Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ– PİSLİYİ YAXŞILIQLA ÖDƏMƏK (3)

İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ– PİSLİYİ YAXŞILIQLA ÖDƏMƏK (3)

  • İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ– PİSLİYİ YAXŞILIQLA ÖDƏMƏK (3)

    İslam mənbələrində – Qurani-Kərim və hədislərdə əfv və güzəştin ən yüksək həddi olan “pisliyi yaxşılıqla cavablandırmaq” məsələsi diqqəti cəlb edir. Şübhəsiz, bu, insanlığın ən uca zirvəsi olub, əxlaqi inkişafsız mümkün deyildir. Eləcə də, ədavət və kin-küdurətlə dolu qəlbləri yumşaltmaqda təsiri misilsizdir və həddi aşanlara, günahkarlara verilə bilən ən yaxşı “dərs”, bəzən də ən tutarlı cəza, həm də onları cilovlayan amildir. Bütün bu – ədavət, düşmənçilik və kin-küdurətlərə son qoymaq kimi təsirli xassələrinə görə, İslam onu əlverişli metod sanır. Məsələn, Qurani-Kərimdə buyurulur:

    {ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ}

    “Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda, aranızda düşmənçilik olan şəxsi, sanki, səmimi dost görərsən. Buna (bu məqama) yalnız səbir edənlər yiyələnər və yalnız böyük bəhrə (iman və təqva) sahibləri nail olarlar!” (“Fussilət” surəsi, ayə 34-35.)

    Birinci ayədə pisliyi yaxşılıqla ödəməyin qəribə təsirindən, onun sayəsində düşmənin səmimi və yaxın dosta çevrilməsindən, sonrakı ayədə isə bu dərəcəyə yalnız iman, təqva, əxlaq və fəzilət sahibləri, nəfsani istəklər müqabilində səbir edib dözənlərin nail ola bilməsindən söz açılır ki, bunların hər ikisi inkaredilməz bir həqiqətdir. Pisliyi yaxşılıqla ödəməyin qəribə təsiri haqda bunu demək olar ki, adətən, həddi aşanlar qarşı tərəfin nahiyəsindən qisas intizarını çəkir və çox güman ki, vicdanında bunu özünə layiq bilirlər. Lakin onların (qarşı tərəfdən gözlənilən) cəza intizarına əks olaraq pisliyi yaxşılıqla verildikdə, yatmış vicdanları oyanır, daxillərində dərin iz buraxır. Belə hallarda onlar qarşı tərəfi günahsız, özlərini isə günahkar hesab edərək, tutduqları işdən bərk peşman olurlar. Bəzən bu təzyiq o qədər şiddətli olur ki, kimsə ona davam gətirib, ədavət hissindən dönməyə bilmir. Buna görə də, bəzən insanın düşməni belə tutduğu yolu dəyişir, təsirlənir.

    Peyğəmbəri-Əkrəm (s) və məsum imamlardan nəql olunan dərin ifadələrdə bu səciyyə ən yüksək insani sifət kimi göstərilir.

    1. Peyğəmbəri-Əkrəm (s) buyurur:

    اَلا اُخْبِرُكُمْ بِخَيْرِ خَلائِقِ الدُّنْيا وَ الْآخِرَةِ؟ اَلْعَفْوُ عَمَّنْ ظَلَمَكَ، وَ تَصِلُ مَنْ قَطَعَكَ، وَالْاِحْسانُ اِلى مَنْ اَساءَ اِلَيْكَ، وَاِعْطاءُ مَنْ حَرَمَكَ

    “Sizə dünya və axirətin xeyrindən xəbər verimmi? – Sənə zülm edəni bağışla, səninlə əlaqəni qıranla əlaqəni kəsmə, sənə pislik edənə yaxşılıq et və səni məhrum edənə də bəxşiş et!” (“Biharul-ənvar”, 71-ci cild, səh.399.)

    Peyğəmbəri-Əkrəmin (s) müsəlmanlara buyurduğu bu hədisə əsasən, dünya və axirəti təmin edən ən yaxşı əxlaq güzəşt və pisliyə qarşı yaxşılıqdır. Hədisdə qeyd olunan dörd buyruqdan üçü pisliyi yaxşılıqla ödəməyə, biri isə əfv və güzəştə aiddir.

    2. İmam Baqirdən (ə) belə nəql olunur:

    ثَلاثٌ لا يَزِيدُ اللهُ بِهِنَّ الْمَرْءَ الْمُسْلِمَ اِلّا عِزّاً: الصَّفْحُ عَمَّنْ ظَلَمَهُ، وَاِعْطاءُ مَنْ حَرَمَهُ، وَالصِّلَةُ لِمَنْ قَطَعَهُ

    “Üç şey müsəlmana yalnız izzət və başıucalıq gətirər: Ona zülm edəni bağışlamaq, onu məhrum edəndən bəxşişi əsirgəməmək və onunla əlaqəsini qıranla əlaqə yaratmaqdır.” (“Biharul-ənvar”, 71-ci cild, səh.403.)

    Bu hədisdə də üç şey bəndənin izzətini artıranların sırasında göstərilir və onun ikisi pisliyə yaxşılıqla cavab verməyə, biri isə əfv və güzəştə aiddir.

    Əlbəttə, bu nöqtəni də unutmaq olmaz ki, zülmkar düşmənin müqabilində əfv və güzəştin mənası yoxdur. Burada təslim olmaq gücsüzlük, şəxsiyyətsizlik, zillət və bədbəxtlik, güzəşt isə başıucalıq və şəxsiyyət nişanəsidir. Əfv və güzəşt ictimai-hüquqi məsələlərə deyil, fərdin şəxsi mülkiyyət və hüdudlarına aiddir. Amma şəxsi məsələ və fərdi hüquqlarda güzəşt qarşı tərəfin cürətini artırarsa, belə hallarda güzəştə yer yoxdur. (“Əxlaq syəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.141-144.)