Cümə02152019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Məqalələr

İmam Rizanın (ə) ziyarətinin ikinci Həcdən üstünlüyü

 

 Bu ziyarət rəcəb ayında olsa münasibdir!
Mötəbər sənədli bir rəvayət nəql olunur: Məhəmməd ibn Süleyman imam Cavaddan (ə) soruşdu: “Vacib həccini başa vurub Mədinəyə gələn, Mədinədə peyğəmbəri ziyarət edən, sonra Nəcəfə yola düşüb Əmirəlmömininin (ə) ziyarətində olan, Kərbəlada imam Hüseyni (ə), Bağdadda imam Kazimi (ə) ziyarət edən bir şəxs yenidən həccə getmək gücündədirsə, Xorasanda imam Rizanı (ə) ziyarət etsə yaxşı olar, yoxsa həccə getsə?” İmam Cavad (ə) buyurdu: “Yaxşı olar imam Rizanı (ə) ziyarət etsin. Bu ziyarət rəcəb ayında olsa münasibdir!” (“Kamiluz-ziyarat”, bab 101, hədis 7, s.509)

İmam Rzanın (ə) bizlərə salamı və tövsiyələri

İmam Rza (ə) Əbdüləzim Hüseyni (ə) vasitəsilə insanlara bu xəbəri çatdırır və buyurur: "Bizim davamçılarımıza və dostlarımıza salam çatdır. Özlərinə şeytanın yolunu açmasınlar... "

Bu şeytan televizor da ola bilər, internet də, dost da, hansısa kitab da, nəfsani meyllər də...

İmam Rza (ə) buyurur ki, şeytanı qoymayın ki, ruhunuza nüfuz etsin. Şəxsi əlaqənizdən tutmuş mütaliə etdiyiniz kitablara qədər. Haram mal, haram qazanc kimi. Bu haram mal şeytan üçündür. Çünki haram mal həm insanı məhv edər və həm nəslini.
Şeytanın yollarından biri - yalan danışmaqdır. Düz danış, müəllim düz danışsın, tacir düz danışsın, həkim düz danışsın. Əgər bir şeyi bilmirsənsə, de ki, bilmirəm. Heç bir eybi yoxdur. Necə ki, Allah Peyğəmbərə buyurur ki, belə desin: "De: «Mən bilmirəm". ("Cinn" 25).
İmam Rza (ə) buyurur: "İnsanlara de ki, xəyanət etməsinlər".

İmamın bizlərə tövsiyə etdikləri:

1. Şeytanın yolunu açmayaq.
2. Danışan zaman düz danışaq.
3. Əmanətə xəyanət etməyək.
4. Sükut etmək və yersiz söz danışmamaq.
5. Bir-birimizi görməyə gedək. İmam (ə) bizlərə tövsiyə edir ki, bir-birimizi görməyə gedək və bir-birimizdən küsməyək. İmam (ə) buyurur: "Nə zaman bir-birinizi görməyə gedirsiniz, mənə yaxın olursunuz. Bir-birinizin yanında əyləşəndə mən ləzzət alıram".

6. İmam (ə) insanlara tövsiyə verməklə yanaşı, bəzilərini nifrinləyir və buyurur: "Mən nifrin edirəm o kəsə ki, Əhli-beyt (ə) davamçılarının abrını aparar. Öhdəmə götürmüşəm ki, əgər kimsə möminin abrını tökərsə, dua edərəm ki, dünyada bədbəxtliyə düçar olsun".

7. İmam (ə) buyurur: "Allah Əhli-beyt (ə) davamçılarından iki dəstəni bağışlamaz: müşrik olanı və ürəyi bədbin olanı". Bədbin - yəni, ürəyində istəyir ki, həmin insan məhv olsun. Allah bu cür insanı bağışlamaz. Hər kim möminə əziyyət verər, Allah iman ruhunu ürəyindən alar.

Əgər İmamın (ə) bu tövsiyələrinə əməl etsək, cəmiyyətimizdəki çox sayda problemlərin qarşısını alar və daha xoşbəxt bir həyatda yaşa bilərik.

İmam Riza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur?

 

İmam Riza (ə) Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur:
“Şübhəsiz, İmamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir... İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)

İmam Rzanın (ə) misilsiz əxlaq nümunəsi

Son illərdə alimlərin nəzərini çəkən ən mühüm mövzulardan biri də sadə yaşam və gözəl əxlaqa malik olmaqdır. Qərb mədəniyyətinin hücumu, lazımsız şeylərə çox diqqət etmək sadə yaşamağın və əxlaqi dəyərlərə diqqət etməyin nə qədər mühüm mövzu olduğunu bir daha xatırladır.

Əgər Məsumların (ə) həyatlarına nəzər salsaq, onlardan çoxlu ibrət dərsləri alarıq. İbrahim ibn Abbas İmam Rzanın (ə) əxlaqı barəsində belə deyir: “Heç vaxt görmədim ki, Həzrət (ə) sözləri ilə kiminsə haqqında cəfa etsin. Ya kiminsə sözünü bitməmiş kəssin. Ehtiyaclıların ehtiyacını yerinə yetirərdi. Heç bir zaman hacətini yerinə yetirməyə qadir olduğu hacəti rədd etməzdi. Ayaqlarını heç kəsin yanında uzatmazdı. Başqalarının yanında nəyəsə söykənməzdi. Heç vaxt görmədim ki, xidmətçilərini təhqir etsin. Heç vaxt görmədim ki, ağzının suyunu atsın və cəm içində heç vaxt görmədim ki, yüksək səslə gülsün. Gülüşü təbəssüm idi. O zaman ki, süfrə açılardı qullar, xidmətçilər, hətta gözətçilər belə onunla bir süfrədə əyləşərdilər. Gecələri az yatar və çox oyaq olardı. Gecələrin çoxunda gecənin əvvəlindən sübhə qədər oyaq olardı. Çoxlu oruc tutar və hər ay üç gün oruc tutardı. Buyurardı ki, bu üç gün oruc bütün ömrümün orucudur. Çox kömək edər və sədəqə verərdi. Gecələrin qaranlığında gizli şəkildə bu işi görərdi. Əgər kimsə desə ki, onun kimi şəxsiyyəti görmüşdür, inanmayın”.

İmam Rzadan (ə) 20 hədis

 

1- Hədis: Mömində 3 xüsusiyyət olmasa, o həqiqi mömin deyil: bir sünnə Allahdan, bir sünnə peyğəmbərdən, bir sünnə imamdan. Allahın sünnəsindən: sirrini gizli saxlamaq; Peyğəmbər (s) sünnəsindən: insanlarla müdara və xoş davranış; İmam (ə) sünnəsindən: yoxsulluq və qəm-qüssə zamanı səbir.
2- Hədis: Gizli yaxşı əməlin 70 qat artıq mükafatı var. Pis işi aşkarlayan rüsvay olar, gizləyənin günahları bağışlanar.

3- Hədis: Təmizlik və paklıq peyğəmbərlərin əxlaqındandır.

4- Hədis: Etibarlı (əmin) insan sənə xəyanət etməz. Sən səhvən xaini etibarlı saymısan.

5- Hədis: Böyük qardaş ata yerinədir.

6- Hədis: Hər bir insanın dostu ağıl, düşməni cəhalətdir.

7- Hədis: Bir şəxsin iştirak etdiyi yerdə adını çəkərkən hörmət olaraq künyəsini (vasitəli adını) dilə gətirin. İştirakı olmayan yerdə adını çəkmək olar.

8- Hədis: Həqiqətən, Allah qeylüqal, tələf, çox ağız açmağa pis baxır.

9- Hədis: Müsəlman şəxsin ağlı 10 xüsusiyyətlə kamil olar:
-ondan xeyir gözlənilsin;
-insanlar onun pisliyindən amanda qalsın;
-başqasının kiçik yaxşılığını böyük saysın;
-öz böyük yaxşılığını kiçik bilsin;
-ona çox ağız açılsa narazı qalmasın;
-ömür boyu öyrənməkdən yorulmasın;
-Allah yolunda yoxsulluğu var-dövlətdən üstün tutsun;
-Allah yolunda zəlilliyi əks yolda əzizlikdən üstün bilsin;
-Tanınmamağı ad-sandan üstün saysın;
-Gördüyü adamı özündən üstün, təqvalı saysın .

10- Hədis: İmam Rzadan (ə) soruşdular ki, siflə nədir? Buyurdu: “İnsanda onu Allahdan ayıran nə varsa siflədir.

11- Hədis: İman İslamdan bir dərəcə yuxarıdır.Təqva isə imandan bir dərəcə yüksəkdir. Amma Adəm övladına yəqindən üstün bir şey verilməyib.

12- Hədis: İzdivac, ailə həyatı qurarkən süfrə açmaq, qonaqlıq vermək sünnədir.

13- Hədis: Bir qurtum su ilə də olsa qohumluq əlaqələrini bərpa edin. Qohumluqda ən yaxşı iş qohumu incitməməkdir.

14- Hədis: İmam Rza (ə) daim səhabələrinə tapşırardı: “Peyğəmbərlərin silahını yaddan çıxarmayın!” Soruşulanda ki, bu silah nədir, buyarardı: “Dua!”

15- Hədis: Helm və elm, dini dərketmənin əlamətlərindəndir. Susmaq hikmət qapılarındandır. Sükut hər bir xeyir işdə bələdçidir.

16- Hədis: Elə bir dövr gələcək ki, salamatçılıq on şeydə olacaq: doqquzu xalqdan, cəmiyyətdən uzaqlıq, biri sükut, susmaq!

17- Hədis: İmam Rzadan (ə) təvəkkülün nə olduğunu soruşdular. Buyurdu: Yəni Allahdan başqasından qorxmamaq!

18- Hədis: Həqiqətən, insanların ən pisi o şəxsdir ki, yaxınlarını xalqdan uzaqlaşdırar, süfrəyə tək oturar, tabeçiliyində olanı vurar.

19- Hədis: Xəsisin rahatlığı, paxılın xoş saatı, hakimin vəfası, yalançının mərdliyi olmaz.

20- Hədis: Allaha qarşı nikbin ol, Ona ümid et. Allah bəndəsinə onun münasibəti əsasında yanaşar. Az ruziyə qane olanın az əməlindən razı qalar. Halal və az ruziydən razı qalan adamın yükü yüngül olar, ailəsi nemət içində yaşayar, Allah dünyanın dərdi və dərdin çarəsinə onun gözünü açar, onu dünyadan behiştə sağ-salamat çatdırar.