Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Orucluq

Orucluq hər bir müsəlman üçün böyük fürsətdir

Allah-taala  bərəkətli Ramazan ayını öz mənəvi müjdələri ilə İslam ümmətinə nəsib edərək, onlar üçün dəyərli bir fürsət yaratdı. Orucluq hər bir müsəlman bəndəyə Allahın mərifət süfrəsindən bəhrələnməyə ən yaxşı və böyük fürsət verir. Bərəkətli Ramazan ayında insanların qəlbi İlahi nura boyanır, duaları vahid Allahın dərgahında qəbul olunur. Əgər oruc tutmağın insanlara maddi və mənəvi xeyri olmasaydı, böyük Yaradan onu bəndələrinə vacib bilməzdi.
 

Yerin ən ali varlığı olan insan dünyaya qədəm basdığı ilk gündən indiyədək Allah-taala tərəfindən nazil edilmiş dinlərə etiqad bəsləyib bu dinlərdəki müqəddəs ayin və mərasimlərə əməl edib. Həmin ayinləri isə insanlara təlim edənlər bəşəriyyətin tərəqqi və kamilliyi üçün göndərilmiş peyğəmbərlər olublar. Bu ayinlərdən biri də orucluqdur. Orucluq bəşər övladının yemək, içmək və sair bu kimi gündəlik yerinə yetirdiyi bəzi şeylərdən müəyyən olunmuş zaman çərçivəsində könüllü olaraq imtina etməsidir. Orucluğun tarixi olduqca qədimdir.
İslam dinində buyurulan bütün vacib ibadətlərlə birgə orucluq da ümumi hədəfə - bəşəriyyətin kamilləşməsinə xidmət edir. Kamillik isə Uca Yaradan tərəfindən insana bəxş edilən mənəvi nemətdir. Bu baxımdan demək olar ki, orucluq müəyyən bir müddət ərzində ac və susuz qalmaqdan ibarət olmayıb, özündə geniş anlamlar ehtiva edir. Məsələn, oruc tutan şəxs maddi nemətlərdən çəkinməklə yanaşı saleh əməllər yerinə yetirməli, gözəl əxlaq nümayiş etdirməli, ətrafdakılarla xoş davranmalı, yalan danışmamalı, ümumiyyətlə, bütün müsbət keyfiyyətlərlə mənəviyyatını zənginləşdirməlidir. Belə halda, yəni oruc tutan şəxsin bu kimi müsbət dəyərlərə, xüsusilə də bu gün ehtiyac duyduğumuz gözəl əxlaqa, mənəvi saflığa malik olduğunu görən digərlərinin qəlbində də təbii ki, iman hissi oyanar.
Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, “(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. İnsanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruclarını başa vurmuşlar. İki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək  bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.
Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan yaranmışdır. Bu təqvimə əsasən ilin uzunluğu 354 gün sürür. Bütün müsəlman ibadətlərinin, bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11 gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün irəli keçir.
Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir. Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. İslam bayram və ayinlərinin müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır.
 
Yazının hazırlanmasında tərcümə olunmuş kitabların elektron versiyasından isifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə