Münacat (N.Gəncəvi) 2

 
 
 
 
 
 
Şəfqətli, ədalətli tanrının adı ki var,
Hikmət xəzinəsini açan açardır, açar.
Hər sözün, düşüncənin odur əvvəli sonu.
Nə söyləsən, tanrının adıyla qurtar onu.
Qüdrətilə varlığa həyat verər həyatda,
Əbədiyyət timsalı özüdür kainatda.
Ən ulu sərkərdədir gərdişdəki aləmə,
Cavahir həmaili yaraşıqdır qələmə.
Hər səxavət çeşməsi yaranıbdır əliylə,
Kainatı qurubdur öz qadir əməliylə.
O, gizli pərdəsini açar sirli göylərin,
Üstünə pərdə çəkər hər günahın, hər şərin.
Bəzəyər qaş-daşıyla sinəsini hər dağın,
Ləpəsi - suyun hüsnü, gül-çiçəyi - torpağın.
Arifləri hər zaman fəzilətə səsləyər
Nemətini sevəni nemətilə bəsləyər.
Ağlın zərif sapına muncuğu yaraşıqdır,
Ağlın tutqun gözləri qüdrətilə işıqdır.
Müqəddəs alınlara səcdə damğası vurur,
Tacıyla tacidarlar yer üzündə taxt qurur.
Pozulmaz hökmləri hökmüylə pozan odur,
Günahları əfv edən, mərhəmət yazan odur.
Harayı bir darğadır məhşərdən qorxanlara,
Çeşməsi həyat verər təlaş yaxan canlara.
Dəyişməzdir varlığı, dəyişməzdir xisləti,
Dəyişdirər varlığı, kainatı, xilqəti.
Əzəməti yanında iki dünya əbəsdir.
Əvvəlimiz, sonumuz anicə bir nəfəsdir.
Təməlləri sarsılmaz kainatda yox tayı,
Bu mülkün bir sahibi varmı ondan savayı?
Yaratdığı yerlə göy çox boşalıb dolacaq.
Bu varlıq olmasa da - olmuş, olub, olacaq.
Peyğəmbərlər can atdı ilk sirrinə xilqətin,
Bu sirri açammadı, bu sirr çətindir, çətin.
Sirlər dəryasıdır əzəl gündən bu dünya.
Sonsuz səhradır mülkü, əbədidir bu səhra.
Əvvəlini arasan - əzəlsiz bil sən onu.
Axırını sorsalar - sonsuzluqdadır sonu.
Keşməkeşli həyatda canlı, cansız nə ki var.
Hamı onun köləsi, özü qadir hökmdar.
Ondan başqa nə varsa, ömrü deyil əbədi,
Onun ülvi varlığı bilməz ki, heçlik nədi.
Könlündə cilvələnən huri-mələk özüdür.
Nərgiz gözlərindəki nurlu bəbək özüdür.
Üzündə ismətin də, qısqanclığın da odu.
O, həm göz yaşı verər, həm də məhəbbət odu.
Ecazkar qüdrətinə min-min afərin söylər
Parlaq aylı, günəşli, sonsuz cəlallı göylər.
Gizləsə kərəmini nurlu pərdədə - tüldə.
Bitməz şəkər qamışı, bitməz tikanlı gül də.
Yaşıllıq - kərəmiylə canlanıb abad oldu,
Varlığın kölələri yoxluqdan azad oldu.
Dünyanı yaratmağa o, can atdığı zaman,
Dolaşıqlı fələyin çətin işləri yaman.
Məşəqqətli düyünü açdı qadir əməli,
Gecənin saçlarından qopdu gündüzün əli.
Cavahir boyunbağı göyün boynunda yandı.
Gecənin qıvrım saçı ulduzlarla darandı.
Kəməndindən çıxmağa məgər fələk çalışdı?
Torpağın kəmərində yeddi ulduz alışdı,
Günəş ağ qəba geydi, ay isə qara cübbə,
Yarandı mavi göydə dümağ, qapqara qübbə.
Gövhər səpən buludlar mirvari səpsin deyə,
Göydə qopdu gurultu, şimşək döndü nizəyə.
Qəlbindən dərya açdı buludların zöhrəsi,
Xızırın çeşməsilə güldü çəmən çöhrəsi.
Kəhrəba zərrə yağdı sübhün camı günəşdən.
Daşlar yağan zərrəni təşnətək uddu dən-dən.
Suyla od ülfət tutdu təbiətdə birinci,
Daşda yaqut yarandı, bəyaz sədəfdə inci.
Buxarlandı küləkdən yerin ürək qanı - su,
Daşın qanlı bağrında qana qatdı yaqutu.
Fələk açdı comərdlik bağındakı gülləri,
Dillərdə dastan etdi söz quşu bülbülləri.
Dilin tər xurmasından ürəyə nəşə doldu,
Ağızın incisinə qulaq bir sədəf oldu.
Bircə göz qırpımında gözünü yumdu guya,
Kəraməti can verdi həyat bəxş etdi suya.
Tökdü yerin saçların cahanın qucağına,
Asilik xalı qoydu Adəmin yanağına.
Getdi qızıl lövhədən natəmizlik qubarı.
Buludun göz yaşını gülə səpdi, baharı.
Ulduzlar pardaqladı çöhrəsini səmanın.
Gül-çiçəyin üstündə canı əsdi səbanın.
Bağrına qan axan gil - bəşərin ilk təməli,
Tutdu ağlın nəbzini ürəklə loğman əli.
Təbəssüm qəmi qovdu açıldı, güldü çöhrə,
Gecələrə nəğməkar, müğənni oldu Zöhrə.
Qaranlıq ənbər saçır qucağında gecənin,
Təzə ay bir sırğadır qulağında gecənin.
Söz dünyanı dolaşıb, sirlər açıb başıyla.
Sındırıbdır başını dərgahının daşıyla.
Quru, boş xəyallarla çox gəzib hər yeri o,
Yenə əliboş dönüb qapısından geri o.
Ürək də sorağında dolaşdı çox, tapmadı,
Göz də xeyli aradı, gördü ki, yox, tapmadı.
Ağıl dedi: "Çatdırım axtarışı mən sona".
Ədəbi gözləmədi, ədəb öyrətdim ona.
Kim başını keçirib bu sehrli halqaya,
Dönübdür sorağında bənizi solğun aya
Mələklər qanadlanıb cəlalını öyərlər,
Kəramət sahibləri qapısını döyərlər.
Qulluq halqası taxıb ərşi-fələyin özü,
Torpağın qəlbinə də od salıb eşqin közü.
Şəfadır xəstələrə, sinəsi dağlılara,
Qasidi nicat verər ayağı bağlılara.
Dərgahına pərdədir hicablı fələk ki var,
Pərdəsini yırtmağa əl atmamış ruzigar.
Sökə bilsə pərdəni, fələk çətin sökərdi,
Söksəydi, göy üzünü yer üzünə tökərdi.
Aciz yeri bağlayıb yəhərinin qaşına,
Nizami göz yaşını tökər yerin daşına.
Zavalsızdır birliyi, sonsuzdur cah-cəlalı,
Əbədidir cahanda şahlığı, şah cəlalı.
Könül can aynasının qubarını hey silər,
Qapısının torpağı olmağı şərəf bilər.
Gül-çiçəyə can verər dərgahının torpağı,
Gülzarının yanında yalandır İrəm bağı.
Qüdrətinə sübutdur Nizaminin varlığı,
Canı - vəhdət tarlası, könlü - gülüzarlığı.
 
Yazının tərtibində "az.wikisource.org/wiki" saytı - Nizami Gəncəvi, "Sirlət Xəzinəsi" nin elektron versiyasından istifadə olunub