Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Dinini öyrən, vəzifəni bil!

Ədəbi yazılar

Dinini öyrən, vəzifəni bil!

 Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, bu insanlar öz ilahi vəzifəsini yerinə yetirmək üçün canını, malını, hörmətini əsirgəməsin.
Başqalarının mənfi münasibətinə görə süstləşməmək o qədər əhəmiyyətlidir ki, məsum İmamlar (ə) bu xüsusiyyəti şiəlik meyarı kimi tanıtdırırlar. İmam Baqir (ə) öz səhabəsi Cabir ibn Yəzid Cöfiyə buyurur: “Ey Cabir! Əgər bizim şiələrdən olmaq istəyirsənsə, elə olmalısan ki, əgər bütün şəhər əhli toplaşıb “Cabir pis adamdır, kafirdir, ona ölüm olsun” şüarını verərsə, sənin qəlbinə zərrəcə təsir edib, qorxutmasın. Hamı bir ağızdan “Cabirə əhsən” deyərsə, şad olmamalısan...”. (“Tuhəful-üqul”) Sözsüz ki, belə bir ruhiyyə asan əldə olunmur. Əgər bir nəfərin məzəmməti insanı süstləşdirirsə, təbii ki, xalqın məzəmməti onun qəddini sındırasıdır.
Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, bu insanlar öz ilahi vəzifəsini yerinə yetirmək üçün canını, malını, hörmətini əsirgəməsin. Əhli-beyt (ə) aşiqləri bu fədakarlıq ruhiyyəsini elm və mədəniyyət mübarizəsində də qoruyurlar. Onlar bütün ömürlərini İslami dəyərlərin hifzi yolunda sərf edirlər. Bu işə görə məzəmmət olunduqları vaxt süstləşmir, peşiman olmurlar. İlahi niyyətlə dini elmlər öyrənən, ilahi maarifi təbliğ edən şəxs heç vaxt öz işindən soyumur. Ona deyiləndə ki, başqa işdə qazancın çox olardı, bu vəziyyətlə din təbliğ edə bilməzsən, əqidəsi qətiyyən süstləşmir. Bəli, Həzrət Əlinin (ə) buyurduğu kimi, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma. Beləcə, insan özünə nəzər salmalı, Allahın razılığından kənar işlərini bir daha nəzərdən keçirməlidir. Vəzifəni müəyyənləşdirdikdən sonra heç bir tərəddüdə, süstlüyə yol vermək olmaz. Ətrafdakıların məzəmmətinə görə dini vəzifəsini tərk edən insanın şiəliyi şübhəlidir. Şiə öz işlərində Allahın nəzərini əsas götürməlidir. Rəvayətdə buyurulur: “Özünü Quranla qiymətləndir. Əgər yolun Quran yolu, zöhdün Quranın istədiyidirsə, Quranın dəvətinə rəğbətli və qadağasından çəkinənsənsə, möhkəm ol. Sənə müjdə olsun ki, haqqında dediklərindən zərər görməzsən. Əgər özünü Quranla qiymətləndirərkən Qurana zidd olduğunu görsən, düşün ki, səni məğrur edən nədir?” (“Biharul-ənvar”, c.: 78, b. 22, səh. 162, rəv. 1) Bəli, Quranın nəyi yaxşı, nəyi pis qiymətləndirdiyini müəyyənləşdirərək, onun buyuruqlarına itaət etməliyik.
İnsan özünü elə tərbiyə etməlidir ki, başqalarının məzəmmətindən qurtulmaq naminə dini vəzifəsini tərk etməsin. Sözsüz ki, dini vəzifənin müəyyənləşdirilməsində səhlənkarlıq etmək olmaz. Həzrət Əli (ə) buyurur: “Dinini yaxşı öyrən”. Vəzifəsinə əməl etmək istəyən şəxs əvvəlcə vəzifəsini tanımalıdır. Dini həqiqətlərlə tanış olmadan, İslam maarifinə yiyələnmədən vəzifəni bilmək müyəssər olmur. Ona görə də insan hər şeydən əvvəl dinində bəsirətli olmalı, bu məsələyə agahlıqla yanaşmalıdır. Bu biliklər əsasında vəzifəyə əməl olunmalı, heç bir zəhərli ittiham insanın qarşısını kəsməməlidir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə