Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi 2-ci bölüm

Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi 2-ci bölüm

   Şah səhərə qədər bu haqda düşündü. Yavaş-yavaş səhər açıldı, günəş çıxdı. Nəhayət, Şah məsələnin həllinin münasib yolunu tapdı.
Vəzirini çağırıb dedi: – Hər iki tərəfin alim və mütəfəkkirlərini çağıraq, onlar müzakirə etsinlər. Biz də onların elmi müzakirələrindən haqqın hansı dəstə ilə olduğunu başa düşəcəyik. Əgər haqq əhli-sünnə ilə olarsa, şiələri xoş sözlər və gözəl nəsihətlərlə bu yola dəvət edib, mal və məqam vasitəsilə onları bu məzhəbə yönləndirərik. Necə ki, Allahın Peyğəmbəri (s) qəlblərini İslama yönləndirmək istədiyi şəxslərlə bu cür rəftar edirdi. Bu işimizlə İslam və müsəlmanlara böyük xidmət etmiş olarıq.
–Şah sağ olsun, təklifiniz yaxşıdır, lakin mən bu işin aqibətindən qorxuram.
–Nə üçün qorxursan?
–Qorxuram ki, şiələr əhli-sünnəyə qalib gəlsin, onların dəlilləri bizim dəlillərdən üstün olsun və camaat da şəkk-şübhəyə düşsün.
–Belə bir şeyin olması mümkündürmü?
–Bəli, şiələr öz təriqət və əqidələrini isbat etmək üçün əllərində Quran və hədislər baxımından möhkəm dəlilləri vardır.
Vəzirin sözləri Şahı qane etmədi, o, vəzirinə belə dedi: – Haqqın batildən ayrılması üçün hər iki dəstənin alimlərini dəvət etməkdən başqa yolumuz yoxdur.
Vəzir, Şahın əmrini icra etmək üçün bir ay möhlət istədi. Lakin Şah qəbul etməyib on beş gün ərzində bu yığıncağın təşkil olunmasını tələb etdi.
***
Bu fürsət ərzində vəzir sünni alimlərindən tarix, fiqh, hədis, üsul, münazirə fənni üzrə hamıdan daha üstün olan on nəfəri və eləcə də şiə böyüklərindən on nəfərini dəvət etdi. Bu yığıncaq şaban ayında Bağdadın Nizamiyyə mədrəsəsində baş tutdu və hər iki tərəfdən aşağıdakı şərtlərə riayət edilməsi tələb olundu:
1.    Münazirə namaz vaxtları, yemək və azca istirahət istisna olmaqla, səhərdən axşama qədər davam etməlidir.
2.    Münazirə zamanı deyilənlər şaiyələrə, eşidilənlərə yox, sənəd, möhkəm mənbə və mötəbər kitablara əsaslanmalıdır.
3.    Hər iki tərəfin münazirə və danışıqları yazılmalıdır.
Nəhayət, müəyyən olunmuş gün Məlik Şah, ordu sərkərdələri və vəziri ilə öz yerlərində oturdu. Sünni alimləri şahın sağ tərəfində, şiə alimləri isə sol tərəfində əyləşmişdi. Yığıncağın məsulu olan vəzir Allahın adı ilə, Peyğəmbərə (s), ailəsinə və səhabələrinə salam göndərməklə yığıncağı açıq elan edib dedi:
–Diskusiya (münazirə) ədəblə, doğru şəkildə və aldatma olmadan yerinə yetirilməlidir. Bu yığıncaqda iştirak edənlərin hədəfi, qarşı tərəfə qalib gəlmək yox, haqqı tapmaqdır. Münazirə zamanı Peyğəmbərin (s) səhabələrindən heç birinə nalayiq sözlər deyilməməlidir.
Bu zaman sünni alimlərindən olan Abbasi belə dedi: – Mən bütün səhabələri kafir sayanlarla münazirə və elmi diskusiya apara bilmərəm.
Şiənin böyük alimlərindən olan Hüseyn ibn Əli Ələvi dedi: – Peyğəmbərin (s) bütün səhabələrini kafir bilən kimdir?
Abbasi: Siz şiələr.
Ələvi: Sizin bu sözünüzün həqiqəti yoxdur. Sizcə həzrət Əli (əleyhissalam), Abbas, Salman, İbn Abbas, Miqdad, Əbuzər və başqaları səhabə deyillərmi? Biz şiələr bu şəxsləri kafir bilirikmi?
Abbasi: Bütün səhabələr deməkdə məqsədim, Əbubəkr, Ömər, Osman və onların davamçılarıdır.
Ələvi: Özünüz öz sözünüzün ziddinə danışdınız. Məntiq alimləri “Xüsusi iqrari hökm, ümumi inkari hökmün ziddi hesab olunur” demirlərmi?! Sən gah deyirsən ki, şiələr bütün səhabələri kafir bilir, gah da deyirsən ki, şiələr bəzi səhabələri kafir bilir.
Bu əsnada Nizamulmülk danışmaq istədi, lakin şiə alimləri ona icazə verməyib dedilər: –Ey böyük vəzir! Heç kəsin söhbətə qarışmaq haqqı yoxdur. Yalnız biz cavab verə bilmədikdə müdaxilə edə bilərsiniz. Əks halda bütün elmi mübahisə bir-birinə qarışacaq, diskusiyamız nəticə almadan başqa səmtə yönələcək.
Sonra şiə alimi, Abbasiyə üzünü tutaraq dedi: – Buna görə də aydın oldu ki, sizin “şiələr bütün səhabələri kafir bilir” – dediyiniz söz açıq-aşkar yalandır.
Abbasi cavab verə bilmədi, utandığına görə üzü qızardı. Sonra dedi: – Bu mövzudan keçək. Siz şiələr Əbubəkr, Ömər və Osmana nalayiq sözlər demirsinizmi?
Ələvi: Şiələrin bəziləri onlara nalayiq sözlər deyir, bəziləri demir.
Abbasi: Sən hansı dəstədənsən?
Ələvi: Mən nalayiq sözlər deməyən dəstədənəm, lakin əminəm ki, onlara lənət göndərənlərin özünəməxsus məntiqli dəlilləri vardır və o üç nəfərə lənət göndərmək kafir və ya fasiq olmağa səbəb olmur, hətta kiçik günah belə sayılmır.
Abbasi: Ey şah! Eşitdinizmi bu kişi nə danışır?
Ələvi: Ey Abbasi! Sözünü Şaha demək müğalitə (həqiqətə əsaslanmayan mübahisə) və çaşqınlığa salmaqdır. Şah bizi bura dəvət edib ki, biz onun güc və qüdrətini yox, dəlil-sübutlarımızı hakim edək.
Bu zaman Şah dilləndi: – Ələvinin dediyi sözlər döqrudur. Ey Abbasi, cavabın varmı?
Abbasi: Aydındır ki, kim səhabəni lənətləyib nalayiq sözlər deyərsə, kafirdir.
Ələvi: Elə bir şəxsin kafir olması sənin üçün aydındır, mənim üçün yox. Kimsə səhabəni məntiqi dəlillərə əsaslanaraq lənətləyirsə, onun kafir olmasına nə sübutunuz ola bilər? Qəbul edirsənmi ki, Peyğəmbər (s) kimi lənətləmişdirsə, o insan lənətə layiq insandır?
Abbasi: Qəbul edirəm.
Ələvi: Həzrət Peyğəmbər (s), Əbubəkr və Öməri lənətləmişdir.
Abbasi: Harada onları lənətləmişdir? Bu, Allahın Peyğəmbərinə (s) deyilən bir töhmətdir.
Ələvi: Əhli-sünnə tarixçiləri yazır ki, Peyğəmbər (s) Üsamənin sərkərdəliyi altında bir qoşun (1) toplayıb Əbubəkr və Öməri də o qoşunda qərarlaşdırdı. Sonra isə belə buyurdu:

لعن الله من تخلّف عن جيش أسامة


“Üsamənin ordusuna qoşulmaqdan imtina edən şəxsə Allahın lənəti olsun!”.(2)
Əbubəkr və Ömər həmin ordu ilə döyüşə getməkdən imtina etdi. Deməli, Peyğəmbərin (s) lənəti onlara şamil oldu və Peyğəmbərin (s) lənətlədiyi hər kəsi bütün müsəlmanlar da lənətləyə bilər.
Bu sözdən sonra Abbasi başını aşağı salıb bir söz demədi.
Bunu eşidən Məlik Şah üzünü vəzirinə tutub soruşdu: Ələvinin dediyi düzdürmü?
Vəzir: Bəli, tarixçilər bu hadisəni qeyd etmişlər.
Ələvi: Əgər səhabəyə lənət göndərmək haram və küfrə səbəb olursa, bəs nə üçün Müaviyə ibn Əbu Süfyanı kafir, fasiq və günahkar saymırsınız? Halbuki Müaviyə, səhabə olan Əli ibn Əbutalibə (ə) qırx il lənət göndərdi və sonralar da bu iş yetmiş il davam etdi.
Məlik Şah: Bu söhbəti sona yetirin və mövzunu dəyişin. (ARDI 3-CÜ BÖLÜMDƏ)

İstifadə olunmuş ədəbiyyat:

1.    Bu qoşun Peyğəmbərin (s) ömrünün sonlarında İslam torpaqlarından birinin (Şam məntəqəsi) sərhədlərini – təhlükə ehtimalı olduğundan – müdafiə etmək üçün yaradılmışdı.
2.    “əl-Meyaru vəl-muvazənə”, Əbu Cəfər İskafi, səh. 211; “Şəvahidut-tənzil”, Həskani, səh. 338; “Cəvahirul-mətalib fi mənaqibil-İmam Əli (ə)”, İbn əd-Dəməşqi, c. 2, səh. 173.

Ardı var

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə