İBADƏT

Namaza qarşı etinasızlığın cəzası nədir?

Həzrət Rəsulullahın (s.ə.v) qızı Həzrət Fatimə (s.ə) atasından soruşur:

"Atacan, kişi və qadınlardan namaza qarşı etinasızlıq edib, onu məsxərə mövzusuna çevirənin cəzası nədir?”

Həzrət Rəsulullah belə cavab verir:

Fatimə! Cinsindən asılı olmayaraq, kim namaza məsxərə etsə uca Allah onu bu dünyada və axirətdə 15 bəlaya düçar edəcək. Həmin şəxs bu bəlalardan altısı ilə bu dünyada, üçü ilə ölüm anında, üçü ilə qəbirdə və yerdə qalan üçü ilə isə qiyamət günü qəbirdən qalxanda üzləşəcəkdir.


Dünyada görəcəyi altı əzab bunlardan ibarətdir:

1-ömrü qısalacaq

2-ruzisi azalacaq

3-simasında saleh insanlara məxsus nur yox olacaqdır

4-işlərində xeyir görməyəcək

5-duası eşidilməyəcək

6-əməlisalehlərin insanlar üçün etdiyi dualar onun vəziyyətini yaxşılaşdırmayacaqdır.


Ölüm anında görəcəyi bəlalar bunlardır:

1-zəlilliklə dünyadan köçəcək

2-borclu halda öləcək

3-susuzluqdan əziyyət çəkəcəkdir. Əgər dünyanın bütün çaylarının suyunu ona içirsələr belə, yenə də onun susuzluğu yatmayacaq.


Qəbirdə üzləşəcəyi əzablar isə bunlardan ibarətdir:

1-onu qəbirdə rahat yatmağa qoymayacaq bir mələk təhkim olunacaq

2-qəbiri onun üçün dar gələcək

3-son mənzili zülmətlə dolacaqdır.


Qiyamət günü qəbirdən qalxdıqda ona üz verəcək əzablar isə bunlardır:

1-uca Allah ona bir mələk təhkim edəcək və həmin mələk onu üzü üstə yerə yıxılıb sürüyəcək və bütün məhşur əhli onun əzabına tamaşa edəcək

2-sınağı çox ağır keçəcək

3-uca Allah onu mərhəmətindən mərhum edərək günahlarından paklamayacaqdır.


Bir sözlə, onun əzabı dəhşətli olacaqdır.


Kitabın adı: Hidayət güzgüsü

Müəllif: Ayətüllahül-Üzma Əbdüllah Mamaqani