Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt ələyhim əs-səlam İmam Əli ibn Əbi Talib (ə)

Həzrət Əbülfəzl Abbas ələyhis-salam

Həzrət Zeynəb ələyha salam

"Gözəllikdən başqa bir şey görmədim"

Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır. necə ki, gördük, Z...

ƏTRAFLI

Loading...

Pak sülalə

İmam Hüseyn (ə)

İmam Əli ibn Əbi Talib (ə)

İmam Əlinin (ə) bütün müharibələri yalnız din uğrunda idi

Bəzi cahil və ya qərəzli insanlar belə bir şübhə ortaya atırlar ki, guya İmam Əli (ə) ilə Müaviyə (lən) arasında savaş dini səciyyəli deyil, aralarında olan müharibə siyasi müharibə olmuşdur. Başa düşülən budur ki, onların bu şübhəni ortaya atmağlarında maraqları Müaviyənin guya dindar olmasını müdafiə etməkdir. Və həmçinin bu şübhə ilə digərlərini də müdafiə etməkdir.

Lakin bu şübhə kökündən batil olan bir şübhədir. Bunu isbat eləmək üçün əlimizdə gözəl bir dəlil var. İmam Əli (ə) Peyğəmbər (s) tərəfindən sığortalanmışdır ki, özündən sonra Quranın təvili (batini mənası) uğrunda vuruşacaqdır. Bəs Müaviyə və digərləri nə uğrunda vuruşublar?! Onlar Quranın batini mənasını dəyişmək istədikləri üçün, İmam Əli (ə) onlarla Quranın batini mənası uğrunda vuruşmuşdur.

Mövzu ilə bağlı təqdim edəcəyimiz dəlil budur: Əhli-sünnənin hədis alimi əl-Hakim ən-Nisəbur səhih sənəd ilə hədis 4621-də nəql edir: Əbu Səid əl-Xudri deyir: “Rəsulullahla (s) birgə olduqda o Həzrətin (s) ayyaqqabısı cırılmışdır və Əli (ə) onun ayaqqabısını tikdiyinə görə bizlərdən bir qədər geriyə qaldı. Rəsulullah (s) bir az yeridikdən sonra buyurdu: "Quranın nazil olması uğrunda (müşrüklərlə) mənim vuruşduğum kimi, sizlərində içinizdən birisi olacaq ki, Quranın təvili (batini mənası) uğrunda vuruşacaqdır". Camaat bu sözün marağında idi. Birinci xəlifə dedi: "O, mənəm?". Rəsulullah (s) buyurdu ki, xeyr. İkinci xəlifə dedi: "O mənəm?". Rəsulullah (s) yenə buyurdu ki, xeyr. “O, ayaqqabını yamayandır”.

Əbu Səid əl-Xudri buyurur: "Biz (səhabələr) gəldik ki, İmam Əliyə (ə) müjdə verək ki, Rəsulullah (s) sənin üçün belə bir söz dedi. Amma o, başını da belə qaldırmadı. Elə bil ki, bunu Rəsulullahdan (s) özü eşitmişdir".

Hədisdən sonra əl-Hakim və əz-Zəhəbi hədisin Buxari və Müslümün şərtinə əsasən səhih olduğunu təsdiqləyiblər.

Hədisdən çıxarılan digər dəlil də budur ki, İmam Əli (ə) – Həzrət Peyğəmbərin (s) haqq canişinidir. Niyə? Çünki, Quranın nazil olma uğrunda Həzrətin (s) özü vuruşdu, təvili uğrunda isə o Həzrətin (s) haqq canişinindən başqası kim vuruşa bilər ki?! Quranın batini mənasını haqq canişindən başqası kim bilə bilər ki?! Təbii ki, Peyğəmbərin (s) haqq canişini olan İmam Əli (ə).

İmam Əlinin(ə) fəzilətləri – “Sabiqun”

İmam Əlinin(ə) fəzilətləri – “Sabiqun”(Öndə olanlar - Vaqiə ayə:10-14)

Qurani-Kərimdə imam Əlinin (ə) fəzilət və üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Sabiqun” adını daşıyan “Vaqiə” surəsinin 10-14-cü ayələridir. Bu ayələrdə buyurulur:

وَالسَّابِقُونَ السَّابِقُونَ أُوْلَئِكَ الْمُقَرَّبُونَ فِي جَنَّاتِ النَّعِيمِ ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ

“Öndə olanlar, öndə olanlar! Onlar yaxın olanlardır. Onlar behiştin nemətlə dolu bağlarında olacaqlar. Bir qrupu əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında İbn Abbasdan belə nəql edir: “İmanda öndə olanlar üç nəfərdir: Musaya iman gətirən Yuşə ibn Nun, İsaya iman gətirən Sahibi-Yasin (Həbib Nəccar) və Peyğəmbərə (s) ilk iman gətirən Əli (ə)!”

Yenə həmin kitabda İbn Abbasın belə dediyi nəql olunur: “Peyğəmbərdən (s) bu ayənin təfsirini soruşdum. Həzrət buyurdu:

حَدَّثَنِى جَبْرَئِيلُ بِتَفْسِيرِها، قالَ ذاكَ عَلِىٌّ وَشِيعَتُهُ اِلَى الْجَنَّةِ:

Mən onun təfsirini Cəbraildən soruşdum. O dedi: “Ayə Əli və onun şiələrinə aiddir, onlar hamıdan öncə behiştə girəcəklər!” (“Şəvahidut-tənzil”, c.2, səh.213, 215-216, hədis 924 və 927.)

Bu iki hədis və təfsir bir-birilə ziddiyyət təşkil etmir; çünki imam Əli (ə) həm Peyğəmbərə (s) iman gətirməkdə, həm də behiştə daxil olmaqda hamıdan öndədir. Həqiqətdə, bu iki təfsirin bir-birilə sıx rabitəsi var. Yəni hamıdan əvvəl Peyğəmbərə (s) iman gətirən şəxs hamıdan əvvəl də behiştə daxil olacaqdır!

“Əd-durrul-mənsur” kitabında da İbn Əbu Hatəm və İbn Mərdəveyh həmin ayənin təfsiri ilə bağlı İbn Abbasdan iki rəvayət nəql edirlər. Hədislərin birində belə deyilir: “Musaya (ə) iman gətirən birinci şəxs Yuşə ibn Nun, İsaya (ə) iman gətirən birinci şəxs Həbib Nəccar və İslam Peyğəmbərinə (s) iman gətirən birinci şəxs isə Əli ibn Əbu Talibdir (ə)!” Həmin kitabda bu məzmunda daha bir neçə hədis də nəql olunmuşdur. (“Əd-durrul-mənsur”, c.6, səh.154.)

Burada bir neçə mühüm məsələnin qeyd olunması zəruri nəzərə çarpır:

1) Ayədə qeyd olunanqəlilun minəl-axirin(az bir qismi də sonrakılardır) ifadəsindəməqsəd kimlərdir?

Sözügedən ayələrdə öndə gedənlərin yüksək məqamından, Allah dərgahına yaxın olmalarından və onların behiştin nemətlə dolu bağlarında yaşayacaqlarından söz açılır və həmin ayələrin davamında belə buyurulur:

ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ

“Bir qismi əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Məhəmməd ibn Fərat, Məhəmməd ibn Səhl və Əli ibn Abbasdan bir neçə rəvayət nəql etmişdir ki, Cəfər ibn Məhəmməd (s) “az bir qismi də sonrakılardır” ayəsinin təfsirində buyurmuşdur: “O, Əli ibn Əbu Talibdir!” (“Şəvahidut-tənzil”, c.2, səh.218, hədis 932-935.)

Məlum olduğu kimi, ayənin mənası bu deyil ki, İslam ümməti içərisində behiştə yalnız imam Əli (ə) gedəcək; əksinə imanda hamıdan öndə olmaq behiştdə yüksək məqam tələb edir. Bu da Peyğəmbər (s) sonra imam Əliyə (ə) məxsusdur. Buna görə də, behiştə öndə gedənlərin (“əshabul-yəmin”in, sağ tərəf sahiblərinin) məqamlarından söz açan “Vaqiə” surəsinin sonrakı ayələrində buyurulur ki, bir qrup əvvəlki ümmətlərdən, bir qrup da sonrakı ümmətdən, yəni Mühəmmədin (s) ümmətindən behiştə daxil olacaq. Aydındır ki, əməl dəftəri sağ əlinə verilən kəslər behişt əhlidirlər, lakin onların məqamı öndə gedən və Allah dərgahına yaxın olanların məqamına çata bilməz.

2) Birinci müsəlman kimdir?

Bu məsələ ilə əlaqədar ən mühüm bəhslərdən biri də İslam Peyğəmbərinə (s) iman gətirən və beyət edən birinci şəxsin kim olmasıdır. Bütün İslam ümmətinin yekdil fikrinə əsasən, qadınlar içərisində Peyğəmbərə (s) iman gətirən birinci şəxs xanım Xədicə (s.ə.), kişilər içərisində isə imam Əlidir (ə). O, Peyğəmbərə (s) iman gətirən, onunla beyət edib namaz qılan, rüku və səcdə edən birinci şəxsdir. Bu, bütün İslam mənbələrində açıq-aydın göstərilmişdir. Biz burada həmin mənbələrin bir qisminə işarə edirik:

Səhabələrdən on səkkiz nəfəri müxtəlif silsilə sənədlərlə Peyğəmbərdən (s) nəql etmişlər ki, İslamı qəbul edən və Peyğəmbərlə (s) namaz qılan birinci kişi imam Əli (ə) olmuşdur:

1. Əbu Səid Xidri deyir: Peyğəmbər (s) əlini həzrət Əlinin (ə) kürəyinə vurub buyurdu:

يا عَلِىّ لَكَ سَبْعَ خِصالٍ لا يُحاجُّوكَ فِهِينَّ اَحَدٌ يَوْمَ الْقِيامَةِ اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً بِاللهِ...

“Ya Əli! Sən yeddi xislətə maliksən ki, qiyamət günü heç kəs sənə tay ola bilməz (səninlə mübahisə edə bilməz): “Birincisi budur ki, Allaha iman gətirən (və İslamı qəbul edən) ilk şəxs sənsən...” (“Hilyətül-övliya”, Əbu Nəim İsfahani, c.1, səh.66.)

2. İbn Abbas deyir ki, Ömər ibn Xəttabın belə dediyini eşitdim: “Əlini pis adla çağırmayın. Mən onun haqqında Peyğəmbərdən (s) bəzi fəzilətlər eşitmişəm ki, əgər onların biri Xəttab övladlarında olsaydı, mənim üçün günəşin saçdığı hər bir şeydən sevimli olardı. Əbu Bəkr, Əbu Übeydə və bir qrup səhabə ilə Ümmü-Sələmənin evinə getdik. Əlini onun evinin kandarında görüb dedik: “Peyğəmbəri (s) görmək istəyirik!” Əli buyurdu: “İndi gələcək.” Peyğəmbər (s) gələrkən, biz də Həzrətə tərəf getdik. Həzrət, Əliyə söykəndi və əli ilə onun çiyininə vurub buyurdu:

اِنَّكَ مُخاصِمٌ، اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً وَ اَعْلَمُهُمْ بِاَيّامِ اللهِ وَ اَوْفاهُمْ بِعَهْدِهِ وَاَقْسَمُهُمْ بِالسَّوِيَّةِ وَاَرْاَفَهُمْ بالرَّعِيَّةِ وَ اَعْظَمُهُمْ الرَّزِيَّةَ:

“Səninlə müxalifətə qalxacaqlar, halbuki sən iman gətirən ilk möminsən, ruzigardan hamıdan çox xəbərdarsan, ilahi əhd-peymana ən vəfalısan, ədalətlə bölgüdə hamıdan dəqiqsən, rəiyyətə qarşı hamıdan mehribansan və sənin müsibətin də hamının müsibətindən böyükdür!” (“Kənzül-ümmal”, c.13, səh.117.)

3. Salman Farsi Peyğəmbərin (s) belə buyurduğunu deyir: “Kövsər hovuzunda mənə qovuşan birinci şəxs İslam dinini qəbul edən birinci şəxsdir: O Əli ibn Əbu Talibdir!” (“Kənzül-ümmal”, c.11, səh.616.)

4. Əbu Süxeylə deyir: “Mən və Salman həcc əməllərini yerinə yetirdikdən sonra Əbuzərin yanına getdik və bir az onun yanında oturduq. Ayağa qalxıb qayıtmaq istədikdə dedim: “Ey Əbuzər! Mən bir sıra işlərin baş verdiyini görür və camaatın arasında ixtilaf düşəcəyindən qorxuram. Əgər belə bir hadisə baş versə, mənə nə göstəriş verəcəksən?” Əbuzər dedi: “Allah-Taalanın kitabı və Əli ibn Əbu Talibdən ayrılma! Şəhadət verirəm ki, Peyğəmbərin (s) belə buyurduğunu özüm eşitmişəm: “Əli mənə iman gətirən və qiyamət günü mənimlə görüşəcək birinci şəxsdir. O, “böyük siddiq” (sözündə və əməlində doğru) və “faruq”dur, yəni haqqı batildən ayırandır!” (“Təlxisu tarixid-Dəməşq”, müəllif: “İbn Mənzur” adı ilə məşhur olan İmam Məhəmməd ibn Mükərrəm, c.17, səh.306, “Ehqaqul-həqq” kitabından nəqlən, c.20, səh.472 və “Kənzül-ümmal”, c.11, səh.616, hədis 32990.)

5. İbn Abbas deyir: “Əli (ə) heç kimdə olmayan dörd xislətə malik idi. “...O, ərəb-əcəm içərisində Peyğəmbərlə (s) namaz qılan birinci şəxsdir!” (“Əl-muxtar fi mənaqibil-əbrar”, səh.16.)

6. Peyğəmbərin (s) dövründə müharibədə yaralananlara yardım edən Leyla Qifariyyə adlı bir qadın deyir: “Mən Əlinin (ə) qoşununda müharibə məqsədilə Bəsrəyə getdim. Ayişənin o həzrətə qarşı çıxdığını görüb, şübhəyə düşdüm. Onun yanına gedib soruşdum: “Peyğəmbərdən (s) Əli (ə) haqqında bir fəzilət eşitmisənmi?” Dedi: “Bəli!” Sonra bir əhvalat danışdı və nəhayət, Peyğəmbərin (s) belə buyurduğunu dedi: “Əli mənə iman gətirən birinci şəxsdir!” (“Təlxisu tarixid-Dəməşq”, c.7, səh.119.)

7. Peyğəmbəri-Əkrəmin (s) səhabəsi Abdullah ibn Sabit deyir: “Bir gün Peyğəmbərin (s) hüzuruna gedib dedim: “Ya Peyğəmbər! Sənin elə bir sevimli səhabən varmı ki, bir hadisə baş verdikdə, ona qoşulaq və bir təhlükə zamanı onun yolunda fədakarlıq göstərək?” Peyğəmbər (s) buyurdu: “O, hamıdan əvvəl müsəlman olan və İslamı qəbul edən Əlidir!” (“Mənaqib”, Əhməd ibn Mərdəveyh, “Ehqaqul-həqq” kitabından nəqlən, c.15, səh.336.)

Bu hədisdə açıq-aydın göstərilir ki, Abdullah ibn Sabit kimiləri Peyğəmbərdən (s) sonra imamət və vilayət məqamına kimin hamıdan layiqli olduğunu bilmək istədikdə, Peyğəmbər (s) imam Əlini (ə) göstərmişdir.

Şeyx Məhəmməd ibn Mükərrəm Ənsari “Təlxisu tarixid-Dəməşq” adlı kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “İslamı qəbul edən birinci şəxs mənəm!” (“Təlxisu tarixid-Dəməşq”, c.17, səh.118.)

“Nəhcül-bəlağə”də də dəfələrlə bu məsələ qeydə alınmış və imam Əli (ə) 131-ci xütbədə belə buyurmuşdur:

اَللّهُمَّ اِنِّى اَوَّلُ مَنْ اَنابَ وَ سَمِعَ وَ اَجابَ لَمْ يَسْبِقْنِى اِلاّ رَسُولُ اللهِ (ص) بالصَّلاةِ:

“İlahi! Sənə üz tutub, əmrini eşidən və qəbul edən birinci şəxs mənəm. Peyğəmbərdən (s) başqa heç kim məndən öncə namaz qılmamışdır!” (Bu ibarə “Nəhcül-bəlağə”nin 71-192-ci xütbələrində də gəlmişdir.)

Bu məsələni İbn Hişamın “Əs-sirətun-nəbəviyyə” adlı məşhur kitabında nəql etdiyi bir rəvayətlə sona çatdırırıq. Əlbəttə, etiraf etməliyik ki, bu haqda nəql olunan rəvayətlər olduqca çoxdur. O yazır: “İslamın ilk çağlarında Peyğəmbər (s) namazı məxfi şəkildə, Məkkənin dərələrində qılardı. Onunla bu yolda bir addım atan və namaz qılan şəxs yalnız Əli ibn Əbu Talib (ə) idi... Günlərin birində atası Əbu Talib ondan “Oğlum! Sənin qəbul etdiyin bu din nədir?” – deyə soruşduqda, Əli (ə) buyurdu: “Atacan! Mən Allaha, Peyğəmbərinə (s) və Allah tərəfindən göndərilənə iman gətirmişəm və onunla birgə namaz qılıram...” Əbu Talib dedi: “Agah ol ki, o, səni yalnız xeyir və yaxşılığa dəvət edir. Ondan heç vaxt ayrılma!” (“Sireyi-İbn Hişam”, c.1, səh.263)

Sual: Burada İslamın əvvəllərindən bəzi bəhanə axtaranlar tərəfindən belə bir məşhur sual irəli sürülmüşdür: “Düzdür, həzrət Əli (ə) İslamı qəbul edən birinci şəxsdir, lakin yetkinlik həddinə çatmayan 10 yaşlı bir uşağın İslamı qəbul etməsi nə qədər mühüm ola bilər?! Halbuki onun yetkinlik dövrünü meyar və əsas götürsək, başqaları ondan qabaq İslamı qəbul etmişlər.”

Cavab: Burada xəlifə Məmunla onun müasiri İshaq adlı məşhur əhli-sünnə alimi arasında baş verən danışıqları qeyd etməyi münasib görürük (bu əhvalatı İbn Əbdu Rəbbih “İqdul-fərid” kitabında qeyd etmişdir):

Məmun, İshaqa deyir: “İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün ən fəzilətli əməl nə ola bilərdi?

İshaq: “Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə səmimi qəlbdən şəhadət vermək.”

Məmun: “Həzrət Əlidən (ə) öncə İslamı qəbul edən bir şəxsi tanıyırsanmı?”

İshaq: “Əli (ə) İslamı qəbul edəndə, yaşı çox az idi və ilahi hökmlər ona aid deyildi.”

Məmun: “Məgər həzrət Əlinin (ə) İslam dinini qəbul etməsi Peyğəmbərin (s) dəvəti ilə olmayıbmı? Məgər Peyğəmbər (s) onun İslama gəlişini qəbul etmədimi? Belə isə, necə ola bilər ki, Peyğəmbər (s) bir kəsi İslama dəvət etsin, amma onun İslama gəlişi qəbul olunmasın?”

İshaq, Məmunun bu sualına cavab verə bilməyib susdu. (“İqdul-fərid”, c.3, səh.43 – ixtisarla.)

Mərhum Əllamə Əmini bu əhvalatı “İqdül-fərid” kitabından nəql etdikdən sonra yazır: “Əbu Cəfər İskafi Mötəzili (vəfatı: 240-cı h.q ili) öz risaləsində yazmışdır ki, hamının bildiyi kimi, həzrət Əli (ə) çərşənbə axşamı Peyğəmbərə (s) iman gətirmiş və özü buyurmuşdur ki, mən başqalarından yeddi il qabaq namaz qılmağa başlamışam! O, həmişə deyərdi: “Mən İslamı qəbul edən ilk şəxsəm.” Bu isə hər məşhur məsələdən məşhurdur. Biz keçmişdəkilər arasında elə bir şəxs tapa bilmədik ki, həzrət Əlinin (ə) İslamı qəbul etməsini yüngül saysın, yaxud “İslamı uşaq ikən qəbul etdi” desin. Maraqlıdır ki, Abbas və Həmzə kimi şəxsiyyətlər İslamı qəbul etmək üçün Əbu Talibin rəftarını gözləyirdilər. Lakin Əbu Talibin oğlu heç vaxt atasını gözləməyərək, Peyğəmbərə (s) iman gətirdi.” (“Əl-qədir”, c.3, səh.237.)

Bir sözlə, İslam Peyğəmbəri (s) imam Əlinin (ə) imanını qəbul etdiyi halda, bunu mötəbər saymayanlar həqiqətdə Peyğəmbərə (s) irad tuturlar. Bir də ki, Peyğəmbər (s) Qüreyşin mühüm adamlarını bir yerə yığıb, onları İslam dininə dəvət edərkən belə buyurmuşdur: “İslamın müdafiəsinə qalxaraq dəvətimi qəbul edən şəxs mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəm olacaqdır.” O zaman imam Əlidən (ə) başqa heç kim bu işi qəbul etmədi və Peyğəmbərə (s) cavab olaraq dedi: “Mən sənə beyət edirəm və sənin köməkçinəm.” Peyğəmbər (s) də buyurdu: “Sən mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəmsən!”

Beləliklə, Peyğəmbər (s) o gün yetkinlik həddinə çatmayan, bəhanə axtaranların dediyi kimi, imanı etibarsız olan bir kəsi öz qardaşı, vəsisi və canişini kimi tanıtdırıb, başqalarına da ona tabe olmağı əmr etmədimi? Hətta müşriklərin böyükləri istehza ilə Əbu Talibə dedilər ki, get, oğluna tabe ol!

Şübhəsiz, büluğ həddi İslamın qəbul şərtlərindən deyil. Kifayət qədər ağlı kəsən, yaxşı-pisi ayırd edən hər bir yeniyetmə uşaq İslamı qəbul etsə, atası müsəlman olmasa belə, müsəlmanların zümrəsinə daxil olur. Qurani-Kərimin ayələrindən də başa düşülür ki, yetkinlik həddi hətta nübüvvət və peyğəmbərliyin şərtlərindən də sayılmır. Peyğəmbərlərdən bəzisi elə uşaq ikən bu məqama çatmışlar. Belə ki, Qurani-Kərimdə Yəhya (ə) haqqında buyurulur: “Biz ona uşaq ikən peyğəmbərlik verdik!” (“Məryəm”/12.) Həzrət İsanın (ə) əhvalatında onun uşaq ikən “Mənə kitab verən, peyğəmbərliyə seçən Allahın bəndəsiyəm!” (“Məryəm”/30.) dedikləri qeyd olunmuşdur.

Qeyd olunanlar arasında ən aydın dəlil Peyğəmbərin (s) imam Əlinin (ə) imanını qəbul etməsi, dəvətinin ilkin çağlarında Qüreyş böyüklərinin qarşısında onu öz qardaşı, (özündən sonra) vəsi və xəlifəsi elan etmişdir. Beləliklə, Əli (ə) Peyğəmbərin (ə)dəvətini qəbul edən ilk şəxsdir deyən rəvayətlər imam Əlinin (ə) misilsiz fəzilətini açıqlayır. Heç kim bu işdə onunla qarşı-qarşıya dura bilməz və o, İslam ümməti içərisində Peyğəmbərin (s) canişinliyinə hamıdan layiqdir. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.242-252.)

İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “SİDDİQUN”

Qurani-Kərimdə imam Əmirəlmöminin Əli(ə)ın fəzilətinə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Siddiqun” adını daşıyan “Hədid” surəsinin 19-cu ayəsidir. Bu ayədə buyurulur:

وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُوْلَئِكَ هُمُ الصِّدِّيقُونَ وَالشُّهَدَاء عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ

“Allaha və Peyğəmbərinə iman gətirənlər – məhz onlar Allah dərgahında olan siddiqlər (sözündə və əməlində doğru olanlar) və şəhadət verənlərdir. Onların öz mükafatları və nurları vardır!”

“Şəvahidut-tənzil” kitabında İbn Əbu Leylinin öz atasından, onun da Peyğəmbəri-Əkrəmdən (s) belə nəql etdiyi qeyd olunmuşdur:

اَلصِّدِّيقُونَ ثَلاثَةٌ: حَبِيبُ النَّجّارِ مُؤمِنُ آلِ ياسِينَ، حِزْبِيلُ (حِزْقِيلُ) مُؤمِنُ آلِ فِرْعَوْنَ، وَ عَلِىُّ بْنُ اَبِى طالِبٍ الثّالِثُ وَهُوَ اَفْضَلُهُمْ:

“Siddiqlər (ən doğru olanlar) üç nəfərdir: Ali-Yasin mömini Həbib Nəccar, ali-Firon mömini Hizbil (Hizqil) və onların fəzilətlisi olan Əli ibn Əbu Talib.” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.223, hədis 937.)

Bu hədis Əhməd ibn Hənbəlin “Fəzailul-xəmsə”, Əbu Nəimin “Mərifətus-səhabə” və İbn Məğazilinin “Mənaqib” kitablarında da nəql olunmuşdur. (“Şəvahidut-tənzil” kitabının haşiyəsi, Məhmudi, 2-ci cild, səh.224.)

“Şəvahidut-tənzil” kitabında bu məzmunda müxtəlif sənədlərlə qırx hədis nəql olunmuşdur. (“Şəvahidut-tənzil”, hədis 939-942.)

Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddət” kitabında bu hədisi Əbu Nəimə, İbn Məğaziliyə, Müvəffəq Xarəzmiyə və Əhməd ibn Hənbəlin “Müsnəd” kitabına istinad edərək, Əbu Leyli və Əbu Əyyub Ənsaridən nəql etmişdir.

“Kənzül-ümmal” kitabında İbn Abbasdan, “Ehqaqul-həqq” kitabında silsilə sənədlərlə müxtəlif kitablardan çoxlu rəvayət nəql olunmuşdur. (“Ehqaqul-həqq”, 3-cü cild, səh. 243.) Nümunə olaraq iki hədisi qeyd etməklə kifayətlənirik:

“Kənzül-ümmal” kitabında imam Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur:

اَنَا عَبْدُ اللهِ وَاَخُو رَسُولِهِ وَاَنَا الصِّدِّيقُ الاَكْبَرُ لا يَقُولُها بَعْدِى اِلاّ كَذّابٌ مُفْتَرٍ وَلَقَدْ صَلَّيْتُ قَبْلَ النّاسِ سَبْعَ سِنِينَ:

“Allahın bəndəsi, Peyğəmbərinin qardaşı və böyük siddiq mənəm! Bu sözü məndən sonra yalançılardan başqa kimsə iddia etməz. Mən camaatdan yeddi il qabaq (Peyğəmbərlə (s) birlikdə) namaz qılmışam!” (“Kənzül-ümmal”, 13-cü cild, səh.122, hədis 36389, Beyrutun “Müəssisətur-risalə” çapı.)

Həmin kitabda Məaz Ədviyyədən belə nəql edilir: “Bəsrənin minbərində imam Əlinin (ə) belə buyurduğunu eşitdim:

اَنَا الصِّدِّيقُ الاَكْبَرُآمَنْتُ قَبْلَ اَنْ يُؤمِنَ اَبُوبَكْرٍ وَاَسْلَمْتُ قَبْلَ اَنْ يُسْلِمَ:

“Böyük siddiq mənəm! (Çünki) Mən Əbu Bəkr iman gətirməzdən öncə iman gətirmişəm, o, İslamı qəbul etməzdən qabaq İslamı qəbul etmişəm!” (“Kənzül-ümmal”, 13-cü cild, səh.164, hədis 36497.)

Bu hədislər xilafət haqda birbaşa söz açmasa da, İslam ümməti arasında “siddiq” məqamını imam Əliyə (ə) aid edir. Bu bir fəzilətdir və başqaları ilə müqayisədə o həzrətin üstünlüyünü göstərir. Bununla da, Peyğəmbərin (s) xəlifəlik məqamına imam Əlinin daha layiq olduğu aydınlaşır.

Bir çox rəvayətlərdə imam Əli (ə) İslam ümmətinin siddiqi kimi tanıtdırılsa da, bəzi alimlər bu ləqəbi başqalarına vermişlər. Bu ayənin təfsirində nəql olunan bir sıra rəvayətlərdə siddiqlərin səkkiz nəfər (o cümlədən, imam Əli (ə) və Əbu Bəkr) olduğu göstərilir. Qeyd etmək lazımdır ki, bu rəvayətlər Peyğəmbərdən (s) nəql olunmamışdır. Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur ki, məhz, imam Əli (ə) bu ümmətin siddiqidir. Bu da ayənin ümumi məfhumu ilə ziddiyyət təşkil etmir. Məlum olduğu kimi, belə rəvayətlər ən kamil fərdə aid olub, İslam ümməti içərisində “siddiq”in ən kamil nümunəsini, sözündə və əməlində doğru olanı, Peyğəmbərə (s) hamıdan öncə iman gətirəni, o həzrəti birinci təsdiq edən şəxsi (imam Əlini (ə)) nəzərdə tutur. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.226-228.)

İmam Əli (ə) kimdir?

Mövlud və əsil-nəsəb

Nəzər əhli üzü bu gün Kəbəyə,
Pərdədən süzülür Allahın nuru.
Qiblədən sıyrılır qiblənümamız,
Arzular çin olur, könüllər duru .


Tarixçilərin yazdıqlarına görə həzrət Əli (ə) otuzuncu Fil ilində, rəcəb ayının on üçü, cümə günü Kəbənin daxilində görünməmiş bir şəkildə dünyaya göz açmışdır. Təhqiqatçı alim höccətül-İslam Nəyyir deyir:

Ey Kəbə evində göz açan insan,
Gövhərsən, cisminin sədəfi Məkkə.
Kəbədə mövludun heyrət doğurdu,
Haqqın evi saldı üstünə kölgə.


Həzrətin atası Əbu-Talib ibn Əbdül-Müttəllib ibn Haşim ibn Əbdül-Mənaf, anası Fatimə binti Əsəd ibn Haşim olmuşdur. Göründüyü kimi, həzrət Əli (ə) həm ata, həm də ana tərəfdən Haşimi soyundandır. Əbu-Talibin həzrət Əlidən (ə) başqa daha üç oğlu olmuşdur: Talib, Əqil və Cəfər.
Amma həzrət Əlinin mövludu, dünyaya gəlişi o biri qardaşlarının dünyaya gəlişindən fərqli olmuşdur. Bu doğuş maraqlı və mənəvi dəyişikliklərlə müşayiət olunmuşdur. Həzrətin anası allahpərəst olmuş və İbrahimin Hənif dinində həyat sürmüşdür. Bu qadın daim Allah dərgahına münacat etmiş və qarşıdakı doğuşun asan keçməsi üçün Allaha yalvarmışdır. Fatimə bu uşağa hamilə olduğu vaxt özünü ilahi nura qərq olmuş vəziyyətdə hiss etmiş, sanki bu körpənin başqa övladlardan fərqləndiyi barədə fələklərdən ilham almışdır.
Şeyx Səduq və Qəttal Nişapuri nəql etmişlər ki, Yezid ibn Qənəb demişdir: «Mən Abbas ibn Əbdül-Müttəllib və Əbdül-Üzza tayfasından bir qrupla Allah evinin kənarında əyləşmişdim. Əmirəl-mömininin anası Fatimə binti Əsəd doqquz aylıq körpəyə hamilə vəziyyətdə doğuş ağrısı çəkə-çəkə deyirdi: «Pərvərdigara, mən sənə, peyğəmbərlərindən gələnə, Sənin tərəfindən nazil olmuş kitablara iman gətirmişəm. Cəddim İbrahim-Xəlilin sözlərini təsdiq edirəm. Bu qədim evin bünövrəsini qoyan o olmuşdur. Səni and verirəm bu evi tikənin və bətnimdə olanın haqqına, bu doğuşu mənim üçün asan et». Yezid ibn Qənəb deyir: «Biz öz gözümüzlə Kəbə evinin arxadan yarıldığını və Fatimənin Kəbəyə daxil olduğunu gördük. Fatimə gözdən itdikdən sonra divar yenidən birləşdi. Kəbənin qapısını açmaq istəsək də mümkün olmadı. Başa düşdük ki, bu Allahın işidir. Dörd gün sonra Fatimə qucağında Əmirəl-möminin (ə) bayıra çıxdı və dedi: «Mən keçmişdəki bütün qadınlardan üstünəm. Çünki Asiya Allaha elə bir yerdə gizlin pərəstiş edirdi ki, həmin yerdə yalnız çarəsizlikdən pərəstiş edilməsi mümkün idi. İmran qızı Məryəmi beytül-müqəddəsdə doğuş sancısı tutduqda ona nida edilir ki, bayıra çıxsın, ibadətgahda doğuş olmaz. Mən isə Allahın evinə daxil oldum, behişt meyvələrindən yedim, bayıra çıxmaq istədikdə nida gəldi ki, ey Fatimə, onun adını «Əli» qoy. Nida gəldi ki, Əliyyul-əla Allah buyurur: «Mən ona öz adımdan götürdüyüm ad qoydum, onu öz ədəbimlə tərbiyə etdim, ona gizli elmlərimdən agahlıq verdim; odur mənim evimdə bütləri sındıran, odur evimin damında azan deyən, məni pak bilən; xoş o kəsin halına ki, onu dost tutar, ona itaət edər; vay o kəsin halına ki, onu düşmən tutar və ona müxalif olar».
Həzrət Əlinin (ə) dünyaya Kəbədə göz açmaqla qazandığı iftixar nə keçmişdə kimsəyə nəsib olub, nə də gələcəkdə nəsib olasıdır. Həzrətin dünyaya Kəbədə göz açması sünnə əhlinin də etiraf etdiyi bir həqiqətdir. Necə ki, ibn Səbbağ Maliki, «Füsulul-Mühimmə» kitabında deyir: «Həzrət Əlidən (ə) qabaq kimsə Kəbə evində dünyaya göz açmamışdı. Bu fəziləti Allah-təala yalnız Əliyə (ə) aid etmiş və bununla da xalqa onun uca məqamını göstərmişdir.» («Füsulul-mühimmə», səh. 14.)
«Biharın» 9-cu cildində Həzrətə ad qoyulması barədə yazılmışdır: «Əbu-Talib körpəni anasından aldı, öz sinəsinə sıxdı. Fatimənin əlindən tutub Əbtəhə (Məkkə və Mina arasındakı yer) gəldi. Allah dərgahına üz tutaraq belə münacat etdi:

Ey qaranlıq gecənin, parlaq ayın sahibi,
Öz hökmünü bəyan et, adlandır bu naibi.


Onlara cavab olaraq qeybdən nida gəldi:

Pak övladınızı çağırın «Əli»,
Allah adındandır onun təməli.


Böyük sünni alimləri də öz kitablarında uyğun məsələyə toxunmuşlar. Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-Talib» kitabında azca dəyişikliklə nəql etmişdir.
Bəzi rəvayətlərdə nəql olunur ki, Fatimə binti Əsəd körpəsi dünyaya gəldikdən sonra onun adını Heydər qoydu. Körpəni bələyib ərinə verdiyi zaman bu ad barədə məlumat verdi. Həzrət Əli (ə) Xeybər döyüşündə tanınmış yəhudi pəhləvanı Mərhəbə buyurdu:

Anam «Heydər» qoymuş mənim adımı,
Bu şirin önündə duran oldumu?!


Həzrətin adı Əli qoyulduğundan Heydər adı onun sair ləqəbləri sırasına qatıldı. Heydər, Əsədullah, Mürtəza, Əmirəl-möminin həzrətin məşhur ləqəblərindəndir. Onun künyəsi Əbül-Həsən və Əbu-Türab olmuşdur.
Rəvayətlərdə Fatimə və Əbu-Talibin allahpərəstliyi və müsəlman olması da bildirilir. Onlar cahiliyyət dövründə də tək Allaha inanmışlar. Öz övladlarına ad vermək üçün Allah dərgahına üz tutmuş, onun əmrini gözləmişlər. Fatimə binti Əsəd həzrət Peyğəmbər üçün ana kimi olmuşdur. Fatimə həzrətə ilkin iman gətirənlərdən və Mədinəyə mühacirət edənlərdəndir. O, dünyasını dəyişdiyi vaxt həzrət Peyğəmbər (s) öz köynəyini Fatimə üçün kəfən etmiş, onun cənazəsinə namaz qılmış, qəbir sıxıntısından qurtarmaq üçün qəbrinə enmiş, ona təlqin buyurmuş və dua etmişdir. («Üsule-kafi» 2-ci cild, tarix babı.)
Əbu-Talib də tək Allaha sitayiş etmiş, həzrət Peyğəmbərin besətindən sonra ona iman gətirmişdir. Qüreyşin şeyxi və rəisi olduğundan Əbu-Talib öz imanını məxfi saxlamışdır. Şeyx Səduq nəql edir ki, bir şəxs ibn-Abbasa dedi: «Ey Peyğəmbərin əmioğlusu, mənə de görüm, Əbu-Talib müsəlman oldumu?» İbn-Abbas dedi: «Müsəlman olmayan şəxs belə deyərdimi: «Məkkə müşrikləri bilirdilər ki, biz öz övladımız Məhəmmədi qəbul edirik və o, boş sözlərə etina etmir». Əbu-Talib Kəhf səhabələri kimidir. O öz imanını qəlbində gizli saxladı və zahirən müşrik kimi göründü. Allah onlara iki savab verdi. Həzrət Sadiq buyurmuşdur: «Əbu Talib Kəhf səhabələri kimidir. Qəlbində iman vardı, zahirən müşrik görünürdü. Allah ona iki mükafat verdi: Birini imanına, o birini isə təqiyyəsinə görə».
«Biharul-ənvarda» Əbu-Talibin həzrət Peyğəmbəri mədh edən şerləri nəql olunmuşdur. Bu şerlərin məzmunundan görünür ki, o İslamı qəbul etmişdir. Əbu-Talib həzrət Peyğəmbərə (s) xitabən deyir:

Dəvətinlə mənə xeyir dilədin,
Dinlərin tacıdır gətirdiyin din.


İmam Sadiqdən soruşdular ki, Əbu-Talibin kafir olduğu düzdürmü? Həzrət buyurdu: «Yalan deyirlər. Kafir belə deyə bilərdimi:

Musa tək tanıdıq Məhəmmədi biz,
Kitablarda adı yazılmış səlis.


Şeyx Süleyman Bəlxi «Yənabiul-məvəddət» kitabında Əbu-Talib haqqında yazır: «Qüreyşin rəisi və böyüyü olan Əbu-Talib Peyğəmbərin himayəçisi və yardımçısı idi. O, Peyğəmbəri çox sevirdi. O, həzrətin tərbiyəçisi olmuş və peyğəmbərliyini etiraf etmişdi. Əbu-Talib həzrət Peyğəmbər haqqında xeyli şer qoşmuşdur.
Həzrət Əlinin Kəbədə dünyaya gəlməsi Bəni-Haşim üçün böyük iftixar oldu. Ərəb və əcəm şairləri bu barədə xeyli şer yazmışlar. Seyyid Həmirinin bu mövzuda yazılmış bir neçə misrasını xatırlayaq:

Anası müqəddəs Kəbə evində
Gətirdi dünyaya oğlu Əlini.
Libası pakizə, özü pakizə,
Mövlud üçün seçdi eşq məhəllini.

Kamil insan - İmam Əli (ə)

İmam Əlinin (ə) sözləri elə bir xüsusiyyətə malikdir ki, insan onun sözlərinin hansı hissəsinə daxil olursa, yeni bir dünyaya daxil olduğunu görür
Bizim Əlini (ə) özümüzə örnək və imam seçməyimiz bütün insani dəyərləri mütənasib və bərabər şəkildə özündə inkişaf etdirmiş kamil bir insanı özümüz üçün rəhbər seçməyimiz deməkdir.
Axşamlar, gecənin sakit qaranlıqlarında heç bir arif Əliyə çata bilməz. İnsan müəyyən bir məsələdə coşduğu kimi, Əli də haqqa doğru cəzb edilərək çəkilir və Allaha doğru seyrdə təlatümə gəlir. Döyüş meydanında, bədəninin yaralanmasına və hətta bəzən bədənindən bir parça ətin qopmasına baxmayaraq, diqqətini mübarizə nöqtəsində cəmləyərək heç bir şeyə əhəmiyyət vermir. İbadətdə elə qərq olur və ilahi eşq, vücudunda elə şölələnir ki, sanki bu dünyada deyil. O, bəzilərini belə vəsf edir: «Onlar xalqla olmalarına baxmayaraq, ruhları çox ali məqamlara bağlıdır».
İbadət edəndə bədəninə batmış oxu dartıb çıxarırlar, amma diqqəti haqq və ibadətə elə cəzb olur ki, heç nə hiss etmir. İbadət mehrabında elə ağlayır və elə sızlayır ki, misli görünməyib.
Gündüz olanda isə elə olur ki, sanki həmin adam deyil. Səhabələri ilə oturanda çox təbəssümlü və gülərüz olur. Gülərüzlülük Əlinin mühüm sifətlərindən olub. Onun olduğu məclislər o qədər xoş və o qədər incə zarafatlı olub ki, Əmr As İmam Əli (ə) əleyhinə təbliğat apararaq belə deyirmiş: O, xəlifəliyə yaramaz, çünki çox gülərüzdür. Gülərüz adamdan xəlifə olmaz! Xəlifə qaşqabaqlı və qaraqabaq adam olmalıdır ki, camaat ondan qorxsun.
Əli (ə) bu barədə «Nəhcül-bəlağə»də belə deyir: «Nabiqənin oğluna təəccüb edirəm ki, mənim camaatla çox səmimi olmağıma, gülərüz və zarafatcıllığıma irad tutur.»
Müharibə və döyüş meydanında düşmənlə mücahid kimi üzləşdikdə də gülərüz olub. Əlinin bu xüsusiyyəti barəsində belə deyiblər:
«O, ibadət mehrabında çox ağlayan, döyüş meydanında isə çox gülən və şaddır.»
«Bəkka» çox ağlayan, «Zəhhak» isə çox gülən mənasındadır. Əli (ə) necə mövcud olub? O, Quranın istədiyi insan olub. Quran, belə bir insan istəyir.
«Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Quran oxumaq, dua etmək] daha münasibdir.
Çünki gündüz [ya Peyğəmbər!] sənin uzun-uzadı davam edən [dünyəvi] işlərin vardır...»
(Muzzəmmil 6-7.)
Gecəni ibadət, gündüzü isə şəxsi məişət işləri və ictimai məsələlərlə məşğul olmaq üçün nəzərdə tut. Əli (ə) sanki gecə bir şəxsiyyət, gündüz isə digər bir şəxsiyyət olub.
Bizim kamil insan barəsində işlətdiyimiz ziddiyyətlər toplumu ifadəsi Əlinin (ə) min il bundan qabaq tanındığı sifətlərdəndir. Hətta Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində belə deyir: «Həmişə, dostlarımla söhbət zamanı irəli sürərək onları təəccübləndirdiyim mövzulardan biri Əlinin (ə) sözlərinin çoxcəhətli olmasıdır. Əlinin (ə) sözləri elə bir xüsusiyyətə malikdir ki, insan onun sözlərinin hansı hissəsinə daxil olursa, yeni bir dünyaya daxil olduğunu görür. O, bəzən abidlər, bəzən zahidlər, bəzən filosoflar, bəzən ariflər, bəzən əsgər və zabitlər, bəzən adil hökmdarlar, bəzən qazilər, bəzən də fitva verən alimlər dünyasındadır. Əli (ə) bütün dünyalarda var və heç bir dünyada qaib deyildir.
Həm həlimlik və yumşaqlığın son həddində, həm şücaətin son dərəcəsindədir. Lazım olan yerdə sənin çirkin qanları tökməyin də, qan tökməyin son dərəcəsindədir. Digər tərəfdən, ibadətin son dərəcəsinə çatmış bir abidsən. Həm yoxsul və həm də səxavətlisən! Heç nəyin yoxdur, amma bağışlayırsan. Heç nəyin yoxdur və əlinə gələni bölüşdürürsən. Bəzi yerlərdə rəftar və davranışın o qədər lətif və mülayimdir ki, meh bu əxlaqın lətifliyindən xəcalət çəkir. Həmçinin ruhunda o qədər şücaət və mücahidlik vardır ki, daş, filiz və cansız əşyalar onun müqabilində əriyirlər. Sənin ruhun o lətafətli mehdir, yoxsa bu qüdrət və möhkəmliyin? Sən necə varlıqsan?!
Deməli, kamil insan bütün insani dəyərlərdə qəhrəman olan şəxsdir. Kamil insan insanlığın bütün meydanlarında qəhrəmandır!
Biz, nə dərsi öyrənməliyik? Biz, bir dəyərdən yapışaraq digər dəyərləri unutmaq xəstəliyinə tutulmamaq dərsini öyrənməliyik. Biz bütün dəyərlərdə qəhrəman ola bilmərik. Amma imkan daxilində mümkün olan qədər bütün dəyərləri bərabər şəkildə əldə etməyə çalışmalıyıq. Tam kamil insan olmasaq da, orta və mütənasib insan olmalıyıq. Belə olan surətdə, biz bütün meydanlarda həqiqi müsəlman kimi görünə bilərik. Deməli, kamil insanın mənası və onun ən bariz nümunəsi budur və biz də belə olmalıyıq.

Həzrət Əlinin (ə) məhəbbəti və cazibəsi

Həzrət Əli (ə) ehtiyaclılar üçün böyük bir sığınacaq idi. O, yetimlərə ata, dul qadınlara yardımçı, zəiflərə arxa idi
Hər bir cəmiyyətin möhkəmliyi ondakı fərdlər arasındakı məhəbbət və cazibədən asılıdır. Məhəbbət və cazibə isə pak və sağlam qəlbdə tərbiyə oluna bilər. Bu sifətlərə malik olan insan başqalarına canıyananlıq göstərir, hətta onların asayişini öz rahatlığından üstün tutur. Həzrət Əli (ə) məhəbbət və cazibə məzhəri idi. O əzab-əziyyət çəkir, işləyir, alın təri axıdır, nəhayətdə öz zəhmətinin qazancını yoxsullara və imkansızlara sərf edirdi.
Həzrət Əli (ə) ehtiyaclılar üçün böyük bir sığınacaq idi. O, yetimlərə ata, dul qadınlara yardımçı, zəiflərə arxa idi. Xilafət dövründə gecələr evdən çıxar, qaranlıqda miskinlərə və kimsəsiz qadınlara xurma və çörək aparardı. Həzrət götürdüyü azuqə və pulu özünü tanıtdırmadan paylayırdı. Bu xeyirxah insanı kimsə tanımazdı.
Həzrət harada bir yetim görərdisə, mehriban ata tək nəvazişlə onun başını sığallayar, yemək və geyim alardı. Həzrət bir gün küçə ilə getdiyi vaxt çiynində məşk aparan bir qadın görür. Məşkin ağırlığından qadın ikiqat əyilmiş vəziyyətdə olur. Həzrət bu səhnəyə dözə bilməyib, məşki qadından alıb onun yanına düşür və bu ağır yükü mənzil başına çatdırır. Həzrət qadından dolanışıq vəziyyəti barədə soruşur. Qadın isə həzrəti tanımdan deyir: «Ərimi Əli (ə) döyüşə göndərdi, o da şəhadətə çatdı. Mən özümü və balalarımı saxlamaq üçün camaatın qapısında işlməyə məcburam». Qadının sözləri həzrət Əlini (ə) silkələyir. Sübh açılan kimi böyük bir zənbili buğda və xurma ilə doldurub qadının evinə aparır və deyir: «Mən dünən sənin məşkini götürən adamam». Qadın azuqəni alıb həzrətə təşəkkür edir və deyir: «Mənim övladlarım, yetim, başsız qaldılar. Əli (ə) ilə mənim aramda Allah özü hesab çəksin!» Həzrət evə daxil olub deyir: «Mən sənə xidmət üçün, savab qazanmaq üçün hazıram. Mən uşaqları saxlayım, sən çörək bişir». Qadın çörək bişirməklə məşğul olur, həzrət Əli (ə) isə dizi üstə oturub yetim uşaqları dalına mindirir və xəfif-xəfif ağlayır. Həzrət onların ağzına xurma qoyaraq deyir: «Ey mənim balalarım, əgər Əli (ə) sizin işinizə yaramasa, onu halal edin. Onun pis məqsədi olmayıb». Təndir hazır olduqdan sonra həzrət özünə deyir: «Ey Əli (ə), atəşin istiliyini hiss et, cəhənnəm odundan qorx. Yetimlərin və kimsəsiz qadınların halına yanmayanların vəziyyətindən xəbərdar ol». Bu vaxt qonşu qadın həyətə daxil olur. O, həzrəti tanıyıb, ev sahibəsinə onun kim olduğunu bildirir. Həzrəti tanıyan ev sahibəsi ona yaxınlaşıb peşimançılığını bildirir və üzr istəyir. Həzrət buyurur: «Sənin bu işdə təqsirin yoxdur. Yetimlərin və kimsəsizlərin halına yanmaq mənim vəzifəmdir». («Biharul-ənvar» 41-ci cild, səh. 52.)
Həzrət xalqla ünsiyyətdə hədsiz dərəcədə sadə və mehriban idi. Onun böyüklüyü və təvazösü dillər əzbəri idi. Hətta düşmənlər həzrətin bu fəzilətlərini e’tiraf edirlər. Həzrətin qatı düşmənlərindən olan Müaviyə deyir: «Əgər mən məğlub olsam və Əli (ə) qalib gəlsə qorxum yoxdur. Çünki ondan üzr istəmək kifayətdir. O, böyük və mərhəmətli insandır».
Həzrət öz qoşununa daim belə deyərdi: «Heç vaxt qaçan düşmənin ardınca getməyin, yaralılara dərman verin, əsirlərlə xoş rəftar edin». Həzrət Cəməl döyüşündə qalib gəldikdən sonra Ayişəni böyük hörmətlə Mədinəyə göndərdi. Bu fitnəni törətməkdə payı olan Abdullah ibn Zübeyr, Mərvan ibn Həkəm və bir çox başqaları bağışlandılar.
Həzrətin məhəbbətindən pay almayan yoxdu. O, qatili haqqında belə buyurur: «Onunla keçinin, ac və susuz saxlamayın». Əlbəttə ki, bu sayaq hisslər yalnız həzrətin pak qəlbində yer tapa bilərdi. İbn Əbil-Hədid deyir: «Sübhanəllah! Bir insanda bu qədər fəzilət?! Əlinin (ə) şəxsiyyətinin bəyanı kimsənin gücü çatası iş deyil».

“Qardaş, məni yandırmaq istəyirsən?”

Allahın salamı olsun Əlini (ə) həqiqət və həqiqəti Əli (ə) ilə görənlərə!



Əlinin (ə) ədaləti

Həzrət Əlinin (ə) qardaşı Əqil öz aylıq məvacibini artırmaq üçün Əlini (ə) öz evinə dəvət etdi. Həzrət Əli (ə) gözləri kor olan qardaşının görüşünə getdi. Əqil sadə bir süfrə açdı, öz dolanışığından həzrətə şikayətləndi. Onun ürəyindən keçirdi ki, həzrət onun dolanışığını görüb aylıq məvacibini artırsın. Əmirəlmömininə (ə) dedi ki, beytül-maldan aldığım məvacib xərclərimi ödəmir, xahiş edirəm mənə daha artır məvacib verəsən. Həzrət buyurdu: “Belə görünür ki, imkanın çox olduğundan qonaq çağırırsan.” Sonra həzrət dəmir parçasını odda qızdırıb Əqilə tərəf uzatdı. Əqil elə düşündü ki, həzrət ona pul vermək istəyir. Razılıqla pulu almaq üçün əlini uzadanda əli qızmış dəmirə dəydi və Əqil əlini geri çəkdi. O dedi: “Qardaş nə edirsən?! Məni yandırmaq istəyirsən?!” Həzrət buyurdu: “Sən insanın yaratdığı oddan qorxursan. Bəs mən necə cəhənnəm odundan qorxmayım, nalə çəkməyim?! Sən dünya oduna dözə bilmirsən, necə razılaşırsan ki, qardaşın cəhənnəm odunda yansın?! Beytül-maldan istifadədə səninlə başqası arasında fərq yoxdur.” Bu hadisədən sonra Əqil öz yaşayış səviyyəsinə dözməyib Şama kömək almaq üçün Müaviyənin görüşünə getdi.

Bayram vaxtı...

Bayram günlərində qadınlar öz cəvahiratlarını taxır, bəzənirdilər. Həzrət Əlinin (ə) qızı Ümmü-Gülsüm xəzinədara sifariş göndərdi ki, ona müvəqqəti olaraq beytül-maldan bəzək əşyası versin. Həzrət Əliyə (ə) böyük sevgisi olan xəzinədar dərhal Ümmü-Gülsümə bir boyun bağı göndərdi. Həzrət Əli (ə) evə daxil olanda Ümmü-Gülsümün boynunda qiymətli boyunbağını görüb təəccüblə soruşdu: “Onu haradan gətirmisən?” Ümmü-Gülsüm dedi ki, beytül-maldan əmanət götürmüşəm. Həzrət etiraz etdi, dərhal boyunbağını geri alıb xəzinəyə qaytardı. Ümmü-Gülsümü gördüyü işə görə məzəmmət etdi və buyurdu: “Əgər qızım bu boyun bağını əmanət götürməmiş olsaydı onun əlini kəsərdim.”

Həzrət Əlinin (ə) zirehi

Həzrət Əli (ə) Kufədə xəlifə olduğu zaman onun zirehi itdi. Sonradan həmin zirehi bir məsihidə tapdılar. Həzrət Əlini (ə) bu məsələnin həlli üçün qazinin yanına çağırdılar. Həzrət buyurdu ki, bu zireh mənimdir, onu kimsəyə satmamışam, bağışlamamışam. Qazi məsihidən soruşdu: “Xəlifə sözünü dedi, sənin sözün nədir?” Məsihi dedi: “Bu zireh mənim özümündür, amma xəlifənin də sözünü inkar etmirəm, olsun ki, o səhvə yol verir.” Qazi Həzrət Əliyə (ə) üz tutub dedi: “Sizin dediyinizi bu şəxs inkar edir. Öz sözünüzə şahid göstərməlisiniz.” Həzrət Əli (ə) gülümsəyib buyurur: “Qazi düz deyir ki, mən şahid göstərməliyəm. Amma mənim şahidim yoxdur.” Şahid olmadığından qazi məsihinin xeyrinə hökm çıxarır, o da zirehi götürüb yola düşür. Amma kimdə bilməsə, məsihi bilirdi ki, zireh kimindir. Bir neçə addım atandan sonra vicdanı oyandı, geri dönüb dedi: “Belə hakimlik adi insanın işi deyil, peyğəmbərlərin hakimiyyətindəndir.” Qaziyə etiraf etdi ki, zireh İmam Əliyə (ə) məxsusdur. Çox keçməmiş həmin məsihi islamı qəbul etdi, böyük həvəslə Həzrət Əliyə (ə) qoşulub, Nəhrəvan savaşında düşmənlə vuruşdu.

Pul bölgüsü

İki şəxs mühakimə üçün Həzrət Əliyə (ə) müraciət etdi. Onlardan biri dedi: “Birimizin üç, o birimizin beş çörəyi vardı. Bir şəxs bizə qonaq oldu. Gedəndə yediyi çörəklərə görə 8 dirhəm verdi. İndi pulu bölə bilmirik, aramızda ixtilaf yaranıb. Beş çörəyi olan dostum deyir ki, pulun 5 dirhəmi mənim, 3 dirhəmi sənindir. Amma mən razılaşmıram. Deyirəm ki, 8 dirhəmi yarı bölməliyik, hərə 4 dirhəm götürməlidir. Çünki qonaq hər ikimizin çörəyindən istifadə edib.” Həzrət buyurdu: “Əgər haqqını istəyirsənsə, beş çörəyi olan şəxs 7 dirhəm götürməli, sənə 1 dirhəm verməlidir.” Kişi etiraz edib səbəbini soruşdu. Həzrət buyurdu: “Sizin ikinizin birlikdə səkkiz çörəyiniz vardı. Üç nəfər əyləşib həmin çörəkləri yediniz. Əgər hər çörəyi 3 hissəyə bölsək 24 hissə edir. Siz hərəniz 8 hissə çörək yemisiniz. Beş çörəyi olanın çörəkləri 15 hissəyə bölünür. O 15 hissədə 8 hissəsini yeyib 8 hissəsi qonağa qalıb. Sən isə cəmi 9 hissə olan üç çörəyinin səkkiz hissəsini yemisən, bir hissəsini qonağa vermisən. Əgər qonaq 8 dirhəm veribsə yediyi hər tikə üçün 1 dirhəm verib. Ona yeddi tikə çörək verənə 7 dirhəm, bir tikə çörək verənə 1 dirhəm çatır.” Həzrətin bu izahından sonra həmin şəxs səsini çıxarmadı.

Qazinin hüzurunda

Bir şəxs Ömərin vaxtında ona şikayət etdi. O Həzrət Əlidən (ə) şikayət etmişdi. Ömər hər iki tərəfi dəvət etdi mühakiməyə başladı. İslam göstərişlərinə görə münaqişə tərəfləri yanaşı oturmalıdır ki, hakim qarşısında bərabərlikləri qorunsun. Ömər iddiaçını adı ilə çağırıb ona yer göstərdi. Sonra Həzrət Əliyə (ə) “Ya Əbəlhəsən” deyə müraciət edərək müttəhimin yanında oturmasını istədi. Həzrət Əli (ə) onun bu fərqli müraciətinə etiraz etdi. Əvvəlcə bu etirazın səbəbini başa düşməyən xəlifə düşündü ki, Həzrət Əli (ə) şikayətçi ilə yanaşı oturmağa etiraz edir. Sonra həzrət buyurdu: “Mən onunla yanaşı oturmağa narazı deyiləm. Ona görə narazıyam ki, sən onu adı ilə çağırdı, mənə hörmət əlaməti olaraq “Ya Əbəlhəsən” dedin. Mənim narazılığım bu ayrıseçkiliyədir!

Heyrət doğuran ədalət

Bu necə ədalətdir ki, dünya bu ədalətə heyrətdədir! Bu ədalət sahibini Allahın razılığından başqa bir şey düşündürmür. O öz ədaləti ilə qardaşının istəyinə yox deyir, mühakimə zamanı münaqişə tərəfi ilə eyni cür, adi adla çağırılmamasına etirazını bildirir. Bəli, mühakimə ləyaqəti olan şəxs yalnız Əmirəlmöminin Əli ibn Əbi Talibdir (ə). Buna görə həzrət buyurur ki, salam olsun sizə və sizin şiələrinizə, lənət olsun sizin düşmənlərinizə və düşmənlərinizin ardıcıllarına...

Üç qardaşın əhvalatı

Üç qardaş arasında dəvə bölgüsündə mübahisə düşdü. Nəhayət onlar mühakimə üçün Həzrət Əlinin (ə) yanına gəldilər. Qardaşlara atalarından 17 dəvə irs qalmışdı. Böyük qardaşa dəvələrin yarısı, ortancıl qardaşa dəvələrin 1/3, kiçik qardaşa dəvələrin 1/9 çatmalı idi. Amma dəvələri parçalamaq mümkün olmadığından onları bölə bilmirdilər. Həzrət Əli (ə) buyurdu: “Mən sizin icazənizlə dəvələrinizə öz dəvələrimdən birini qatıram. Sonra onları bölürəm. İmam 17 dəvəyə bir dəvə əlavə edəndə dəvələrin sayı 18 oldu. Həzrətin göstərişi ilə böyük qardaş 18 dəvədən yarısını, yəni 9 dəvə götürdü. 1/3 paya malik olan ikinci qardaş 18 dəvənin 1/3, yəni 6 dəvə götürdü. 1/9 paya malik olan kiçik qardaş 18 dəvənin 1/9, yəni 2 dəvə götürdü. Beləcə böyük qardaşa 9, ortancıl qardaşa 6, kiçik qardaşa 2 dəvə düşdü. Bu isə 17 dəvə edirdi. Beləcə həzrətin əlavə etdiyi dəvə yerində qalırdı.

Köhnə ayaqqabı

İbn Abbas deyir: “Həzrət Əli (ə) Mədinədən Bəsrəyə gələndə Rəbəzədə məskunlaşdı. Yoldan ötən hacılar onun görüşünə gəlib sual verirdilər. O zaman həzrət ayaqqabısını yamayırdı. Görüşə gələnlərdən biri dedi ki, bu işdənsə, xalqın müşküllərini həll etmək yaxşıdır. Həzrət cavab verməyib, işinə davam etdi. Nəhayət o ayaqqabısını yamayıb qurtardı, onu o biri ayaqqabı ilə çütlədi. Sonra buyurdu: “Məndən bu ayaqqabının qiymətini soruşdular, dedim ki, heç nə qədər! Soruşdular ki, necə yəni heç nə? Dedim, yaxşı, dirhəmin bir hissəsi. Həzrət buyurdu ki, əgər haqqı bərpa edib, batili aradan qaldırmasaydım, xəlifəlik mənim nəzərimdə bu ayaqqabıdan da dəyərsiz idi.”
Mədinədə əhali Əmirəlmömininə (ə) beyət edəndən sonra həzrətin göstərişi ilə beytül-malı xalq arasında böldülər. Bu iş başa çatandan sonra həzrət iki rəkət namaz qıldı, sonra bel və külüngü götürüb həmişəki quyu qazma işinin dalınca getdi...

İmamın qonağı

Həzrət Əlinin (ə) xilafəti dövründə qardaşı Əqil ona qonaq gəldi. Həzrət Əli (ə) İmam Həsənə (ə) işarə etdi ki, əmisinə bir libas hədiyyə etsin. İmam Həsən (ə) bir köynək, bir rida gətirdi, onu əmisinə bağışladı. Gecə düşdü, hava isti idi. Həzrət Əli (ə) Əqillə birlikdə evin damında uzanıb söhbət edirdilər. Əqil özünü xəlifənin qonağı kimi hiss edirdi. Gözləyirdi ki, onun üçün yaxşı süfrə açılacaq. Amma çox yoxsul bir süfrə açıldı. Əqil təəccübünü gizlətmədi. Soruşdu ki, elə olan budur? Həzrət Əli (ə) buyurdu: “Məgər bunlar Allahın neməti deyil?! Mən bu nemətlərə görə Allaha şükür edirəm.” Əqil dedi: “Yaxşısı budur öz istəyimi deyim, tez gedim. Mənim borcum var, göstəriş ver borcumu ödəsinlər. Qardaşına kömək et, evimə qayıdım.” Həzrət soruşdu ki, nə qədər borcun var? Əqil dedi ki, 100 min dirhəm. Həzrət Əli (ə) buyurdu: “100 min dirhəm?! Nə çox! Təəssüf edirəm əziz qardaş, bu qədər vermək imkanım yoxdur. Səbr et, məvacibinin vaxtı çatsın. O zaman öz məvacibimdən də sənə verərəm. Əgər az olsa bütün ailəmin xərcini sənə çatdıraram.” Əqil dedi: “Gözləyim ki, məvacib vaxtı çatsın?! Ölkənin beytül-malı, xəzinəsi sənin əlindədir, məni məvacib gözləməyə dəvət edirsən?! Sən xəzinədən istədiyin qədər götürə bilərsən. Nə üçün bu işi maaş vaxtına saxlayırsan? Bir də sənin məvacibin nə qədərdirki? Sənin maaşın mənim ehtiyacımı ödəmir!” Həzrət Əli (ə) buyurdu: “Mən sənin təklifinə təəccüb edirəm! Dövlət xəzinəsində pulun olub-olmamasının bizə nə aidiyyatı?! Biz də başqa müsəlmanlar kimi bir fərdik. Sən mənim qardaşım olduğun üçün öz payımı sənə verə bilərəm. Amma müsəlmanların malına toxuna bilmərəm.” Mübahisə uzandı. Əqil israr edirdi ki, Həzrət Əli (ə) beytül-maldan ona pul versin. Onların əyləşdiyi yerdən Kufə bazarı görünürdü. Tacirlər sandıq-sandıq pul daşıyırdı. Əqil bu mənzərələri seyr edə-edə israr göstərirdi. Həzrət Əli (ə) buyurdu ki, birdə israr etsən, gərək mənim sözümü qəbul edəsən, bu zaman bütün borcunu ödüyə bilərsən.” Əqil soruşdu ki, bu necə olur? Həzrət Əli (ə) buyurdu: “Bazardakı pul sandıqlarını görürsən, ora xəlvətdir. Bandan enək, həmin sandıqlardan istədiyin qədər pul götür!” Əqil soruşdu ki, bu pul sandıqları kimindir? Həzrət Əli (ə) buyurdu ki, xalqındır, onlar nağd pullarını bu sandıqlarda saxlayır. Əqil dedi: “Sən mənə təklif edirsən ki, xalqın sandıqlarını yarım, min zəhmətlə qazandıqları pulu götürüm?! Onlar Allaha təvəkkül edib sandıqları qoyub gediblər!” Həzrət Əli (ə) buyurdu: “Bəs təklifin nədir?! Təklif edirsən ki, müsəlmanların beytül-mal sandığını sənin üçün açım? Əgər o sandıqdakı pulların sahibi varsa, bu xəzinədəki pulların da sahibi var. Onlar da bu pulu bizə etibar edib evlərində rahat yatırlar. Bu təklifi qəbul etmədinsə başqa təklifim var.” Əqil başqa təklifin nə olduğunu soruşdu. Həzrət Əli (ə) buyurdu: “Gəl sən də qılıncını götür, mən də qılıncımı götürüm. Kufə yaxınlığında qədim Hirə şəhəri var. Orada varlı tacirlər var. Gecə yarı basqın edək onların var-dövlətini əlindən alaq!!” Əqil dedi: “Qardaşcan! Mən oğurluq üçün gəlmişəm ki, mənə belə təklif edirsən?! Mən ölkənin büdcəsindən, beytül-maldan, sənin ixtiyarında olan puldan istəyirəm. Həmin puldan ver, borcumu ödəyim.” Həzrət buyurdu: “100 minlərlə insanın malını oğurlamaqdansa bir nəfərin malını oğurlamaq yaxşıdır. Necə olur ki, bir nəfərin malını oğurlamaq pis olur, xalqın malını oğurlamaq yaxşı olur?! Sən elə düşünürsən ki, oğurluq yalnız birinə hücum edib, var-yoxunu əlindən almaqdır?! Ən çirkin oğurluq elə sənin mənə təklif etdiyin oğurluqdur!

Abdullah Rizayi