Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Təvəkkül haqqında yazı

Ədəbi yazılar

Təvəkkül haqqında yazı

كَفَىٰ بِرَبِّكَ وَكِيلًا


Təvəkkül Quranda- qısa araşdırma
  Təvəkkül nədir və imandan necə yaranır? Təvəkkül dedikdə insanın bütün işlərdə Allaha qəlbən etimadı, güvənməsi nəzərdə tutulur. Təvəkkül əhli öz işlərini Allaha həvalə edir, tapşırır və heç bir başqa qüvvəyə ümid etmir. Mömin insanlarda mənəvi və fiziki, fərdi və ictimai işlərdə belə hal yaranarsa, onları “Allaha təvəkkül edənlər” adlandırırlar.
  İnsanın ruhunda belə bir hal yaranması üçün o inanmalıdır ki, Allahdan başqa qüdrət sahibi yoxdur, bütün başqa güclər Ondandır və Onun qüdrəti müqabilində heçdir, Allahdır bəndələrin ehtiyaclarını ödəyən. Demək, insan yalnaz Allaha göz dikməlidir, Ondan kömək istəməlidir, Ona sığınmalıdır.
İnsan qəlbində belə bir hal yoxsa, onun ya imanı, ya da qəlbi zəifdir. Nəticədə insan Allahdan qeyrilərindən qorxur və bu qorxu onu Allaha təvəkküldən məhrum edir. Nəticə bu olur ki, təvəkkül yəqin və iman, qəlb qüvvəsi sayəsində yaranır. Bu qüvvələr insan ruhunda sakitlik yaradır.
Qəlb aramlığı və yəqinlik ruhun iki müxtəlif halıdır. Bu hallar bir-birindən fərqlənir. Bu müddəanın Quranda sübutları var. Həzrət İbrahim ölülərin necə dirilməsi barədə soruşanda Allah-Taala buyurur: “Ey İbrahim, yoxsa inanmırsan?” İbrahim cavab verir ki, inanıram, amma əmin olmaq istəyirəm.
Həzrət İbrahim ölülərin necə dirildilməsini öz gözləri ilə görmək istəyir. O qəlb imanını yəqinlillə möhkəmləndirməkdə israrlıdır. İnsan yaranışca fikir-xəyala meyllidir. O “mutməinnə” – arxayın nəfs məqamına çatana qədər belə əsassız təxəyyüllərlədir. Başqa din ardıcılları, məsələn yəhudi və məsihilər yəqinlikdən uzaq qəlb imanı əsasında dinlərinə inanırlar. Bu inamı yaradan əminlik yox, zənn-güman, kor-koranə təqliddir.
  Deyilənlərdən aydın olur ki, təvəkkül halı ağıl və qəzəb qüvvələrinə yanaşı şəkildə bağlı fəzilətlərdəndir və tövhid mrtəbələrindən sayılır. Bu mərtəbəyə çatan insan görür ki, həyat səhnəsində Allahdan başqa qüdrət sahibi yoxdur, hamı onun hökmü altındadır.
  İman və təvəkkül arasında rabitəni nəzərdən keçirək. İman səviyyəsi təvəkkül səvəyyəsinə təsir edir. Təbii ki, insan birinə inananda bütün diqqəti ona yönəlir və problemlərinin həllini ondan istəyir.
Quranda 8 ayə təvəkkül və iman rabitəsini açıq təsdiqləyir. Yada salınır ki, iman təvəkkülün köküdür. İman gücləndikcə təvəkkül də güclənir. Ayələri nəzərdən keçirək:
Maidə, 23: (Allahdan) Qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”
Ali-İmran, 122: (O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!
  Ali-İmran, 159: (Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!
Maidə, 11: Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, (bir dəfə) bir tayfa (Məkkə müşriklərini və ya Bəni Sələb qəbiləsi) sizə əl qaldırmaq (hücum etmək) niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər!
Tovbə, 51: De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”
Mucadələ, 10: Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma (pıçıldaşma) iman gətirənləri məyus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!
Təğabun, 13: Allahdan başqa heç bir tanrı (məbud) yoxdur. Buna görə də möminlər ancaq Allaha təvəkkül etsinlər!
Ənfal, 2: Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.
Doğrudanmı təvəkkül bu qədər zəruridir? Nə üçün yalnız Allaha təvəkkül etməliyik? Başqalarına güvənsək, başqalarından kömək istəsək nə olar ki?
Ağıl və məntiq baxımından sualın cavabı aydındır. Qüdrət sahibi dura-dura nə üçün ondan aslı kəslərə güvənək?! Amma Quran ayələri də bu sualı cavablandırır. Allahda elə sifətlər var ki, bu sifətləri yaranmışlarda görmək mümkünsüzdür. Ayələr nə deyir?
Şuəra, 217: Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibinə təvəkkül et!
Nəml, 78, 79: Həqiqətən, sənin Rəbbin onların (dini məsələlərdə ixtilafda olanların) arasında Öz hökmünü (ədalətlə) verəcəkdir. O, (hər şeyə) qalib olandır, (hər şeyi) biləndir! (Ya Rəsulum!) Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən (haqq yoldasan).
Ayələrdən aydın olur ki, Allahın mərhəmət və elm sahibi olması Ona təvəkkül üçün əsas verir.
Allaha qeybdən xəbərdardır, həmişə hazırdır. Hud, 123: Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir! Nəhl, 99: Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!
İnsan islaha ehtiyaclıdır. Fərd və cəmiyyətin islahı hər bir insanın, xüsusilə peyğəmbərlərin vəzifəsidir. Hud, 88: (Şüeyb onlara) Belə cavab verdi: “Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl (halal) bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya mən öz Rəbbimə asi ola bilərəmmi?) Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!
Allaha təvəkkülün bir səbəbi də onun rübubiyyəti, müdiriyyəti, Rəbb olmasıdır. Tövbə, 129: (Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin rəbbidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!)
Maraqlı nöqtələrdən biri budur ki, Quran adətən Allaha təvəkküldən danışır. Çünki “Allah” adında bütün ilahi kamal sifətləri toplanıb. (bax: Əraf, 89; Ali-İmran, 173; Nisa, 81; Mumtəhinə, 60; Yunus, 71, Mulk, 29...)

Münafiqlər min bir vasitə ilə haqq yoldan yayınır. Amma bilməlidirlər ki, fərasətləri, bacarıqları, hiylələri onları cəhənnəm odundan qurtarmayacaq. Quranın nifaq başçılarına xəbərdarlıqlarında həm də gələcəklə bağlı xəbərlər, bir növ ecaz var. Həşr surəsində Bəni-Nəzir başçıları barədə deyilənlər buna nümunədir: “Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey möminlər!) Siz onların (öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! (Bəni Nəzir qəbiləsinin başına gələnlərdən) ibrət alın! Əgər Allah onlara (yurdlarından çıxardılıb) sürgün olunmağı hökm etməsəydi, onları dünyada mütləq (başqa bir) əzaba düçar edərdi. Axirətdə isə onları cəhənnəm əzabı gözləyir!” (surənin sonuna qədər bu mövzu izlənilir)
Bu və bu qəbildən olan başqa ayələrdən aydın olur ki, insan üçün yeganə etibarlı güvənc yeri Allahdır. Bəli, Rəbbinin vəkil olması kifayət edər!” (İsra, 65)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə