Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Səhabə Səhabə və müqəddəs şəxslər

Səhabə və müqəddəs şəxslər

Əba Sələt Hərəvi

  Əbdül-Səlam ibni Saleh, Xəvacə Əba Sələt Hərəvi adı ilə məşhur olaraq, İmam Rzanın (ə) yaxın səhabələrindən biri olmuşdur ki, öz dövrünün ən məhşur mühəddislərindən sayılır.

  Əba Sələt İmam Rzanın (ə) Xorasana gəlişindən sonra bu diyara gələrək, İmamın (ə) xidmətində olmuşdur. Əba Sələt Həzrət Peyğəmbərin (s) Əhli-Beytinə (ə) aşiq bir insan idi, xüsusilə də İmam Rzaya (ə). İmamın (ə) o qədər yaxın adamı olur ki, sirlərindən xəbərdar olan tək şəxs sayılır.

  Hədislərdə biz də bunun şahidi oluruq ki, İmam Rza (ə) Əba Sələtə xüsusi dəyər verir və onu özünə yaxın bilirdi. Getdiyi məclislərin əksər (hissəs)ində Əba Sələt də iştirak etmişdir. İmam (ə) ona çoxlu nəsihətlər verir və şəxsiyyətini yetişdirirdi.

  Bu insan öz dövründə Həzrət Peyğəmbər (s) və Əhli-Beytdən (ə) gələn hədisləri nəql edən mühəddis kimi məşhur idi. Əba Sələt İmam Rzanın (ə) vəfatı ilə bağlı kitab yazır ki, Nəccaşi Rəcali bu kitabın adını çəkmişdir. İbni Babuyə ondan “Uyuni əxbari Rza” kitabında istifadə etmişdir.

  İmamın (ə) şəhadətinə tək şahid bir insan kimi, Əba Sələtin bu kitabı 5 və 6-cı əsrə qədər Əhli-Beyt (ə) alimləri tərəfindən dəyərli bir xəbər kimi istifadə olunmuşdur.

Kərbəla qəhrəmanı- Müslim ibn Övsəcə

Müslim ibn Övsəcə Bəni-Əsəd qəbiləsinin böyüklərindən idi. Tarix kitablarında onu Həzrət Muhəmməd peyğəmbərin (s) səhabəsi olaraq göstərirlər. Müslim Həzrət Əlinin (ə) yaxın silah-daşı olmuş, onun qoşununun tərkibində bütün müharibələrdə iştirak etmişdir.

Müslim dövrünün insanları arasında öz şücaəti ilə seçilirdi.

Müslim ibn Əqil Kufədə gizli fəaliyyətə başlayanda, Müslim ibn Övsəcə Kufədə gələcək üsyan üçün silah tədarükü görürdü. Kufədə vəziyyət dəyişdikdən sonra Müslim ibn Övsəcə köhnə dostu Həbib ibn Məzahirlə birlikdə şəhəri tərk edir və Kərbəlaya gəlib, İmam Hüseynə (ə) qoşulur.

Müslim ibn Övsəcə deyəndə, hər kəs imanlı, Allahdan qorxub çəkinən bir adamı, həm də qəlbi Əli (ə) eşqi ilə yanan bir kəsi xatırlayırdı. Qəlbində olan Allah sevgisi onu İmam Hüseynin (ə) yanına gətirdi. Bildiyimiz kimi, Kərbəlada döyüş əvvəl təkbətək olurdu. Düsmən qoşunu ilə İmamın (ə) qoşunu təkbətək vuruşurdu.

Təkbətək döyüşdə çox itki verdiyini başa düşən düşmən qoşununun başçısı Əmr ibn Həccac Zibeydinin məsləhəti ilə Ömər ibn Səd əsgərlərinə təkbətək döyüşə getməyi qadağan etdi. Çünki, düşmən əsgərləri İmam Hüseynin (ə) səhabələrinin şücaətini görüb, qorxuya düşmüşdülər ki, əgər döyüş bu gedişlə davam etsə, Ömər ibn Sədin qoşunundan əsər-əlamət qalmaz. Əsgərlərə tapşırıldı ki, bundan sonra qarşı tərəfi uzaqdan-uzağa oxa və daşa tutsunlar. Döyüş meydanına çıxan hər səhabəni mühasirəyə alıb qətlə yetirsinlər.

Bu əmrdən sonra Əmr ibn Həccac tabeliyində olan qoşunu toplayıb İmam Hüseynin (ə) dəstəsinin sağ cinahı üzərinə şiddətli hücuma keçdi. Haqq qoşunu mərdliklə müdafiə olunub, düşmənin xeyli qoşununu məhv etdilər. Axırda düşmən əsgərləri öz itkilərini hiss edib, bu yolla qələbə qazanmaqdan naümid oldular və tələsik geri çəkildilər.

Döyüş meydanında toz-duman yatandan sonra məlum oldu ki, İmamın (ə) cəsur silahdaşı Müslim ibn Övsəcə ölümcül yaralanıb. Müslimin ölüm ayağında olduğunu eşidən İmam Hüseyn (ə), Həbib ibn Məzahiri də götürüb, şəxsən onun başı üstünə gəldi və belə söylədi: “Ey Müslim, Allahın rəhməti olsun sənə!”. Sonra İmam (ə) bu ayəni oxudu: “Onlardan kimisi şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar verdikləri sözü əsla dəyişməzlər”.

Sonra Həbib ibn Məzahir Müslimə xitab edərək söylədi: “Müslim, sənin ölümün mənə çox ağırdır, amma səni cənnətlə müjdələyirəm”. Müslim zəif səslə cavab verdi: “Allah səni sevindirsin”. Sonra Həbib dedi: “Əgər az sonra özümün də öləcəyimi yəqin bilməsəydim, çox istərdim ki, sənin son vəsiyyətini eşidib ona əməl edim” . Müslim isə əli ilə İmama (ə) işarə edərək belə söylədi: “Sənə bunu vəsiyyət edirəm ki, onu ölüncəyə kimi qoru”. Həbib cavab verdi: “Arxayın ol, vəsiyyətinə əməl edəcəm”.

Rəvayətə görə, Aşura axşamı İmam Hüseyn (ə): “Mən sizdən beyətimi götürdüm, gedə bilərsiniz”, – dedikdə o, cavab verir: “Ey Peyğəmbər övladı, səndən ayrılıb gedək?! Xeyr, Allaha and olsun ki, mən səndən ayrılmaram alova atsalar, yenə də səndən dönmərəm!”.

Bu şüarı əlində tutan Müslim ibn Övsəcə şəhadətə qovuşdu.

Uca Rəbbimiz bizləri də Müslim ibn Övsəcənin cərgəsində olanlardan qərar versin, inşəallah.

KƏRBƏLA ŞƏHİDİ MÜSLÜM İBN OVSƏCƏ

 Müslüm ibn Ovsəcə ibn Səd Əsədi Peyğəmbəri-Əkrəmin (s) möhtərəm səhabələrindən biridir və o həzrətdən bir sıra hədislər də nəql etmişdir. Adı İslam döyüşləri və fəthlərində müsəlmanların dillərinin əzbəri olmuş, Azərbaycanın fəthində iştirak etmişdir. “Cəməl”, “Siffeyn” və “Nəhrəvan” döyüşlərində imam Əlinin (ə) xidmətində döyüşmüşdür.

O, Kufədə yaşayırdı və başqaları kimi imam Hüseynə (ə) məktub yazıb, o həzrəti Kufəyə dəvət etmiş, həm də əhd-peymanına sadiq qalmışdır.

İmam Hüseynin (ə) səfiri Müslim ibn Əqil Kufəyə daxil olduqda, Müslüm ibn Ovsəcə kufəlilərdən İmama (ə) beyət almağa başlamış və İbn Ziyadın sarayının mühasirəyə alınmasında da böyük rol ifa etmişdir. Müslim ibn Əqil Kufədə maddi yardım və silah-sursat toplamaq, beyət almaq məsuliyyətini ona tapşırmışdı.

O, Müslim ibn Əqil və Hani ibn Ürvənin şəhadətindən sonra bir müddət gizli yaşadı. İmam Hüseynin (ə) Kərbəlaya daxil olduğunu eşitdikdə, Həbib ibn Məzahirlə birgə Məhərrəm ayının 4-cü günü imam Hüseynin (ə) karvanına qoşuldu, canını o həzrətin yolunda fəda etdi! (“İmam Hüseynin (ə) həyatı”, Seyid Haşimi Rəsuli, səh.425.)

Bəzi rəvayətlərdən məlum olur ki, Müslüm ibn Ovsəcənin həyat yoldaşı və boyük oğlu Xələf də Kərbəla qəhrəmanlığında iştirak etmişlər. Müslüm ibn Ovsəcənin adı Aşura qaynaqlarının hamısında gözə dəyir və Aşura günü ilk döyüş zamanı şəhadətə yetən səhabələr sırasında qeyd edilmişdir. (“Məqtəlul-Huseyn (ə)” Əbu Muxnəf, səh. 136, vərəqaltı haşiyədə.)

İmam Hüseyn (ə) Aşura gecəsi beyətini səhabələrinin üzərindən götürdüyünü elan etdikdə, Bəni-Haşim gənclərindən sonra, Allaha və Əhli-beytə eşq-məhəbbətini dilə gətirən ilk şəxs Mülslüm ibn Ovsəcə olur və belə deyir:

أنَحْنُ نُخَلِّی عَنْک وَ بِمَا نَعْتَذِرُ إِلَی اللَّهِ فِی أدَاءِ حَقِّک لا وَ اللَّهِ حَتَّی أطْعَنَ فِی صُدُورِهِمْ بِرُمْحِی وَ أضْرِبَهُمْ بِسَیفِی مَا ثَبَتَ قَائِمُهُ فِی یدِی وَ لَوْ لَمْ یکنْ مَعِی سِلَاحٌ أقَاتِلُهُمْ بِهِ لَقَذَفْتُهُمْ بِالْحِجَارَةِ وَ اللَّهِ لَا نُخَلِّیک حَتَّی یعْلَمَ اللَّهُ أنَّا قَدْ حَفِظْنَا غَیبَةَ رَسُولِ اللَّهِ فِیک أمَا وَ اللَّهِ لَوْ عَلِمْتُ أنِّی أقْتَلُ ثُمَّ أحْیا ثُمَّ أحْرَقُ ثُمَّ أحْیا ثُمَّ أذْرَی یفْعَلُ ذَلِک بِی سَبْعِینَ مَرَّةً مَا فَارَقْتُک حَتَّی ألْقَی حِمَامِی دُونَک فَکیفَ لا أفْعَلُ ذَلِک وَ إِنَّمَا هِی قَتْلَةٌ وَاحِدَةٌ ثُمَّ هِی الْکرَامَةُ الَّتِی لا انْقِضَاءَ لَهَا أبَداً

“Ey Əba-Əbdillah! Sizi yalqızmı qoyaq? O zaman sənin haqqını əda etmək məsələsində Allah-Taalanın dərgahında üzr və bəhanəmiz olacaqmı? Xeyr! Allaha and olsun ki, nizəmizi düşmən sinəsinə batırmayınca, əlimiz kəsilənə qədər qılıncımızla düşməni vurmayınca, silahsız qaldığımız zaman düşməni daş-qalaq etməyincə, heç vaxt sizi tək-tənha buraxmayacaq, sizdən əl çəkməyəcəyik. Allaha and olsun ki, heç vaxt səndən ayırlmayacağıq. Qoy Allah bilsin (və isbat edək) ki, biz səninlə bağlı Rəsulullahın (s) hörmətini qoruyub-saxladıq. Allaha and olsun ki, ölüb yenidən diriləcəyəmi, yandırılıb kül olacağımı və havaya sovurulacağımı, beləcə yetmiş dəfə ölüb-diriləcəyimi bilsəm də, sənin rikabında şəhadətə yetməyincə səndən ayrılmayacağam. Nə üçün belə də etməyim? Bir halda ki, yalnız bir dəfə öldürüləcəyəm. Sonu olmayan əbədi kəramət və xoşbəxtlik isə elə budur!” (“Biharul-ənvar”, 44-cü cild, səh.392.)

Aşura günü düşmən ordusunun sağ cinahının sərkərdəsi Əmr ibn Həccac İmamın (ə) qoşununa hücum edir. Haqla batil ordusu arasında döyüş başlayır. Müslüm ibn Ovsəcə ön cəbhədə fədakarlıqla döyüşür və bu rəcəzi oxuyurdu:

انْ تَسْالُوا عَنِّی فَانّی ذُو لَبَد                                        مِنْ فَرْعِ قَوْم مِنْ ذُرى بَنِی اسَد

فَمَنْ بَغانِی حایدٌ عَنِ الرَّشَدِ                                        وَ کافِرٌ بِدِینِ جَبّار صَمَد

“Əgər mənim kim olduğumu soruşsanız, bilin ki, mən Bəni-Əsəd tayfasının seçilmiş cəngavəriyəm. Kim mənə zülm etsə, səadət yolundan çıxmış, böyük və ehtiyacsız Allahın dininə qarşı çıxaraq kafir olmuşdur.” (“Əyanuş-şiə”, 1-ci cild, səh.605.)

O, dostları ilə birgə düşməni geriyə qovmağı bacarsa da, özü möhkəm yaralanır. Döyüş toz-torpağı yatdıqda, onun qana boyanmış halda yerə yıxıldığını görürlər. İmam Hüseyn (ə) Həbib ibn Məzahirlə birlikdə onun baş üstə gəlib buyurur:

رَحِمَکَ اللهُ یَا مُسْلِمُ! مِنْهُمْ مَّنْ قَضَى نَحْبَهُ وَمِنْهُمْ مَّنْ یَنْتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِیلا

Allah sənə rəhmət etsin, ey Müslüm!” (Sonra bu ayəni tilavət etdi:) “Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə (Allah yolunda şəhadətə) sadiq olarlar. Bəziləri isə (şəhid olacağını) gözləyirlər. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.” (“Əhzab”/23.)

Həbib ibn Məzahir də dedi: “Ey Müslüm, sənin ölümün mənə çox ağırdır, amma səni müjdələyirəm ki, az sonra cənnətdə olacaqsan.”

Müslüm cavab verdi:

جَزاکَ اللهُ خَیْراً

“Allah sənə xeyir versin!”

Həbib dedi: “Əgər az sonra sənə qovuşacağımı bilməsəydim, mənə vəsiyyət etməyini istərdim.”

Müslüm imam Hüseynə (ə) işarə edərək zəif səslə Həbibə dedi:

فإّنی اُوصیک بهذا، فقاتل دونه حتی تموت؛

“Sənə vəsiyyət edirəm ki, heç vaxt ondan ayrılmayasan və son qanına qədər öz rəhbərini müdafiə edəsən.”

Bu söhbət əsnasında Müslüm ibn Ovsəcə gözlərini yumdu, şəhadət şərbətini içdi. Salam olsun Kərbəla şəhidi Müslüm ibn Ovsəcəyə!

Bilal haqqında

Həbəşistanlı Bilal qara dərili müsəlman idi. Allahın rəsulu (s) onu azançı seçdi. Azan vəhy yolu ilə nazil olarkən Peyğəmbər (s) onu Bilala öyrətdi. Onun uca səsi vardı.[1] Həzrətin (s) Bilalı azançı seçməsində bizim üçün dərslər var:

1. Qulların şəxsiyyətinə hörmət; Bilal öhdəsinə natiqlik və İslam çağırışı düşmüş bir qul idi.

2. Qara dərilinin şəxsiyyətini qorumaq; dərinin rənginin meyar olmaması.

3. Bir vaxtlar Bilala ağalıq edib, öyünərək onu məsxərəyə qoyan şəxslərin təhqiri;[2]

4. İman, təqva və ləyaqət zahiri çatışmazlıqları aradan götürür. Bilal “ş” əvəzinə “s” tələffüz edirdi. Lakin İslam onun batini gözəlliyinə və mənəvi kamilliyinə daha çox qiymət verdi.

Bilal İslamda azan deyən ilk şəxsdir.[3] O, besətin əvvəllərində Peyğəmbərə (s) iman gətirdi və iman yolunda Hicazın qızmar səhralarında şiddətli işgəncələrə dözdü. O daim “əhəd, əhəd” deyirdi.

Məkkə fəth olan gün günorta çağı Peyğəmbərin (s) göstərişi ilə Kəbənin üzərinə qalxıb azan dedi və bütləri aşırdı.[4]

Bilal Bədr, Ühüd, Xəndək döyüşlərində iştirak etdi.

Peyğəmbərdən (s) sonra özgələr üçün azan demədi. Yalnız bircə dəfə atasının dövründən ötrü darıxan həzrəti Zəhra (ə) üçün azan dedi. Həmin vaxt azanın yarısında həzrəti Zəhra (ə) və camaat ağladı.[5]

Bilalın bu rəftarı hətta azanın da haqq yolunda və ləyaqətli rəhbərin zamanında deyilməsinə üstünlük verir.

Bir gün Ömər Bilala dedi: “Əbu Bəkr səni alıb, qulluqdan azad etdi. Niyə onun namazı üçün azan demirsən?”

Dedi: “Əgər Allahın razılığı üçün məni azad edibsə, heç bir tələbim yoxdur. Lakin başqa məqsədi varsa mən yenidən onun qulu olmağa hazıram. Təki heç zaman Peyğəmbər (s) tərəfindən xilafəti elan olunmamış şəxs üçün azan deməyim.[6]

Bilal qəbul etmədiyi hakimiyyətin güclənməsi üçün hətta azan deməyə razı olmadı.

Bilal Həbəşi iman sayəsində elə bir məqama çatır ki, Peyğəmbər (s) qiyamının çağırışçısı və beytul-malın xəzinədarı olur.[7]

Əgər namaz vaxtı bütün dünyanın tələbələri azan versələr, bu çağırış xalqın oyanışına səbəb olmazmı?

Elə buradaca mərhum şəhid Nəvvab Səfəvini yad edək. O yaxınlarına deyirdi: “Günorta və axşam harada olsanız uca səslə azan deyin.” Zülm quruluşunun qəlbini dəhşətə salan həmin azanlar idi. Bu sözlər “azan səsi ilə şeytan hirslənib qaçır” hədisinin bir davamıdır.[8]

İngilis siyasətçisi Qladiston parlamentdə dedi: “Nə qədər ki, Məhəmmədin adı minarələrdən ucalır, nə qədər ki, Kəbə yerindədir və Quran müsəlmanlara yol göstərir, İslam ölkələrində bizim siyasi prinsiplərimizin bərqərar olması mümkün deyil.[9]

Səadətbəxş yönümləri və geniş mənasına xatir namazın əvvəlində bu tövhid şüarının oxunmasına qəti göstəriş verilmişdir.

 

[1] bax: “Vəsail”, 4-cü cild, səh.612.

[2] bax: “Biharul-ənvar”, 21-ci cild, səh.133.

[3] bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi.

[4] bax: “Vəsail”, 4-cü cild, səh.614.

[5] bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi.

[6] bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi.

[7] bax: Dehxuda lüğətnaməsi, “Bilal” kəlməsi.

[8] bax: “Kənzul-ummal”, 7-ci cild, səh.692.

[9] “Təfsiri Nümunə”, 4-cü cild, səh.438.

MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI

 

Səfər ayının 14-ü (Noyabr ayının 14-i) imam Əlinin (ə) vəfalı səhabəsi Məhəmməd ibn Əbu Bəkrin şəhadət günüdür. Elə bu münasibətlə, onun həyatı ilə bağlı qısa məlumatı əziz oxucularımızın diqqətinə çatdırırıq:

Əbu Bəkrin oğlu Məhəmməd 10-cu hicri-qəməri ilinin Zil-qədə ayının 25-də, İslam Peyğəmbəri (s) “Vida həcci”ni yerinə yetirmək üçün Məkkəyə doğru hərəkət edərkən Mədinə ilə Məkkə arasında dünyaya göz açdı və bacısı Ayişə ona Əbülqasim künyəsini verdi. (“Əl-istiab”, 3-cü cild, səh.1366.) Onun anasının adı Əsma binti Ümeysdir. Əsmanın birinci həyat yoldaşı imam Əlinin (ə) qardaşı Cəfər ibn Əbu Talib idi. Cəfər “Mutə” döyüşündə şəhadətə yetdikdən sonra Əbu Bəkrlə evləndi və bu evlilikdən Məhəmməd dünyaya gəldi. Əbu Bəkrin vəfatında sonra isə, Əsma imam Əmirəlmöminin Əli (ə) ilə evləndi. (“Usdul-ğabə”, 4-cü cild, səh 326.)

Əbu Bəkrin vəfatından və Əsmanın imam Əli (ə) ilə izdivacından sonra Məhəmməd elə uşaqlıq çağlarından imam Əlinin (ə) evində boya-başa çatdı və o həzrətin həyat tərzi ilə tanış oldu. Məhəmməd imam Əlinin (ə) evində ikən İslam maarifini elə o həzrətin özündən öyrəndi və dövrün tanınmış simalarından birinə çevrildi.

Məhəmmədin həyatı dönəmində baş vermiş ən mühüm hadisələrindən biri “Yovmud-dar” hadisəsi, yəni Osmanın qətlə yetirilməsidir. Məhəmmədin üçüncü xəlifə Osmanın qatillərindən olub-olmaması ilə bağlı ziddiyyətli rəvayətlər nəql olunsa da, “Əl-bidyətu vən-nihayə” və digər kitablarda onun haqda belə qeyd olunur: “Məhəmməd Osmanın qatillərindən deyil, əksinə Osmanın evinə daxil olan, onu Allahın dini və Peyğəmbərin (s) sünnəsinə əks rəftar etdiyinə görə danlayan kəslərdən biridir. Məhəmməd, öz sözünü deyib Osmanın evindən çıxıb getdikdən sonra misirlilərdən bəziləri Osmanı qətlə yetirirlər.” (“Əl-bidayətu vən-nihayə”, İbn Kəsir Dəməşqi, 7-ci cild, səh.185.)

MƏHƏMMƏD İBN ƏBU BƏKR CƏMƏL DÖYÜŞÜNDƏ

Məhəmməd “Cəməl” döyüşündə imam Əmirəlmöminin Əlinin (ə) əmri ilə ordunun piyada qüvvələrinə sərkərdəlik etdi və bu döyüşdə şücaətlə vuruşdu. Döyüşdən sonra imam Əli (ə) Məhəmmədə tapşırıq verdi ki, bacısı Ayişədən muğayat olsun. O da İmamın (ə) tapşırığını icra edib, bir neçə gündən sonra bacısı Ayişəni qırx qadınla birgə Mədinəyə apardı.

MƏHƏMMƏD MİSİRİN VALİSİ

Məhəmməd ibn Əbu Bəkr imam Əlinin (ə) əmri ilə 36-cı hicri-qəməri ilində Qeys ibn Sədin vəzifədən azad edilməsindən sonra, Misirə hakim təyin olundu. O, Misirə getdi və Qeys isə Mədinəyə qayıtdı.

İmam Əli (ə) Məhəmməd ibn Əbu Bəkrin Misirə hakim seçilməsi ilə bağlı əmrində belə yazdı: “Bağışlayan və mehriban Allahın adı ilə! Allahın bəndəsi və möminlərin əmiri Əli, Məhəmməd ibn Əbu Bəkri Misirə hakim təyin etdiyi zaman ona fərman verir ki, ilahi təqvaya riayət etsin, gizli və aşkarda Allahın əmrlərini yerinə yetirsin, müsəlmanlarla mülayim, cinayətkarlarla sərf və kitab əhli ilə ədalətlə davransın. Məzlumların haqqını müdafiə edib, zülmkarlarla mübarizə aparsın. Camaata güzəştə getsin və bacardığı qədər onlara yaxşılıq etsin. Çünki Allah yaxşılıq edənləri sevir, çirkin əməl sahiblərini isə cəzalandırır.”

MÜAVİYƏ BƏ MƏHƏMMƏD İBN ƏBU BƏKRİN ŞƏHADƏTİ

“Siffeyn” döyüşü Müaviyənin xeyrinə tamalanan “həkəmiyyət” macərası ilə sona yetdikdən sonra, Müaviyə Misiri ələ keçirmək fikrinə düşdü. Həm də, Siffeyn döyüşündə Müaviyə döyüşdn qalib çıxacağı təqdirdə Əmr ibn Asa Misirə hakim təyin edəcəyini söz vermişdi. O, Əmr ibn Asın rəhbərliyi ilə Misirə ordu göndərdi. Misirin hakimi Məhəmməd ibn Əbu Bəkr, Əmr ibn Asın hücum xəbərini eşitcək, imam Əlidən (ə) yardım istədi. İmam Əli (ə) onun məktubuna cavab göndərdi, istədiyini çatdıracağını vəd etdi və bu bu məqsədlə Malik Əştəri Misirə ezam etdi. Lakin Malik Əştər Misirə çatmamış Müaviyənin muzdurları tərəfindən zəhərlənib şəhadətə yetdi. (“Əl-ğarat”, İbrahim ibn Məhəmməd ibn Səid ibn Hilal Səqəfi, c.1, səh.259-260.)

Digər tərəfdən, Məhəmməd ibn Əbu Bəkr, Əmr ibn Asın qoşunu ilə döyüşmək üçün Kənanə ibn Bişrin başçılığı ilə iki min nəfərlik qoşun göndərdi. Özü isə iki min nəfər qoşunla qaldı. Kənanə igidlik göstərib yoldaşları ilə birlikdə şəhadətə yetənə qədər Əmr ibn Asın qoşunu ilə döyüşdü.

Onların ölüm xəbəri Məhəmmədin qoşununa çatdıqda, qoşun onun ətrafından dağıldı. Məhəmməd yalqız qaldığını gördükdə qaçıb, Misirin xarabalıqlarının birində gizləndi. Əmr ibn As Misirə daxil oldu və öz sərkərdələrindən İbn Xüdeyc Kindini Məhəmmədi axtarıb tapmaq üçün məmur etdi. İbn Xüdeyc çox axtarışdan sonra Məhəmmədi tapıb, başını bədənindən ayırdı və bədənini də yandırdı. Məhəmməd ibn Əbu Bəkr 38-ci hicri-qəməri ilində 28 yaşında ikən şəhadətə yetdi.

İmam Əli (ə) onun şəhadət xəbərini eşitdikdə, narahat oldu və buyurdu: “Bizim Məhəmmədin matəmindəki kədərimiz Müaviyənin sevincindən də çoxdur... Həqiqətən, o, mənə bir övlad, mən də ona ata idim. Onu özümə övlad bilirdim.” (“Tətimmətül-müntəha”, Şeyx Abbas Qummi, səh.57.)