Cümə11242017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Şiə sözü “Səqələyn” hədisinə təhlili bir baxış

“Səqələyn” hədisinə təhlili bir baxış

 

   Bu hədisdə Quran və Əhli-beyt (ə) “səqələyn” adlandırıldığına görə bu hədisin adı “Səqələyn hədisi” kimi məşhurlaşmışdır. Sözügedən hədis bütün islami məzhəblərin alimlərinin nəzərində səhih və mötəbər hədislərdəndir. Şiələr həmin hədisi Peyğəmbərdən (s) sonra fasiləsiz olaraq Əmirəl-möminin Əlinin (ə) “imamət” və “vilayəti” (rəhbərliyi) ilə bağlı bir dəlil hesab edirlər.
Rəvayətə əsasən, Allahın Rəsulu (s) ömrünün sonlarında öz ümməti üçün əbədi bir vəsiyyət ünvanında “Səqələyn” hədisini buyurmuşdur:


إنّي تاركٌ فيكم الثّقلين كتاب الله و عترتي لن يفترقا حتّي يردا عليّ الحوض ما إن تمسّكتم بهما لن تضّلوا و لن تزّلوا

“Mən sizin aranızda iki dəyərli əmanət – Allahın kitabı və itrətim olan Əhli-beytimi – qoyuram. Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər bir-birindən ayrılmaz. Onlardan yapışdığınız müddətcə əsla haqq yoldan azmaz və büdrəməzsiniz.”


“Səqələyn” sözünüin anlamı

   “Səqələyn” sözü iki cür oxunur. Bəzən حَرَمَین “hərəməyn” vəznində oxunur və onun təki ثَقَل “səqəl”dir. Mənası isə bahalı, dəyərli şey deməkdir. Həmçinin, səfər əşyası mənasında da qeyd olunmuşdur.
Bəzən isə سِبطَیْن “sibtəyn” vəznində oxunur və bu zaman mənası çəkisi ağır olan şey deməkdir.
Bir qrup tədqiqatçı birinci vəzndəki sözü mənəvi baxımdan dəyərli bir şey mənasında qeyd etmiş və ikincinin mənasını isə daha geniş və ümümi şəkildə olduğunu söyləmişlər. “Səqəlan” sözü Allahın buyurduğu cümlələrdə insan və cinlər mənasında işlənmişdir (“ər-Rəhman” surəsi, ayə 31). Allah Rəsulunun (s) sözlərində isə həmin ifadə Qurani-kərim və Əhli-beytə (ə) işarədir.


Şiənin nəzərində “Səqələyn” hədisi

   Şiələr bu səhih və mütəvatir sayılan hədisi Peyğəmbərdən (s) sonra fasiləsiz olaraq Əmirəl-möminin Əlinin (ə) “imamət” və “vilayət”i ilə bağlı bir dəlil hesab edirlər. Həmin hədisi səksən iki vasitə ilə müxtəlif ifadələrlə Allah Rəsulundan (s) rəvayət etmişlər. Bu hədis müsəlmanlar üçün əhəmiyyətli bir məsələ və xətti təsvir edir ki, onun bir hissəsinə işarə edirik:
1. Quran və Əhli-beyt (ə) həmişə birlikdə olub və bir-birindən ayrılmazdır. Quranın həqiqətləri sorağında olan kəslər Əhli-beytə (ə) müraciət etməlidirlər.
2. Qurana tabe olmaq qeydsiz-şərtsiz olaraq bütün müsəlmanlara vacib olduğu kimi, Əhli-beytə (ə) tabe olmaq da istisnasız olaraq hamıya vacibdir.
3. Əhli-beyt (ə) məsumdur. Ona görə ki, bir tərəfdən, onların Qurandan ayrılmaması, digər tərəfdən də onlara qeydsiz-şərtsiz olaraq tabe olmaq məsələsi onların günah, xəta və səhvlərdən uzaq olmaları haqda aydın dəlillərdən biridir.
4. Allahın Rəsulu (s) bu hədisdə buyurmuşdur: “Bu ikisi Kövsər hovuzunda mənə qovuşana qədər daima birlikdədir.” Bu cümlələr İslam tarixi boyunca Əhli-beytdən (ə) olan bir şəxsin məsum rəhbər ünvanında mövcud olmasına aşkarcasına işarə edir. Quran həmişə hidayət çırağı olduğu kimi, onlar da daimi olaraq hidayət çırağıdırlar və araşdırma apararaq hər bir dövr və zamanda onların kim olmasını bilməliyik.
5. “Səqələyn” hədisindən Əhli-beytdən (ə) ayrı düşmək və ya onlardan önə keçməyin azğınlıq səbəbi olması və heç bir seçimi onların seçimindən üstün tutmamağın zəruri olması başa düşülür.
6. Onlar hamıdan üstün və daha fəzilətlidirlər.


Əhli-sünnə rəvayətlərində “Səqələyn” hədisi

   “Səqələyn” hədisi müsəlmanların hədis xəzinəsinin ən məşhur hədislərindən biridir. İslami məzhəb böyükləri və alimləri “sihah”, “sünən”, təfsir, tarix və lüğət kitablarında bu hədis haqqında söhbət açmışlar. Nəzərinizə çatdırırıq ki, “Səqələyn” hədisi müxtəlif zaman və məkanlarda Allahın Rəsulu (s) tərəfindən söylənmiş və hədisçilər onu müxtəlif ifadələrlə nəql etmişlər. Ümumilikdə isə “kitab”, “itrət” və “Əhli-beyt” kimi sözlərdə onlar müştərəkliyə malik olsa da, hədisin əvvəli və sonunda fərqliliklər nəzərə çarpır. Əhli-sünnə bu hədisi mötəbər hesab etmiş və onlarla vasitə ilə onu Peyğəmbərin (s) iyirmidən artıq səhabəsindən nəql etmişdir.
   Əhli-sünnənin ən məşhur və birinci sırada yer tutan mənbələrdən olan Müslimin “Səhih” kitabında belə qeyd edilir: “Allahın Rəsulu (ə) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xumda ayağa qalxdı və xütbə oxudu. Həzrət (s) Allaha həmd və səna dedikdən sonra, müsəlmanlara moizə etdi və onlara öyüd-nəsihət verdi. Sonra buyurdu:
    “Allaha həmd və sənadan sonra! Ey camaat! Mən də bəşərəm, Allahın elçisinin gəlməsinə və mənim onun dəvətini qəbul etməyimə (vəfatıma) az qalıb. Mən sizin aranızda iki dəyərli şeyi yadigar qoyuram. Birincisi, onda nur və hidayət olan Allahın kitabını. Onu götürün və ondan möhkəm yapışın. Peyğəmbər (s) Quran barəsində camaatı həddən artıq təşviq edərək rəğbətləndirdi. Sonra buyurdu: İkincisi, Əhli-beytimi (yadigar qoyuram). Sonra üç dəfə buyurdu: “Allaha xatir sizə Əhli-beytimi unutmamağı tövsiyə edirəm.””
(Müslim, “Səhih”, c. 4, hədis 2408)
   Tirmizinin məşhur “Sünən” kitabında da Əhli-beytin (ə) fəziləti haqqında Cabir ibn Abdullahdan belə nəql edilir: Həc zamanı Allah Rəsulunun (s) Ərəfə günü öz xüsusi dəvəsinə minərək xütbə oxuduğunu gördüm. Həzrətin (s) belə buyurduğunu eşitdim:


 یا ایها الناس! انی قد تركت فیكم ما ان اخذتم به لن تضلوا؛ كتاب الله و عترتی، اهل بیتی.

   “Ey Camaat! Mən sizin aranızda iki dəyərli şeyi – Allahın kitabı və itrətim olan əhli-beytimi əmanət qoyuram. Əgər onlardan yapışsanız, əsla haqq yoldan azmazsınız.”
   Tirmizi sonra belə yazır: “Bu məzmunu Əbuzər, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm və Hüzeyfə də nəql etmişdir.”
(Tirmizi, “Səhih”, hədis 3786)
   Bu hədisin başqa rəvayətləri əvvəldə də qeyd etdiyimiz kimi, söz və məzmun baxımından bir-birinə oxşardır. Nəzərinizə çatdırırıq ki, firqələr baxımından bu hədisin səhihliyi Misirdə çap edilən “Darut-təqrib bəynəl-məzahibil-islamiyyə” risaləsində sübuta yetirilmişdir. Əllamə Seyid Məhəmmədhəsən Mircahani bu haqda yazır: “Bu rəvayət mütəvatir rəvayətlərdəndir, şiə və əhli-sünnənin kitablarında yüz əllidən artıq rəvayət həmin məzmunda qeyd edilmişdir. Onların əksəriyyəti də ləfzi (söz) baxımından təvatürə malikdir.”
Bu haqda əlavə məlumat əldə etmək üçün Əllamə Nurullah Şüştərinin “İhqaqul-həqq”, Əllamə Mirhamid Hüseyn Hindinin “Əbəqatul-ənvar”, Əllamə Hacı Şeyx Əbdülhüseyn Əmininin “əl-Qədir” kitabına müraciət edə bilərsiniz.

http://www.sibtayn.com/az

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə