Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Həzrət Məsumə (s)

Həzrət Əbülfəzl Abbas ələyhis-salam

Həzrət Zeynəb ələyha salam

"Gözəllikdən başqa bir şey görmədim"

Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır. necə ki, gördük, Z...

ƏTRAFLI

Loading...

Pak sülalə

İmam Hüseyn (ə)

Həzrət Məsumə (s)

Nəcəfül-Əşrəfdə Günəşin Fərqli doğuşu

HƏR GÜN ÖZÜNÜ SORĞUYA ÇƏK!

 Bu dünyada nəfsini hesaba çəkən insan xeyir tapacaq
Ölümdən sonra həyata, qəbr və qiyamət sorğusuna, cəhənnəm əzabına inanan şəxs öz əməllərinə, danışığına, əxlaqına biganə qala bilərmi?!
İmanlı insan elə bu dünyada öz əməllərini hesaba çəkib, tədbir görməli, qiyamət sorğusuna hazırlaşmalıdır. Ağıllı tacir hər gün dükanının, alverinin hesabını aparır, xeyir-zərərini müəyyən edir. Sual olunur: dünya, yoxsa axirət zərəri daha təhlükəlidir?!

Həzrət Əli (ə) buyurur: “Qiyamət sorğusundan qabaq həmin bu dünyada öz əməllərinizi hesaba çəkin”; “Bu dünyada nəfsini hesaba çəkən insan xeyir tapacaq.”
İslam Peyğəmbəri (s) sevimli səhabəsi Əbuzərə buyurur: “Qiyamətdə sorğuya çəkilənədək bu dünyada öz nəfsini hesaba çək. Bu günün hesabı qiyamət hesabından asandır.”

İnsan öz nəfsini, əməllərini hesaba çəkməyə adət etmək üçün üç mərhələdə iş apara bilər:
1.Günün münasib bir vaxtında (məsələn, sübh namazından sonra) insan öz nəfsinə müraciət edib, deyə bilər ki, ey nəfs, hazırda diriyəm, amma ömrünmdən nə qədər qaldığı məlum deyil; ölümə hazır ol, bu gün savab dalınca get, günahdan çəkin və s.
2.Nəfslə şərt kəsdikdən sonra gün uzunu ona nəzarət etmək zəruridir. Həzrət Əli (ə) buyurur: “Nəfsi azad buraxmaq şeytana fürsət verməkdir.”
3.Günün sonunda həmin günün əməllərini hesaba çəkmək üçün saat təyin olunur. Yol verilmiş nöqsanlara görə insan nəfsini danlayıb, tövbə edir.

Dost seçmək cırıq libasa yamaq vurmağa bənzəyir

Min dostun olsa da az, bir düşmən isə çoxdur
İmam Əli (ə) buyurub:

“Dost geyimdəki yamaq kimidir. Bunları bir-birinə uyğun seçmək lazımdır”.
“Qürər əl-hikəm” c. 1, səh. 379.

Belə bir misal var: Min dostun olsa da az, bir düşmən isə çoxdur. Və yaxud dost seçmək hünərdir, onu qoruyub saxlamaq isə daha böyük hünər tələb edir. Bunlar doğrudur.

Lakin ən önəmlisi dost seçimində müəyyən “meyarın” olmasıdır. Yoldaşın insan rəftar və düşüncələrində nə dərəcədə təsirli olduğunun izahına lüzum yoxdur. Bəzən ən əməlisaleh insanlar belə təsadüfi, yanlış seçilmiş dostların qurbanına çevrilirlər. Bəzən də yanlış yolda olan günahkar insanlar pak, nəfsini cilovlamış insanlarla dostluq nəticəsində, onların paklıq, sədaqət, dindarlıq ətrini duyur və yeni yolun seçimini qarşılarına məqsəd qoyurlar.
İmam Əlinin (ə) təbiri ilə desək, dost seçmək cırıq libasa yamaq vurmağa bənzəyir. Seçilmiş yamağın rəngi, növü libasa uyğun olmalıdır. Necə deyərlər, “su axar çuxurunu tapar”. İnanclı müsəlmana layiq dost əxlaqlı, pak və iffətli olmalıdır. Öz fikir, mədəniyyət, dini inanclarınız və milli mentalitetinizə uyğun dostlar seçin. Əks təqdirdə yaşam tərziniz və ictimai əxlaqınız bir-birinə uymayacaq. Sizin iman, əxlaq və inanclarınıza zərbə vuran dost əyninizdəki “eybəcər yamaq”lı geyimi xatırladır.

Peyğəmbərin (s) qızı, Vəliallahın qızı, Vəliallahın bacısı və Vəliallahın bibisinin mövludu!

İmam Musa Kazımın (ə) övladlarının sayı barəsində tarixçilər arasında nəzər ayrılığı vardır. Ən çox ehtimal budur ki, Həzrətin (ə) 30 övladı olmuşdur. İmamın (ə) fəzilətli övladlarından biri Həzrət Məsumədir (s.ə) ki, tarixçilər onun Fatimə adını daşıdığını bildirirlər.

İmam Cəfər Sadiq (ə) İmam Kazımın (ə) mövludundan əvvəl Xanım Fatimeyi-Məsumənin (s.ə) mövludunu xəbər vermişdi. Vilayət nəsli 45 il əvvəl bu banunun dünyaya gəlişinin intizarında idi. İmam Rza (ə) ilə Həzrət Fatimənin (s.ə) anası Nəcmə xanım olmuşdur ki, cəmi bu iki övlada malik ola bilmişdi. İmam Rza (ə) öz bacısından 25 il əvvəl dünyaya gəlmişdir. Bütün bu 25 il ərzində həm İmam (ə) və həm də Nəcmə xanım bu gözəl banunun intizarında olmuşdular.

Xanımın (s.ə) ziyarətində oxuyuruq ki, o, Peyğəmbərin (s) qızı, Vəliallahın qızı, Vəliallahın bacısı və Vəliallahın bibisidir. Bu deyilənlər Xanımın (s.ə) məqamının böyüklüyündən bəhs edir. Məsum İmamlar (ə) arasında böyüyən bu gözəl banu səadət rəhbərləri tərəfindən tərbiyə almış, İlahi elm sayəsində ruhunu təkamül etdirə bilmişdi. (Erfan)

Həzrət Məsumə (s.ə) elə bir ailədə böyüyürdü ki, atası, anası və bacı-qardaşları gözəl əxlaqa bürünmüşdülər. İbadət, dindarlıq, təqva, düz danışmaq, səbir, mətanət, səxavət, rəhimlilik, iffət bu ailənin əsil sifətlərindən sayılırdı.

İmam Rzanın (ə) bacıları çox idi. Lakin bacılar arasında Həzrət Məsumə (s.ə) xanım Həzrət Zeynəb (s.ə) kimi risalət vəzifəsini öhdəsinə götürür. Həmin dövrdə Bəni-Abbasın zülmü və əziyyəti hər yerə yayılmışdı. Ona görə də Həzrət Məsumə (s.ə) qardaşı Əhməd ibn Musa (ə) ilə İrana tərəf yollandılar və onların zülmünü ifşa etməyə başladılar.

İmam Sadiq (ə) Həzrət Məsumə (s.ə) barəsində buyurur: “Agah olun ki, behiştin səkkiz qapısı vardır ki, olardan üçü Quma tərəf açılır. Orada bir banu dəfn olunacaqdır ki, mənim övladlarımdandır və adı Fatimədir, Musanın (ə) qızıdır. Onun şəfaəti ilə bütün Əhli-Beyt (ə) davamçıları behiştə daxil olacaqdır”.

Xanım Məsumə (s.ə) o fəzilətli banulardan idi ki, daima ibadət halında idi. O, hər hansı günahın çirkinliklərindən tamamilə uzaq bir insan idi. Həzrət Zəhranın (s.ə) isməti onda öz təcəllisini tapmışdı.

Məsumə (s.ə) ləqəbini bacısına İmam Rza (ə) vermişdi və onu həmişə bu ləqəblə səsləyərdi. Bu sifət xanımın ismətinə dəlalət edir. Xanımın (s.ə) məqamı o qədər uca idi ki, qardaşı İmam Rza (ə) özü onu dəfn etmişdi.

Məsumlarımız (ə) Həzrət Məsuməni (s.ə) Həzrət Zəhraya (s.ə) bənzədirlər. Belə ki, Həzrət Zəhra (s.ə) İmam Əlinin (ə) vilayətini müdafiə etmək üçün canını fəda edir və cavan yaşında şəhid olur. Həzrət Məsumə (s.ə) də qardaşı İmam Rzanın (ə) vilayətini müdafiə etmək üçün Mədinədən İrana tərəf hicrət edir və Qumda şəhid olur.

Qum ilə Həzrət Məsumə (s.ə) ayrılmaz bağlara malikdirlər. Qumun şərafəti məhz Xanıma (s.ə) görədir. Qum üçün bir şərəf idi ki, Həzrət Məsumə (s.ə) kimi bir banu ora gəlsin və o diyarda dünyasını dəyişsin.

Mövludun mübarək, ey kövsər çeşməsi!

Mövludun mübarək, ey İmam Rzanın (ə) sevimli bacısı!

İmam Rza(ə) buyurmuşdur: "Hər kim Fatiməni Qumda ziyarət edərsə, sanki məni ziyarət etmişdir".

Yeddinci İmam Musa Kazımın (ə) qızı olan həzrət Fatimə Məsumə (s.ə) hicri 173-cü il(miladi 795), Zilqədə ayının 1-ində Mədinə şəhərində dünyaya göz açıb.

Atası yeddinci İmamımız İmam Museyi Kazim(ə)-dır. Anası Nəcmə xatundur. Qardaşı, səkkizinci İmamımız İmam Rzadır (ə).Elə uşaq ikən atası İmam Museyi Kazim, Abbasi xəlifəsi Harunun zindanında şəhid edilmiş və bundan sonra qardaşı İmam Rzanın(ə) himayəsi altında böyümüşdür .

Ad və ləqəbləri: Əsl adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. "Kərimeyi Əhli-beyt" kitabından verilən mötəbər sənədə əsasən ona bu ləqəb günahsız və məsum olduğu üçün verilib.

Xanımın başqa ləqəbləri də vardır. Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Üxtür-Rza. ("Ənvarul-muşəşəəyn", cild 1, sə. 211)

Yeddinci əsrdə yaşamış sünnü alimi İbn Covzi İmam Kazimin (ə) övladları arasında Fatimə adı ilə dörd qız uşağını qeyd etmişdir.

1)Fatimeyi-Kubra. 2)Fatimeyi-Suğra. 3)Fatimeyi-Vusta. 4)Fatimeyi-Uxra. ("Təzkiratul-xəvas" , səh. 315 və "Biharul-ənvar", cild. 48, səh. 137)

Qeyd etmək lazımdir ki, Fatimeyi-Kubra, həmin həzrərti Məsumədir. Qəbri İranın Qum şəhərində yerləşir. Fatimeyi-Suğra isə, Bibi-Heybət adı ilə tanınmışdır. Müqəddəs məzarı, Bakı şəhərindədir. ("Biharul-ənvar", cild 48, səhifə 317) Fatimeyi-Uxra, tarixdə İmam bacısı ləqəbi ilə tanınmışdır.O,İranın Rəşt şəhərində dəfn olunub. ("Biharul-ənvar" cild-48, səhifə 286 və 317) Sitti-Fatimə ləqəbi ilə tanınmış Fatimeyi-Vustadır. Qəbri İranın İsfəhan şəhərində yerləşir. Fatimeyi-Məsumə bacıları arasında ən böyüyü olduğu üçün, Fatimeyi-Kubra adlanıb.

Hicri qəməri 200-cü ildə (miladi 823) İmam Rza (ə) Abbasi xəlifəsi Məmunun təkid və təhdidindən sonra, qohum-əqrabasız Mərvə tərəf getməyə məcbur oldu. Qardaşından ayrı düşən Məsumə, bir müddətdən sonra onu görmək üçün bacı-qardaşlari və yaxın adamlarından ibarət bir dəstə ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün məntəqələrdə camaat onları böyük coşqu və təntənə ilə qarşılayıb, məhəbbət göstərirdilər.

Kərbəla qəhrəmanı Xanım Zeynəb (s.ə), qardaşı İmam Hüseynin (ə) haqqını müdafiə etdiyi kimi, bu xanım da qardaşı İmam Rzanın (ə) Məmun tərəfindən məruz qaldığı zülmündən, sürgün olunduğundan və Məmunun Əhli-beytə qarşı olunan hiyləgərliyini ifşa edirdi.

Karvan, Savə şəhərinə çatdıqda qabaqcadan hazırlanmış bir dəstə məmur karvana hücum edib, bütün kişiləri şəhadətə yetirdilər. Bir rəvayətə əsasən, hətta Xanım Məsuməni (s.ə) zəhərləyirlər. Hər-halda o, ya  qəm-qüssədən, və ya zəhərlənmə nəticəsində xəstələnib Xorasana gedə bilmir.Xorasana gedə bilmədiyini görən Xanım Məsumə(s.ə) ətrafındakılardan Savə məntəqəsindən Qum şəhərinə qədər olan məsafəni öyrənəndən sonra, buyurdu: "Məni Qum şəhərinə aparın. Atamdan eşitdim ki, Qum şəhəri şiələrimizin şəhəridir".

Xanım Qum şəhərinə daxil olduqda xalq tərəfindən təntənə ilə qarşılanır və 10 gün keçdikdən sonra əbədiyyətə qovuşur. Rəvayətlərə görə, Xanım Məsumə (s.ə) hicri qəməri tarixi ilə 201-ci ilin (miladi 824) rəbius-sani ayının onu və ya on ikisi qardaşı İmam Rzanı (ə) görmədən qürbətdə böyük qəm-qüssə ilə dünyasını dəyişir və şiələri matəmə qərq edir. Qəbrı hal hazırda Qum şəhərində ziyarətgahına çevrilmışdır.

İmam Sadiq (ə) buyurmuşdur: " Allahın evi Məkkə, həzrət Peyğəmbərin (s) evi Mədinə, Əmirəlmöminin Əlinin (ə) evi Küfə, mənim və övladlarımın evi  Qum şəhəridir.( Biharul -ənvar, c60, səh 266)

İmam Cavad (ə) buyurmuşdur: “Hər kəs Qum şəhərində bibimi ziyarət edərsə cənnətə daxil olacaqdır”.

MƏSUMEYİ-QUM FENOMENİ

Zilqədə ayının biri, yəni həzrət Fatimeyi-Məsumənin (s.ə.) təvəllüdü günü kəramət günlərindən biridir. İslam aləminin böyük alimlərindən olan Ayətullah Cəfər Sübhani həm İmam Kazimin (ə) qızı xanım Fatimeyi-Məsumənin (s.ə.), həm də səkkizinci imam Həzrət Rzanın (ə) mövlud günlərini “kəramət günləri” adlandıraraq, bu islami bayramların daha coşğulu bir şəkildə reallaşmasını vurğulayıb. O, “kəramət günləri” adlı tədbirlərin geniş qeyd edilməsini zəruri sayıb.
Xanım Fatimeyi-Məsumənin şəxsiyyəti, onun müqəddəs Qum şəhəri ilə əlaqəsi barədə çoxumuzun yetərli məlumatı yoxdur.

Həzrət Məsumə hicri-qəməri tarixilə 173-cü ildə müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam Musa ibn Cəfər (ə), anası Nəcmə xatun, qardaşı imam Rza (ə) olmuşdur. Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı imam Rza (ə) onu öz himayəsi altına almışdır. Məmun Abbasinin təkid və təzyiqlərindən sonra İmam Rza (ə) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytdən heç bir kəs olmayan halda Xorasana getmişdir. Qardaşının hicrətindən bir il keçdikdən sonra İmam Rzanı (ə) görmək şövqündə olan həzrət Məsumə bir dəstə mömin ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi. Həzrət Məsumə (s.ə.) də böyük bibisi xanım Zeynəb (ə) kimi qardaşının məzlumiyyəti və qürbətini insanlara çatdırır, həmçinin onlara özü və Əhli-beytin bəni-Abbasın zalım hakimiyyətinə qarşı olan müxalifətini bəyan edirdi. Həzrət Məsumənin məqsədi Xorasana getmək idi. Lakin karvan Savə şəhərinə çatdıqda hökumət məmurlarının himayə etdiyi bir dəstə Əhli- beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar. Nəticədə təxminən karvanın bütün kişiləri şəhid oldu, həzrət Məsumə (s.ə.) isə zəhərləndi.

Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməyə imkansız olub Qum şəhərinə tərəf yola düşdü. Xanım buyurdu: ”Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, buyururdu: ”Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir”. Burada İmam Sadiqin (ə) bu hədisi yada düşür: ”Qum kiçik Kufədir. Behiştin 8 qapısı var, onlardan üçü Qumdadır. O şəhərdə övladlarımdan bir qadın dünyadan köçəcək. Onun şəfaəti ilə bütün tərəfdarlarım behiştə daxil olacaqdır”. Bəli, o həzrət 17 gün müddətində bu şəhərdə yaşadıqdan sonra qardaşı imam Rzanı (ə) görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib Əhli-beyt aşiqlərini matəmə qərq etdi.

Bir maraqlı fakt bundan ibarətdir ki, o Həzrəti kimin dəfn etməsi zamanı çətinlik yaranır və bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sürətlə onlara yaxınlaşır. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə Həzrətin (s.ə.) pak nəşini qaldıraraq ona verdi. O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar. O iki nəfər Allahın höccəti sayılan İmam Rza (ə) və imam Cavad (ə) olur. Çünki məsum insan məsum şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, xanım Fatiməni (ə) Əmirəl möminin, Həzrət Məryəmi (ə) İsa (ə) (bu siyahını davam etdirmək olar) şəxsən dəfn etmişdir.

Həzrət Məsumənin (s.ə) qəbri üzərində imam Cavadın (ə) qızı Zeynəb (ə) ilk dəfə olaraq günbəz tikdirdi. Hal-hazırda xanım Məsumənin (ə) mübarək məzarı Əhli-beyt ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgah və şəfa yerinə çevrilib.

Mütəal Allah bizə Peyğəmbər və onun Əhli-beytinin bu dünyada ziyarətini, axirətdə şəfaətini nəsib etsin, inşaallah.

HƏZRƏTİ FATİMEYİ MƏSUMƏNİN (ə) ELMİ MƏQAMI

Həzrət Məsumə (ə) elm, təqva və əxlaqi fəzilət çeşməsi olan bir nəsildən idi. Xanım böyüyəndə əziz atasını şəhadətə yetirirlər və onun, habelə, digər bacı və qardaşların təlim və tərbiyəsini İmam Rza (ə) öz öhdəsinə götürdü. O Həzrətin diqqəti nəticəsində İmam Kazımın (ə) övladları yüksək məqama çatdılar.

İmam Kazımın (ə) övladları arasında İmam Rzadan (ə) sonra Həzrət Məsumə (ə) elm və əxlaq baxımından onların içərisində ən ali məqama sahib idi. Bu həqiqəti Məsum İmamların (ə) onun haqqında dedikləri təriflərdən, ləqəblərdən, adlardan görmək olar. Əgər bu həqiqətə diqqət etsək ki, nəfsin tərbiyəsi ilə İlahi elmlərin və hikmətlərin, ürfani və əxlaqi dərəcələrin bir-biri ilə ayrılmaz əlaqələri vardır, Həzrət Məsumənin (ə) təsvirəgəlməz elmi məqamını dərk etmək olar. Xanım Fatimeyi-Məsumə də Həzrət Zeynəb kimi “Alimə” idi.

Yuxarıda dediklərimizi təsdiq edən bu hədisə diqqət edək. 9-cu əsrin böyük alimi Hilli deyir: “Cümə günü Əhli-beyt (ə) ardıcılları Həzrət Musa ibni Cəfəri (ə) görmək və ona suallar vermək üçün Mədinəyə gedirlər. İmam Kazım (ə) səfərdə olduğu üçün suallarını hələ yaşı az olan Həzrət Məsuməyə (ə) verirlər. O günün sabahısı yenə o Həzrətin evinə gedirlər, ancaq o Həzrət hələ də səfərdən qayıtmamışdı. Onlar sullarını tələb edirlər ki, gələn səfərdə İmama (ə) verə bilsinlər. Ancaq onlar bilmirdilər ki, bu sualların cavabı artıq orada Həzrət Məsumə (ə) tərəfindən qeyd edilmişdi. Cavabları görəndə çox sevindilər və razı halda Mədinədən çıxdılar. Onlar yolda İmam Musa Kazıma (ə) rast gəlirlər və başlarına gələnləri İmama danışırlar. İmam (ə) sualların cavabını mütaliə etdikcə deyirdi: “Atan sənə fəda””.