Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə “Mübahilə” ayəsi –iftixar sənədi

“Mübahilə” ayəsi –iftixar sənədi

  • “Mübahilə” ayəsi –iftixar sənədi

    Bismillahir Rəhmanir Rəhim

    i فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ

    “Buna görə də, sənə elm gəldikdən sonra, onun (İsa Məsih) barəsində səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə (qarşılıqlı) nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq.”” (“Ali-İmran” surəsi, ayə 61)

    Peyğəmbərin (s) Əhli-beytinin (ə) o həzrətin canişini olmağa ləyaqəti barəsindəki dəlillərdən biri də o böyük şəxsiyyətlər haqqında nazil olan Quran ayələridir. Həmin ayələrdən biri məşhur “Mübahilə” ayəsidir. (“Ali-İmran” surəsi, ayə 61) “Mübahilə” sözü əslində “بهل” – “bəhl” kəlməsindən alınıb, “tərk etmək”, “bir şeyin üzərindən qeyd-şərti qaldırmaq” mənasında istifadə olunur. Həmin cəhətdən balasının onun südündən sərbəstcəsinə içə bilməsi üçün özbaşına buraxılan və əmcəyinə (döşünə) torba keçirilməyən hansısa bir heyvana “bahil” deyilir. “İbtihal” sözü yalvarma və işləri Allahın öhdəsinə qoymaq mənasındadır. Yuxarıdakı ayədə istifadə olunan və məfhum baxımından geniş yayılmış olan “mübahilə” sözü “iki şəxsin bir-birinə nifrin və qarğış etməsi” mənasındadır. Bəziləri “bəhl” sözünün lənət söyləmək mənasında olduğunu qeyd etmişlər. Bu nəzəriyyəyə əsasən, “ibtihal” sözü barəsində iki fikir mövcuddur:

    1. İbtihal – “İltian”, yəni “bir-birini lənətləmək” mənasında.

    2. Bəhələhullah – yəni, ləənəhullah (Allah lənət etsin!) mənasında.

    Ayənin nazilolma səbəbi Mübahilə ayəsinin nazilolma səbəbi barəsində İbn Abbas, Qütadə və Həsəndən belə rəvayət edilmişdir: “Allahın Rəsulu (s) məsihiləri mübahiləyə (qarşılıqlı nifrinə) dəvət etdiyi zaman, o həzrətdən sabahı günün sübh çağına qədər möhlət istədilər. Öz böyüklərinin yanına qayıtdıqları və onlarla məşvərət etdikləri zaman, yepiskopları (məsihi alimi) onlara dedi: “Sabah diqqət edin, əgər Məhəmməd öz ailəsi (əhli-beyti) və övladları ilə gəlsə, onunla mübahilə etməkdən çəkinin, əgər səhabələri ilə gəlsə, onunla mübahilə edin, çünki əlindən heç bir şey gəlməyəcək.”” Mübahilə məsələsinə tarixi bir nəzər Nəcranın səfalı yerlərinin bir hissəsi ona tabe olan yetmiş kəndlə birlikdə Hicaz və Yəmənlə sərhəd nöqtədə yerləşir. İslamın başlanğıcında bu məntəqə müəyyən səbəblərdən bütpərəstlikdən əl çəkərək məsihilik dininə iman gətirən və məsihilər məskunlaşan yeganə məntəqə idi. Allahın Rəsulu (s) dünya dövlətlərinin başçıları və dini mərkəzlərə dəvət məktubları göndərdiyi zaman, Nəcran yepiskopu Əbu Harisəyə də bir məktub yazmış və məktubda Nəcran əhalisini də İslam dininə dəvət etmişdi. Həmin məktubun məzmunu belədir: “İbrahim (ə), İshaq (ə) və Yəqubun (ə) Allahının adı ilə! Allahın peyğəmbəri və rəsulu Məhəmməddən (s) Nəcranın yepiskopuna! İbrahim, İshaq və Yəqubun pərvərdigarına həmd və sitayiş edir, sizi məxluqata pərəstiş etməkdən əl çəkib Allaha pərəstiş etməyə dəvət edirəm. Sizi bəndələrin vilayətindən xaric olub Allahın vilayətinə daxil olmağa çağırıram. Əgər mənim dəvətimi qəbul etməsəniz, onda İslam hökumətinə vergi və cizyə verməlisiniz, əks təqdirdə sizə müharibə elan ediləcək. Peyğəmbərin (s) nümayəndələri Nəcrana gələrək o həzrətin məktubunu Nəcranın yepiskopuna verdilər. O, məktubu diqqətlə oxudu və bu haqda qərar qəbul etmək üçün dini və qeyri-dini şəxsiyyətlərdən ibarət məşvərət şurası təşkil etdi. Məşvərət olunacaq şəxslərdən biri əql, dərrakə və peşəkarlıqda məşhur olan Şərcil idi. O dedi: “Biz dəfələrlə öz din rəhbərlərimizdən bir zaman nübüvvət məqamının İshaqın nəslindən İsmailin övladlarına keçəcəyini eşitmişik. Məhəmmədin də İsmail övladlarından olan həmin vəd olunmuş peyğəmbər olması heç də qeyri-mümkün deyil.” Şərcilin sözlərindən sonra şura Nəcran nümayəndə heyəti ünvanında bir qrupun Məhəmmədlə (s) yaxından ünsiyyətdə olması və onun peyğəmbərlik nişanələrini araşdırması üçün Mədinəyə getməsi təklifini irəli sürdü. Beləliklə, Nəcranın ən savadlı şəxslərindən olan altmış nəfər seçildi ki, onların da başında üç dini rəhbər dururdu:

    1. Rum və Hicaz kilsələrinin rəsmi nümayəndəsi olan baş yepiskop Əbu Harisə ibn Əlqəmə.

    2. Əql və peşəkarlıqda məşhur və nümayəndə heyətinin rəisi Əbdülməsih.

    3. Ağsaqqal, müdrik və Nəcran xalqının möhtərəm şəxsiyyətlərindən sayılan Ayham. Mübahilə hadisəsinin geniş şərhi, həmçinin, İslam Peyğəmbərinin (s) məsihi heyəti ilə müzakirəsi Seyid ibn Tavusun dəyərli “İqbal” kitabında qeyd olunmuşdur. Əlinizdəki yazıda onun “Mübahilə” hadisəsi ilə nəticələnən azacıq bir hissəsini qeyd edirik: İslam Peyğəmbəri (s): Mən sizi tövhid dininə və yeganə Allaha pərəstişə və onun əmrləri müqabilində təslim olmağa dəvət edirəm. Nəcran nümayəndəsi: Əgər İslamda məqsəd aləmlərin yeganə Allahına iman gətirməkdirsə, biz öncədən ona iman gətirmiş və onun hökmlərinə əməl edirik. İslam Peyğəmbəri (s): İslamın bir sıra nişanə və əlamətləri vardır. Sizin bəzi əməlləriniz həqiqi İslama iman gətirmədiyinizdən xəbər verir. Xaça pərəstiş etdiyiniz və donuz əti yeməkdən çəkinmədiyiniz, Allahın övladı olmasına etiqadlı olduğunuz halda, tək olan Allaha pərstiş etdiyinizi necə söyləyirsiniz?! Nəcran nümayəndəsi: Biz onu (Məsihi) Allah hesab edirik, ona görə ki, o, ölüləri diriltdi, xəstələrə şəfa verdi və gildən bir quş düzəldərək ona can verdi. Bu əməllərin hamısı onun Allah olmasından xəbər verir.

    İslam Peyğəmbəri (s): Məsih Allahın bəndəsi və Məryəmin bətnində yerləşdirdiyi məxluqudur. Bu bacarıqları (qüdrəti) Allah ona vermişdir.

    Nəcran nümayəndəsi: Bəli, o, Allahın övladıdır, ona görə ki, anası Məryəm heç kimlə evlənmədiyi halda, onu dünyaya gətirmişdir. Nəticədə, atası aləmlərin Allahı olan kəs olmalıdır.

    Bu zaman vəhy mələyi nazil olaraq Peyğəmbərə (s) belə xitab etdi: “Onlara de: “Həzrət İsanın məsəli bu baxımdan Adəmin məsəli kimidir – onu (Adəmi) öz sonsuz qüdrəti ilə ata-anası olmadan torpaqdan yaratdı. Əgər atasının olmaması onun Allahın övladı olmasına dəlildirsə, onda həzrət Adəm bu məqama daha layiqdir. Ona görə ki, onun nə anası vardı, nə də atası.””

    Nəcran nümayəndəsi: Sizin sözləriniz bizi qane eləmir.

    Bu zaman vəhy mələyi nazil oldu və dedi: ““Buna görə də, sənə elm gəldikdən sonra, onun (İsa Məsih) barəsində səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə (qarşılıqlı) nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq.””

    Yəni, Allahın lənəti hansı tərəfə şamil olsa, bu, onların yolunun batil olmasını müəyyən etsin və beləliklə, biz mübahisəmizə son verək! Mübahilə məsələsi həmin zamana qədər ərəblər arasında bu şəkildə tanınmırdı və bu üslub Allah Rəsulunun (s) iman və dəvətinin yüz faiz doğru olmasından xəbər verirdi. Məlum məsələdir ki, belə bir meydana daxil olmaq həddən artıq təhlükəli idi, çünki əgər onun (mübahilə edənin) duası qəbul olmasa və müxalif olanların cəzalanmasından bir əsər-əlamət görünməsəydi, nəticəsi dəvət edənin rüsvayçılığından başqa, bir şey olmayacaqdı. Aqil və düşüncəli bir şəxsin nəticə əldə edəcəyindən əmin olmadan belə bir mərhələyə qədəm qoyması necə mümkün ola bilər?! Həmin səbəbdən, Peyğəmbərin (s) mübahiləyə dəvəti onun dəvətinin doğruluğu və həqiqi imanının nişanələrindən biridir. Mübahilə məsələsi ortaya çıxdığı zaman, Nəcran nümayəndələri Peyğəmbərdən (s) onlara öz böyükləri ilə məşvərət etmək üçün möhlət istədilər. Onların psixoloji bir məsələdən qaynaqlanmış olan məşvərətlərinin nəticəsi öz tərəfdarlarına belə bir göstəriş verməkdən ibarət oldu: “Əgər Məhəmmədin camaatla və öz tərəfdarları ilə mübahiləyə gəldiyini müşahidə etsəniz, çəkinməyin və onunla mübahilə edin. Ona görə ki, işin içində həqiqət olmadığından, öz tərəfdarlarına arxalanmışdır. Əgər həddən artıq az sayda yaxınlarından, xas şəxslər və onun üçün sevimli olan kiçik yaşlı övladları ilə vədə olunmuş yerə gəlsə, bilin ki, o, Allahın peyğəmbəridir və onunla mübahilə etməkdən çəkinin, çünki çox təhlükəlidir.” Mübahilə vaxtı gəlib yetişdi. Peyğəmbər (s) və Nəcran nümayəndələri mübahilənin Mədinə şəhərinin xaricindəki səhrada həyata keçirilməsi barədə razılığa gəlmişdilər. İslam Peyğəmbəri (s) müsəlmanlar və öz qohumarı arasından yalnız dörd nəfəri seçmişdi: Əli ibn Əbu Talib (ə), xanım Zəhra (ə), imam Həsən (ə) və imam Hüseyn (ə). Ona görə ki, müsəlmanlar arasında iman və paklıq baxımından bu dörd şəxsiyyətdən daha pakı, daha möhkəm imanlısı yox idi. O həzrət mübahilə üçün nəzərdə tutulan yerə qədərki məsafəni imam Hüseyni (ə) qucağına almış olduğu, imam Həsənin (ə) əlindən tutduğu, həzrət Əli (ə) və xanım Zəhranın (ə) onun arxasınca addımladığı xüsusi bir vəziyyətdə geridə qoydu və mübahilə meydanına qədəm basdı. O, meydana daxil olmazdan qabaq yanındakılara buyurdu: “Mən dua etdiyim zaman siz “amin” deyin!”

    Məsihilərin yepiskopu dedi: “Mən elə simalar görürəm ki, əgər Allahdan istəsələr, dağlar yerindən qopar və əgər bu şəxslər nifrin etsələr, yer üzərində bir məsihi belə sağ qalmaz.” Nəcran məsihiləri bu səhnəni görməklə mübahilə etməkdən daşındılar və Peyğəmbərlə (s) hər il hər biri qırx dirhəm qiymətində olan iki min ədəd paltar (parça) müsəlmanlara verib cizyə qanunlarına riayət etmək şərtilə razılığa gəldilər.

    “Əshabi-Kisa”nın fəziləti barədə ən tutarlı dəlil İslam tarixində baş verən bu əhəmiyyətli hadisəyə nəzər salmaqla onda (mübahilədə) iştirak edən kəslərin kifayət qədər üstünlüyə malik olduqları aydınlaşır. Ona görə ki, bu hadisə İslam dini tarixinin səhifələrinə yazılacaq. Həmin səbəbdən, İslam Peyğəmbəri (s) yaxınları və öz səhabələri arasından yalnız dörd nəfəri seçdi və onlar aşağıdakılardan ibarətdir: Həzrət Əli ibn Əbu Talib (ə), xanım Zəhra (ə), imam Həsən (ə) və imam Hüseyn (ə). Ayişədən belə nəql edilmişdir: Mübahilə günü İslam Peyğəmbəri (s) yanındakı dörd nəfəri qara rəngli əbasının altında daxil edərək bu ayəni oxudu:

    انما يريدالله ليذهب عنكم ‏الرجس اهل‏ البيت و يطهركم تطهيرا

    “Həqiqətən, Allah-taala siz Əhli-beytdən hər cür pisliyi təmizləmək və sizi pak etmək istəyir.”

    Zəməxşəri yazır: “Mübahilə macərası və onunla bağlı ayənin məzmunu kisa əhlinin fəzilətinə ən tutarlı dəlildir.”

    Mübahilə ayəsinə dair mühüm mətləbləri

    1. Şiə və əhli-sünnə təfsirçi və hədis söyləyənləri Mübahilə ayəsinin Peyğəmbərin (s) Əhli-beyti (ə) barədə nazil olması və Peyğəmbərin (s) yalnız övladları Həsən (ə) və Hüseyni, qızı Fatiməni (ə) və əmisi oğlu Əlini (ə) vədə olunmuş yerə aparmasını aşkarcasına bildirmişlər. Beləliklə, ayədəki «ابنائنا» əbnaəna (övladlarımız) sözü yalnız imam Həsən (ə) və imam Hüseynə (ə) şamildir. Əbu Bəkr Razi yazır: “Bu ayə “Həsənəynin” (yəni imam Həsən (ə) və imam Hüseynin) Allah Rəsulunun (s) övladları olmasına dəlalət edir və «نسائنا» – nisaəna (qadınlarımız) ayəsindəki məqsəd yalnız Fatimə (ə) olduğu kimi, insanın qızının övladları həqiqətən də onun övladları sayılır. Həmçinin, ənfusəna (özümüz) «انفسنا» ayəsində də məqsəd yalnız həzrət Əlidir (ə), ona görə ki, Peyğəmbərin (s) özü nəzərdə tutula bilməz. Çünki o, dəvət edən şəxsdir və dəvət edənin özünü dəvət etməsinin heç bir mənası yoxdur. Dəvət edilən şəxslə dəvət edən şəxs həmişə ayrı şəxslərdir. Belə isə məqsəd Peyğəmbər (s) deyil, başqa bir şəxsdir. Nəticədə, hökmən həzrət Əliyə (ə) işarə edilir. Ona görə ki, heç kəs həzrət Əli (ə), xanım Fatimə (ə) və “Həsənəyn”dən başqa, digərlərinin mübahilədə iştirak etdiyini söyləməmişdir. Bu məsələ həzrət Əlinin (ə) məqamının üstünlüyü və kimsənin həmin məqama yetişməməsinə, hətta ona (həmin məqama) yaxınlaşa bilməməsinə dəlalət edir.” Peyğəmbər (s) Bureydə Əsləmiyə belə buyurmuşdur: “Ey Bureydə! Əlini düşmən hesab eləmə, ona görə ki, o, məndən və mən də ondanam! İnsanlar müxtəlif ağaclardan (köklərdən) yaranmışlar, mən və Əli isə eyni ağacdan xəlq olunmuşuq.” Mərhum Qazi Nurullah Şüştəri “İhqaqul-həqq” kitabının üçüncü cildində belə yazır: “Təfsirçilər “əbnaəna” sözünün imam Həsən (ə) və imam Hüseynə (ə), “nisaəna”nın xanım Fatiməyə (ə) və “ənfusənan”nın da həzrət Əliyə (ə) işarə etməsi barədə fikir birliyinə malikdirlər.” Sonra həmin kitabın haşiyəsində əhli-sünnə böyüklərindən altmış nəfərin adını qeyd etmişdir ki, onlar belə söyləmişlər: “Mübahilə ayəsi Əhli-beyt (ə) barəsində nazil olmuşdur.” O cümlədən:

    1. Müslim, “Səhih”, c. 2, səh. 448.

    2.Əhməd ibn Hənbəl, “Musnəd”, c. 1, səh. 185.

    3. Hakim, “Mustədrək”, c. 3, səh. 150.

    4. Vahidi Nişaburi, “Əsbabun-nuzul”, səh. 68.

    5. İbn Əsir, “Camiul-usul”, c. 9, səh. 470.

    6. İbn Cuzi, “Təzkirətul-xəvas”, səh. 23.

    8. İbn Həcər Əsqəlani, “Əl-İsabə”, c. 2, səh. 509.

    9. İbn Səbbağ Maliki, “Fusulul-muhimmə”, səh. 120.

    10. Qurtubi, “Əl-Camiu li əhkamil-Quran”, c. 4, səh. 140

    Şiə rəvayət kitablarında da bu mətləb xüsusi mövqeyə malikdir. Onun sadəcə bir nümunəsini qeyd etməklə kifayətlənirik. İmam Rza (ə) Məmunun sarayında təşkil edilmiş elmi məclisdə buyurmuşdur: “Allah-taala bəndələrinin ən pak olanlarını Mübahilə ayəsində müəyyən etmişdir… Bu elə bir xüsusiyyətdir ki, heç kəs həmin məsələdə Əhli-beytdən (ə) önə keçə bilməmişdir. Elə bir fəzilətdir ki, heç bir insan ona yetişməmiş və elə bir şərəfdir ki, ondan öncə heç kəs ondan yararlanmamaışdır.” Mübahilə ayəsi Allahın Rəsuluna (ə) ən yaxın olan şəxsləri tanıtdırmaqla yanaşı digər mesajlara da malikdir. Onlara xülasə şəkildə işarə edirik:

    1. Adi istedadlardan istifadə etdikdən sonra qeybi yardımlar.

    2. Kişi və qadın bir-birinin kənarında və eyni səviyyədə müzakirə olunur.

    3. İnsan öz hədəfinə imanlı olduğu halda, özünü, hətta ən yaxın qohumlarını belə təhlükəyə atmağa hazır olar.

    4. Dua etməkdə tərəflərin çoxluq və sayı deyil, niyyət və şəxsiyyətlər əhəmiyyət daşıyır.

    5. Dua məclislərində uşaqların da iştirak etməsinə çalışmaq lazımdır.

    6. Dəlil-sübut, məntiq və möcüzənin bir şəxsi haqq müqabilində təslim etmədiyi halda, həmin şəxs məhv olunmaqla təhdid edilməlidir.

    7. Dua zəfər çalan şəxsin sonuncu sənədi və möminin silahıdır.

    8. Dəlilə cavab vermək, höcətləşmə və inadkarlığı isə məhv etmək lazımdır.

    9. Əgər siz möhkəm dayansanız (sabitqədəm olsanız), düşmən batil olduğu üçün geri çəkiləcəkdir.

    10. Dinin varlığı və təməli həmin bir neçə şəxsə görədir, əks təqdirdə Peyğəmbər (s) şəxsən özü də nifrin edə bilərdi. Allah-taala və Peyğəmbər (ə) bu cür əməllə bizə başa salırlar ki, bu şəxslər haqqa və hədəfə dəvət etməkdə Allah Rəsulunun (s) tərəfdarı və onu ən yaxınlarıdırlar. Onunla birlikdə təhlükə ilə üzləşməyə və oun hərəkatını davam etdirməyə hazırdırlar. Hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması Nəcran nümayəndələri Peyğəmbərdən (s) onların verəcəkləri illik verginin miqdarının bir məktubda yazılmasını və həmin məktubda Nəcran məntəqəsinin asayişinə Peyğəmbər (s) tərəfindən təzminat veriləcəyini qeyd etməsini istədilər. Peyğəmbərin (s) göstərişi ilə həzrət Əli (ə) aşağıdakı məktubu yazdı: Bağışlayan və mehriban Allahın adı ilə Bu, Allahın Rəsulu Məhəmməd tərəfindən Nəcran əhalisi və onun ətrafında yaşayanlara bir məktubdur. Məhəmmədin Nəcran əhalisinin bütün sərvət və əmlakı barəsindəki hökmü belədir ki, Nəcran əhalisi hər il islami hökumətə hər birinin qiyməti qırx dirhəmdən artıq olmayan iki min libas verməlidir. Onlar onun yarısını səfər ayında və yarısını da rəcəb ayında ödəyə bilərlər. Yəmən nahiyyəsindən müharibə baş verdiyi zaman, Nəcran əhalisi islami dövlətlə həmkarlıq ünvanında otuz zireh, otuz at və otuz dəvəni ariyə (qaytarmaq şərti ilə) kimi İslam ordusunun ixtiyarına verməlidir və Peyğəmbər (s) nümayəndələrinin Nəcran ərazisində bir ay müddətində təmin edilməsi də onların öhdəsinədir. Onun (Peyğəmbər (s)) tərəfindən onlara bir nümayəndə gəldikdə, onu təmin etməlidirlər. Bunun müqabilində Nəcran əhalisinin canı, malı, ibadətgah və əraziləri Allah və onun Rəsulunun (s) pənahındadır (amanındadır). Bu şərtlə ki, bu andan etibarən hər cür ribaxorluqdan (sələmçilikdən) çəkinsinlər. Əks təqdirdə, onlar Məhəmmədin himayəsində olmaqdan uzaqdılar və onlar müqabilində heç bir öhdəliyə malik deyildir.

    http://www.sibtayn.com/az