Bz.er10142019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə "Surə"lər haqqında qısa məlumat “TA-HA” SURƏSİ

"Surə"lər haqqında qısa məlumat

“TA-HA” SURƏSİ

 

Qurani-Kərimin 20-ci surəsi və 16-cı cüzündə yer alan “Ta-ha” surəsi 135 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.

   Bu surə də “müqəttəə hərfləri” – “Ta-ha” ilə başlayır və məşhur nəzərə görə, “müqəttəə hərfləri” Allah-Taala ilə Onun Peyğəmbəri (s) arasında bir rəmzdir. Buna rəğmən, rəvayətlər və təfsir kitablarında “Ta-ha” hərfləri müxtəlif cür mənalandırılmışdır. O cümlədən, imam Sadiqdən (ə) nəql olunan rəvayətdə bildirilir ki, “Ta-ha” Peyğəmbərin (s) adlarından biridir və mənası “Ya talibəl-həqq, əl-hadi iləyhi”dir; yəni “ey haqqı tələb edən və ona doğru hidayət edən!”

   Bu hədisdən belə anlaşılır ki, “Ta-ha” iki rəmzi hərfdən ibarətdir: “Ta” – “talibul-həqq” (haqqı tələb edən) və “ha” – “əl-hadi iləyhi” (haqqa hidayət edən) mənasına işarədir. Elə bu səbəbdən də, bəzi rəvayətlərdə Peyğəmbərin (s) Əhli-beyti “ali Ta-ha” (Ta-ha övladları) adlandırılmışdır. Necə ki, “Nüdbə” duasında imam Mehdi (ə) “Yəbnə Ta-ha” (Ey Ta-hanın oğlu!) adı ilə çağırılır. (“Biharul-ənvar”, 97-ci cild, səh.375; “Təfsiri-nümunə”, 13-cü cild, səh.157-158.)

“Ta-ha” surəsində də digər Məkkə surələrində olduğu kimi, daha çox tövhid və ona etiqadın nəticələri, şirkin bədbəxtlikləri, yaranış və məaddan danışılır.

Surənin ilk hissəsində Qurani-Kərimin əzəməti, Pərvərdigarın “camal” və “cəlal” sifətlərinə qısa şəkildə işarə olunur.

   İkinci hissə həzrət Musanın (ə) sərgüzəştindən söz açan səksəndən çox ayəni ehtiva edir və uyğun surə o həzrətin macərasını ətraflı şəkildə bəyan edən ilkin surədir. Bu ayələrdə həzrət Musanın (ə) peyğəmbər seçilməsi, peyğəmbərlik dönəmindən başlayaraq zülmkar Fironu haqqa dəvət etməsi, sehrbazlarla mübarizəsi və onların iman gətirməsi, həzrət Musanın (ə) Misirdən çıxması, Firon və tərəfdarlarının dəryada qərq olması, nəhayət, həzrət Musa (ə) ilə möminlərin nicat tapması, eləcə də, Bəni-İsrailin buzovpərəstliyi haqda məlumat verilir.

Üçüncü hissə məad – ölümdən sonrakı həyat və qiyamətin bir sıra xüsusiyyətlərinə həsr olunur.

Dördüncü hissədə yenə Qurani-Kərim və onun əzəmətindən söz açılır.

Beşinci hissədə Adəmlə Həvvanın behişt macərası, Şeytanın vəsvəsələri və nəhayət, onların yer üzünə enişindən danışılır.

Sonda isə düşündürücü öyüd-nəsihətlər bəyan olunur.

“TA-HA” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

وَمَنْ قَرَأَ سُورَةَ طه، أَعْطَاهُ اللَّهُ ثَوَابَ الْمُهَاجِرِينَ والأنصار

“Allah-Taala “Ta-ha” surəsini oxuyan kəsə mühacir və ənsar zümrələrinin savabını əta edər.” (“Məcməul-bəyan”, 7-ci cild, səh.1; “Əl-mustədrək”, 4-cü cild, səh.344, hədis 4853.)

2. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə oxuyuruq:

لَا تَدَعُوا قِرَاءَةَ سُورَةِ طه فَإِنَّ اللَّهَ تَعَالَى يُحِبُّهَا وَ يُحِبُّ مَنْ قَرَأَهَا، وَ مَنْ أَدْمَنَ قِرَاءَتَهَا أَعْطَاهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ كِتَابَهُ بِيَمِينِهِ، وَ لَمْ يُحَاسِبْهُ بِمَا عَمِلَ في الإسلام، وَ اُعطي في الآخرة مِنَ الْأَجْرِ حَتَّى يَرْضَى

   “Ta-ha surəsini oxumağı tərk etməyin. Çünki Allah-Taala onu və onu oxuyanı sevir. Hər kəs onu davamlı şəkildə tilavət etsə, Allah-Taala qiyamət günü əməl dəftərini onun sağ əlinə verər, onun İslamda olan əməllərindən ağır hesab çəkməz və ona razı olanadək (Öz nemətlərini) əta edər.” (“Nurus-səqəleyn”, 3-cü cild, səh.367; “Təfsiri-nümunə”, 13-cü cild, səh.152.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə