Şn08242019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə "Surə"lər haqqında qısa məlumat QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “MƏRYƏM” SURƏSİ

"Surə"lər haqqında qısa məlumat

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “MƏRYƏM” SURƏSİ


 Qurani-Kərimin 19-cu surəsi və 16-cı cüzündə yer tutuan “Məryəm” surəsi Məkkədə nazil olmuş və 98 ayədən ibarətdir.

Bu surədə digər Məkkə surələri kimi qiyamət, günahkarların taleyi, yaxşı əməl sahiblərinin mükafatı və şəfaət məsələsindən, eləcə də, həzrət Məryəmin, İsa ibn Məryəm, Zəkəriyya, Yəhya, İbrahim, İsmail və İdris peyğəmbərlərin sərgüzəştlərindən söz açılır.

Qurani-Kərimdə 34 dəfə həzrət Məryəmin adı çəkilir və ondan başqa, heç bir qadının adı Qurani-Kərimdə xüsusi qeyd edilməmişdir. Qadın adı ilə adlandırılmış yeganə surə elə “Məryəm” surəsidir.

Bu surə də “müqəttəə hərfləri” – “Kaf, ha, ya, əyn, sad” ilə başlayır və “müqəttəə hərfləri”nin Allah-Taala ilə Onun Peyğəmbəri (s) arasında bir rəmz olması ən məşhur nəzər kimi irəli sürülsə də, İslam mənbələrində uyğun surədəki müqəttəə hərfləri haqda ki qisim rəvayət diqqəti cəlb edir:

1. Bir qisim rəvayətlərdə bu hərflərin Allahın böyük adlarından (əsmaul-husnadan) birinə işarə olduğu bildirilir. Belə ki, “kaf” hərfi Allahın böyük adlarından olan “Kafi” (kifayət edin), “ha” hərfi “Hadi” (hidayət edən), “ya” hərfi “Vəliyy” (rəhbər), “əyn” hərfi “Alim”, “sad” hərfi isə “Sadiqul-vəd” (vədinə sadiq olan) adlarına işarədir. (“Nurus-səqəleyn”, 3-cü cild, səh.320.)

2. Bir qisim rəvayətlərdə isə, bu hərflər şəhidlər sərvəri imam Hüseynin (ə) Aşura inqilabına təfsir edilir; “Kaf” hərfində Kərbəla, “ha” hərfində Peyğəmbəri-Əkrəmin (s) xanədanının həlak olması və şəhadətə yetməsi, “ya” hərfində Yezid, “əyn” hərfində “ətəş” – susuzluq (imam Hüseynin (ə) əhli-əyalı və səhabələrinin susuzluğu), “sad” hərfində isə o həzrətin özü, əhli-əyalı və səhabələrinin səbirli və dözümlü olması nəzərdə tutulur.

MƏRYƏM OĞLU İSANIN (Ə) DQNYAYA GƏLİŞİ

Allah-Taala xanım Məryəmin hamiləlik əhvalatı və oğlu İsa peyğəmbərin dünyaya gəlişi haqda sözügedən surəsinin 16-22-ci ayələrində belə buyurur:

“(Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal. Onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.” Məryəm dedi: “Əgər pərhizkarsansa, mən səndən rəhman Allaha pənah aparıram.” Dedi: “Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.” Məryəm dedi: “Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda, mənim necə oğlum ola bilər?” Dedi: “Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.” (Ruh mələyi Məryəmə üfürdü,) beləliklə, o, (dərhal) İsaya hamilə oldu.”

Cəbrail xanım Məryəmə üfürdükdən sonra gözdən itdi. Xanım Məryəm öz bətnində ilahi ruhu və əzəmətli bir vücudu daşısa da, amma nigaran və narahat idi ki, kim ona inanacaq?! Camaat necə inanacaq ki, atasız uşaq doğula bilər?

“Məryəm” surəsinin 23-37-ci ayələrində buyurulur:

“Beləliklə doğuş sancısı onu (Məryəmi) məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş, bundan qabaq öləydim və tamamilə unudulaydım.” (Birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən, Allah ayağının altında axar arx qoyub. Xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.” Beləliklə, (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun.”

Məryəm rahatlıq hiss etsə də, amma nigaranlıqla dedi: “Oğlum! Camaat necə? Ey Allahın Ruhu! Camaata nə deyim?”

Uşaq dedi: “Camaatdan kimisə görsən (işarə ilə ona) “Həqiqətən mən rəhman Allah üçün (sükut) oruc(u) nəzir etmişəm, buna görə də, bu gün bir insanla danşmayacağam!” – de.

Məryəm uşağı qucağında tayfasının yanına gətirdi. Camaat qəribə bir mənzərənin şahidi olub dedilər: “İmranın qızı Məryəm bir uşaqla gəlir. Hənnənin qızı Məryəm hələ evlənməyib, amma bir körpəsi var. Nə olub?”

Məryəm birbaşa özünün ibadətgahdakı otağına yollandı. Bu həyəcanlı xəbər hər yerə yayıldı və dillər əzbəri oldu. Hamı təəccübləndi. İmanlı insanlar sakit durmuşdular. Amma bəziləri dillərinə pis sözlər gətirir, kobudluqla Məryəmə müraciət edərək deyirdilər: “Ey Məryəm, sən doğrudan da təəccüblü və xoşagəlməz bir iş görübsən. Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub!”

Məryəm heç bir söz demədi. “O, işarə ilə körpəni göstərdi (ki, ondan soruşun).”

İnsanlar təəccüblə dedilər: “Beşikdə olan körpə uşaqla necə danışaq?!”

Onların təəccüblə uşağa baxdıqları an möcüzə baş verdi. Körpə dil açaraq həqiqətin üzərindən pərdəni götürüb dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib. Məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki, sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb. Məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib. Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam.”

Bəziləri təslim olub ürəkləri imanla doldu. Bəziləri isə hadisəyə daş ürəkləri ilə yanaşıb, bu böyük möcüzəyə inanmadılar. (“Peyğəmbərlərin həyatı”, Seyid Kaml, “İsa peyğəmbərin həyatı” bölümü; “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 13-cü cild, səh.3-4; “Nur təfsiri”, Ustad Möhsin Qəraəti, 7-ci cild, “Məryəm” surəsinin təfsiri; “Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.120.)

“MƏRYƏM” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

 

وَمَنْ قَرَأَ سُورَةَ مَرْيَمَ، أُعْطِيَ عَشْرَ حَسَنَاتٍ بِعَدَدِ مَنْ كَذَّبَ زَكَرِيَّا وَصَدَّقَ بِهِ وَيَحْيَى وَمَرْيَمَ وَعِيسَى وَإِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَمُوسَى وَهَارُونَ وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ، وَبِعَدَدِ مَنْ دَعَا لِلَّهِ وَلَدًا، وَبِعَدَدِ مَنْ لَمْ يَدْعُ لِلَّهِ وَلَدًا.

 

“Hər kim “Məryəm” surəsini oxusa, Zəkəriyyanı, Yəhyanı, Məryəmi, İsanı, İbrahimi, İshaqı, Yəqubu, Musanı, Harunu, İsmaili və İdrisi təkzib və təsdiq edənlərin, eləcə də, Allah üçün övlad qail olan və olmayanların hər birinin sayı qədər, ona on “həsənə” (savab) əta edilər.”

İmam Sadiq (ə) buyurur:

 

من أدمن قراءة سورة مريم لَمْ يَمُتْ فِي الدُّنْيَا حَتَّى يُصِيبَ منها مَا يُغنيه‏ فِي نَفْسِهِ وَ مَالِهِ وَ وُلْدِهِ، وَ كَانَ فِي الْآخِرَةِ مِنْ أَصْحَابِ عِيسَى ابْنِ مَرْيَمَ،...

 

“Məryəm surəsini ardıcıl şəkildə oxuyan şəxs dünyadan can, mal və övlad baxımından ehtiyacsız edilməmiş ölməz, axirətdə də Məryəm oğlu İsanın səhabələrindən olar...” (“Məcməul-bəyan”, “Məryəm” surəsinin təfsirində.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə