Cəmadiül-əvvəl ayının 15-ci günü

Həzrət imam Səccadın (ə) təvəllüdü
Vəlid ibn Əbdulməlik ibn Mərvanın vəfatı
Həzrət imam Səccadın (ə) təvəllüdü
Bəzi tarixçilərin yazdıqlarına əsasən, həzrət imam Səccadın (ə) təvəllüdü hicri təqvimi ilə 36-cı il, cəmadiul-əvvəlin 15-nə təsadüf edir. O, Mədinə şəhərində dünyaya göz açıb. Əziz atası, şəhidlər ağası həzrət imam Hüseyn (ə) və anası, üçüncü Yəzdəgirdin qızı həzrət Şəhrəbanudur. Anası, imamın (ə) dünyaya yenicə göz açdığı zamanlarda dünyadan köçüb. Ona görə də, o həzrət (ə) üçün mehriban dayə tutublar.
İmam Səccada (ə) çoxlu ləqəblər verilib o cümlədən; Zeynulabidin, Seyyidulabidin, Qudvətulzahidin, Seyyidulmuttəqin, Səccad, Zeynussalehin,  Zussəfnat və.s ləqəbləri vardır ki, şiələr arasında bu ləqəblərdən ikisi - “Zeynulabidin və Səccad” – daha çox məşhurdur. O Həzrətə (ə) bu ləqəbləri  verənlərin çoxu şiə deyil. Onlar, onun imamlığına etiqad bəsləməsələr də onun üstün xüsusiyyətlərini gizlədə bilmirdilər. (Zendeqaniye Əli ibnul Hüseyn (ə): Cəfər Şəhidi, səh-8).
Aşura hadisəsindən sonra imamət və vilayət bayrağını saxlamaq imam Səccadın (ə) öhdəsinə düşdü. 25 il müddətində ümmətin hidayəti üçün çalışdı. O, çox çətin ictimai bir vəziyyətdə zalim hakimlərin camaata  və həmçinin Huccac Səqəfinin İslam məmləkətlərinə rəhbərlik etdiyi bir dövrdə ümmətin hidayəti üçün çalışırdı. İmamın ən mühüm işləri, dua vasitəsi ilə camaatı Allaha bağlamaq, etiqad və mənəviyyatlarını gücləndirmək idi.
Əhli-sünnə alimlərindən biri olan “Cahiz”, imam Səccad (ə) haqqında belə deyir: “Əli bin Hüseynin (ə) şəxsiyyəti haqqında şiə, mötəzilə, xarici, əhli-sünnə və şiə, bir fikirdədir və onun digərlərindən üstün olmasında heç kim şəkk etmir”. (Umdətut-Talib: İbn Ənbə, səh-193).
İmam (ə) məhrumlara və ehtiyaclara sədəqə verməkdə də, misilsiz idi. Öz yeməydən yoxsullara verməyincə heç vaxt yemək yeməzdi. Əbu Nəim deyir: Əli ibnul-Hüseyn gecələr çörək dolu kisəni çiyninə alar, qaranlıqda fəqirlər arasında onu bölər və buyurardı:
“Gizli sədəqə vermək, Allahın qəzəbini yatırar”. (Hilyətul-Əvliya; cild-3, səh-136)

Vəlid ibn Əbdulməlik ibn Mərvanın vəfatı
Hicri təqvimi ilə 96-cı il, Cəmadiul-əvvəl ayının 15-i Vəlid ibn Əbdulməlik ibn Mərvan, qırx üç yaşında Şamda, cəhənnəmə vasil oldu. O, İmamın müasiri və zalım Əməvi xəlifələrindən biri idi. Hicrətin 87-ci ilində Şamda, Əməvi məscidi tikir. Onun xilafətinin müddəti doqquz il səkkiz ay olub. (Tətimmətul-Muntəha; səh-139)