruq: “(Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.

  Tarix boyu məsihilər, digər İslam düşmənləri Quranla mübarizəyə məşğul olub. Amma heç vaxt Quran surələrinin qarşısına çıxacaq kiçik bir surə yarada bilməyiblər. Biri şerdə güclüdür, Quranın nəsrinə məğlub olur, biri dastançılıqda güclüdür, Quranın şeriyyətinə məğlub olur. Beləcə hamı Quran qarşısında məğlubdur. Quranın ədəbi ecazı bütün ədəbi üsulları əhatə edir. Onun ritorikası, məntiqi, konkretliyi qarşısında oxşar nümunə qoymaq mümkünsüzdür. “Tur” surəsinin 34-cü ayəsində buyurulur: “Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Quran) kimi bir kəlam gətirsinlər!”

Nöqsansız ədəbi mətn odur ki, ona nə əlavə etmək mümkündür, nə də ondan ixtisar aparmaq olar. Quran ayələrinə nə isə artırmaq, bu ayələrdə nəyisə ixtisar etmək qeyri-mümkündür.

  İslam və Quranın əsas düşmənlərindən olan böyük ərəb ədibi Vəlid Quranı dinlədikdən sonra dedi: “And olsun tanrıya! Məhəmməddən elə bir söz eşitdim ki, ins və cindən belə bir söz eşidilməyib.” İslam düşmənlərindən bir qrupu gecə yarı Peyğəmbərin (s) evinə yaxınlaşdılar ki, Qurandan xəbər tutsunlar. Peyğəmbər (s) gecə namazı qılırdı. 3 müxalif şəxs bir küncdə gizlənib Peyğəmbəri (s) dinləyirdi. Onlar geri qayıdanda aralarında böyük mübahisə yaranmışdı. Son qənaətləri bu oldu ki, bir də belə iş görməsinlər. Quranın ədəbi ecazı barədə qeyri-müsəlman mütəxəssislərin də heyrətamiz fikirləri var. Əksər dilçilər Quran mətninin insan təfəkkürünün məhsulu olmadığına inanır. Bir sözlə, Quranın fəsahət və bəlağəti tarix boyu ədəbiyyatçıları heyrətə gətirib. Quran nə şerdir, nə də nəsr, onun xüsusi bir ahəngi var. Bu ahəng insan ruhuna nüfuz edir, onu öz təsiri altına salır. Quran ifadələri digər ərəb ifadələrindən dərhal seçilir. Elə buna görə bu günə qədər düşmənlər təhrif məqsədi ilə Qurana nə isə əlavə edə bilməyib.

 Bu gün də İslam düşmənləri müxtəlif yollarla müsəlman gənclərə təlqin edirlər ki, İslam gerilikdir, müsəlmanlar geri qalıb. Amma Quran məntiqi səhnədə öz rəqibini gözləyir: Yaradın Quranın oxşarını, əgər bacarırsınızsa!