Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Uşaqlar Uşaqlarçün dini biliklər: Həzrət Adəm

Uşaqlar

Uşaqlarçün dini biliklər: Həzrət Adəm


Əziz uşaqlar!

Siz yəqin ki, yer üzündə ilk insanın kim olduğunu və necə yarandığını bilmək istəyirsiniz. Elə isə, gəlin, bu barədə Quranda nə buyurulduğunu öyrənək.

  Bir zamanlar yalnız Allah var idi, Ondan başqa heç bir şey yox idi. Allah hələ heç nəyi və heç kimi yaratmamışdı. Nə Günəş, nə Ay, nə də ulduzlar vardı. Nə Yer kürəsindən əsər-əlamət var idi, nə də indi onun üzərində gördüyümüz bitki və heyvanlardan. Bu vəziyyəti təsəvvür etmək üçün bir anlığa gözlərimizi yumaq. Heç nə görmürük, elədirmi? O zaman da beləcə, görüləsi, duyulası heç nə yox idi.

  Sonra qüdrətli Allah dünyanı yaratmaq istədi. Al¬lah nəsə yaratmaq istəyəndə sadəcə olaraq, “Ol!” – deyir və o şey yaranır. Allahın əmri ilə hava, od, işıq əmələ gəldi, Günəş parladı, Ay şəfəq saçdı. Allah Yeri yaratdı. Onun üzərini dağlarla, dənizlərlə, torpaqla örtdü. Bunun ardınca növbənöv ağaclar və çiçəklər bitdi. Daha sonra heyvanlar yaradıldı. Yer üzərində həyat canlandı.

  Allah insanları yaratmazdan xeyli əvvəl mələkləri yaratmışdı. Mələklər nurdan (işıqdan) yaranmışlar. Onlar Allahın əmri ilə müxtəlif işləri yerinə yetirirlər. Mələklər Allahın əmrindən çıxa bilməzlər, Allah hər nə buyursa, onlar icra etməlidirlər. Hələ insanlar yaradılmazdan qabaq mələklər Allaha dua və ibadət edir, Onun əmr və tapşırıqlarını yerinə yetirirdilər. İnsanlar yaradılandan sonra da mələklər öz işlərini davam etdirirlər. Allah mələklərin bir hissəsinə tap¬şırıb ki, təbiət hadisələrinə nəzarət etsinlər. Allahın əmri ilə mələklər yağış yağdırır, küləyi əsdirirlər. Hətta onların bir hissəsi çətin vaxtlarda Allahın əmri ilə möminlərə yardım göstərir. Bəzi mələklər möminləri incidən kafirləri məhv edirlər. Cəbrayıl adlı mələk isə Allahın vəhyini peyğəmbərlərə çatdırırdı.

  Mələklərdən əlavə, Allah alovdan cinlər də yaratmışdı. Cinlərin bir hissəsi mömin, bir hissəsi kafirdir. Cinlər insanların yaşadığı aləmdən fərqli olan bir aləmdə yaşayırlar. Onlar bəzən cildlərini dəyişməyi bacarırlar.
 
  Am¬ma Allah istədi ki, mələklərdən və cinlərdən fərqlənən yeni bir canlı yaratsın. Bu canlı İnsan olacaqdı. İnsana ixtiyar veriləcəkdi ki, həyatda öz yolunu seçsin. İnsan mələk kimi Allahın əmrlərini yerinə yetirməyə məcbur deyil. O, istəsə Allaha iman gətirər, ya da kafir olar. Əgər mömin olsa, Allahın razılığını qazanar, savab sahibi olar. Əgər kafir olsa, həm bu dünyada, həm də axirət aləmində cəzaya düçar olar. Allah insanı yer üzündə öz canişini etmək istəyirdi. İnsan yer üzərində Allahın qayda-qanunlarını icra etməli, gözəl əxlaqlı, ədalətli olmalı idi.

Bəşəriyyətin ulu babası, ilk insan Həzrət Adəm oldu. Allah Adəmin bədənini torpaqdan yaratdı, sonra onun bədəninə ruh daxil etdi və Adəm canlandı.

  Adəm öz dərin zəkası və ağlı ilə bütün dünyanı anladı. O, özündən əvvəl yaradılmış bütün əşyaların adını öyrəndi. Bu zaman Allah mələklərə əmr etdi ki, Onun möcüzəsi olan Adəmin qarşısında baş əysinlər. Bununla da Allahın qüdrətinə tabe olduqlarını təsdiq etsinlər.

  Mələklər Allahın əmrinə itaət edib, Adəmin qarşısında baş əydilər. Yalnız İblis adlı bir cin bu işdən boyun qaçırdı. İblis əvvəl çox mömin idi. Hətta ona icazə verilmişdi ki, mələklərə qoşulsun. İblis elə bir dərəcəyə çatmışdı ki, mələklərə dərs deyirdi. Lakin onun uzun müddətli ibadəti axırda puç oldu. İblis Allahın əmrini yerinə yetirməkdən və Adəmə baş əyməkdən imtina etdi. O, Allaha söylədi: “Mən Adəmin qarşısında əyilmərəm! Çünki ondan üstünəm. Adəm torpaqdan, mən isə alovdan yaradılmışam. Alov torpaqdan üstündür!”

  Allah İblisi dərhal cəzalandırmaq istədi. Amma İblis dil töküb yalvardı ki, cəzası qiyamət gününə kimi təxirə salınsın. Bütün insanlar qiyamət günündə dirilib ədalət məhkəməsinə çəkiləcək və öz əməllərinə görə cavab verəcəklər. O zaman İblis də cəhənnəmə salınacaq. O, həmin günə kimi bacardıqca daha çox insanı aldadıb öz tərəfinə çəkməyə çalışır. İblisə tabe olan insanlar da qiyamət günündə onunla birlikdə cəhənnəmə düşəcəklər.

  Allah Adəmi cənnət bağlarında yerləşdirdi. Darıxmasın deyə, Həvva adlı bir qadın yaradıb ona qoşdu. Adəmlə Həvva birlikdə gözəl cənnət bağlarında yaşa-mağa başladılar. Allah onların hər ikisinə tapşırdı ki, istədikləri meyvələrdən yesinlər, yalnız bircə ağacın meyvəsindən başqa! Çünki əgər həmin meyvədən yesələr, özlərinə ziyan vurmuş olacaqlar.

  İblis bu müddət ərzində Adəmdən intiqam almağa fürsət gözləyirdi. Axı o, Adəmə baş əymədiyinə görə lənətlənib cəzaya məhkum edilmişdi. İblis hər vasitə ilə Adəmi aldadıb fəlakətə salmaq istəyirdi. O, bir gün Adəm və Həvva ilə görüşdü, onları qadağan edilmiş ağacın meyvəsindən yeməyə həvəsləndirdi. Dedi ki, bu meyvədən yeməyin heç bir ziyanı yoxdur, əksinə, xeyri var.

  Adəm babamızla Həvva nənəmiz İblisin sözlərinə inanıb o meyvədən yedilər. Buna görə Allah onları cənnət bağlarından çıxarıb Yer üzünə göndərdi. Yerə endikdən sonra Adəm etdiyi işdən peşman olub uzun müddət ağladı, tövbə edib bağışlanmaq dilədi. Allah Adəmin tövbəsini qəbul etdi

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə