Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Ailə sevgisi

Ədəbi yazılar

Ailə sevgisi

  Quran və Əhli-beytin müsəlmanlara əsas göstərişlərindən biri valideynə hörmətdir. Bu mövzu Quranın dörd surəsində ayrıca yer alıb. Maraqlıdır ki, tövhid kimi mühüm mövzunun ardınca bu barədə danışılır. (Bəqərə, 83; Nisa, 36; Ənam, 151; İsra, 23;) Bundan əlavə ilahi kitabın müxtəlif yerlərində valideynə hörmətlə bağlı zəruri nöqtələr vurğulanır. Bütün bunlar valideynə hörmətin əhəmiyyətini göstərir. (Loğman, 14; Bəqərə, 180; Ehqaq, 16;, İbarhim, 41; İsra, 25). Bütün bu ayələrin ümumi mesajı budur ki, insan ata-anası qarşısında vəzifəlidir və bu vəzifə valideynlər yaşlaşanda daha ciddiləşir. Valideynlə xoş rəftar, mehriban danışıq, onlara şəfqət göstərmək Qurani-Kərimin tapşırıqlarındandır.

  Bu göstəriş Əhli-beytin həyatında gözəl əks olunmuşdur. Mövzunun əhəmiyyətini əks etdirən rəvayətlər kifayət qədərdir. Mənsur ibn Hazim deyir: İmam Sadiqdən (ə) soruşdum ki, əməllərin ən üstünü hansıdır? Həzrət (ə) buyurdu: "Namazı vaxtında qılmaq, ata-anaya yaxşılıq və Allah yolunda cihad." (Üsuli-Kafi).

  Başqa bir rəvayətdə bir şəxs həzrət Peyğəmbərdən (s) valideynin haqları haqda soruşur. Həzrət (s) buyurur: "Atanı adı ilə çağırmayın, ondan qabaqda yol getməyin, ondan qabaq oturmayın, başqalarının onu təhqirinə zəmin yaratmayın." (Üsuli-Kafi).

  Əhli-beyt nəzərincə mömin olmayan valideynin də haqqı var, valideyn dünyadan gedəndən sonra da övlad valideyn qarşısında vəzifəlidir. Tarixdə bu nöqtələrə işarə olunur.

Bir gənc ehtizar (canvermə) halında idi. Şəhadət kəlmələrini deyə bilmirdi. Həzrət Peyğəmbər (s) onun çətinlik çəkdiyini gördü. Anasının bu gəncdən narazı olduğunu eşidib ondan razılıq istədi. Anası razılıq verəndən sonra oğlan şəhadət kəlmələrini dilə gətirə bildi. Peyğəmbər (s) oğlana bir dua oxudu, oğlan həmin duanı təkrarlayıb bağışlandı. (Şeyx Tusi, Əmali).

İmam Səccadın (ə) anası ilə ona hörmət baxımından bir süfrəyə əyləşməməsi valideynin böyüklüyünü göstərir. Həzrət (ə) anası ilə bir qabdan xörək yeməyə cürət etmirdi. Soruşdular ki, siz ki xeyir əməl və ehsan sahibisiniz, nə üçün ananızla bir yerdə xörək yemirsiniz? İmam (ə) buyurdu: "İstəmirəm ki, elə bir hal yaransın, anamın götürmək istədiyi tikəyə ondan qabaq əl uzadım." (əl-Xisal).

Bir qadın həzrət Peyğəmbərin (s) görüşünə gəldi. Onun gəlişi həzrəti sevindirdi, öz əbasını yrə saldı ki qadın əyləşsin. Qadının ardınca onun qardaşı məclisə daxil oldu. Amma Peyğəmbər (s) qadına göstərdiyi mehribanlığı onun qardaşına göstərmədi. Səbəbi soruşulanda buyurdu: "Mənim qadına hörmətimin səbəbi onun atasına ehtiramı idi." (Biharul-ənvar).

Əhli-beyt (ə) həyat yoldaşı və ailə ilə hörmətlə rəftar edib. Bu həm həyat yoldaşının, həm də ailənin məqamını göstərir. Həzrət Peyğəmbər (s) buyurur: "Sizin aranızda ən üstün şəxs ailəsi ilə xoşrəftar edən şəxsdir." (Vəsailuş-şiə). Həzrət Peyğəmbər (s) həyat yoldaşına ehtiramla bağlı buyurur: "Ailə quran insan həyat yoldaşına hörmət göstərməlidir." (Mustədrəkul-vəsail).

Peyğəmbər (s) və onun Əhli-beytinin həyatını nəzərdən keçirəndə ailə-övlada ehtiramla bağlı maraqlı nöqtələr üzə çıxır. Torpaq üzərində qədəm götürən ərş insanlarının ailə qarşısında təvazösü insanı heyrətə gətirir. Həzrət Peyğəmbər (s) ev işlərində ailəyə kömək edərdi. Həzrət (s) xörək hazırlanmasında, ət doğranmasında bacardığını edər, süfrə kənarında təvazö ilə əyləşərdi. Özü qoyunlardan süd sağar, libas və ayaqqabısını yamayar, şəxsi işlərini yerinə yetirərdi. Bəzən əlinə süpürgə də alardı. Dəvəsini özü bağlayar, ona yem verərdi. Un üyüdəndə, xəmir yoğuranda xidmətçiyə kömək edərdi. Ehtiyacı olan şeyləri bazardan özü alar, özü evə gətirərdi. Dəstəmaz kimi ibadətlərdə su və qab kimi vasitələri özü hazırlayardı. Yoxsullarla yanaşı əyləşər, onlarla bir süfrədə çörək yeyər, öz əli ilə onlara xörək verərdi. (Mənaqib). İmam Hüseyndən (ə) nəql olunur ki, İmam öz atasından Peyğəmbərin (s) həyat tərzi barədə soruşanda belə cavab alır: "Evdə vaxtını üç hissəyə bölmüşdü. Bir hissəsi ibadət, bir hissəsi ailə-övlada diqqət, bir hissəsi özünə aid idi." (Biharul-ənvar).

İnsan üçün həyatı şirinlədən mövzulardan biri ailədə qadına hörmətdir. Təbii ki, həyatda insanın köməyə ehtiyaclı olduğu məqamlar yaranır. Belə məqamlarda ərlə arvad bir-biri üçün ən münasib köməkçidirlər. Onların bir-biri ilə məsləhətləşməsi ən yaxşı həmkarlıqlardandır. Yaxşı olar ki insan ailə məsələləri barədə həyat yoldaşı ilə məsləhətləşsin, onun fikrini öyrənsin. Xüsusilə izdivac məsələsində məsləhətləşmək İslam mədəniyyətinin tərkib hissəsidir. Peyğəmbər (s) tövsiyə edir ki, izdivac məsələsində qız və qadınların fikrini öyrənin. Peyğəmbərə ərz edirlər ki, bəzən

qızlar utanıb fikir bildirmirlər. Həzrət buyurur ki, onların sükutu razılıq əlamətidir. (Müsnəd).

İnsanın vəzifələrində biri həyat yoldaşı üçün zinətlənməkdir. Əgər buna əməl edilməsə, ailədən kənara meyl yaranar. Demək, ərlə arvadın ailədə özünə diqqətsizliyi günah üçün şərait yaradır. Nəql olunur ki imam Kazimin (ə) öz səliqəsinə fikir verməsindən təəccüblənən bir şəxs bunun səbəbini soruşdu. Həzrət buyurdu: "Kişinin səliqəsi, özünə diqqəti qadının iffətinin qorunmasına səbəb olur. Elə buna görə də bəzi qadınlar ərlərinin səliqəsizliyində dolayı iffətə riayət etmir."

Sonra həzrət buyurdu: "İstəyərsənmi ki, həyat yoldaşın da sənin kimi (pinti) görünsün? Qadın da sevir ki, əri təmiz və səliqəli olsun."(Üsuli-Kafi).

Qadınlara hörmət nişanələrindən biri Peyğəmbər və din başçılarının ailə ilə birlikdə səfərə çıxmasıdır. Səfər boyu qadınlara hörmət göstərilib. Qadınlara ehtiram onların dəyər nişanəsidir. Peyğəmbər (s) səfərə çıxanda ədalətsizlik olmasın deyə zövcələri arasında püşk atardı. Aişə deyir: "Peyğəmbər səfərə çıxanda püşk atar və hansı zövcəsinin adı çıxsaydı onu özü ilə aparardı." (Biharul-ənvar).

Quran və Əhli-beyt nəzərindən qadının haqları var. Bu haqlarda biri mülki haqdır. Ərin vəzifəsi həyat yoldaşını orta həddə təmin etməkdir. İmam Sadiq (ə) buyurur: "Həyat yoldaşı və ailə kişinin əlində bir növ əsirdir. Allah kimə nemət veribsə əsirlərinin təminatını yaxşılaşdırsın. Bu işi görməsə Allah neməti geri alar." (Biharul-ənvar).

İmam Riza (ə) buyurur: “Kişi ailənin dolanışıq vəziyyətini yaxşılaşdırsa, onun ölümünü istəməzlər.” Bu rəvayətlər ailə-övlada qayğının nə qədər əhəmiyyətli olduğunu göstərir.
Qadınla kişi arasında əqd oxunduqdan sonra qarşılıqlı hüquqlar yaranır. Ər-arvad münasibətlərində tərəflər bir-birinin ehtiyaclarını təmin etməyə vəzifəlidir. İmam Səccad (ə) buyurur: “Qadının haqqı odur ki, Allahın həyat yoldaşını aramlıq vasitəsi qərar verdiyini, nemət olduğunu biləsən. Onu əziz say, onunla mehriban davran. Əlbəttə, o da sənin haqlarına riayət etməlidir.”
Həsən Bəsri deyir ki, dostumla birgə İmam Baqirin (ə) görüşünə getdik. İmam gözəl geyimdə əyləşmişdi. Sualımıza cavab alıb getdik. Səhəri gün İmamın görüşünə gedəndə onu sadə libasda, həsir üstə oturmuş vəziyyətdə gördük. İmam bu fərqli vəziyyətə aydınlıq gətirdi. O buyurdu: “Ötən gün mən zövcəmin otağında idim... ” Dostum etiraf etdi ki, İmamın şərhi onun qəlbindəki şəkki aradan qaldırdı.
Qadın mühüm hüquqlarından biri mehriyyədir. Bu haqqı Allah kişinin üzərinə qoyub. Bu vəzifəyə diqqətsizlik göstərənlər Əhli-beyt tərəfindən məzəmmət olunub. İmam Hüseyn (ə) buyurur: “Mehriyyəni qəbul edib onu vermək istəməyən şəxs oğrudur.”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə