Ramazandan sonra

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd və səna olsun aləmlərin Rəbbi olan Allaha, salətu və salam olsun Onun Rəsuluna Muhəmməd (s.a.s);

Əziz və hörmətli müsəlmanlar, ilk öncə Allahu Təaladan hamımızın oruc və ibadətlərini qəbul etməsini diləyirəm. Allahu Təala bizi Ramazan ayı qullarından deyil, Onun xalis qullarından etsin və əməllərimizi saleh etsin.

Ey müsəlmanlar! Ramazan getdi, amma ibadət də getməli deyil. Biz çalışmalıyıq ki, yalnız Ramazan ayında və yaxud müəyyən mövsümlərdə ibadət edən qullardan olmayaq. Peyğəmbərimiz (s.a.s) buyurmuşdurki: "Allah qatında ən məqbul əməl, az da olsa, davamlı olanıdır" (Müslim rəvayət etmişdir). Allahu Təala bizim, davamiyyətli etdiyimiz əməllərə daha çox əhəmiyyət verir, hərdən edib sonra tərk etdiyimiz əməllərə deyil.

Ramazan ayından sonra oturub özümüzü yoxlamalıyıq, Ramazan ayında keçirdiyimiz günləri xatirələr kimi gözümüzün önündən keçirməliyik. Nə etdik o ayda, nəyi edə bilmədik, nəyi etməliydik, nəyi etməməliydik, hansı əməl həqiqətən ürəyimizdən oldu, hansı əməl tə'sirsiz oldu, hansı əmələ tərəddüdlə yanaşdıq, hansı əmələ kimisə də'vət etdik, hansı, hansı…?

- Hər bir müsəlmana bu aydan sonra özünü hesaba çəkmək yaraşar. Bu gözəl və bərəkətli aydan təqvayla çıxa bildimmi? Bu ayın ətirli və xeyirli gecələrindən məğfirətlə çıxdımmı? Hər zaman səbirli olmağa və ibadəti həmişə davam etdirməyə özümüzə söz verdikmi? Aclığı və susuzluğu dadandan sonra, kasıb və yoxsulların halını dərk edə bildikmi, onların halına yandıqmı, kiməsə yardım etməyə əl atdıqmı? Özümüzü nəfsimizlə cihad etməyə tərbiyə edə bildikmi? Pis və çirkin adətlərimizi, vərdişlərimiz tərk edə bildikmi, onlardan düzgün tövbə edə bildikmi?

- Allahu Təalaya daim ibadət etməliyik ki, doğruluq və yəqinlik yolunda olaq, azmayaq. İman gətirərək, doğru yolu tutaraq ondan çıxmayaq. Bilinki, Ramazanın Rəbbi, bütün ayların Rəbbidir.

- Ramazan ayının orucu ilə kifayətlənmə. Şəvval ayında sünnət olunan 6 gün orucu tut, aşura və ərəfə günü oruclarını buraxma, bundan başqa Peyğəmbərimizin (s.a.s) sünnətinə uyğun olaraq 1-ci və 4-cü günlərin orucunu tut.

- Ramazanda fitrə zəkatı verməklə kifayətlənmə. Başqa vaxtları da yoxsullara əl tut, sədəqə ver, malının zəkatı varsa onu həmişə ver.

- Xeyirli və saleh əməllərə həmişə davam et. Günah və haram əməllərdən və söhbətlərdən uzaq ol!. Allaha dua etki; Ey qəlbləri dəyişdirən və sabit edən, mənim qəlbimi haqq yolda və iman üzərə sabit et!

- Ey müsəlman! Ramazanda Qur'ani Kərimi davamlı oxuyurdunsa, bunu tərk etmə və beləcə oxumağa davam et. Hər günündə bir az da olsa Qur'ani Kərimdən oxu.

- Ey müsəlman, özünü və əməllərini bir araşdır. Bir gör Ramazan ayı sənə həqiqətən tə'sir edibmi? Ramazan ayında etidiyin əməllərə davam edirsənmi və tərk etdiyin günahlara artıq yaxın durmursanki? Yoxsa Ramazandan sonra yenə həmin günahlara davam edirsən, ibadətlərini düzgün etmirsən, namazlarını keçirirsən?!

- Bilinki, əməllərin qəbul olmasının bir xüsusiyyəti var ki, insan həmin əməllərə yenə davam edir, daha da bağlanır və onları artırmağa çalışır. Həmin insanda yaxşılığa və üstünlüyə doğru irəliləyiş hiss olunur, saleh əməllərin səmərəsini onun zahirində hiss etmək olur. Budur əsl qəbul olunan əməllər. Lakin, əməllər bir müddətdən sonra dayanırsa və həmin insan təmamilə əksinə dəyişirsə, Allah bilir onun əməllərinin qəbul olunmasını.
 
 
www.azerislam.com