Şn12142019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Şiə sözü Quran və hədis baxımından “təvəlla” və “təbərra”nın fəlsəfəsi

Quran və hədis baxımından “təvəlla” və “təbərra”nın fəlsəfəsi

                                Müqəddimə

     Yaradılış sistemi cazibə (cəzbetmə) və dafiə (dəfetmə) əsasında qurulub. Varlıq aləmindəki mövcudlar onlara uyğun şeyləri cəzb edir, uyğun olmayanları isə dəf edir. Bu üzdən maddi dünyaya, təbiət aləminə hakim qanunlardan biri cazibə və dafiə qanunudur. İnsanlar da bu qanundan istisna deyil; onlara müvafiq həqiqətləri, işləri və əşyaları özünə çəkir, müvafiq olmayanları da özündən kənarlaşdırırlar. Allah-taala şəhvət və qəzəb qüvvəsini insanda bu məqsədlə yaratmışdır ki, həmin qüvvələrdən yararlanaraq yaşamını təmin edə bilsin. İnsana şəhvət qüvvəsini verib ki, ona əlverişli və uyğun olan, həyatına zəmanət verən şeyləri özünə çəksin. Qəzəb qüvvəsini də verib ki, ona münasib olmayan, həyatını təhdid edən şeyləri özündən uzaqlaşdırsın və qalıcılığını təmin etsin. İnsanda belə bir qüvvələr olmasa, təbii ki, qida və su kimi ehtiyaclarını axtarmayacaq, vəhşi heyvanlara qarşı müqavimət göstərməyəcək və bunların nəticəsi də ölümdən başqa bir şey deyil. İctimai baxımdan da, insan şəhvət və qəzəbindən yararlanmaq üçün digər insanlarla ünsiyyət qurur və bu ünsiyyət nəticəsində onlarla ittifaq yaradır, onların əmək qabiliyyətindən öz ehtiyacları üçün istifadə etməklə yanaşı, özü də başqalarının ehtiyaclarını aradan qaldırır. Bu ittifaq sayəsində onlara həmlə etmək istəyən hər hansı obyektdən özlərini müdafiə edirlər. Bütün dövrlərdə insanın hidayəti üçün gəlmiş, insan fitrətinə və yaradılış sisteminə uyğun olan İslam dini də insanın həyat amili sayılan bu əsas prinsipi nəzərə almışdır. Bu səbəbdən din və imanı məhəbbət və düşmənçilikdən başqa bir şey bilməmişdir. Belə ki, haqq və haqpərəstlərlə dostluq, batil və batilpərəstlərlə düşmənçiliklə insan həqiqi həyatını, insanlığını qoruya bilsin. İmam Baqir (ə) Ziyad Həzzaya buyurur:

“هل الدین الّا الحبّ الاتری الی قول اللّه ان کنتم تحبّون اللّه فاتبعونی یحببکم اللّه و یغفرلکم ذنوبکم اولاترون قول اللّه لمحمد(ص) حبّب الیکم الایمان و زیّنه فی قلوبکم قال یحبّون من هاجر الیهم و قال الدین هو الحبّ و الحبّ هو الدین (1)

“Görəsən, din məhəbbətdən başqa bir şeydir?! Görmürsənmi, Sübhan Allah Quranda belə buyurur: “Əgər Allahı sevirsinizsə, Peyğəmbərə itaət edin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın”. Allahın Peyğəmbərə (s) belə buyurduğunu bilmirsinizmi: “Sübhan Allah imanı sizə sevdirdi, onunla qəlblərinizi zinətləndirdi və Allahın mühacirləri sevdiyini buyurdu”. Ayələri oxuduqdan sonra buyurdu: “Din məhəbbətdir, məhəbbət də din”. Bir hədisdə belə buyurulur: “İmam Sadiqdən (ə) soruşdular: Məhəbbət və ədavət imandandırmı? Həzrət (ə) cavabında buyurdu:

“هل الایمان الّا الحبّ و البغض”

(2) “İman məhəbbət və ədavətdən başqa bir şey deyil!”. Bunu da qeyd edək ki, İslamın din və imana nisbət verdiyi dostluq və düşmənçilik Allah mehvəri əsasında, Allaha xatir olmalıdır. Əslində, dini təlimlərdə dəyər verilən şey elə bu bağlılıqdır. Başqa ifadə ilə desək, İslam dininə əsasən, bağlılıq və ayrılıq İslam təlimləri çərçivəsində Allahın razılığına xatir olarsa, bu, əslində insanları bir-birinə möhkəm bağlayar. Yox, əgər bağlılıq və ayrılıq qohumluq əlaqələrinə, şəxsi mənfəətə görə olarsa, onlar arasındakı bağlar sarsılar. Buna görə də, İmam Sadiq (ə) buyurur: “Kamil iman Allaha görə dostluq etmək, Allaha görə ədavət bəsləmək və Allaha xatir bağışlamaqdır”. Başqa bir hədisdə oxuyuruq:

“من اوثق عری الایمان ان تحبّ فی اللّه و تبغض فی اللّه و تعطی فی اللّه و تمنع فی اللّه” (3)

“İmanın ən möhkəm ipi,  Allaha xatir sevib, Allaha xatir nifrət bəsləmək, Allaha görə bəxşiş etmək (əta etmək) və Allaha görə (bəxşiş və ya əta etməməkdir) . Deməli, Allaha xatir sevgi və kin dinin əsasıdır, hansı ki insan onu qazanmalı, üstəlik həyatında tətbiq etməlidir. Təvəlla və Təbərra (dostluq və düşmənçilik) İslam və Quranın bizə əmr etdiyi həqiqətlərdən, dini təlimlərdən biri “təvəlla” və “təbərra” prinsipidir. Müsəlman və mömin bunu qəbul etməli, dini və mənəvi həyatını həmin prinsiplər əsasında tənzimləməlidir. Yəni, mömin insan Allahı, peyğəmbərləri və ilahi övliyaları sevməklə qalmamalı, həm də özünə dost tutmalıdır. Eləcə də, Şeytanı, şeytan dostlarını və tağutları düşmən bilməklə bərabər, onlardan uzaq qaçmalı, aralarında fasilə yaratmalıdır. Biz bu yazıda sözügedən iki prinsip barədə bir neçə məqamı işıqlandıracağıq: təvəlla və təbərranın mahiyyəti nədir? Kimlərə qarşı təvəlla və təbərra etmək lazımdır? Niyə görə təvəlla və təbərra edənlərdən olmalıyıq? və ya digər mövzular. Təvəlla və təbərranın anlamı və həqiqəti Lüğətdə “təvəlla” sevmək, dost tutmaq, ixtiyarına vermək, bir işi öhdəsinə götürmək, dostluq və məhəbbət (4), “təbərra” isə bezarlıq, bezmək, nifrət eləmək (5) mənalarındadır. Təvəlla kəlməsi bəzən “ən” (عن) şəkilçisi ilə istifadə olunur. Əgər “ən” (عن) şəkilçisiz istifadə olunsa, lüğəvi, yəni birini sevmək, ona itaət etmək, onu dost tutmaq və ona yardım etmək mənalarındadır. Əks halda, “ən” (عن) şəkilçisi ilə işlənərsə, üz döndərmək mənasındadır. Qurani-kərimdə daha çox dönmək və arxa çevirmək mənalarında gəlib (6). Bəzi ayələrdə isə ilk mənasında işlədilib. Misal üçün, “Maidə” surəsinin 51-ci ayəsində buyurur:

“یا ایّها الّذین آمنوا لاتتخذوا الیهود و النصاری اولیاء بعضهم اولیاء بعض و من یتولّهم منکم فانّه منهم انّ اللّه لایهدی القوم الظالمین”

“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” Şiə qaynaqlarında təvəlla Allahı, Peyğəmbəri (s) və imamları (ə) sevib dost tutmaq, təsdiq etmək, onlara tabe olmaq və vilayətlərini qəbul etməkdir. Bu mənaya işarə edən ayələr sırasına “Maidə” surəsinin 55 və 56-cı ayələri də daxildir, belə ki, buyurur:

“انّما ولیّکم اللّه و رسوله و الّذین آمنوا الذین یقیمون الصّلوة و یؤتون الزکاة و هم راکعون و من یتول اللّه و رسوله و الّذین آمنوا فانّ حزب اللّه هم الغالبون

“Sizin rəhbər və haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir və (həmçinin) namaz qılır və rükuda olduqları halda zəkat verən şəxslərdir. Kim Allahı, Onun elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir”. Əhli-beytə (ə) məhəbbət (məvəddət) – Risalətin muzdu Nəzərə alsaq ki, təvəlla İslam təlimlərinin mühüm elementlərindən biridir, Peyğəmbər (s) onu risalətin muzdu olaraq təyin etmiş və Allahın əmri ilə buyurmuşdu:

“قل لااسئلکم علیه اجراً الّا المودة فی القربی”

(7) “(Ey Peyğəmbər) de: “Mən sizdən bunun (risalətin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.” Peyğəmbərin qohumlarına məhəbbət, əslində təvvəlla və Peyğəmbər ailəsinin məsum imamlarının (ə) vilayət və rəhbərliyini qəbul etməkdir, hansı ki həqiqətdə Peyğəmbərin (s) rəhbərlik xəttinin və ilahi vilayətin davamıdır. Bunu da qeyd etmək lazımdır ki, məsum imamların məhəbbətini qəbul etmək, əslində insanın öz xeyrinədir. Necə ki, “Səba” surəsinin 47-ci ayəsində buyurulur:

“قل ما سئلتکم من اجر فهو لکم ان اجری الّا علی اللّه

“De: “Mən sizdən heç bir muzd istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!”. Yəni, Peyğəmbər (s) peyğəmbərlik vəzifəsini yerinə yetirdiyi üçün Allahdan başqasından mükafat diləmir. İmamlara (ə) məhəbbəti öz risalətinin muzdu olaraq təyin etməsi də buna görədir ki, səadətə qovuşmaq və Allaha yaxınlaşmağın yeganə yolu Əhli-beytə (ə) məhəbbət, Allahın ipindən yapışmaq və onlara təvəssül etməkdir. Bu barədə “Furqan” surəsinin 57-ci ayəsində buyurur:

“قل ما اسئلکم علیه من اجر الّا من شاء ان یتخذ الی ربّه سبیلا”

“De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar.” Deməli, Allaha gedən yol Əhli-beytə (ə) məhəbbətdir. Təbərra da, etiqad və rəftar tipli təlim olub, Allah düşmənlərdən uzaqlaşmaq mənasındadır. Bu termin də, təvəlla kimi Qurani-kərimdə yer alıb və müxtəlif mənalarda işlədilib. Qiyamətdə azğın rəhbərlərin öz ardıcıllarından bezarlığı, ardıcıllarının da həmin rəhbərlərdən uzaq olmaq üçün dünyaya qayıtmaq arzusunda olmaları belə mənalardandır. “Bəqərə” surəsinin 166 və 167-ci ayələrində buyurulur:

"إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُوا مِنَ الَّذِينَ اتَّبَعُوا وَرَأَوُا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابُ. وَقَالَ الَّذِينَ اتَّبَعُوا لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّءُوا مِنَّا كَذَٰلِكَ يُرِيهِمُ اللَّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَمَا هُمْ بِخَارِجِينَ مِنَ النَّارِ".

“O zaman tabe olunmuş rəhbərlər tabe olan ardıcıllarından uzaqlaşacaq, (hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır. Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün (dünyaya) dönüş olsaydı, (indi) onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar (heç vaxt Cəhənnəm) odundan çıxa bilməyəcəklər”. Bu ayələrdə təbərra insanın birgə olmağını istəmədiyi şeydən uzaqlaşması və təbərra “təfə`ull” babında olmaqla fasilə saxlamağı qəbul etmək mənasındadır. Rəhbərlər və ardıcılları belə bir vəziyyətdə qərarlaşdıqlarına görə, bir-biriləri ilə fasilə saxlayırlar. Şiə qaynaqlarında bu kəlmə tağutdan, batildən, bütlərdən, azğın və batil rəhbərlərdən, şirk və bütpərəstlikdən, ilahi övliyaların düşmənlərindən bezarlıq mənasında işlənir. Aydın olduğu kimi, təbərra termininin mənşəyi Qurani-kərimdir. Bundan əlavə, surələrdən biri Allah və Peyğəmbərinə düşmənlərindən bezarlıqla başlayır, elə bu üzdən “Bəraət” adını almışdır. Quranda bu kəlmə və ondan alınan sözlər 30 dəfə işlənib, o cümlədən İbrahim (ə) və ardıcıllarının öz tayfasından (8), Azərdən (9) və məbudlarından bezarlığı, Allah Rəsulunun (s) öz müxaliflərindən bezarlığı (10), həzrət Hudun (ə) Allah və öz qövmünü şirkdən bəraət etməsinə dair şahid tutması (11), həzrət Yusifin (ə) şirkdən bezarlığı (12) və həzrət Lutun (ə) təbərrası (13) və s. Qurani-kərimin təbərraya təkidinə nəzərə alsaq, deyə bilərik ki, İslam məzhəb və təriqətləri təbərraya inanırlar və Quranda keçən ümumi məfhumda, onun zərurət və əhəmiyyətində yekdildirlər, amma Allahın düşməninin nümunəsi və dindən çıxma meyarı xüsusunda aralarında fikir ayrılığı var. Şiələrin etiqadına görə, təbərra bu təriqətin əsas təlimlərindəndir. Onlar (Allah tərəfindən) təyin edilmiş imamətə inanırlar; imamət “təyin edilmiş” qeydi ilə risalətdən sonra gəlir, İslamın yaşamasına zəmanət verir. Peyğəmbərdən (s) sonra gələn on iki imam məsum və Allah tərəfindən təyin edilmişdir. Bu etiqada əsasən, imamlar (ə) din mühafizəkarlarıdır, onlar dini etiqad və əməldə təhrifdən qoruyurlar. Onların düşmənləri bu imamətə süni manelər törədənlər, əslində isə həqiqi və misilsiz İslamın çiçəklənməsinə mane olan, yaxud da Peyğəmbər (s) Əhli-beyti (ə) ilə ədavət saxlayan kəslərdir. Bu düşmənlər həqiqətdə Allahın düşmənləri olduğu üçün onlarla təbərra etmək vacibdir. Şiə imamları da müxtəlif münasibətlərdə təbərranı İslam və imanın ayrılmaz hissəsi saydıqlarından dolayı onu vacib saymış və Peyğəmbər (s) əhli-beyti və qohumlarına zülm edən, hörmətdən salan, Allah Rəsulunun (s) sünnəsini dəyişdirən, onun sayılıb-seçilmiş səhabələrini sürgün edən, yoxsulların malını zənginlər arasında bölən kəsləri bu hökmə şamil olan nümunələr bilmişlər. Eləcə də, həzrət Əliyə (ə) qarşı çıxan “nakisinlər” – əhdi pozanlar, yəni Cəməl döyüşünün iştirakçıları, “qasitinlər” – Müaviyə və ardıcılları, “mariqinlər” – İmam Əlinin (ə) əleyhinə qiyam edənlər. Bir sözlə, bütün azğın və zalım rəhbərlər, həzrət Əlinin (ə), digər imamların və Əhli-beytin (ə) qatilləri təbərrası vacib olan kəslərdəndir. Məsum imamlardan (ə) miras qalan ziyarətnamələr – hansı ki şiələr imamları (ə) ziyarət edən zaman onları oxumalıdırlar – özü bir sənəddir. Belə ki, şiələr həmin ziyarətnamələri oxumaqla, haqq imamlara zülm etmiş zalılmlardan öz bezarlıqlarını izhar edirlər. Kimdən təbərra etməli? Qurani-kərim ayrı-ayrı surələrdə müəyyən edir ki, şirk, bütpərəstlik, şirk və azğınlıq başçıları, onların məbudlarından bezarlıq “təbərra”nın nümunələridir, o cümlədən “Mumtəhənə” surəsində İbrahimin (ə) öz qövm və tayfasında bezarlığından söz açılır:

"قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَآءُ مِنْكُمْ وَمِمَّا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ" (14)

“İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Surənin əvvəlində Allah düşmənləri ilə dostluq kəskin qadağan edilməklə yanaşı, ayə ehtirama layiq bir örnək tanıtdırır və o da, həzrət İbrahimdir. O, müşrik tayfaya belə buyurur: “Biz nə sizi qəbul edirik, nə də din və təriqətinizi. Biz sizə və bütlərinizə nifrət edirik, tam qətiyyətlə, heç bir məxfilik olmadan sizdən bezarlıq edir, ayrıldığımızı elan edirik”. Elə həmin surədə ikinci dəfə müsəlmanların İbrahim (ə) və ardıcıllarına iqtida etmələrinə və onu özlərinə örnək götürmələrinə təkid edilir:

"لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَمَنْ يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ" (15) “

Onlarda sizin üçün – Allaha və Axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə (bilsin ki,) Allah zəngindir, Tərifəlayiqdir. Bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Təvəlla və təbərranın şərtləri Təvəllanın Peyğəmbərdən (s) sonra pak imamların xilafət və imamətinə etiqad, onlara məhəbbət və itaət olduğunu nəzərə alsaq, təbərra, yəni onların düşmənlərindən bezarlıq hər müsəlmanın diqqət etməli olduğu vəzifələrdəndir və bunun gerçəkləşməsi üçün müəyyən şərtlər lazımdır. Onlar aşağıdakılardan ibarətdir:

1. Mərifət Təvəlla və təbərranın gerçəkləşməsi Peyğəmbər (s) Əhli-beyti (ə) və məsum imamlar barədə tam mərifət və bilgiyə, onların xüsusiyyət və vəziyyətləri ilə yaxından tanışlığa və onların düşmənlərini, xoşagəlməz sifətlərini, batil əqidələrini, nalayiq əməllərini yetərincə tanımağa bağlıdır. Bu üzdən hər bir müsəlmana vacibdir ki, imamların (ə) yaradılış aləmində və bəşərin ictimai həyatında üstünlük və məqamını tanımaqla, onlara qarşı təvəlla tapsın (məhəbbət bəsləsin) və onlara məhəbbət bəsləməklə, hidayət və qurtuluşa nail olsun. Təbərranın gerçəkləşməsi üçün də Əhli-beyt (ə) düşmənlərini tanımaq, onların xoşagəlməz keyfiyyətlərini bilmək vacibdir. Bu da, nəticə etibarı ilə, onlara nifrətə və təbərraya səbəb olacaqdır. Hədislərdə də, imamlara (ə), ilahi övliyalara mərifət və məhəbbət müsbət keyfiyyətlərdən sayılmış, onları tanımamaq isə mənfi xüsusiyyət olaraq bəyan edilmişdir. İmam Baqir (ə) buyurur: “Əbu Əbdillah (İmam Hüseyn (ə)) Əmirəl-möminin Əlinin (ə) yanına gəldi və Həzrət (ə) ona müraciətlə buyurdu: Yaxşılıq, Əhli-beytin (ə) vilayətini tanımaq və onlara məhəbbət, pislik isə Əhli-beytin (ə) vilayətini inkar və onlara qarşı ədavət bəsləməkdir.” Sonra bu ayəni oxudu:

"مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِنْهَا وَهُمْ مِنْ فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ" (16)

“Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar. Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Siz ancaq etdiyiniz əməllərə görə cəza almırsınızmı?” (17).

2. Təvəlla və təbərranın birgə olmalıdır Şübhəsiz, imamların (ə) vilayəti iki şərtlə qurtuluşa səbəbdir: birincisi, imamların imaətinə etiqad bəsləmək – belə ki, onlar Peyğəmbərin (s) canişini və itaəti vacib kəslərdir – ikincisi, Əhli-beyt (ə) düşmənlərindən və onlara zülm edənlərdən bezarlıqdır. Deməli, təvəlla və təbərra bir-birinin tələbidir, yəni təvəlla təbərra ilə yanaşı olmalıdır. Bu üzdən imama məhəbbət, itaət və vilayətinin qəbulu dində yəqinə çatmağın şərti olacaqdır. Necə ki, İmam Baqir (ə) imamlara məhəbbəti (təvəllanı) və düşmənlərinə nifrəti (təbərranı) həqiqi ibadətə aparıb çıxardan ilahi mərifətin özüllərindən bilmişdir. Əbu Həmzə nəql edr: “İmam Baqir (ə) mənə (belə) buyurdu:

"انما یعبد اللّه من یعرف اللّه فامّا من لایعرف اللّه فانّما یعبده هکذا ضلالاً قلت جعلت فداک فی معرفة اللّه به قال تصدیق اللّه عزّ و جلّ و تصدیق رسوله (ص) و موالاة علیّ و الائتمام به وبائمة الهدی و البرائة الی اللّه عزّ و جلّ من عدوّهم هکذا یعرف اللّه عزّ و جلّ"(18)

“Allaha ibadət edən kəs, onu tanımış olmalıdır, Allahı tanımırsa, ona azmış halda ibadət edəcək. Əbu Həmzə deyir: Həzrətdən (ə) soruşdum: Allahı tanımaq nədir? Buyurdu: Allahı təsdiq və Ona, Peyğəmbərinə (s) iman, Əlinin (ə) vilayətində olmaq, onun və hidayət imamlarının imamlığını qəbul etmək və düşmənlərindən Allaha bezarlıq Allaha həqiqi məhəbbətdir.” Başqa bir hədisdə Əbu Həmzə Sumali İmam Baqirdən (ə) nəql edir ki, Həzrət (ə) buyurdu: Əbu Həmzə! Allaha o kəs ibadət edir ki, onu tanımış olsun. Allahı tanımayan şəxs onu azğınlıqda ibadət edən kəs kimidir. Soruşdum: Allaha mərifət nədir? Buyurdu: Allah və Rəsulunu (s) təsdiq etmək, Əmirəl-mömininə (ə) və ondan sonrakı hidayətçi imamlara iqtida etmək və düşmənlərindən bezarlıq etməkdir. Budur, Allaha mərifət! Soruşdum: “Allah sənin bütün işlərini yoluna qoysun!” O nədir ki, onu bilsəm imanın həqiqətini tamamlamış oluram? Buyurdu: Allah dostlarını sevmək və onları dost bilmək, Allah düşmənləri ilə düşmən olmaq. Allahın əmr etdiyi kimi sadiqlərlə birgə olmaq. Soruşdum: Allahın dostları və düşmənləri kimlərdir? Buyurdu: Allahın dostları Məhəmməd Rəsulullah (s), Əli (ə), Həsən (ə), Hüseyn (ə) və Əli ibn Hüseyndir (ə), sonra növbə bizə çatır; yerdə oturan oğlu Cəfərə işarə etdi və sonra buyurdu: “Hər kim bunlarla dost olsa, həqiqətdə Allah övliyaları ilə dostluq edib və belə bir şəxs Allahın əmr etdiyi kimi sadiqlərlə birgə olub”. Beləliklə, təvəlla və təbərra birgə olduğu halda nəticə verir.

3. İlahi övliyalara əməldə iqtida və düşmənlərindən əməldə bezarlıq etmək İlahi mərifət və imanın təkmilləşməsində təvəlla və təbərra o vaxt təsirlidir ki, insan ilahi övliyaları və Əhli-beyt imamlarını (ə) özünə nümunə və örnək seçib onlara iqtida etmiş və onlardakı üstünlükləri özündə yaratmış olsun, habelə düşmənlərinin mənfi xüsusiyyətlərini tanıyıb onlardan uzaqlaşmış olsun. Buna görə də Əhli-beytə (ə) məhəbbətin göstəricisi onların rəftarı əsasında davranmaqdır. İmam Əli (ə) buyurur:

“من احبّنا فلیعمل بعملنا و یتجلبب الورع” (19)

“Bizi sevən əməlimizə uyğun əməl etsin, təqva və pəhrizkarlıq libası geyinsin!”

. İmam Sadiq (ə) Peyğəmbərin (s) qəbri və minbəri arasında duran şiələrə müraciətlə buyurdu:

“انّی واللّه احبّ ریاحکم وارواحکم فاعینونی علی ذلک بورع و اجتهاد” (20)

Əhli-beytə (ə) məhəbbətin müsbət nəticələri

1. Qəlb rahatlığı və əminlik İmam Əli (ə) buyurur:

“الابذکر اللّه تطمئن القلوب”

(21) – ayəsi nazil olduğu vaxt Peyğəmbər (s) buyurdu: Bu ayə Allah və Peyğəmbərini (s) sevənlərə aiddir.

و احبّ اهل بیتی صادقاً غیر کاذب و احبّ المؤمنین شاهداً و غائباً الا بذکر اللّه یتحابّون” (22)

(Həmçinin) “Əhli-beytimi (ə) yalansız və həqiqi mənada sevən kəsdir, eləcə də möminləri yaxından və uzaqdan sevəndir. Bilin, Allahı yad etməklə, bir-birini sevirlər!”

2. Hikmət İmam Sadiq (ə) buyurur:

"من احبّنا اهل البیت و حقّق حبّنا فی قلبه جرت ینابیع الحکمة علی لسانه و جدّد الایمان فی قلبه" (23)

”Əhli-beytimə (ə) məhəbbət bəsləyən və məhəbbətimiz qəlbində sabit olan kəsin dilindən hikmək çeşmələri cari olar və qəlibindəki iman yenilənər”.

3. Dinin kamilləşməsi Allahın Rəsulu (s) buyurur:

حبّ اهل بیتی و ذریّتی استکمال الدین”

(24); “Əhli-beytə (ə) və övladlarıma məhəbbət dinin kamilləşməsi və tamamlanmasına səbəb olur”.

4. Qiyamətdə asayiş Allahın Peyğəmbəri (s) buyurur:

“من احبّنا اهل البیت حشره الله تعالی آمناً یوم القیامة” (25)

“Biz Əhli-beyti (ə) sevən kəsi Allah qiyamət günü asayişdə qərar verər”. Nəticə etibarı ilə, Əhli-beytə (ə) məhəbbətin bir çox müsbət nəticələri vardır, o cümlədən günahlardan xilas olmaq, qiyamət günü nur və aydınlıq, siratda sabitlik, cəhənnəmdən nicat, cənnətə giriş izni, imamlarla (ə) məhşur olmaq, dünya və axirət xeyri. Bu əsasla, möminlər Əhli-beytə (ə) məhəbbəti özündə dirçəltmək üçün səy göstərməli, əməldə də onlara iqtida etməlidirlər. Onları özlərinə örnək seçməklə yanaşı, düşmənlərindən bezarlıq etməlidirlər. Təvəlla və təbərra nümunələrindən biri ziyarətnamələrin, xüsusilə “Camieyi-kəbirə”nin oxunuşu və onların mətnlərinə diqqətdir. Təvəlla və təbərranın fəlsəfəsi Təvəlla Peyğəmbər (s) Əhli-beytinin (ə) və məsum imamların vilayət və rəhbərliyini qəbul etmək, təbərra da onların düşmənlərindən bezarlıqdır. Təvəlla və təbərra heyvandakı şəhvət və qəzəbdən daha üstün olduğu kimi, haqq dostları və möminlərin səciyyələrindən olan məhəbbət, ədavət, eşq və nifrətdən də üstündür. Bu elə bir xüsusiyyətdir ki, dostluq və düşmənçiliyə ruh verir, dərin məhəbbəti insana dadızdırır. Bütün bunları nəzərə alaraq, təvəlla və təbərranın mühüm fəlsəfəsi olduğu aydın olur. Onlardan bir neçəsinə işarə edirik:

1. Mənəvi təkamül Hər cinsin öz cinsinə meyil saldığını və əks cinsdən qaçdığını nəzərə alsaq, insan ilahi övliyaların təvvəllasını (məhəbbətini) və düşmənlərinin təbərrasını (ədavət bəsləməyi) canı bahasına alaraq, özünü onların müsbət səciyyələri ilə bəzəyir və düşmənlərinin çirkinliklərindən uzaq olur. Qiyamətdə də həmin övliyalarla məhşur olur. Bu səbəbdən Həzrət Peyğəmbər (s) buyurur:

“المرء مع من احبّ”

(26) “İnsan sevdiyi ilə yanaşıdır!” və onunla məşhur olacaq və əməldəki bu yoldaşlıq, onlarla rəftarda da yoldaşlığa gətirib çıxaracaq.

2. İctimai tarazlıq və düşmənlərin xəsarətindən yayınma Təvəlla və təbərrası olan insan həmin keyfiyyətlərə sahib olan digər insanlarla birləşərək, ittifaq altında ictimai tarazlıq yaradır ki, nəticəsi zəfərdir. Digər tərəfdən təbərra ilə haqq düşmənlərinə yaxınlaşmayıb onları öz sirlərindən agah etmir. Nəticə etibarı ilə, düşmənlə soyuq münasibəti qoruyur və onlarla yad münasibətdə olur. Bunun da nəticəsi onların xəsarətlərindən yayınmaqdır. Bu əsasla, Qurani-kərim buyurur ki, birincisi kafirlərlə dost olmayın, ikincisi onları sirlərinizə vaqif etməyin, üçüncüsü bilin ki, hər kim onlarla dostluq etsə, onlardan olacaq. Odur ki, onlardan uzaqlıq vacibdir. Qurani-kərim bu barədə açıqlama verərək buyurur:

"يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْيَهُودَ وَالنَّصَارَىٰ أَوْلِيَاءَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَإِنَّهُ مِنْهُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ"

(27) “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost qəbul etməyin! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” Həmçinin buyurur:

"يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِنْ دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ إِنْ كُنْتُمْ تَعْقِلُونَ" (28)

“Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.”

Nəticə

Həqiqi möminlərin vəzifələri sırasına təvəlla və təbərra da daxildir, hansı ki ilahi övliyaları və onların düşmənlərini tanımaqla hasil olur və onlara iqtida etməklə insanda vücuda gəlir. Nəticədə, insan kamala çataraq, ilahi nemətləri qazanmış olur. İctimai baxımdan ittifaq və həmrəyliyə qovuşaraq, düşmənlərin xəsarət və zərərlərindən sığortalanır, maddi-mənəvi təkamül əldə edir.

Qaynaqlar: 1. “Nurus-Səqəleyn” təfsiri, c. 5, səh. 44. 83
2. Yenə orada, səh. 83
3. “Üsuli-Kafi”, c. 2, səh. 125
4. “Muin” lüğət kitabı, səh. 1170
5. “Muin” lüğət kitabı, səh. 1022
6. “Müfrədati-Rağib”, Rağib İsfahani, səh. 534
7. “Şura” surəsi, 23-cü ayə 8. “Mumtəhənə” surəsi, 4-cü ayə
9. “Tövbə” surəsi, 114-cü ayə
10. “Yunis” surəsi, 41-ci ayə
11. “Hud” surəsi, 54-cü ayə
12. “Yusif” surəsi, 37-38-ci ayələr
13. “Şüəra” surəsi, 168-169-cu ayələr
14. “Mumtəhənə” surəsi, 4-cü ayə
15. Yenə orada, 6-cı ayə
16. “Nəml” surəsi, 89-90-cı ayələr
17. “Üsuli-Kafi”, c. 2, səh. 185
18. Yenə orada, c. 1, səh. 180
19. “Qurərul-hikəm”, səh. 83-84
20. “Üsuli-Kafi”, c. 1, səh. 212
21. “Rəd” surəsi, 28-ci ayə
22. “Kənzul-ummal”, c. 2, səh. 442
23. “Məhasin”, c. 1, səh. 141
24. “Əmali”, Şeyx Səduq”, c. 1, səh. 161
25. “Uyunu əxbarir-Riza”, c. 2, səh. 58
26. “Biharul-ənvar”, c. 17, səh. 13
27. “Maidə” surəsi, 51-ci ayə
28. “Ali-İmran” surəsi, 118-ci ayə

http://www.sibtayn.com/az

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə