Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İmamət, yaxud canişinlik haqqında qısa məlumat

İmamət, yaxud canişinlik haqqında qısa məlumat

  • İmamət, yaxud canişinlik haqqında qısa məlumat

      Qeyd etmək lazımdır ki, imamətin tərifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, imamət dinin əsası və etiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır.
    Məlum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli təriflər vermişlər. Məsələn:
    Əhli-sünnə alimlərindən biri imamətə belə tərif verir:

    (اَلْاِمامةُ رِئاسَةٌ عامَّةٌ فِيِ اُموُرِ الدّيِنِ وَالدُّنْيا، خَلافَة عَنِ النّبِي (ص


      “İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!” (“Şərhi-təcrid”, Quşçi, səh. 472.)
    Bu tərifə əsasən, imamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada “imam” xalq tərəfindən seçilməlidir.
    Başqa bir tərifdə deyilir: “İmamət müəyyən bir şəxsin şəri hökmlərə nəzarəti və dində İslam peyğəmbərinə (s) canişinlikdən ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!” (“Təcridül-etiqad” kitabının qədim şərhi, Şəmsəddin İsfahani Əşəri, “Tovzihul-murad”dan (“Şərhu-təcridil-etiqad”ın haşiyəsi) nəqlən, Seyid Haşim Hüseyni Tehrani, səh. 672.)
       Bu tərifin birinci təriflə əsaslı fərqi yoxdur və hər iki tərif eyni məfhumu ehtiva edir. İbn Xəldun tarixlə əlaqəli “Müqəddimə” adlı kitabında bu tərifi qeyd etmişdir.
    Şeyx Müfid “Əvailul-məqalat” kitabının “ismət” (“İsmət”, yəni insan elə bir güclü dərketmə qüvvəsinə malik olsun ki, başqaları kimi günah etməyə qadir olduğu halda, günaha düşməsin. Bu məsələ Allahın məsum şəxsi günahı tərk etməyə məcbur etməsi kimi təsəvvür olunmamalıdır. Allah-taalanın insana yüksək ağıl, kamal, dərrakə, mənəvi paklıq, eləcə də, ibadət və itaətə son dərəcədə diqqət kimi böyük nemətlər bəxş etməsi nəticəsində onun günah etmək qüdrətinə malik olmasına bayxmayaraq, onu öz ixtiyarı ilə tərk edir. Peyğəmbərlər və imamlar da bu məqama malik olduqları üçün onlara “məsum” deyilir. (“Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 180.) bölümündə belə yazır:

    اِنَّ الاَئِمَّةَ القائِمِينَ مَقامَ الْاَنْبِياء فِى تَنْفِيذِ الْاَحْكامِ وَ اِقامَةِ الحُدوُدِ وَحِفْظِ الشَرايِع وَتأديبِ الاَنامِ مَعْصوُموُن كَعِصْمَةِ الاَنْبِياء


    “Peyğəmbərin (s) canişini olan imamlar hədd (Şəriətdə bəzi günah və pozğun işləri törədənlərin fiziki cəzalanmasına “hədd” deyilir), hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) məsumdurlar!” (“Müqəddimə”, İbn Xəldun, səh. 191.)
    Əhli-beyt (ə) ardıcıllarının əqidəsinə uyğun bu tərifə əsasən, imamət xalqa rəyasət və rəhbərlikdən də yüksək məqamdır. İmamlar peyğəmbərlərin (vəhyi istisna etməklə) bütün spesifik xüsusiyyətlərinə malikdirlər. Buna görə də “ismət” sifəti (günah və xətalardan paklıq) imamlara da aiddir.
    “Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından imamətə belə tərif verilir: “İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.”
    Bu tərifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!