Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Quran oxumaq

QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Bu barədə nəql olunmuş hədislər:
Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur.


Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Hər kim bu iki dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Quranla ünsiyyətdə olmalı və onu özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını təzələməli və əhdinə vəfadar olmalıdır. Quranla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla atar və gördükləri bütün işləri Quranla yerinə yetirərlər.
Quran tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql olunmuşdur. Biz burada onlardan yalnız bir neçəsini təqdim edirik.
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Quran tilavətinin fəziləti haqda buyurmuşdur: «Hər axşam on ayə Quran oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.» (Üsuli-kafi, «Quranın fəziləti).
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Quran bəşəriyyətin səadət və xoşbəxtliyini təmin edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Quranın fəziləti).
Yaxşı olar ki, hər bir tacir gecə evinə qayıdarkən yatmazdan əvvəl Quran ayələrindən birini tilavət etsin. Əgər belə edərsə, oxuduğu hər bir ayənin müqabilində əməl dəftərinə on savab iş yazılar və o miqdarda da günahlarından bağışlanar. (Üsuli-kafi, «Quranın fəziləti).
Quran oxumağı sizlərə tövsiyə edirəm. Bilin ki, cənnətin sarayları Quran ayələrinin sayı qədərdir. Qiyamət günü Quran qarilərinə Quran oxumaq əmr olunar. Onlar nə qədər çox oxuyarlarsa məqamları bir o qədər ucalar və öz əməllərinə layiq dərəcələrlə mükafatlanarlar. (Üsuli-kafi).
Bir çox hədis kitablarında, o cümlədən «Biharul-ənvar»ın 19-cu cildində Quran oxumağın fəzilətləri barəsində kifayət qədər hədis nəql olunmuşdur. Bu kitablarda Quran oxumağın fəzilətlərindən başqa digər mühüm mətləblərə də işarə olunmuşdur.
1. QURANIN ÜZÜNDƏN OXUNMASI
Nəql olunmuş hədislərin bir qismi, Quranın üzündən oxunmasının onun əzbər oxunmasından daha fəzilətli olduğuna dəlalət edir. Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir: İshaq ibni Əmmar imam Sadiq (ə)-dan soruşur. Mən Quranı artıq hifz etmişəm (əzbərləmişəm), onu əzbər olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: «Üzündən oxu, bunun savabı daha çoxdur. Və bil ki, Quranın yazılarına baxmaq özü bir ibadətdir.»
İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: «Quranı üzündən oxuyan şəxslərin gözləri də Qurandan bəhrələnər. Ata-anasının günahları küfr ilə dünyadan köçsələr belə, azalar.»
Quranın üzündən oxunmasına müsəlmanların sövq etdirilməsinin bir neçə səbəb və sirri vardır.
1. Quran nüsxələri çoxalır və qədim nüsxələrin məhv olub aradan getməsinin qarşısı alınır. Əgər müsəlmanlar Quranı hifz edərək bu qayda ilə oxuyarlarsa, getdikcə Quran nüsxələrinə olan ehtiyac azalar və nəticədə Quran nadir nüsxələrdən birinə çevrilər.
2. Hədislərdə qeyd olunduğu kimi, Quranın üzündən oxunması insanın mənəviyyatına müsbət təsir göstərir. Eyni zamanda Quran yazılarına baxmaqdan ləzzət alır və bir çox hallarda göz ağrılarından amanda qalır.
3. Quranı üzündən oxumaq, oxucunun Qurana daha çox diqqət yetirməsinə səbəb olur. Belə olduqda, insan Quranın açılmayan sirr və incəlikləri barəsində daha çox araşdırmalar aparır. Belə ki, insan ürək açan mənzərəyə diqqətlə baxdıqda ruhən arxayınlaşır və özündə mənəvi rahatlıq hiss edir.
Quran ayələrinə nəzər salaraq onun dərin mənalarını dərk etməyə çalışan oxucu, ondan vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mənəvi paklığa nail olur.
QURAN AYƏLƏRİNİN MƏNASINA  DİQQƏT  EDIB DÜŞÜNMƏK
Digər mövzularda olduğu kimi, bu mövzu ətrafında da kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.
Allah-taala Qurani-kərimdə bu haqda buyurur:
«Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? [Yoxsa ürəklərinin öz kilidləri vardır?]»
Göründüyü kimi Quran ayələrinə olan diqqətsizlik, hətta Quranın özü tərəfindən qətiyyətlə tənqid olunmuşdur.
İbni Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir: «Quranı uca və açıq tərzdə oxuyun! Və onun sirr və qəribəliklərinə yol tapmağa çalışın.»
Əbu Əbdürrəhman deyir: Bizə Quranı təlim edən Peyğəmbər səhabələrindən biri deyərdi: «Səhabələr Quranı Peyğəmbərdən on ayə-on ayə öyrənirdi. Peyğəmbər (s) ilk on ayəni təlim verər və onlar da bu on ayədə bəyan olunan şəri qanunlara və əxlaq normalarına əməl etməyincə növbəti on ayənin izahını verməzdi.» (Biharul-ənvar, 19/27).
İbni Məsud, Osman və Ubeyddən nəql olunmuş rəvayətdə deyilir: «Peyğəmbər (s) səhabələrə on ayə təlim verər və onlar bu ayələri əməli olaraq icra etməyincə, növbəti ayələrə keçməzdi. O həzrət çalışırdı ki, səhabələr Quranı əməli olaraq öyrənsinlər.» (Təfsir Qurtəbi, 1/9).
Günlərin bir günündə Əli (ə) ənsarla elmi mübahisə aparan Cabir ibni Abdullah Ənsariyə yaxınlaşıb ondan bəzi elmi məsləhətlər verməsini istədi. Ənsardan biri Əli (ə)-ın bu xahişindən təəccüblənərək dedi: Ya Əmirəl-möminin! Malik olduğun elm və biliklə yenə də Cabirdən elmi məsləhətlər alırsanmı?! Buyurdu: Cabir bu tərifə layiqdir. Çünki o, bu ayənin təfsirini çox gözəl dərk etmişdir.
«[Ya Məhəmməd!] Quranı [oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi] sənə vacib buyuran Allah, qayıdacağın yerə [hicrət edərək çıxdığın Məkkəyə] səni yenə də qaytaracaqdır.» (Qəsəs-85).
Əllamə Məclisi bu məzmunda nəql olunmuş hədis və rəvayətləri toplamış və Biharul-ənvarda ayrıca fəsil ayırmışdır.
Quran bəşəriyyətin dünya və axirət həyatının səadət və xoşbəxtliyini təmin etdiyi üçün hər zaman ona müraciət etməli və yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyl edir.
Zəhəri, imam Səccad (ə)-dan nəql etdiyi hədisdə deyir: «Quranın hər bir ayəsi sənin üçün tükənməz bir xəzinədir. Qarşında açılan bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini dərk etməyə cəhd etməlisən.» (Üsuli-kafi, 2-ci cild, Quranın fəziləti fəsli).

Kitabın: "Əl-Bəyan", 1-ci cild,   Müəllif: Ayәtullah Hacı Seyyıd Əbülqasım Xoyi

Yazının hazırlanmasında tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub

Nəzərinizs  

0 #1 irəli: Quran oxumaqramiz 2011-11-09 18:20
əla

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə