Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İman-Təqva Dünya məzəmmət olunur, yoxsa mədh?

İman-Təqva

Dünya məzəmmət olunur, yoxsa mədh?

 İnsan dünyada Allaha ibadət, itaət etməsə behiştə çata bilməz. Axirət istəyən insan elə bu dünyada onu əldə etməlidir
Dünya haqqında danışan ayə və rəvayətləri nəzərdən keçirdikdə müəyyən suallar yaranır: Bütün bu məzəmmətlərdə məqsəd nədir? Adını dünya qoyduğumuz bu aləm yerdən göyədək zatən xəbis, şər və çirkindirmi? Bu aləmdəki bütün mövcudlar zatən pisdirmi? Əgər doğrudan da belədirsə, nə üçün Allah-təala bütün bu mövcudları yaradıb? Digər bir tərəfdən, dünyanı zatən pis saysaq bu münasibət peyğəmbər əhli-beytinin müəyyən buyuruqları ilə uyğun gəlməz. Aşağıdakı mövzuda azca bir-birindən fərqlənən xeyli rəvayətlər var: «Dünyaya pis deməyin, onu məzəmmət etməyin; deməyin ki, lənət olsun bu dünyaya, dünya Allahın lənətinə gəlsin?! Dünya onu lənətləyənin cavabında deyər: Bizlərdən kim Allaha qarşı daha çox günah edibsə, o da Allahın lənətinə gəlsin! Dünya onu lənətləyənə xitabən deyər: Allaha qarşı mən çox günah etmişəm, yoxsa sən? Bəli, dünyanın günahı yoxdur. Göylər və yer Allaha tabedir: «(Göy) və yerə buyurdu: «İstər-istəməz gəlin! Onlar dedilər: Təslim olaraq gəldik.» ("Fussilət", 11.) Göy və yer dünya nizamı əsasında (təkvini olaraq) Allaha tabedir. Varlıq aləmində nə varsa, Allaha təsbih deyir və ona ibadət halındadır: «Yeddi göy, yer və onlarda olanlar Allaha təsbih deyir. Ona sitayiş edib təsbih deməyən bir şey yoxdur.» ("İsra", 44.) Başqa bir ayədə oxuyuruq: «Göylərdə və yerdə olanların hamılıqla Allaha təsbih dediyini görmədinmi? Quşlar səmada qanad açmış halda (təsbih deyir) hər biri öz sitayiş və duasını bilir.» ("Nur", 41.) Allaha qarşı azğınlıq edib üsyan qaldıran göy və yer deyil. Dünyanı lənətləyən insan özü bu lənətə daha çox layiqdir. Əslində o dünyaya yox, özü özünə lənət oxuyur.
Ümumiyyətlə dünya haqqında iki qrup rəvayətlər var: Bir qrup rəvayətlərdə ümumi şəkildə dünya məzəmmət olunur, digər qrup rəvayətlərdə tamamiilə əks mövqe tutulub. Amma elə rəvayətlər də var ki, başqa məzmun daşıyır. Məsələn: «Dünya lənətlənmişdir. Onda nə varsa lənətə gəlmişdir. Yalnız Allahın razılığına vasitə olanlar istisnadır! Allah üçün dünyadan pisi yoxdur. Allah onu yaratdı, insanların ixtiyarına verdi. Ona nəzər salmayıb və Qiyamət qopanadək nəzər salmaz.» ("Biharul-ənvar", c.77, s.82, rəvayət 3, bab 4.)
Bu qəbildən olan rəvayətlərdə dünya zatən lənətlənmiş və pis sayılır. Məlum olur ki, Allahın dünyaya heç bir diqqəti yoxdur. Amma başqa bir qrup rəvayətlərdə göstəriş verilir ki, dünya lənətlənməsin. Hətta bundan da üstün mövqe tutulur: «Dünyaya pis deməyin, dünya möminin süvar olub xeyirə çatması üçün yaxşı minikdir. Mömin onun vasitəsi ilə şərdən qurtular.» ("Biharul-ənvar", c.77, s.180, rəvayət 10, bab 7.)
Bu qəbil rəvayətlərə əsasən dünya nəinki pis deyil, hətta insan dünya vasitəsi ilə xeyirə çata bilər. Nəql olunur ki, həzrət Peyğəmbərdən (s) «Nəhl» surəsinin 30-cu ayəsi haqqında soruşulduqda həzrət buyurdu ki, nəzərdə tutulan təqvalıların təqva əldə etdiyi dünyadır. "Nəhcül-bəlağə"də nəql olunur ki, bir şəxs Əmirəlmömininin (ə) yanında dünyanı məzəmmət etdi. Həzrət buyurdu ki, nə üçün dünyanı məzəmmət edirsən, dünya Allah övliyalarının ticarət yeridir. («Dünya Allah dostlarının ticarət məkanıdır, onlar dünyada Allahın rəhmətini qazanır, behiştdən bəhrələnirlər.») ("Nəhcül-bəlağə", qısa kəlamlar 126.)
Şübhəsiz ki, ticarət olmasa fayda da olmaz və ticarət üçün dünyadan başqa bir yer yoxdur. Həzrət Əli (ə) uyğun mövzuda buyurur: «Axirət dünya vasitəsi ilə əldə olunur.» ("Nəhcül-bəlağə", xütbə 156.)
Dünya vasitəsi ilə axirəti əldə etəmək olar. İnsan dünyada Allaha ibadət, itaət etməsə behiştə çata bilməz. Axirət istəyən insan elə bu dünyada onu əldə etməlidir. Axirəti qazanmaq üçün dünyadan başqa yer yoxdur. İnsan öz əkinəcəyini bu dünyada salmalıdır ki, axirətdə ondan məhsul götürə bilsin. Necə ki, buyurulur: «Dünya axirət əkinəcəyidir.»
Qurani-kərimdə buyurulur: «Ey iman gətirənlər, sizə sizi ağrılı əzabdan qurtaracaq bir ticarət göstərimmi?» ("Səff", 10.) Bəs Quranın nəzərdə tutduğu ticarət hansı ticarətdir? Axı ölümdən, dünyanı tərk etdikdən sonra ticarətə yer qalmır. Həzrət buyurur: «Bu gün əməl günüdür və hesab yoxdur. Sabah hesab günüdür, əməl vaxtı ötüb.» ("Biharul-ənvar", c.32, s.354, rəvayət 337, bab 10.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə