Bz.er09162019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət DÜNYADAN YOX, DÜNYA MƏHƏBBƏTİNDƏN UZAQ OLMAQ!

Öyüd-Nəsihət-Rəvayət

DÜNYADAN YOX, DÜNYA MƏHƏBBƏTİNDƏN UZAQ OLMAQ!

 

  Əgər insan yalnız özü dünyadan daha çox ləzzət almaq üçün pul arzulayırsa bu dünyapərəstlikdir.
Əmirəlmöminin İmam Əli (ə) öz övladlarına həyatının son anlarındakı vəsiyyətində buyurur: «Dünya sorağınıza gəlsə də, dünyanın sorağına getməyin» buyuruğu budur ki, insan dünya ləzzətlərinə uyub axirəti yaddan çıxarmamalı, Allaha ibadət-itaət sayəsində əldə olunan kamilliklərdən məhrum olmamalıdır. İnsan təbiətən dünya və onun ləzzətlərinə əlaqəli olduğundan insanı bu bağlılıqdan və əsarətdən çəkindirən ayə və rəvayətlərinə nəzər salaq. Dünya müəyyən şərtlər çərçivəsində pislənilir. Yəni dünya özü özlüyündə Allahın yaratdığıdır və onda heç bir nöqsan yoxdur. Məzəmmət olunan dünya yox, ona bağlılıq, ona aldanışdır.
  İnsanın dünyanı özünə məqsəd seçməsi məzəmmət olunur. Yəni elə bir hal ki, dünyaya maraq axirət maraqlarına mane olur. Bəziləri dünyanı məzəmmət edən ayə və rəvayətlərdən belə bir nəticə çıxarır ki, insan dünya həyatını boşlayıb bir kənara çəkilməli və yalnız ibadətə məşğul olmalıdır. Əlbəttə ki, belə bir qənaət kökündən yanlışdır və İslam tə`limləri ilə bir araya sığmır. Məqsəd insanın tərki-dünya olması deyil. Biz dünyada vəzifələrimizi yerinə yetirməli, işlərimizdə Allahın razılığını nəzərdə tutmalıyıq. Əgər dünya ləzzətlərinə əsir olub bir növ «ləzzətpərəst» olsaq, tədricən haram işlərə də yol verərik. Bəli, əgər vəzifəmizi yerinə yetirib ilahi göstərişlərə itaət etsək təbii şəkildə halal ləzzətlərdən də faydalanacağıq. Bir sözlə, insan dünya ləzzətlərini özünə həyat məqsədi seçməməlidir.
  Dünyadakı işləri Allah razılığı üçün yerinə yetirmək bir o qədər də çətin deyil. Rəvayətlərdə qeyd olunduğu kimi, ailənin ehtiyaclarını təmin etmək özü bir ibadətdir: «Ailəsinin ehtiyaclarını təmin etmək üçün çalışan insan Allah yolunda vuruşan insan kimidir.» ("Biharul-ənvar", c.96, s.324, rəvayət 13, bab 42.)
Şübhəsiz ki, İslam cəmiyyətində işlərin idarəsi üçün sənətə, əkinçiliyə, ticarətə və bu qəbildən olan digər işlərə ehtiyac var. İslam cəmiyyətinin ehtiyaclarını təmin etmək məqsədi ilə bu sahələrdə çalışan insanın işi ibadətdir. Belə bir təlaş zahirən dünya işi kimi görünsə də, əslində axirət məqsədlidir. Dövrümüzdə bu məsələ özünü daha qabarıq göstərir. İslam cəmiyyətinin inkişafı elm və sənət, əkinçilik və ticarət sahəsində gecə-gündüz təlaşlardan asılıdır. Uyğun sahələrdə çalışmalar olmadan bir millətin gerçəkdən müstəqil olması mümkünsüzdür. Buna görə də istənilən bir şəxs istənilən bir sahədə İslam cəmiyyətinə xidmət məqsədi ilə çalışarsa, onun hər dəqiqəsi axirət yönümlüdür. Öncə bu barədə Abdullah ibn Əbu-Yəqurdan bu mövzuda rəvayət nəql etdik. O deyir: İmam Sadiqə (ə) ərz etdim ki, siz bizi dünya məhəbbətindən çəkindirsəniz də biz dünyanı sevirik. Həzrət buyurdu: «Dünya və onun malını nə məqsədlə istəyirsən?» Ərz etdim ki, Həccə getmək, sədəqə vermək, yaxınlarıma və qohumlarıma əl tutmaq, yoxsullara yardım göstərmək üçün.» Həzrət buyurdu: «Bu dünya yox, axirət üçün çalışmaqdır.» ("Biharul-ənvar", c.96, s.62, rəvayət 30, bab 122.)
  Əgər insan yalnız özü dünyadan daha çox ləzzət almaq üçün pul arzulayırsa bu dünyapərəstlikdir. Daha pisi odur ki, insan haram işlər üçün pul soraqlaya. Amma xüms və zəkatını ödəmədən halallardan faydalanmaq da bu qəbildəndir. İnsan dünya və var-dövləti vacib və müstəhəb vəzifələrini yerinə yetirmək üçün diləyərsə, bu dünyapərəstlik yox, eynən axirət istəyidir.
  Bu gün müsəlmanlar dünyanın azğın super güclərinə bağlılıqdan qurtarmaq, özlərini təmin etmək qüdrəti əldə etmək məqsədi ilə dünyəvi işlərin müxtəlif sahələrində ciddi səy göstərməlidirlər. İslam və müsəlmanların şərəfini qorumaq, onları kafirlərə asılılıqdan qurtarmaq üçün atılan hər addım ibadət və axirətsevərlik nümunəsidir.
  Demək, ayə və rəvayətlərdə dünyanın məzəmmətindən belə bir nəticə çıxarmamalıyıq ki, iş-gücdən əl çəkib xəlvət bir guşədə ibadətə məşğul olmalıyıq. Axirətə bağlılıq və dünyadan çəkinmək bu mənada deyil. Amma çoxları bu bəhanə ilə işdən qaçır, zəhmətə qatlaşmırlar. Unutmamalıyıq ki, dünyaya bağlılıq nişanələrindən biri də tənbəllik və rahattələblikdir. Dünya məhəbbəti təbirini düzgün anlamayan bir zümrə bu yolla zəhmətdən çəkinir; elmi təhsil və işdən qaçır.
İstənilən bir halda İslam cəmiyyətinin xeyrinə olan iş çox dəyərlidir, ibadət və axirətsevərlik nümunəsidir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə