Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Müsbət xasiyyətlərə necə yiyələnək?

Ədəbi yazılar

Müsbət xasiyyətlərə necə yiyələnək?

  İstənilən bir məqsədə çatmaq üçün yollar mövcuddur. İnsanın yaranış məqsədlərindən biri onun gözəl əxlaqa sahib olmasıdır. Gözəl əxlaqi sifətlər asanlıqla əldə olunmur. Bundan ötrü çalışmaq, məqsədə aparan doğru yolla hərəkət etmək lazımdır. Müsbət, gözəl xasiyyətlər əldə etmək üçün hökmən müəyyən nöqtələri nəzərə almalıyıq:

  1.Gözəl sifət ona münasib əməlləlri təkrarlamaqla insanın daxilində vücuda gəlir. Bir əməl ardıcıl şəkildə təkrarlanmasa insanda bu əməllərə uyğun sifətin möhkəmlənməsi qeyri-mümkündür. Təbii ki, müsbət sifətlərə aparan əməllərin təkrarı asan iş deyil. İnsan gözəl əxlaqa sahib olmaq qərarına gələndə onun qarşısında maneələr yaranır. Bu maneələri aşmaq üçün səbr və dözümə ehtiyac var. Nə qədər çətin olsa da gözəl sifətə aparan əməli təkrarlamağa çalışmaq lazımdır. Bu əməllər təkrarlandıqca həmin sifət insanın ruhuna nüfuz edir və möhkəmlənir. Lazımi həddə təkrardan sonra artıq yaxşı əməli yerinə yetirmək çətin görünmür. Bu səbəbdən ilk addımda çətinliyi görüb geri çəkilmək olmaz.

Fəzilət yolunu seçmiş insanın hərəkətini asanlaşdıran əsas amillərdən biri onun qəlbindəki eşqdir. Əgər insanın üz tutduğu məqsdə eşqi varsa bu eşq daim ona kömək edəcək. Son məqsəd təbii ki, Allahın razılığı, Ona yaxınlıqdır. İnsanda bu məqsədə iştiyaq varsa maneələri aşmaq asanlaşır.
  2.İnsanda gözəl əxlaq yaradan amillərdən biri də fəzilət sahibləri, əxlaqlı insanlarla ünsiyyətdir. Belə insanlarla yaxınlıq insanın iradəsini gücləndirir, onu irəliyə doğru hərəkətə həvəsləndirir. Kamil insanlarla, fəzilət sahibləri ilə ünsiyyətdə olmaq insanı tədricən dəyişir. Bir insan pis sifəti tərk edə bilməyəndə bir müddət yaxşı insanla ünsiyyətdə olmaq ona bu işdə fövqəladə yardım göstərir. Əxlaq sahiblərinin vücudunda mənəviyyat nuru güclü olduğundan onlar xeyir əməlləri asanlıqla yerinə yetirir. Bu insanlarla yaxınlıq hər bir fərd üçün yaxşılığa doğru təkandır. Əxlaq sahibləri ilə yaxınlıq edən insanın pis sifətlərdən uzaqlaşmaması qeyri-mümkündür. Onun qarşısında iki yol var: Ya fəzilət sahiblərini tərk etmək, ya da pis sifətləri. Misal çəkirlər ki, yaxşı insanla ünsiyyət əttarla, ətir satanla yaxınlıq kimidir. Əttar dostluq edən insan ətir vurmasa belə ondan ətir qoxusu gəlir. Odda olan insanla yaxınlıq da insanı oda salır.

Həzrət Peyğəmbərdən ən yaxşı yoldaş barədə soruşdular. Həzrət buyurdu: "Ən yaxşı yoldaş o şəxsdir ki, onu görəndə Allahı xatırlayasan, sözləri elmini artırsın, rəftarları axirəti yadına salsın." Diqqət yetiriləsi mövzu budur ki, əxlaqlı insanlarla ünsiyyət qarşılıqlı olduqda pis sifətlərdən uzaqlaşmaq, gözəl əxlaqa sahib olmaq üçün yol açılır. İnsanda bir şəxsə məhəbbət yaranırsa, onun mənəvi xüsusiyyətlərinə də maraq ortaya çıxır. Bu səbəbdən möminlərə pis insanlarla yoldaşlıq qadağan olunub. Tövsiyə olunur ki, qəlb qapınızı saleh əməl sahiblərinin üzünə açın.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah bir bəndəsinə xeyir vermək istəyəndə ona layiqli dost yetirir." Kamal əhli ilə ünsiyyətlə yanaşı onların həyatının mütaliəsi faydalıdır. Belə şəxsiyyətlər haqqında kitablar yazılıb. Onlar kamillik sorağında olanlar üçün gözəl nümunədir.

3.Əfv və isar kimi gözəl sifətə yiyələnmək istədikdə təkcə həmin sifət üzərində dayanmaq lazım deyil. Bütün əxlaqi kamilliklərə diqqət yetirmək, kompleks şəkildə təlimatlanmaq lazımdır.

4.Əxlaqi kamillikləri gücləndirən başqa bir amil elm və agahlıq, bəsirət və mərifətdir. Bu amillər insana azad düşünmək imkanı yaradır. Nəticədə insan doğru yolu əyri yoldan seçir, öz vəzifələrinin ardınca gedir. Elm təhsili nəfsin tərbiyəsi ilə yanaşı olduqda insan müvəffəqiyyət qazanır.

5.Fəzilətlərə sahib olmaq üçün bir neçə nöqtəyə diqqət yetirmək lazım gəlir:

-İstək: İnsan tərbiyələnmək istəməsə bu işin həyata keçməsi mümkünsüzdür. Demək, kamilləşmək üçün bunu ciddi şəkildə istəmək lazımdır;

-İnam: İnsan inanmalıdır ki, Allah ona pis sifətlərdən uzaqlaşmaq, gözəl sifətlərlə zinətlənmək imkanı verib. Bu inam olsa özünütərbiyə yolunda ümidsizlik yaranmaz.

-Riyazət və mücahidə: Nəfsin tərbiyəsində riyazət və azğın nəfs istəkləri ilə mübarizə mühüm rol oynayır.

-Tədricilik: Fiziki təkamüldə azdan başlandığı kimi mənəvi təkamüldə də azdan başlamaq lazımdır. İnsan kamilliyə doğru addım addım, tədricən hərəkət etməlidir.

-Davamlılıq: İnsan riyazət və mücahidəni azğın sifətlərin kökünü qazana qədər davam etdirməlidir. Nəticədə gözəl sifətlər xarakterə çevrilməlidir.

-Çirkinliyi aradan qaldırmaq: İnsan pis sifətlərdən ardıcıl şəkildə uzaqlaşmağa çalışmalıdır. Pis sifətlər toxunulmaz qaldıqda bədxassəli xərçəng kimi qol-budaq atır, ondan xilas olmaq qeyri-mümkün olur.

Deyilənlərə əlavə olaraq qeyd edək ki, saleh əməlin təkrarlanması insanda gözəl əxlaqın xasiyyətə, xarakterə çevrilməsi ilə nəticələnir. Bir əməli təkrar etdikdə həmin əməl qəlbə oturur və çirkin işlərin yerini daraldır.

İnsan maddi, dünyəvi mənafelər yox, Allahın razılığı üçün tərbiyələnməyə çalışmalıdır. Əgər bu işdə niyyət Allaha yaxınlaşmaqdırsa, insan ilahi yardımlardan faydalanır.

İnsan əxlaqi gözəlliklərə sahib olmaq üçün öz etiqadını islah etməlidir. Yalnız tövhid inancı sayəsində gözəl əxlaqa sahib olmaq mümkündür. Əxlaq alimləri hər bir fəzilətə çatmaq üçün iki əməli və elmi yol təklif edir. İnsan əxlaqi fəzilətlərlə elmi baxımdan tanış olmalı, eyni zamanda məqsədə doğru yolla hərəkət etməlidir. Belə olduqda insan həm öz daxili istəklərinin tələbinə cavab verir, həm də bu fəzilətlərin dəyərini başa düşür.

Əxlaqi fəzilətlərə çatmaq üçün dörd mərhələ müəyyənləşdirilib: Müşaritə, müraqibə, mühasibə, müatəbə. Müşaritə dedikdə insanın bir işi yerinə yetirmək üçün özü ilə əhd bağlaması nəzərdə tutulur. İnsan öhdəsinə götürür ki, xeyir işlərdə təlaşlı olsun. Muminun, 8: "O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər)."

Müraqibə dedikdə insanın diqqətli olub, hər zaman Allahı xatırlaması nəzərdə tutulur. Həzrət Əli (ə) buyurur ki, hər zaman Allahı yada salıb günahdan qorxan şəxsin xoş halına! Başqa bir məqamda belə buyurur: "Yaxşı olar ki, insan daim özünə nəzarət etsin, qəlbini və dilini qorusun." Həzrət möminin vəsfində belə buyurur: "Mömin o şəxsdir ki, bu gün sabahı fikirləşir, daim bir neçə addım qabağı görür, o aqildir."

Mühasibə dedikdə insanın öz nəfsi ilə hesab-kitabı nəzərdə tutulur. Mühasibəyə riayət edən insan ölçü gözləyir, məsuliyyətini başa düşür, əməldə ardıcıldır, bütün əmllərini yadda saxlayır, özünü sorğuya çəkir, əməllərin cəzasını düşünür, tədbir görüb çıxış yolu axtarır. Hədislərdə mühasibə mərhələsinə çox diqqət yetirilib. Həzrət Peyğəmbər (s) buyurur: "Sizinlə hesab çəkilməzdən öncə özünüzlə hesab çəkin. Əməlləriniz ölçülənə qədər özünüzü qiyamət gününə hazırlayın." İnsanın Allahı unutmaması, özünə arxayınlaşmaması üçün mühasibə zəruridir.

Müatəbə dedikdə insanın özünü tənqidi nəzərdə tutulur. Bu mərhələdə insan pis əməllərinə görə özünü mühakimə edir, tövbə qılır, istiğfar deyir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə