Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar İnsani ruh və heyvani nəfs

Ədəbi yazılar

İnsani ruh və heyvani nəfs

  İnsan nəfsi barəsində nazil olan ayələr və nəql olunan rəvayətlər iki qismə bölünür. Bunlardan bir qismi nəfsi çox dəyərli, mələkuti, şərafətli və mücərrəd aləmdən gələn, bütün insani dəyər və səciyyələrdən də fəzilətli olan bir gövhər kimi vəsf edir. Bu növ ayə və rəvayətlərdə insana onun qorunub saxlanmasında, qüvvətləndirilib pərvəriş verilməsində ciddi cəhdlə çalışması, belə bir dəyərli gövhərin əldən verilməsi nəticəsində ziyan görülməməsi üçün səy göstərməsi tövsiyə olunur. Misal üçün Quranda buyurulur: “Ey Məhəmməd! Səndən ruhun həqiqəti barəsində soruşurlar. Cavabında de: “Ruh mənim Pərvərdigarımın əmrindəndir (Onun əmri ilə yaradılmışdır) və sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir.” (“İsra” surəsi, ayə:85)
  Bu aləmdə ruh əmr (təcərrüd) aləmindən – maddi aləmin fövqündə dayanan bir aləmdən gələn varlıq ünvanı ilə vəsf edilir.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) nəfs barəsində buyurur: “Nəfs çox bir qiymətli gövhərdir, hər kəs onu qoruyub saxlasa onu çox yüksək məqama çatdırar, hər kəs onu saxlamaqda səhlənkarlıq etsə, onu alçaqlığa çəkəcəkdir.”
Başqa bir hədisdə buyurur: “Hər kəs öz nəfsinin qədir-qiymətini dərk etsə, onu fani və ötəri işlər görməklə alçaqlığa çəkməz.”
Başqa bir hədisdə isə belə buyurur: “Hər kəs öz nəfsinin şərafətini anlasa, onu şəhvətlərin və batil arzuların alçaqlığından qoruyar.”
Yenə buyurur: “Hər kəsin nəfsi şərafətli olsa onun atifələri və insani duyğuları çox olacaqdır.”
Yenə buyurur: “Hər kəsin nəfsi şərafətli olsa, onu (başqalarından bir şey) istəmək zillətindən uzaq saxlayar.” (“Ğürərül-hikəm”, səh.669)
Bu kimi bir çox ayə və rəvayətlərdən məlum olur ki, insanın nəfsi çox dəyərli və qiymətli bir gövhərdir. Hər bir kəs onun qorunub saxlanmasında və pərvəriş verilməsində çalışmalıdır.
  İkinci qismdən olan ayə və rəvayətlərdə nəfs çox şər, insanın düşməni və bütün pisliklərin mənşəyi kimi təqdim edilir və onunla mübarizə aparıb onu məğlub etmək tövsiyə olunur. Əks halda bu insanın bədbəxtliyinə səbəb olacaqdır. Misal üçün, Quranda buyurulur: “Amma hər kəs öz Rəbbinin məqamından qorxsa və nəfsini onun istəklərindən saxlasa behişt onun yeri olacaqdır. (“Naziat” surəsi ayə:41)
Quranda Həzrət Yusifin (ə) dilindən belə deyilir: “Mən öz nəfsimə bəraət qazandırmıram. Çünki nəfs həmişə insanı pisliklərə əmr edir. Yalnız Allahın rəhm etdiyi kəslərdən başqa.” (“Yusif” surəsi, ayə:53)
  Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurub: “Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir.” (“Biharul-ənvar”, 70-ci cild, səh.64)
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Nəfs həmişə insanı pisliklərə doğru əmr (sövq) edir. Hər kəs ona arxayın olsa nəfs ona xəyanət edər, hər kəs ona etimad etsə nəfs onu həlak edər, hər kəs ondan razı olsa nəfs onu daxil olunan yerlərin ən pisinə daxil edər.”
Həzrəti Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) başqa bir hədisdə buyurur: “Öz nəfsinə xatircəm olmaq şeytan üçün ən möhkəm fürsətlərindəndir.” (“Ğürərul-hikəm” səh.54)
  İmam Səccad (ə) belə deyir: “Pərvərdigara! Sənə şikayət edirəm həmişə pisliklərə göstəriş verən, günah və xətalara üz gətirən, günahı sevən, özünü Sənin qəzəbin qarşısında qərar verən və məni günahlara və fəlakət yollarına çəkən nəfsin əlindən!” (“Biharul-ənvar”, 94-cü cild, səh.143)
Bu kimi ayə və rəvayətlərdən məlum olur ki, nəfs çox pis və şər varlıq və bütün pisliklərin mənşəyidir, onunla mübarizə aparıb məğlub etmək lazımdır.
Bəziləri belə təsəvvür edə bilər ki, yuxarıda qeyd olunan iki dəstə rəvayətlərin arasında ziddiyyət vardır. Yaxud belə fikirləşə bilər ki, insanın iki nəfsi vardır; biri bütün yaxşılıqların mənşəyi olan insani nəfs, digəri isə bütün pisliklərin mənşəyi olan heyvani nəfs. Halbuki, bu iki təsəvvürün hər ikisi səhvdir. Çünki əvvəla, ayə və rəvayətlərin arasında heç bir ziddiyyət yoxdur. İkincisi, isbat olunmuşdur ki, insanın birdən artıq həqiqəti yoxdur. Onun yalnız bir nəfsi vardır. Onun insani və heyvani yönlərinin bir-birindən ayrı olması da düzgün deyildir. Lakin insanın nəfsi iki vücudi yönə və mərtəbəyə malikdir. Aşağı mərtəbədə bütün heyvani sifətlərə malik olan bir heyvandır, yüksək mərtəbədə isə ona ilahi ruh üfürüldüyü və mələkut aləmindən gəlmiş olan bir insandır. Nəfsin şərafətli və dəyərli olmasını göstərən, bütün yaxşılıqların mənşəyi hesab edən və onun pərvəriş edilməsinə tövsiyə edən hədislərdə onun yüksək mərtəbəsinə işarə edilir. Amma “nəfs sənin düşmənindir, ona etimad edərsənsə o səni həlak edər, onunla cihad və mübarizə aparmaq lazımdır” - deyə buyurulan hədislər isə onun alçaq mərtəbəsinə, yəni heyvani mərtəbəsinə işarədir. Əgər “öz nəfsini gücləndir və ona pərvəriş ver” deyə buyurulursa məqsəd insani mərtəbəsidir. Amma əgər “onunla mübarizə aparıb məğlub et” deyilirsə, onun heyvani və alçaq mərtəbəsi nəzərdə tutulur.
Bu iki “öz”, yaxud iki vücudi mərtəbə arasında daim çəkişmə mövcuddur. Heyvani “öz” insanı həmişə öz meyl və istəklərini təmin etməyə sövq edir, Allah dərgahına yüksəlib təkamül və tərəqqiyə nail olmaq yollarını insani nəfsin üzünə bağlayır və onu öz ixtiyarına keçirir. Bunun əksinə olaraq insani “öz”, yaxud insan vücudunun ali mərtəbəsi həmişə ali-insani kamal mərhələlərini qət etməyə və ilahi dərgaha yaxınlaşmağa çalışır. Bu məqama nail olmaq üçün insan özünün heyvani qərizələri və meyllərini nəzarət altına alıb cilovlamalı, onları öz ixtiyarına keçirtməlidir ki, bu mübarizə səhnəsində bu ikisindən hansı birinin digərinə qələbə çalacağını görsün. Əgər insani və mələkuti “öz” qələbə çalsa insani dəyərlər çiçəklənir, insanı yüksək dəyərli ilahi dərgaha doğru seyr etdirir. Amma əgər heyvani “öz” qələbə çalarsa insan əqlinin çırağı sönür və onu azğınlıq vadisinə sürükləyir. Peyğəmbərlər də gəlmişlər ki, belə bir müqəddəs və müqəddəratı həll edən mübarizədə insanlara kömək etsinlər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə