Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü "Səqəleyn" hədisi

"Səqəleyn" hədisi

 Həzrət Peyğəmbər (s) buyurmuşdur:
«Həqiqətən mən (Allah tərəfindən) dəvət olunmuşam və yaxın vaxtlarda (o dəvəti) icabət edəcəyəm, (Yəni, dünyadan köçəcəyəm) bir halda ki, sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram. Onlardan biri Allah-taalanın kitabı (Quran), digəri isə mənim itrətimdir. Allahın kitabı göydən yerə endirilən ipi xatırladır və itrətim isə mənim Әhli-beytimdir (ə). Mehriban olan Allah mənə xəbər vermişdir ki, bu iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmayacaqlar. Diqqətli olun və görün məndən sonra bu iki şeylə necə rəftar edəcəksiniz.» [Bu hədisi Tərmezi öz «Səhihində» (2-ci cild səh.380, «Әhli-beytin mənaqibində» fəsli) öz sənədi ilə Zeyd ibni Әrqəmdən nəql etmişdir və axırda artırmışdır: «Bu hədis gözəl və qəribə bir hədisdir». Bu hədisi Hakim öz «Müstədrək»ində (3-cü cild, səh.109) Zeyd ibni Әrqəmdən nəql etmişdir. Әhməd ibni Hənbəl də öz «Müsnəd»ində (3-ci cild, səh.17) Әbi Səid Xidridən nəql etmişdir. Həmin rəvayəti Təbərani «Möcəmül-kəbir» (1-ci cild, səh.129. Әlyazma) və Təbəri «Zəxairul-üqba»da (səh.16) Әhməddən rəvayət etmişdir.]
Şəbravi Şafeyi «Әl-ithafu bihubbil-əşrəf» kitabında yazır: «Müslim, Termezi və Hakim öz kitablarında Zeyd ibni Әrqəmdən rəvayət ediblər ki, (bir gün) Peyğəmbər (s) bizim aramızdan qalxıb xütbə oxudu və Allaha həmd-səna etdikdən sonra belə buyurdu:
«Ey insanlar! Mən də bir bəşərəm və yaxın vaxtlarda Rəbbimin elçisi (ölüm mələyi) mənim yanıma (canımı almağa) gələr və mən də ona cavab verərəm (dünyadan köçərəm.) Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyuram. Onlardan birincisi içərisində nur və hidayət olan Allahın kitabı (Quran)dır. Bəs Allahın kitabını tutun və ona sarılın.» Sonra buyurdu: «Digəri isə mənim Әhli-beytimdir (ə). Sizdən istəyirəm ki, onlar barəsində düşünərkən və rəftar edərkən Allahı yaddan çıxarmayasanız». [«Әlithafu bihubbil-əşraf», Şəbravi Şafeyi (səh.22)].
Şəbravi yenə yazır: Ayrı bir rəvayətdə belə deyilmişdir:
«Mən sizin aranızda iki şey qoyub gedirəm. Әgər onlara tabe olsanız, heç bir zaman yoldan çıxıb azmazsınız. O iki şey Allahın kitabı və mənim Әhli-beytimdir.»
Ayrı bir yerdə bu hədisin axırı bu şəkildə nəql edilmişdir:
«O iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmazlar. Baxın görün məndən sonra onlarla necə rəftar edəcəksiniz.»
Yenə də Şəbravi ibni Həcərin «Səvaiq» kitabından belə nəql edir: «Peyğəmbər (s) Quran və Әhli-beytə «Səqələyn» adını verdi. Çünki, «Səql» minnət ilə verilən dəyərli və ağır şeyə deyilir.
Quran və Әhli-beyt də bu xüsusiyyətə malikdirlər. Məhz buna görə də Peyğəmbər (s) öz ümmətini onlara tabe olaraq yolları ilə getməyə təşviq edir. Bəziləri isə deyirlər: «Onların hüqularının qorunması və riayət edilməsi vacib olduğu üçün onlara «Səqələyn» adı verilib. Onlar Allahın kitabını hamıdan artıq bildikləri üçün və Cənnət hovuzunda Peyğəmbərə (s) qovuşana qədər Qurandan ayrılmayacaqlarına görə əziz tutulmalı və onların hüquqlarına riayət olunmalıdır. [«Әlithafu bihubbil-əşraf», Şəbravi Şafeyi (səh.22)].
Mərhum əllamə şeyx Məhəmməd-Cavad Bəlaği «Alaur-rəhman fi təfsiril-Quran» kitabında belə yazır: «Səqələyn hədisi hamı tərəfindən qəbul edilən hədisdir. Onu sünni qardaşlarımız da öz kitablarında yazmış və bu hədisi Peyğəmbərin (s) özündən eşidən səhabələrdən belə rəvayət etmişlər:
Səqələyn hədisini həzrət Peyğəmbərdən (s) eşidib nəql edənlər:
1. Әmirəl-möminin Әli ibni Әbi-Talib (ə).
2. Abbdullah ibni Abbas.
3. Әbuzər Ğəffari.
4. Cabir Әnsari.
5. Abdullah ibni Ömər.
6. Hüzəyfə ibni Әsad.
7. Zeyd ibni Әrqəm.
8. Әbdürrəhman ibni Of.
9. Zəmirə Әsləmi.
10. Amir ibni Leyla.
11. Әbu Rafe.
12. Әbu Hüreyrə.
13. Abdullah ibni Həntəb.
14. Zeyd ibni Sabit.
15. Ümmü Sələmə.
16. Ümmü Hani (Әlinin (ə) bacısı).
17. Xəzimə ibni Sabit.
18. Səhl ibni Səd.
19. Әdi ibni Hatəm.
20. Әqəbə ibni Amir.
21. Әbu Әyyub Әnsari.
22. Әbu Səid Xidri.
23. Әbu Şureyh Xəzai.
24. Әbu Qədamə Әnsari.
25. Әbu Leyla.
26. Әbu Heysəm ibni Әttihan.
Ümmü Hanidən sonra adları çəkilən səhabələrin hər biri bu hədisi həm ayrılıqda zikr etmişlər və həm də bir gün Qureyşdən yeddi nəfər ilə birlikdə Kufə meydanında yığışaraq bu hədisi həzrət Peyğəmbərdən (s) eşitdiklərini elan etmişlər.
Deməli, bu yeddi nəfər hesaba alınmaqla səhabədən otuz üç nəfəri bu hədisi Peyğəmbərdən (s) nəql etmiş olurlar.
Bu hədisi Әbu Nəim İsfahani «Mənqəbətul mütəhhərin» kitabında müxtəlif sənədlərlə Cübeyr ibni Mütəm, Әnəs ibni Malik və Bərra ibni Azibdən, Müvəffəq ibni Әhməd də Ömər ibni Asdan nəql etmişlər. Sünni qardaşlarımızın tək-tək hədis kitabları olar ki, bu hədis orada nəql edilməmiş olsun. Hədis kitabları yazılmağa başlayan vaxtdan bu günə qədər bu hədis neçə-neçə səhabələr tərəfindən rəvayət olunmuşdur. Hətta, bəzi kitablarda iyirmiyə yaxın səhabənin adı çəkilərək bu hədis nəql olunmuşdur. Və yaxud, bəzi kitablarda sənədsiz və qısa şəkildə nəql edilmişdir (məsələn, «Әssəvaiqul-məhrəqə» kitabı). Həmçinin, sənədli və geniş şəkildə də nəql olunmuşdur (məsələn, Səxavi, Süyuti, Səmhudi və sairələrin kitablarında).
Sonra mərhum Bəlaği öz sözlərinə əlavə edərək belə yazır: «Şiə alimləri də bu hədisi müxtəlif sənədlərlə imam Baqir (ə), imam Sadiq (ə), imam Kazim (ə) və imam Riza (ə) və onlar da öz babalarından və nəhayət həzrət Peyğəmbərdən (s) rəvayət etmişlər. Digər sənədlərlə də Әmirəlmöminin (ə), Ömər, Übəyy, Cabir, Әbu Səid, Zeyd ibni Әrqəm, Zeyd ibni Sabit, Hüzəyfə ibni Әsid, Әbu Hureyrə və sairələri Peyğəmbərdən (s) rəvayət etmişlər. [«Alaurrəhman», mərhum Bəlaği, (səh.43. İkinci çap)].
Әllamə Firuzabadi nəql etmişdir ki, «Səqələyn» hədisini Müslim öz «Səhih»ində, Әhməd ibni Hənbəl «Müsnəd»ində (4-cü cild, səh. 366), Beyhəqi «Sünən»ində (2-ci cild, səh. 431), Müttəqi «Kənzul-ümmal»da (1-ci cild, səh. 45 və 7-ci cild, səh. 102), Təhavi «Muşkilul-asar» da (4-cü cild, səh. 308), ibni Әsir «Üsdül-ğabə»də (2-ci cild, səh. 12), Süyuti «Dürrül-mənsur» da «Şura» surəsində «Məvəddət» ayəsinin təfsirində və «Müstədrəküs-səhihəyn»də (3-cü cild, səh. 109), Nisai «Xəsais» də (səh. 21) və «Müstədrəküs-səhihəyn»də (3-cü cild, səh. 148), Hənbəl «müsnəd»də Әbu-Səid Xidridən və o da Peyğəmbərdən (s) rəvayət etmişlər:
Bu hədis zahiri cəhətdən Quran və Әhli-beyti (ə) bir-birində birləşdirdiyi kimi, mənəvi cəhətdən də bunların arasında vəhdət oluğunu izah edir. Çünki, Qurandan sonra, müsəlmanların müraciət edəcəkləri mənbə Әhli-beytdir (ə). Eyni zamanda Quranı onlardan artıq başa düşən bir kimsə yoxdur.
 
Administator
 
Yazının tərtibində "haqqyolu.orq" elektron kitabxanasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə