Gözəl əxlaq barədə nurani və dəyərli kəlamlar

 İmam Baqir ələyhis-salamın şəhadəti►►

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «İslam gözəl əxlaqdır».(Kənzul-ummal, hədis 5225) Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Gözəl əxlaq dinin yarısıdır». (əl-Xisal, səh.30, hədis 106) Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Gözəl əxlaq möminin kitabının sərlövhəsidir». (Biharul-ənvar, c.71, səh.392, hədis 59)

Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir». (Ğurərul-hikəm, hədis 4857)

İmam Cəfər Sadiq əleyhissalam buyurur: «Gözəl əxlaqdan ləzzətli həyat yoxdur». (İləluş-şərayi, səh.560, hədis 1)

     GÖZƏL ƏXLAQIN SƏMƏRƏLƏRİ

     Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar». (Məhcətul-beyza, c.5, səh.93)

     Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Həqiqətən, xoşxasiyyət insan gündüzlər oruc tutan və gecələr ibadət edən kəsin savabına sahibdir». (əl-Kafi, c.2, səh.100, hədis 5)

     Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur». (Uyuni-əxbari Rza (ə), c.2, səh.37, hədis 98)

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Sizlərdən mənə ən sevimli və Qiyamət günü ən yaxın olan şəxs ən xoşxasiyyətliniz və ən çox təvazökar olanınızdır». (Biharul-ənvar, c.71, səh.385, hədis 26)

     Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Əxlaqı daha gözəl olan möminin imanı daha kamildir».(Əmali, Tusi, səh.140, hədis 227)

       GÖZƏL ƏXLAQIN MƏNASI

     Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Gözəl əxlaq üç şeydədir: haram işlərdən uzaqlaşmaqda, halal dalınca getməkdə, ailənin asayişini və rifahını təmin etməkdə». (Biharul-ənvar, c.71, səh.394, hədis 63)

Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Salam vermək gözəl əxlaqdan irəli gəlir». (Ğurərul-hikəm, hədis 3404)

       İmam Cəfər Sadiq əleyhissalam gözəl əxlaqın mənası barədə verilən sualın cavabında buyurdu: «Gözəl əxlaqlı insan yumşaq xasiyyətli, mehriban, danışığında saf və ədəbli olan, qardası ilə mehriban rəftar edən kəsdir». (Məanil-əxbar, səh.253, hədis 1)

       ALİ ƏXLAQİ SİFƏTLƏR

     Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Allah-Taala gözəl xasiyyətləri sevər və alçaq xasiyyətlərdən xoşlanmaz». (Kənzul-ummal, hədis 5225)

     Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Sizə, əxlaqi kəramətləri kəsb etməyi tövsiyə edirəm. Çünki onlar yüksəliş və başıucalığın mənşəyidir. Pis xasiyyətlərdən uzaqlaşın, Çünki onlar şərəfli insanları alçaq edər, əzəmət və alicənablığı aradan götürər». (Biharul-ənvar, c.78, səh.53, hədis 79)

     Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Əxlaqi kəramətləri əldə etmək yolunda ciddi və sabitqədəm olun». (Ğurərul-hikəm, hədis 4712)

       ƏXLAQİ KƏRAMƏTLƏRİN İZAHI

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Həqiqətən, mən əxlaqi kəramətləri kamilliyə çatdırmaq üçün göndərilmişəm». (Kənzul-ummal, hədis 2517)

     İmam Cəfər Sadiq əleyhissalam buyurur «Allah-Taala öz peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin». Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik».(Əmali, şeyx Səduq, səh.118, hədis 8)

       İmam Cəfər Sadiq əleyhissalam  əxlaqi kəramətlər barədə buyurdu: «Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək. Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənə zidd olsa da». (Məanil-əxbar, səh.191, hədis 1)

       ƏN GÖZƏL ƏXLAQİ KƏRAMƏTLƏR

Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Ən gözəl əxlaqi kəramət isardır». (Ğurərul-hikəm, hədis 4953)

Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Ən yaxşı əxlaqi kəramət güclünün (intiqam almaqdan) güzəştə getməsi və özünün ehtiyacı olan şəxsin bəxşiş verməsidir». (Ğurərul-hikəm, hədis 3165)

     Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Ən üstün kəramət və səxavət, neməti (bir kəsə) tamamlamaqdır».(Ğurərul-hikəm, hədis 2983)

       GÖZƏL ƏXLAQIN NƏTİCƏLƏRİ

     Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Gözəl əxlaq dostluq ipini möhkəmlədər». (Biharul-ənvar, c.77, səh.148, hədis 71)

Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Əxlaqını gözəl et ki, Allah sənin hesabını asan etsin». (Əmali, Şeyx Səduq, səh.174, hədis 9)

     İmam Cəfər Sadiq əleyhissalam buyurur «Gözəl əxlaq ruzini artırar». (Biharul-ənvar, c.71, səh.396, hədis 77)

İmam Cəfər Sadiq əleyhissalam buyurur «Yaxşılıq etmək və gözəl əxlaq evləri abad, ömürləri uzun edər». (Biharul-ənvar, səh.395, hədis 73)

İmam Cəfər Sadiq əleyhissalam buyurur «Günəş buzu əridən kimi, gözəl əxlaq da günahları əridər». (əl-Kafi, c.2, səh.100, hədis 9-7)

       PİS ƏXLAQ

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Pis əxlaq, bağışlanmayan günahdır». (Məhcətul-Beyza, c.5, səh.93)

 Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Həqiqətən, bəndə özünün pis əxlaqına görə Cəhənnəmin ən aşağı dərəcəsinə enər». (Məhcətul-Beyza, səh.93)

       «Peyğəmbərə (s) ərz etdilər: «Filan qadın gündüzləri oruc tutur, gecələr ibadət edir, amma bədrəftardır. Qonşularına (acı) dili ilə əziyyət verir». Həzrət buyurdu:«Onda bir xeyir yoxdur, o, Cəhənnəmlikdir». (Biharul-ənvar, c.71, səh.394, hədis 63)

Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Pis əxlaq ruzinin azalmasına və ruhun işgəncəyə məruz qalmasına səbəbdir». (Ğurərul-hikəm, hədis 5639)

     İmam Cəfər Sadiq əleyhissalam buyurur «Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da əməli xarab edər».(əl-Kafi, c.2, səh.321, hədis 1)

  PİS ƏXLAQIN AQİBƏTİ

Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Pis əxlaq sahibinin ailəsi onun əlindən sıxıntıya düşüb bezar olar». (Ğurərul-hikəm, hədis 8595)

     Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Hövsələsiz (və tündxasiyyət) olanın rahatlığı az olar». (Ğurərul-hikəm, hədis 9192)

Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Əxlaqı pis olanın ruzisi az olar». (Ğurərul-hikəm, hədis 8023)

     İmam Cəfər Sadiq əleyhissalam buyurur «Ət, ət gətirər. Kim qırx gün ət yeməsə, əxlaqı pis olar». (əl-Kafi, c.6, səh.309, hədis 1)

  ƏN ÜSTÜN ƏXLAQ

     Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Ən çox ehtirama layiq olan xasiyyət səxavət, faydası daha əhatəli olan xasiyyət isə ədalətdir». (Ğurərul-hikəm, hədis 3219)

     Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Ən şərafətli xasiyyətlər təvazökarlıq, dözümlülük və mehribanlıqdır».

       İmam Muhəmməd Baqir əleyhissalam buyurur: «ən üstün əxlaqi kəramət hansıdır?» sualının cavabında buyurub: «Səbr və səxavət». (Biharul-ənvar, c.36, səh.358, hədis 228)

  ƏXLAQİ KEYFİYYƏTLƏRİN ƏLAQƏLİLİYİ

Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Əgər kimsədə bir gözəl xasiyyət olarsa, ondan digər gözəl xasiyyətlərin də üzə çıxmasını gözləyin». (Nəhcül-bəlağə, hikmət 445)

İmam Cəfər Sadiq əleyhissalam buyurur «Gözəl əxlaqi xüsusiyyətlər bir-birinə bağlıdır». (Əmali, Tusi, səh.301, hədis 597)

"Əxlaqi Dəyərləri Yayma mərkəzi" saytından əxz olunub