Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Həzrət Əlinin (ə) kəlamı (109-cü xütbə)

Həzrət Əlinin (ə) kəlamı (109-cü xütbə)

İmam Əli əleyhis-salamın (Allaha yaxın olmağın və İslamın əlamətlərini qoruyub saxlamağın yolları barədə) xütbələrindəndir.
Allah-təalaya tərəf yaxınlaşmağın ən yaxşı yolu (ondur, onların birincisi) Allahın birliyini, vahidliyini və Onun elçisinin (Məhəmmədin - səlləllahu əleyhi və alih -) peyğəmbərliyini təsdiqləyib etiraf etməkdir. (İkincisi) İslamın (əzəmətli sütununun) ucalmasına səbəb olan Allah yolunda (kafirlərə və dinin düşmənlərinə qarşı) cihad və müharibə etməkdir. (Üçüncüsü) (İlahi bəndələr üçün) fitri və təbii olan ixlas kəlməsidir («La ilahə illəllah» deməkdir). (Dördüncüsü) İslam dininin dinlik nişanəsi (dinin ən böyük sütunu) olan namaz qılmaqdır. (Əzəmət və əhəmiyyətinə görə onu dinin özü adlandırmışdır.) (Beşincisi) Allah tərəfindən müəyyən edilmiş pay olan zəkatdır. Onu ödəmək (imkanı olanlara) vacibdir. (Altıncısı) əzab üçün sipər olan Ramazan ayının orucudur. (Yeddincisi) Allahın evinə Həcc ziyarətinə getmək, onun Ümrə əməllərini yerinə yetirməkdir. Həcc və Ümrə yoxsulluğu, pərişanlığı aradan götürər, günahı yuyub paklaşdırar. (Səkkizincisi) Malın, sərvətin artmasına və ömrün uzanmasına səbəb olan sileyi-rəhm (qohum-əqrəbaya yaxşılıq edib xeyir vermək). (Doqquzuncusu) Sədəqədir (yoxsullara və əlacsızlara edilən ehsandır). Gizli verilən sədəqə günahı örtər. (Buna görə Allah-təala müsibət və günahın nəticələrini azaldar.) Aşkar sədəqə pis ölümü (qəfil ölüm, suda batmaq, yanmaq, dağıntıların altında qalmaq və bu kimi ölümləri) dəf edər. (Onuncusu) Bəyənilmiş işlər görmək (yaxşılıq, xeyirxahlıq və qardaşların arasını düzəltmək). Yaxşı əməllər insanı zillət və xarlığa düçar olmaqdan qoruyar. (Yaxşı əməl sahibi dünyada və axirətdə başıuca olaraq zillətə və bədbəxtliyə düçar olmayacaq.)
Allahı xatırlamağa tələsin ki, Allahı anmaq zikrlərin ən yaxşısıdır. Pərhizkarlara vəd verdiyinə (cənnətə) rəğbət göstərin ki, Onun vədi ən doğru vəddir. Öz peyğəmbərinizin hidayəti və göstərdiyi yolla gedin ki, onun yol göstərməyi hidayətlərin ən üstünüdür. Onun sünnəsi və yoluna uyğun rəftar edin. Çünki onun yolu ən doğru yolgöstərən sünnə və yoldur.
Ən yaxşı deyim olan Quranı öyrənin. Ondakılar barədə fikirləşib düşünün ki, Quran qəlblərin baharıdır. (Ürəkdə elm və hikmətin hər cür güllərini bitirir.) Onun hidayət nuru ilə (cəhalət və nadanlıq xəstəliyindən) şəfa diləyin ki, Quran sinələrin (xəstəliklərinin) şəfasıdır. Onu gözəl oxuyun (sözlərini səhvsiz oxuyub mənasına riayət edin və hökmləri barədə düşünün) ki, o, deyimlərin ən faydalısıdır. (Quranı bilənin rəftarı onun göstərişinə uyğun olmalıdır. Çünki) Elminin ziddinə hərəkət edən alim cəhalət və nadanlıqdan özünə gəlməyən cahil və nadana bənzəyir. (Elmin faydası olmayan yerdə bir tədbir qalmaz.) Əksinə, onun aqibəti üçün dəlil və sübut (Qiyamət günündə cahilə əzab üçün olan dəlil və sübutdan) daha çox, həsrət və kədəri daha artıq, Allah yanında məzəmmət və qınağı daha boldur.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə