Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi 4-cü bölüm

Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi 4-cü bölüm

Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi 4-cü bölüm

Abbasi Quranın təhrif olma mövzusunu açdı və Ələviyə belə dedi: – Şiələr Quranın təhrif olmasına inanır.
Ələvi: Siz dediyiniz kimi deyil, əksinə siz əhli-sünnə arasında Quranın təhrif olması, ondan azaldılıb və ona əlavə olması dillər əzbəridir.
Abbasi: Bu, açıq-aşkar yalandır!
Ələvi: Məgər siz öz kitablarınızda rəvayət etməmisinizmi “Ğəraniq” haqqında Peyğəmbərə (s) ayələr nazil oldu və sonra həmin ayələrin hökmü qüvvədən düşərək Qurandan silindi?
Bu söz Məlik Şaha ağır gəldi və vəzirindən soruşdu: – Ələvinin dedikləri doğrudurmu?
Vəzir: Bəli, təfsir alimləri bunu da qeyd etmişlər.
Məlik Şah: Təhrif olunmuş Qurana necə etibar etmək olar?!
Ələvi sözə başlayaraq dedi: – Ey şah! Biz şiələr bu sözü qəbul etmirik və bunu sünnilər deyir. Ona görə də Quran bizim yanımızda etibarlı kitabdır. Amma sünnilərin əqidəsinə əsasən Allahın kitabı olan Qurana etibar etmək olmaz.
Abbasi Ələviyə dedi: – Sizin kitablarınızda da bu qəbildən hədislər mövcuddur və sizin alimlərinizdən bəziləri Quranın təhrif olmasını qəbul edir.
Ələvi: Əvvəla, bizim kitablarımızda bu haqda olan hədislər azdır. İkincisi, şiələri pis göstərmək və onların şöhrətini sual altına almaq üçün bu hədislər şiələrin düşmənləri tərəfindən hiylə ilə hazırlanmış hədislərdir. Üçüncüsü isə bu hədislərin sənədləri zəifdir və onu rəvayət edənlər etibarlı (əmin) şəxslər deyil. Amma bizim bəzi alimlərdən nəql olunanlar elə də diqqətəlayiq deyil. Bizim böyük və etibarlı alimlərimiz Quranın təhrif olmasını qəbul etmir və sizin kimi demirlər ki, Allah bütlər haqqında ayələr nazil etmişdir:
– Allaha pənah bu sözdən – “تلك الغرانيق العلى منها الشفاعة ترجى – “Bu uca məqamlı bütlərdir ki, onların şəfaət etməsinə ümid vardır”.
Məlik Şah o iki alimin sözlərindən həqiqəti başa düşüb dedi: – Bu mövzunu dəyişin.

***

Ələvi üzünü Abbasiyə tərəf tutub dedi: – Sünnilər Allahın əzəmətinə layiq olmayan şeyləri ona nisbət verirlər.
Abbasi: Nə kimi?
Ələvi: Məsələn onlar deyirlər: Allah cisimdir və insan kimi gülür, ağlayır, əli-ayağı, gözü və s. bədən üzvləri vardır; Qiyamət günü ayağını cəhənnəm oduna salaraq (orada olanları sıxacaq ki,) başqa cəhənnəm əhli üçün də yer açılmış olsun; O, bir ulağa süvar halında göylərdən yer aləminə enəcək...
Abbasi: Bu sözün nə iradı vardır ki? Quran da açıq-aşkar buyurur:

{وَجَاء رَبُّكَ وَالْمَلَكُ صَفّاً صَفّاً}(11)

“Rəbbin gəlib mələklər səf-səf duracağı (gün)”.

{يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ}(12)


“(Yada sal) baldır açılacağı (yəni iş çətinləşəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.”

{...يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ ...}(13)


“...Allahın əli (qüdrəti) onları əlləri üzərindədir...”
Hədislərdə də gəlmişdir ki, Allah öz ayağını cəhənnəm oduna salacaq. (14)
Ələvi: Allahın cisim və maddə olması haqqında gələn hədislər biz şiələrin əqidəsinə əsasən batil, yalan və iftiradır. Çünki, Əbu Hüreyrə və onun kimilər Peyğəmbərin (s) adından bu cür yalanlar danışırdılar. Hətta iş o yerə çatdı ki, Ömər, Əbu Hüreyrəyə hədis nəql etməyi qadağan etmişdi.
Məlik Şah bunu eşidəndə vəzirindən təəccüblə soruşdu ki, Ömərin Əbu Hüreyrəyə hədis nəql etməsinə qadağa qoyması doğrudurmu?
Vəzir: Bəli! Tarixdə gəlib ki, Ömər ona hədis nəql etməyi qadağan etdi.
Məlik Şah: Belədirsə, biz necə Əbu Hüreyrənin hədislərinə etibar edə bilərik?
Vəzir: Alimlər onun hədislərinə etibar etmişlər.
Məlik Şah: Belə çıxır ki, alimlər Ömərdən daha çox bilirlər. Çünki, o, Əbu Hüreyrəyə yalan hədis nəql etdiyi üçün bu işi görməyi qadağan etdi, lakin alimlər onun hədislərinə etibar edirlər.
Söhbətin bu yerində Abbasi üzünü Ələviyə tutaraq belə dedi: – Fərz edək ki, bu haqda olan hədislər düzgün deyildir, bəs açıq-aşkar Quran ayələrinə nə deyirsən?
Ələvi: Quranın ayələri “möhkəm” (aydın və açıqlamaya ehtiyacı olmayan) və “mütəşabih” (açıqlamaya ehtiyacı olan) ayələrə bölünür. Möhkəm ayələr (Quranın dediyi kimi) Quranın əsas və təməlidir, (belə ki, başqa ayələr onlara əsasən açıqlanır). Həmçinin Quran ayələrinin zahiri və batini vardır. Buna görə də möhkəm ayələrin zahirindən istifadə edib ona tabe oluruq, amma mütəşabih ayələri, bəlağət qanununa əsasən məcaz, kinayə yaxud təqdirə əsasən mənalandırırıq. Əks halda onun mənası ağıl və şəriət tərəfindən qəbulolunmazdır. Misal üçün: əgər –وَجَاء رَبُّكَ – “Rəbbin gəldi...” – ayəsini zahirinə baxaraq qəbul etsək, ağıl və şəriətin ziddinə əməl etmiş olarıq. Çünki, ağıl və şəriət buyurur ki, Allah hər yerdədir və heç bir məkan ondan xali deyil. Halbuki, ayənin zahirindən Allahın cisim olması başa düşülür. Aydın məsələdir ki, hər bir cisim də məkana ehtiyaclıdır. Belə olan halda əgər Allah göydə olarsa, yerdə olmur və əgər yerdə olarsa, göydə olmamışdır. Bu söz ağıl və şəriət baxımından yanlışdır.
Abbasi bu aydın məntiqin qarşısında aciz və əlacsız qalıb dedi: – Mən bunu qəbul etmirəm, bizə vacibdir ki, Quranın zahirinə əməl edək.
Ələvi: Bəs “mütəşabih” ayələrlə nə edəcəksən? Bundan əlavə sən Quranın bütün ayələrinin zahirini qəbul edə bilməzsən, çünki sənin yanında oturan dostun Şeyx Əhməd Osmanın (Şeyx Əhməd Osman sünni alimlərindən idi və gözləri görmürdü) cəhənnəm əhli olması lazım gəlir.
Abbasi: Niyə görə?
Ələvi: Ona görə ki, Allah-taala Quranda buyurur:

{وَمَن كَانَ فِي هَـذِهِ أَعْمَى فَهُوَ فِي الآخِرَةِ أَعْمَى وَأَضَلُّ سَبِيلاً}(15)


“Kim bu dünyada kor olarsa, axirətdə də kor və daha azğın olacaqdır”.
Şeyx Əhməd Osman da bu dünyada kor olduğu üçün axirətdə də kor olacaqdır.
Ələvi sonra üzünü Şeyx Əhməd Osmana tutub dedi: – Siz bunu qəbul edirsinizmi?!
Şeyx Əhməd qəzəblənərək dedi: – Əsla, əsla! Ayədə kor sözündə məqsəd haqq yolundan azmaqdır.
Ələvi: İndi məlum oldu ki, Quranın bütün zahiri mənalarını qəbul etmək olmaz!
Bu arada Quranın zahiri haqqında olan söhbət və mübahisə şiddətləndi. Abbasi Ələvinin möhkəm dəlilləri müqabilində aciz qalıb cavab verə bilmədi.
Məlik Şah həqiqəti anlayıb bu mövzunun da dəyişdirilməsini istədi.

***

Ələvi “cəbr” (məcburiyyət) məsələsinə toxunaraq dedi: – Siz sünnilərin batil əqidəsindən biri də budur: Allah insanları günah və haramlara məcbur edib sonra onlara əzab verir.
Abbasi: Bu fikir doğrudur, çünki Allah-taala Quranda buyurur:


{مَن يُضْلِلِ اللّهُ فَلاَ هَادِيَ لَهُ وَيَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ}(16)


“Allah kimi (itaətsizliyinə görə) azğınlıqa salarsa, daha onu bir hidayət edən olmaz. (Allah) onları öz azğınlıqlarında sərgərdan qalmaları üçün boşlayır”.

{أُولَـئِكَ الَّذِينَ طَبَعَ اللّهُ عَلَى قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَارِهِمْ وَأُولَـئِكَ هُمُ الْغَافِلُونَ} (17)

“Onlar Allahın qəlb, qulaq və gözlərinə (bədbəxtlik və anlamazlıq) möhürü vurduğu kəslərdir və onlar həmin qafillərdir”. (ARDI 5-Cİ BÖLÜMDƏ)

İstifadə olunmuş ədəbiyyat:

11.    “Fəcr” surəsi, ayə 22.
12.    “Qələm” surəsi, ayə 42.
13.    “Fəth” surəsi, ayə 10.
14.    “Siyəru-əlamin-nubəla”, c. 2, səh. 600-603; “əl-Bidayətu vən-nihayə”, c. 8, səh. 106 (“əs-Səhihu minəs-sirə” kitabına istinadən, Seyid Mürtəza Cəfər Amili, c. 1, səh. 84).
15.    “İsra” surəsi, ayə 72.
16.    “Əraf” surəsi, ayə 186.
17.    “Nəhl” surəsi, ayə 108.

ARDI VAR

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə