Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Təqva haqqında

Təqva haqqında

  • Təqva haqqında

       İslamda təqva əsl əxlaqi bir dəyər, şəriət hökmlərinin qoyulmasında əsas hədəf kimi təqdim edilmişdir. Quranda buyurulur: “Ey insanlar! Sizi və sizdən qabaqkıları yaradan Rəbbinizə ibadət edin, bəlkə təqvalı olasınız.” (“Bəqərə” surəsi, ayə:21)
    “Sizdən əvvəlki insanlara oruc vacib edildiyi kimi, sizə də vacib edildi, bəlkə təqvalı olasınız.” (“Bəqərə” surəsi, ayə:183)
    “Qurbanlıqların əti və qanı Allaha çatmır, lakin sizin təqvanız Allaha çatır.” (“Həcc” surəsi, ayə:38)
    “Axirət səfəri üçün yol ehtiyatı götürün, (və bilin ki,) ehtiyatların ən yaxşısı təqvadır.” (“Bəqərə” surəsi, ayə:197)
       Gördüyünüz kimi, bəzi ibadətlərin qanun şəklinə salınmasında əsas hədəf və hətta ibadətin özünün fəlsəfəsi bu olmuşdur ki, bəndələr o əməlləri yerinə yetirməklə təqvalı olsunlar. Təqva islam nəzərində o qədər əhəmiyyət daşıyır ki, sair əməllərin qəbul olunmasında meyar hesab edilir, təqvasız əməl rədd olunur və onun heç bir faydası yoxdur.
       Quranda buyurulur: “Allah (yaxşı əməlləri) yalnız müttəqilərdən (təqva sahiblərindən) qəbul edir.” (“Maidə” surəsi, ayə:27)
    Peyğəmbəri-Əkrəm (s) Əbuzərə buyurdu: “Təqva əldə etmək üçün əməlin özündən daha artıq səy göstər, çünki təqva ilə olan heç bir əməl az, kiçik deyildir. Allah tərəfindən qəbul olunan bir əməl necə az və kiçik hesab edilə bilər, halbuki Quranda buyurulur: “Allah (əməli) yalnız müttəqilərdən qəbul edir” (“Biharul-ənvar”, 77-ci cild, səh.89)
       İmam Cəfər Sadiq (ə) buyurur: “Onların ağlamaqları səni aldatmasın, çünki təqva yalnız qəlbdədir.” (“Biharul-ənvar”, 70-ci cild, səh.286)
    Quranda buyurulur: “Əgər səbr etsəniz və təqvalı olsanız bu, işlərin ən mühümündən ibarətdir.” (“Ali-İmran” surəsi, ayə:186)
    Gördüyünüz kimi Quranda və hədislərdə təqva əsaslı bir dəyər, ən yaxşı yol ehtiyatı, qəlbin xəstəliklərindən ötrü ən yaxşı dərman, nəfsin təzkiyə və təmizlənməsində ən böyük vasitə kimi təqdim olunmuşdur. Onun əhəmiyyətini çatdırmaq üçün təkcə bunu demək kifayətdir ki, şəriət qanunlarının və hökmlərinin qoyulmasında əsas məqsəd təqvadır.