Ədəbi yazılar

Özünüdərketmə

  İslam, insanın özünü tanımasına və bu aləmdə öz mövqeyini düzgün dərk etməsinə xüsusi diqqət yetirir. Quran ayələrində bu mətləbə dəfələrlə işarə edilmişdir. Belə ki, insan özünün həqiqi varlığını, nə üçün mövcud olduğunu və yaradılış hədəfinin nədən ibarət olduğunu dərk etməlidir. Quran insanı haqqa hidayət edən və onu tərbiyə edən səmavi kitabdır. O, yalnız nəzəri fəlsəfə irəli sürmür. Bəşəriyyətə təklif olunan hər bir şeyin əməli olaraq həyata keçirilməsini tələb edir.
  Quran insanı özünü tanıyıb dərk etməyə sövq edir. Bu tanışlıq insanların bir-birləri ilə tanış olduqları zaman «adın nədir?», «atanın adı nədir?», «təvəllüdün neçənci ildir?», «hansı ölkədənsən?», «kiminlə ailə qurmusan?» və s. istifadə etdiyi ifadələr kimi deyildir.
Quranda, insanın özünütanıma təlimləri tam ayrı bir şəraitdə həyata keçirilir. İnsan özünü tanıdıqdan sonra qədir-qiymətini, şərəf və müqəddəsliyini dərk edir. Buna nail olduqda artıq ictimai, əxlaqi dəyərlər onun üçün məna və məfhum kəsb etməyə başlayır.
  Quran ayələrində insanın digər canlılardan seçildiyi və onun digərlərindən üstünlüyü bəyan olunur. Demək istəyir ki, sən atom zərrəciklərinin toplanması nəticəsində təsadüfü olaraq yaradılmış varlıq deyilsən. Sən öz üstün xüsusiyyətlərinlə digər canlılardan fərqlənən və seçilmiş bir ilahi varlıqsan. Bu səbəbdən də üzərinə ağır məsuliyyətlər düşür. Şübhəsiz ki, insan yer üzünün ən qüdrətli canlısıdır. Yeri və orada mövcud olan bütün varlıqları kiçik bir «kənd» fərz etsək, insanı oranın sahibi, başqa sözlə desək, ağsaqqalı hesab etməliyik. Amma baxaq görək insan oraya doğrudan da ağsaqqal seçilmişdir, yoxsa bu məziyyəti zor gücünə ələ keçirmişdir?
  Maddiyyat fəlsəfəsi insanın hakimiyyətini mütləq qüdrət və zorakılıq hesab edir. Onlar iddia edirlər ki, insan təsadüfü olaraq qüdrət sahibi olmuşdur. Və təbii ki, bu fərziyyəyə əsasən «vəzifə» və «məsuliyyət» insan üçün tamamilə mənasız və əhəmiyyətsiz olmalıdır. Burada belə bir sual qarşıya çıxır: Ümumiyyətlə vəzifə və məsuliyyət nədən ibarətdir? Kim tərəfindən təyin olunmuşdur və kimin qarşısında əməl olunmalıdır?
  Quran insanı yüksək xüsusiyyətlərə malik olduğu üçün yer üzünün seçilmiş kəndxudası kimi qələmə verir. O, bu məqama zor gücü ilə deyil, öz ləyaqət və səlahiyyəti ilə nail olmuşdur. Bu səbəbdən də onun üzərinə ağır vəzifə və məsuliyyət düşür. Məsuliyyət Allah tərəfindən təyin olunmuş və məhz Onun qarşısında əməl olunmalıdır. İnsanın seçilmiş bir varlıq olduğuna və onun hədəf olaraq seçilməsinə iman gətirmək (belə bir etiqada əsaslanmaq) insanda bir növ tərbiyəvi və psixoloúi təsir qoyur. İman gətirmədikdə isə, insan tam başqa bir təsir altına düşür.
  İnsanın özünü dərketməsi dedikdə, onun varlıq aləmindəki həqiqi mövqeyini dərk etməsi nəzərdə tutulur. O, bilməlidir ki, torpaqdan yaradılmış və vücuduna ilahi ruh üfürülmüş bir varlıqdır. O, bilməlidir ki, elm və məlumat baxımından mələklərdən üstün yaradılmış və üzərinə məsuliyyətli vəzifə qoyulmuşdur. O, özünün maddi-mənəvi ehtiyaclarını təmin etməklə yanaşı, yaşadığı dünyanın abadlaşdırılmasına da səy göstərməlidir.
(O sizi [atanız Adəmi] yerdən [torpaqdan] yaradıb orada sakin etdi [və ya uzun ömür verdi] və oranı abadlaşdırmağı sizə həvalə etdi.) (Hud-61).
İnsan, Allahın yer üzündəki əmanətdarı və xəlifəsi olmasını bilməlidir. Və nəhayət o, bilməlidir ki, hər şeyə sahib olmaq və yüksək məsuliyyətlərə layiq görülmək üçün təsadüfü olaraq yaradılmamışdır.