Hənəfiyyə, İmam Hüseynin (ə) hüzurunda

Məhəmməd Hənəfiyyə İmam Hüseynin (ə) hüzurunda

İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “İmam Hüseyn (əleyhis-salam) Kufəyə yola düşmək istədiyi gecə Məhəmməd Hənəfiyyə o Həzrətin hüzuruna gəlib dedi: “Qardaş, sən əvvəllər Kufə əhalisinin atamıza və qardaşımıza qarşı etdikləri məkr və hiyləni görmüsən. Qorxuram sənə də qarşı belə etsinlər. Əgər Məkkədə, Allahın əmin-amanlıq hərəmində qalsan, hörmətli, əziz olacaqsan. Məkkədə heç kimin səninlə işi olmaz.
İmam (əleyhis-salam) buyurdu: –Qorxuram ki, Yezid məni elə Məkkədə şəhid etsin, buna görə də istəmirəm ki, mənə görə Kəbə hərəmində hörmətsizlik olsun. Məhəmməd dedi: –Belə isə Yəmənə, yaxud da səhralara get, bu halda heç kim səni tapa bilməz.
İmam (əleyhis-salam) buyurdu: –Gərək bu barədə fikirləşəm.
Səhər açılanda Həzrət buyurdu: –Dəvələri yükləyin.
Bu xəbər Məhəmməd Hənəfiyyəyə çatanda taqətsiz halda gəlib, qardaşının dəvəsinin yüyənindən yapışaraq dedi: –Qardaş, mənə söz vermişdin ki, bu iş barəsində fikirləşəsən, bəs nə üçün bu tezlikdə səfərə çıxırsan?
İmam (əleyhis-salam) buyurdu: –Sən gedəndən sonra Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənim yanıma gəlib, buyurdu: “Ey Hüseyn, (Məkkədən) çölə çıx, Allah istəyir ki, səni Öz yolunda öldürülmüş halda görsün.”
Məhəmməd Hənəfiyyə dedi: –İndi ki, bu məqsədlə gedirsən, onda əhli-əyalı niyə özünlə aparırsan?
Həzrət (əleyhis-salam) buyurdu: –Allah istəyir ki, onları əsir olmuş halda görsün.
Məhəmməd Hənəfiyyə ağlar halda İmam (əleyhis-salam)-la vidalaşıb qayıtdı.
Həmzət ibni Əyən İmam Sadiq (əleyhis-salam)-dan soruşdu: “İmam Hüseyn (əleyhis-salam) İraqa tərəf yola düşəndə, hansı səbəbə görə Məhəmməd Hənəfiyyə ondan ayrıldı?
İmam Sadiq (əleyhis-salam) buyurdu: “Mən sənə bir söz deyim, daha bu barədə heç nə soruşma: İmam Hüseyn (əleyhis-salam) İraqa yola düşərkən, bir kağızda belə yazdı: “Bismillahir rəhmanir rəhim. Bu məktub Hüseyn ibni Əlidən Haşim övladlarınadır, (bilin ki) həqiqətən hər kəs mənə qoşulsa, şəhid olacaq, hər kəs də məndən ayrılsa, nicat tapmayacaq. vəssalam.“


Yazının tərtibində tərcümə olunmuş kitabların elektor versiyasından istifadə olunub.