Çr03202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) Məqalə Həzrət Mehdi, (ə.c) hakim olacağı labüddür

Həzrət Mehdi, (ə.c) hakim olacağı labüddür

  Qurani-Kərim Həzrət Mehdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni, Quran ümumdünya ədalətli hökumət qurulacağından, əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Mehdi əleyhissəlama, onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri[1] ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü oxucuların nəzərinə çatdırırıq.

1) “Biz kitabdan [Tövratdan, yaxud lövhi–məhfuzdan] sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.”[2]

Bu ayəni izah edərkən qeyd etmək lazımdır ki, ayədə gəlmiş “zikr” (kitab) sözü əslində “nəyisə xatırlamaq” mənasınadır, ancaq bu ayədə Həzrət Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa bir təfsirə əsasən, ayədəki “zikr” (kitab) sözü Qurana işarədir. Çünki Quranın özündə bir neçə yerdə Quran “zikr” adı ilə qeyd olunmuşdur. Məsələn, “Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir: “O, [Quran] aləmlər [bütün insanlar və cinlər] üçün ancaq bir zikrdir [öyüd–nəsihətdir].” Belə olduqda isə ayənin mənası “Biz kitabdan [Tövratdan] sonra Zəburda da…” yox, “Biz kitabdan [Qurandan] əlavə Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq” [3] olur.

  Mərhum Şeyx Müfid (“Əl-İrşad” kitabında) Həzrət Mehdi əleyhissəlama ixtisas verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz ayəyə istinad etmişdir. [4]  Bu ayənin təfsiri barədə İmam Baqir əleyhissəlamdan rəvayət olunmuşdur ki, ayədə deyilmiş “saleh bəndələr”dən məqsəd Həzrət Məhdi əleyhissəlamın dünyanın axırında olacaq tərəfdarlarıdır.[5]

Quranın görkəmli təfsirçisi mərhum Təbərsi “Məcməül-bəyan” təfsirində bu ayədən bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir: “Şiə və sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: “Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah–taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur edib dünyanı, zülmlə dolduğu kimi haqq–ədalətlə dolduracağına qədər uzadar.”[6]

Quranın Allahın saleh bəndələrinin yer üzünün hakimi olacağı məsələsinin Tövrat və Zəburda da yazılmasına işarə etməsi bu mövzunun əhəmiyyətini göstərir. Belə ki, bu məsələ ilkin peyğəmbərlərin də kitablarında vurğulanmışdır. Diqqəti cəlb edən məsələ budur ki, bu mövzu Davud peyğəmbərin dua, münacat və nəsihətlərini əhatə etmiş və hal-hazırda Tövratın “Əhdi-qədim” hissəsində yer tapmış “Davudun nəğmələri” kitabında da müxtəlif ifadələrlə gözə dəyir. Məsələn, otuz yeddinci nəğmədə deyilir: “…Zalımların kökü kəsiləcək, Allaha arxalananlar isə yer üzünün hakimi (varisi) olacaqlar. İndi isə zalımların olmaması çox çətin məsələdir. (Yəni, indi zalımlar çoxdur). Yer üzünün hakimi (varisi) olacaq təvazökarlar son dərəcə əmin-amanlıqdan ləzzət alacaqlar” Həmin nəğmənin başqa bir hissəsində deyilir: “…Allaha təbərrük edənlər (üz tutanlar) yer üzünün hakimi olacaq, məlunların (Allahdan üz döndərmişlərin) isə kökü kəsiləcək.”[7]

2) “Yer üzündə zəif düşüb əzilənlərə [nemət verib] mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri [hakimi] etmək istəyirik.”[8]

Həzrət Əli (əleyhissəlam) Mehdi əleyhissəlamın qayıdacağı (zühur etməsi) və camaatın yenidən vəhy ailəsinə tərəf üz tutacağı barədə söhbət etdikdən sonra indi qeyd etdiyimiz ayəni oxumuşdu.[9]

Ələvilərdən olub Abbasi xəlifəsi Məmuna qarşı qiyam qaldırmış Məhəmməd ibn Cəfər deyir ki, bir gün rastlaşdığım çətinlikləri Malik ibn Ənəs üçün açıqladım. O, mənə dedi ki, səbr et, qoy “Yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri etmək istəyirik” ayəsi çin çıxsın.[10]

3) “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin–amanlıqla [arxayınçılıqla] əvəz edəcəyini vəd buyurmuşdur.”[11]

Mərhum Təbərsi bu ayənin təfsirində deyir: “Peyğəmbər ailəsindən rəvayət olunmuşdur ki, bu ayə Həzrət Mehdi (əleyhissəlam) barədə nazil olmuşdur. Əyyaşi İmam Zeynül-abidin əleyhissəlamdan rəvayət etmişdir ki, o Həzrət bu ayəni oxuyaraq buyurmuşdur: “And olsun Allaha ki, onlar (ayədə deyilmiş şəxslər) biz əhli-beytin şiələridir. Allah bu işi bizim nəslimizdən olan bir şəxs vasitəsilə həyata keçirəcək. Həmin şəxs bu ümmətin Məhdisidir. O, həmin şəxsdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) onun barəsində “Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah–taala həmin günü mənim nəslimdən olan bir şəxsin (zühur edib) dünyaya hakim olacağı vaxta qədər uzadar. Onun adı mənim adımdandır. Dünyada zülm və haqsızlıq baş alıb getdiyi bir halda o, dünyada haqq–ədaləti bərpa edəcək” – deyə buyurmuşdur.”

Təbərsi daha sonra əlavə edib deyir: “Bu məna qeyd etdiyimiz ayənin təfsirində İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamdan da rəvayət olunmuşdur.”[12]



www.ahliman.info

[1] Günbatan günəşi, səh. 140–151.

[2] “Ənbiya” surəsi, ayə 106.

[3] Məhdi – böyük bir inqilab, səh. 121–122.

[4] Əl-İrşad, səh.346.

[5] Məcməül-bəyan, c.7, səh.66.

[6] Məcməül-bəyan, c.7. səh.67.

[7] Tövrat. “BRİTSH FAİN BABLE SWİSTS” kompaniyası. Londan çapı 1856, səh.1030.

[8] “Qəsəs” surəsi ayə 6.

[9] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.19, səh.29.

[10] Məqatilüt-talibin, səh.359.

[11] “Nur” surəsi, ayə 55.

[12] Məcməül-bəyan, c.7, səh.152.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə