Yalnız zühurdan sonra açılacaq sirr

İmam Cəfər Sadiqin (ə) həyatına bir baxış

Bizə müxtəlif münasibətlərlə “Nüdbə” duasını oxumaq tövsiyə olunub. Nüdbə duası Həzrət Mehdinin (əc) zühurunun intizarını çəkənlərin sızıltılarıdır. Müsəlmanların 6-cı imamı İmam Cəfər Sadiq (ə) şəvval ayında abbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən Mədinədə şəhadətə çatdırılmışdır. İmamın həyatına son qoymaq üçün ona zəhər verilir. “Şeyxül-əimmə” adı ilə tanınan İmam Sadiq (ə) bütün başqa imamlardan uzunömürlü olub. Onu Bəqi qəbiristanlığında atası İmam Baqir (ə) və İmam Həsən Müctəbanın (ə) kənarında dəfn ediblər.
İmam Sadiq (ə) şəhadətə yetirildiyi zaman onun 65 yaşı olub. Həzrət Sadiq (ə) 34 il imamət məqamını imamət məsuliyyətini daşıyıb. İmam Sadiqin (ə) dövrü şiə məktəbinin qızıl dövrü sayılır. Həmin dövrdə əməvilərlə abbasilər arasında böyük qarşıdurma yaşanıb. Bu səbəbdən şiə məktəbi üçün ictimai meydan bir qədər açıq olub. İmam Sadiq (ə) yaranmış fürsətdən məharətlə istifadə edərək dəyərli şagirdlər tərbiyə edib, şiə ruhiyyəsinə təravət gətirib.
Həzrət Peyğəmbər (s) dünyasını dəyişəndən sonra, üç xəlifənin dövründə xəlifələr fiqhi sualla rastlaşanda İmam Əliyə (ə) müraciət edərdilər. Bütün çətin məsələləri Həzrət Əli (ə) cavablandırardı. Həzrət Əli (ə) şəhadətə çatandan sonra onun övladları ciddi sıxıntıya məruz qaldı, xalqla Əhli-Beyt (ə) arasında bir ayrılıq yaradıldı. Dinini dünyasına satan zalım hakimlər eyş-işrət dolu həyatlarını rahat yaşamaq üçün hətta saxta hədislər uydurdular. O qədər saxta hədis yaradılmışdı ki, alimlər bu hədisləri bir-birindən seçməkdə çətinlik çəkirdilər. Hicri qəməri 40-cı ildən birinci əsrin sonuna qədər səhabə və tabeindən olanların kiçik bir hissəsi Ali-Məhəmməd fiqhindən bəhrələnirdi. İmam Baqirin (ə) dövründə təzyiqlər bir qədər azaldı, İmam Sadiqin (ə) imamət dövründə, 114-148-ci illərdə Ali-Məhəmməd fiqhi tədris və təbliğlə yayılmağa başladı.
İmam Sadiqdən (ə) fiqh və kəlam mövzüsunda o qədər əhatəli rəvayət və hədislər nəql olunub ki, artıq həmin dönəm şiə, cəfəri məktəbi dönəmi kimi yadda qalıb. Siyasi gərginlik azaldığından insanlar azad şəkildə İmam Sadiqə (ə) müraciət edib, öz fiqhi suallarına cavab alıblar. Əhli-Beytdən (ə) İmam Sadiq (ə) qədər şagirdi olan ikinci bir şəxs yoxdur. Ən çox rəvayət İmam Sadiqdən (ə) nəql olunub. Əshabi-hədis İmam Sadiqdən (ə) hədis nəql edənlərin 4 min nəfər olduğunu yazır. Bu 4 min nəfər hər gün imamın hüzurunda olmasa da, onun elmindən bəhrələnərdir.
Bu 4 min nəfər rəvayətçinin çoxu qısa bir müddət imamın hüzurunda olub. İmam Sadiqin (ə) dövründə qiyamların əksəri hakimiyyətə qarşı olub. Bununla belə İmam Sadiq (ə) hakimlərə qarşı qiyamı dəstəkləməyib, ona vəd verən qiyam rəhbərlərini qəbul etməyib. İmam bütün imkanlarını Ali-Məhəmməd fiqhinin və Əhli-Beyt (ə) maarifinin yayılmasına sərf edib. Bəni-Haşimi qiyama dəvət edənlər hakimiyyəti ələ almaq istəyənlər idi. Onların əsl məqsədi bidəti aradan qaldırıb Əhli-Beyt (ə) maarifini dirçəltmək deyildi. Həmin dövrdə bəzən şiələr özləri çətinlikdə qalıb, hadisələrlə bağlı suallarını İmam Sadiqə (ə) ünvanlayırdılar. Mərhum Küleyni “Kafi”də nəql edir ki, imam bir bu qədər tərəfdarı olduğu halda qiyam qaldırmadığı üçün qınanırdı. Ona deyirdilər ki, bu qədər şiə və tərəfdar olduğu zaman sakit oturmaq düzgün deyil. Belə bir sualla müraciət edən Sudeyrə İmam Sadiq (ə) buyurur: “Onların sayı neçə nəfərdir?” Sudeyr cavab verir ki, 100 min nəfər. İmam təəccüblə soruşur ki, 100 min nəfər? Bu dəfə Sudeyr 200 min nəfər deyir. İmam yenə təəccüb etdikdə Sudeyr cavab verir ki, dünyanın yarısı sizə tərəfdardır. İmam Sadiq (ə) ayağa qalxır və Sudeyrlə bayıra çıxır. Bir keçi sürüsünün yanından keçərkən imam buyurur: “Ey Sudeyr! And olsun Allaha, bu keçilərin sayı qədər tərəfdarım olsaydı, qiyam qaldırmamağım rəva olmazdı.” Biz namaz qılıb ayağa qalxdıq - bunu Sudeyr nəql edir - Keçiləri saydım, orada cəmi 17 keçi vardı. Bəli, İmam Sadiqin (ə) dövründə onun sadiq tərəfdarlarının sayı 17 nəfərə çatmırdı!
Sünnə əhlindən olan Zəhəbi hənəfi məzhəbinin başçısı Əbu Hənifədən nəql edir ki, İmam Sadiqdən (ə) fəqih bir şəxs görmədim. Zübeyr Bükar yazır: Əbu Hənifə İmam Sadiqlə (ə) çox görüşüb. Görüşlərindən birində İmam Sadiq (ə) ona buyurdu: “Allahdan qorx, dində qiyas aparma, ilk qiyas aparan şeytan olub. Allah şeytana deyib ki, Adəmə (ə) səcdə et, o isə özünün oddan, Adəmin (ə) torpaqdan yaradılmasını qiyas apararaq özünü üstün sayıb (bax: Əraf, 21). Sonra İmam Əbu Hənifədən soruşub ki, adam öldürmək pisdir, yoxsa zina? Əbu Hənifə cavab verib ki, adam öldürmək pisdir. İmam Sadiq (ə) yenə sual verib: “Bəs nə üçün adam öldürənə iki, zinaya dörd şahid istənilir?” İmam bununla Əbu Hənifəyə qiyas əsasında fitva verilməsinin düzgün olmadığını anladıb.
Əbu Hənifəyə İmamın növbəti sualı bu olub ki, Allah yanında oruc yüksəkdir, yoxsa namaz? Əbu Hənifə cavab verib ki, namaz yüksəkdir. İmam növbəti sualı verib: “Nə üçün aybaşı dövründə qadın tutmadığı orucların qəzasını tutmalıdır, qılmadığı namazların qəzasını qılmamalıdır?” Bu da qiyasın düzgün olmamağı ilə bağlı Əbu Hənifə qarşısında qoyulan ikinci dəlil idi.
Əbu Bəsir deyir ki, Ümmi-Həmidənin xidmətində idim, İmam Sadiqin (ə) dünyasını dəyişməsinin münasibəti ilə başsağlığı verməyə getmişdim. O ağladı, mən də ağladım. Dedi ki, imam dünyasını dəyişəndə orada olsaydım maraqlı bir hadisəyə şahid olardım. İmam gözünü açıb buyurdu ki, kimin mənimlə qohumluq əlaqəsi varsa onu dəvət edin. Hamını dəvət etdik, imam onlara müraciətlə buyurdu: “Kim namazı yüngül saysa mənim şəfaətimdən bəhrələnməyəcək.”
Abbasi xəlifəsi Mənsur əmr etdi ki, Məkkə və Mədinədə hakim kimi tanınan Həsən ibn Zeyd İmam Sadiqin (ə) evini yandırsın. Hakim bu göstərişi yerinə yetirdi. Evə od vurulandan sonra İmam Sadiq (ə) od tutmuş evə daxil olub hərəkət etməyə başladı. İmam od arasında hərəkət edərkən deyirdi ki, cəddim İbrahim (ə) Nəmrudun atəşində yanmadığı kimi mən də Allahın izni ilə bu odda yanmayacağam. Sözünün davamında buyurdu ki, biz Peyğəmbər (s) Əhli-Beyti (ə), kövsər nəsli olaraq qiyamətə qədər yaşayacağıq.
İmam Sadiq (ə) nəql edir ki, od tutmuş evin qapısı ağzında durduğum zaman evin içində ailə-övladım nalə çəkərək o tərəf bu tərəfə qaçdığını gördüm. Cəddim Hüseynin (ə) Aşura günü od vurulan xeymələri yadıma düşdü.
Allahın seçilmişləri arasında mühüm qeyb və zühur hadisəsinin işıqlandırılmasında İmam Sadiqin (ə) fəaliyyətləri diqqəti cəlb edir. İmam Sadiq (ə) tərəfindən nəql olunan rəvayətlərin sayı, mövzuları ardıcılların mərifətə çatması üçün böyük imkanlar yaradıb. İmam Sadiqin (ə) ən böyük uzaqgörənliklərindən biri onun zühur dövründəki elmi inkişaf, texnoloji tərəqqi barədə verdiyi xəbərlərdir. İmam Sadiqin (ə) rəvayətlərinə nəzər salıb bugünkü elmi inkişafı araşdırdıqda imamın uzaqgörənliyinə heyrət etməmək mümkün deyil. Həmin dövrdə heç bir insan düşüncəsi belə bir elmi inkişafı proqnozlaşdıra bilməzdi. Abdullah ibn Miskan deyir: İmam Sadiq (ə) buyurur: “İmamın qeyb dövründə şərqdəki insan qərbdəki insanı görəcək, qərbdəki insan da şərqdəki insanı müşahidə edəcək.” İmam Sadiq (ə) belə bir texniki imkanların həyata keçməsindən min il öncə bu xəbəri vermişdi. Bunu onun üçün möcüzə də saymaq olar.
Şeyx Səduq “Kəmaluddin” kitabında yazır: Abdullah bin Fəzl Haşimi İmam Sadiqdən (ə) 12-ci imamın qeybi barədə soruşur. İmam buyurur: “İmam əsrin zühurundan öncə qeybin əsl hikməti açıqlanmaz. Necə ki, Xızrın (ə) rəftarları Musaya (ə) aydın deyildi. O gəmini deşəndə, körpə uşağı öldürəndə, uçan divarı təmir edəndə Musa (ə) bu işlərin hikmətini bilmirdi. Yalnız sonradan bütün bu rəftarların mənasını anladı. Ey Fəzl oğlu, Allah hikmət sahibidir, imamın qeybi də hikmətlidir. Bu qeybin hikməti qeyb dövründə möminlərə gizli qala bilər.”
Sual oluna bilər ki, bəs qeybin faydası nədir? Süleyman İmam Sadiqdən (ə) qeybin faydası barədə soruşur. İmam Sadiq (ə) buyurur ki, günəş bulud arxasında faydalı olduğu kimi qeyb hadisəsi də faydalıdır.
Qeyb dövrünün uzunluğu, şübhə və tərəddüdlər bəzi möminlərin qəlbində bu hadisəyə şübhə yarada bilər. Məsum imamlar müxtəlif yollarla bu hadisə ilə bağlı yaranacaq şübhələri aradan qaldırıblar. Ğəriq duası, əhd duası da bu qəbildəndir. Şeyx Səduq “Kəmaluddin”də İmam Sadiqdən (ə) nəql edir: Tezliklə şübhəyə düşəcək, imam və rəhbərsiz qalacaqsınız. Yalnız Ğəriq duasını oxumaqla bu şübhələrdən qurtula bilərsiniz. Ravi bu dua barədə soruşanda imam buyurur: “Ya Allahu, Ya Rəhmanu, Ya Rəhimu, Ya Müqəllibəl-qülubi səbbit qəlbi əla dinik...” qeyb dövründə Ğəriq duasını ardıcıl oxumaq tövsiyə edilmişdir.
İmam Sadiq (ə) fərəc intizarında olanlar üçün dua qaydalarını açıqlayır. Dua qeybdə olan imama sevgi vasitəsidir. İntizarda olanlar öz salamını imama bu yolla çatdırır. İmam Sadiqin (ə) duasında oxuyuruq: Bismillahir-rəhmanir-rəhim, Allahummə bəlliğ məvlana sahibəz-zaman əynəma kanə və həysu ma kanə min məşariqəl ərzi və məğaribiha səhliha və həbəliha ənni və ən validəyyə və ən vuldi və ixvanit-təhiyyə vəs-səlamu ədədə xəlqillahi və zinətə ərşillah vəma əhsahu kitabuhu və əhətə bihi ilmuh. Allahummə inni ucədidu ləhu fi səbihəti hazəlyəvm... Duada deyilir ki, Rəhman və Rəhim Allahın adı ilə; Pərvərdigara, mənim, valideynimin, övladlarımın, qardaşlarım tərəfindən mövla sahibəz-zamana salam göndər; harada olsa, şəqrdə ya qərbdə, səhrada ya dağda Allahın yaratdıqları sayda, Onun ərşi qədər, kitabında sayılan həddə, elm çatan qədər salam göndər... Pərvərdigara, beyətimi yeniləyirəm bu gün sübh...
İmam Sadiqin (ə) buyuruğuna əsasən Əhd duası imamın xidmətinə çatmaq iftixarına səbəb olur, onun hökumətində xidmət fürsəti yaradır. Duada oxuyuruq ki, Pərvərdigara, bizi imamın istəklərinə çatmasında köməkçilərdən qərar ver, onun hüzurunda şəhadətə çataq... Başqa bir məqamda duada oxuyuruq: Kim imam əsrin intizarında dünyasını dəyişsə onun xeyməsində olmuş kimidir...
Şeyx Səduq “Kəmaluddin” kitabında Sudeyr Serfidən nəql edir: Mövlam İmam Sadiqin (ə) hüzuruna yetişdim. O torpaq üstündə oturub övladı ölmüş ana kimi ağlayırdı. Çöhrəsinin rəngi dəyişmişdi, simasında qəm-qüssə müşahidə olunurdu, göz yaşı libasını islatmışdı. O duada belə deyirdi: Ey mənim mövlam! Sənin qeybin gözümdən yuxumu alıb, yer mənə dar olub, asayişim əlimdən çıxıb!
Duada oxuyuruq: Səyyidi, ğəybətukə əfzələt musabi bifəcaiil əbədi və fəqdul vahidi bədəl vahidi yəfnil-cəmə vəl ədədə fəma əhissu bidəməti tərqa min əyni və əninin yəfru min sədri ən dəvaricir-rəzaya və səvalihil-bəlaya illa mussilə bi iyni ən ğəvabiri əzəmiha və əfəziha və bəvaqi əşəddiha və ən kəriha və nəvaibə məxlutəti bi qəzəbikə və nəvazilə məcunətin bisəhətik... Ey mənim mövlam! Sənin qeybin mənim müsibət və çətinliklərimi həmişəlik faciəyə döndərdi; dostları bir-bir əldən verməklə ətrafım dağıldı; gözümdən gələn yaşın acısı, qəlbimdən qalxan nalə sənin qeyb dövrünün çətinliklərini yada salmaqla sona çatmır; daha çətin və daha ağırlı dərd-bəla gözümün qarşısındadır...
Sudeyr deyir ki, gördüyüm səhnələrdən İmam Sadiqin (ə) qarşısına böyük bir çətinlik çıxdığını düşündüm. Soruşdum ki, bu göz yaşlarının səbəbi nədir? İmam Sadiq (ə) göz yaşları içərisində buyurdu: Bu gün səhər Cəfr kitabına baxdım, qaimin mövludu, uzun qeybi, möminlərin çətinlikləri, həmin dövrdə yaranacaq şəkk-şübhələr, insanların öz əhdini pozması qəlbimi riqqətə gətirdi, pərişanlığım artdı. Hansı ki, Allah-Taala hər bir insanın əməl naməsinin boyundan asılacağını bildirib...
Bəli, İmam Sadiq (ə) Həzrət Höccətin (əc) intizarını çəkənlərdən, ona dua edənlərdən idi. O möminlər və şiələr üçün qeyb dövründə aydın bir yol göstərmişdi. Hansı ki, İmam Sadiq (ə) qeyb dövründən 100 ildən artıq öncə yaşamışdı. Amma buna görə necə nigaran idi! Buna görə də həmişə nüdbə duası oxunmasını tövsiyə edirdi.
İmam Sadiqin (ə) elmi məqamı təkcə şiə mənbələrində təsdiqlənməyib. Altıncı imamın fövqəladə mənəvi və elmi dərəcəsi sünnə-əhli kitablarında da yer almış mövzulardandır. İbn Əbdülbirr deyir: Cəfər ibn Məhəmməd ibn Əli ibn Əbu Talib (ə) Əbu Talibin künyəsi Əbu Abdullahdır, anası Əbu Bəkrin oğlu Məhəmmədin oğlu Qasimin qızı Fərvədir. O Sadiq adı ilə tanınır. Alim, əmin, düşüncəli, həkim, təqvalı, fəzilət sahibi olan bir şəxsdir, cəfəri məzhəbi ona aiddir...
Məşhur sünnü alimi Novey deyir: İmam Əbu Abdullah Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib Sadiq adı ilə tanınır. Məhəmməd İbn İshaq, Yəhya Ənsari, Malik, İbn Cərih, Şöbə, Yəhya Əl-Qitan və başqaları ondan hədis nəql ediblər. Hamı onun imamət və cəlalını təsdiqləyir. Əmr ibn Əbu Miqdad deyir ki, ona baxanda Peyğəmbər (s) nəslindən olduğunu görürdüm...
Şeyx Əttar “Təzkirətül-övliya” kitabında ariflər və övliyalardan danışarkən sözə İmam Sadiqlə (ə) başlayır və deyir: O Mustafa ümmətinin sultanı, risalət dəlili, böyük alim, övliyaların qəlb meyvəsi, peyğəmbərlərin ciyərparəsi, Əli (ə) davamçısı, Peyğəmbər (s) varisidir. O arif, aşiq Cəfər Sadiqdir (ə)...
Şeyx Əttar deyir: Peyğəmbərlərin, səhabə və əhli-beytin haqqında ayrıca kitablara ehiyac var. Mən övliyalardan söz açdığım bu kitabda təbərrük olaraq əvvəlcə İmam Sadiqin (ə) adını çəkirəm. Onun ardınca gedənlər 12 imam məzhəbindəndirlər. Bu 12 nəfər bir nəfər, bir nəfər 12 nəfərdir. Onun kamalda misli yoxdur, hamının etimadını qazanıb, ilahiyyatda şeyx idi, Məhəmməd (s) ümmətinin imamı idi, zövq əhli və eşq əhlinin qabaqcılı idi, təfsir və əsrari-tənzildə misli yox idi... Təəccüb edirəm o adamlara ki, sünnə əhlinin Əhli-Beyt (ə) yolunu getmədiyini düşünür. Kim Məhəmmədə (s) inanırsa, Əhli-Beytinə (ə) inanmırsa, Məhəmmədə (s) inanmır. Şafii Muhəmməd (s) Əhli-Beytini (ə) elə sevirdi ki, bu barədə şeirlər deyərdi və həmin şeirlər məşhurdur. Şeirlərdən birində deyir ki, əgər Ali-Məhəmmədi (ə) sevmək rafiziliksə mənə rafizi deyin.
İmam Cəfər Sadiq (ə) əsl Allah bəndəsi idi. Buna görə də Allaha ibadətdən qəflətdə qalmazdı. Malik ibn Ənəs onun ibadəti barədə deyir: Mən onu üç haldan birində gördüm. Ya namaz qılar, ya oruc olar, ya Quran oxuyardı. Dəstəmazsız halda Peyğəmbərdən (s) hədis dediyinə şahid olmadım. Faydasız söz danışmazdı, Allahdan qorxan bir zahid idi. Onunla həccə getdiyim zaman Şəcərəyə çatdığımız vaxt məhərrəm idi. Nə zaman təhlil (zikr) demək istəyirdisə huşu başından çıxırdı. Səbəbini soruşanda deyirdi ki, “Ləbbəykə Allahummə ləbbəyk” deyəndə Allahdan “La ləbbəyk, və la sədeyk” eşidəcəyimdən qorxuram...
Əbu Nəim Əbu Abdullah Cəfər ibn Məhəmməd Sadiq (ə) öz dövründə vilayət sahibi idi, xüşu ilə ibadətə məşğul idi.
Sünnə-əhli mənbələrində bildirilir ki, İmam Sadiqin (ə) elm və fəziləti kimsəyə qaranlıq deyil. Bu barədə müxtəlif kitablarda yazılıb. Məhəmməd Bəsi deyir: İmam Sadiq (ə) fiqh, elm və fəzilət baxımından Əhli-Beyt (ə) seyyidlərindən idi. Suri, Malik, Şöbə ondan hədis nəql ediblər.
Hənəfi məzhəbinin rəisi Əbu Hənifə İmam Sadiqi (ə) həyatında gördüyü ən fəqih şəxs kimi yada salır. Ondan ən fəqih şəxs haqqında soruşulanda deyir ki, Cəfər ibn Məhəmməddən (ə) fəqih insan görmədim.
Mənsurun göstərişi ilə Əbu Hənifə İmam Sadiqə (ə) ünvanlamaq üçün 4 çətin sual hazırlayır. Suallara cavab alandan sonra etiraf edir ki, mən bu hadisədən qabaq da onun ən elmli şəxs olduğunu demişdim. Əbu Hənifə İmam Sadiqin (ə) bütün məzhəblərə aid elmlərə sahib olduğunu bildirir.
Sünnə-əhli mənbələrində İmam Sadiq (ə) haqqında kifayət qədər məlumat verilmişdir. Bu məlumatlar arasında həzrətin Quran təfsiri ilə bağlı buyuruqları da yer alıb. Süyuti “Vəşkuru li vəla təkfurun” ayəsi haqqında danışarkən İmam Sadiqdən (ə) nəql edir: Sizə nemət verənə şükürü yerinə yetirin; nemətin şükürünü yerinə yetirəndə o sonsuz olur, nemətə küfr etdikdə nemət kəsilir; şükür nemət və asayişin artmasına səbəb olur...
Səmərqəndi Ali-İmran surəsinin son ayələrinin təfsirində İmam Sadiqi (ə) yada salaraq onun dilindən nəql edir: Kim Allahı bu dualarla yada salsa duaları eşidilər; Allah buyurur ki, mənə ibadət ünvanında yerinə yetirilən savab əməllər puça çıxmaz, həmin şəxs kişi ya qadın olsa fərq etməz...
Səmani “ləvla ən rəəy borhanə rəbbi” ayəsi haqqında danışarkən Həzrət Yusifin (ə) əhvalatını yada salır və İmam Sadiqin (ə) sözlərini xatırlayır: Qadının evində büt vardı, öz niyyətini həyata keçirməzdən öncə bütün üzünə pərdə atdı; Həzrət Yusif (ə) bunun səbəbini soruşdu. Qadın cavab verdi ki, mən bütdən utanıram. Həzrət Yusif (ə) buyurdu ki, mənim Allahım həya etməyə daha layiqlidir; bunu deyib qaçdı...
Süyuti İbn Abbas və İbn Əmrdən nəql edir: Allah-Taalanın 99 adı var. Kim bu adları saysa behiştə daxil olar. İmam Sadiqdən (ə) bu 99 ad haqqında soruşulduqda buyurdu ki, bütün bu adlar Quranda yer alıb. Fatihə surəsindəki beş ad bunlardır: Ya Allah, Ya Rəbb, Ya Rəhman, Ya Rəhim, Ya Malik... Sonra imam başqa surələrdəki adları da dilə gətirdi və 99 ad saydı.
Sünnə-əhli mənbələrində bildirilir ki, İmam Sadiq (ə) öz ata-babaları kimi doğru İslam yolunu getdi, xalqın maariflənməsi ilə məşğul oldu. İmam Cəfər Sadiqdən (ə) böyük bir elmi irs qaldığı bildirilir. Bunu İslam dünyasının fəxri sayırlar. Təkcə müsəlmanlar yox, bütün bəşəriyyət İmam Sadiq (ə) məktəbindən bəhrələnib cəhalət qaranlığından qurtula bilər.
İmam Sadiqin (ə) etiqad, əxlaq, ibadət, siyasət, ictimaiyyət mövzusunda dəyərli sözləri də sünnə-əhli mənbələrində yer alıb. Həmin məlumatları nəzərdən keçirək: Cəfər ibn Məhəmməddən (ə) Allahın necəliyi barədə soruşulanda cavab verdi: Allah heç bir qaranlığın yol tapmadığı nurdur, heç bir cəhalətin nüfuz etmədiyi elmdir, heç bir ölümə yol olmayan həyatdır...
İmam Sadiq (ə) insanları Allahın razılığını qazanmağa çağıraraq buyururdu: Allahı əliniz çatmayan şeylərə görə qınamayın, əldə etdiyiniz ruzilərə görə sitayiş etməyin; ruzi tamahkarlıqla əldə olunmaz, nifrətlə əldən çıxmaz. Əgər bir şəxs ruzidən qaçsa qaçdığı ölüm onu tapdığı kimi ruzi də onu tapar...
İmam Sadiq (ə) cəmiyyətdə qardaşlığa böyük əhəmiyyət verir bu barədə tövsiyələrini bildirirdi: Kimdə üç xasiyyət olsa bu şəxsə münasibətdə dörd iş vacibdir. Ünsiyyətdə zülm etməsin, danışanda yalan danışmasın, vəd verəndə vədinə xilaf çıxmasın. Bu zaman xalqın öhdəsinədir ki, onun ədalətini aşkarlasın, müruvvətini kamala çatdırsın, onunla qardaşlıq etsin, onun qeybətinə yol verməsin... İmam Sadiq (ə) tövsiyə verir ki, xalqa əhəmiyyət verməsən xalq da sənə əhəmiyyət verməz; bir yerə getməyin sənə hörmət gətirməyəcəksə, səni alçaldacaq...
Adətən insanlar öz vəsiyyətlərində maddi məsələlərə diqqət yetirirlər. Üzərində xalqın hidayəti məsuliyyəti olan İmam Sadiq (ə) oğlu imam Musa Kazimə (ə) vəsiyyətində imamət məsuliyyətinə önəm verir. Nəql edir ki, İmam Sadiq (ə) ömrünün son günlərində oğluna xitabən buyurub: Ey oğlum, vəsiyyətimi qəbul et, onu qoru. Əgər onu hifz etsən həyatın xoşbəxt, ölümün rahat olacaq. Ey oğlum! Allahın qismətindən razı qalan ehtiyacsız oldu. Gözü başqalarının malında qalan yoxsul oldu. Allahın ruzisindən razı olmayan, öz günahını kiçik sayan, başqalarının günahını böyük sayan aldandı. Başqalarının hicabını götürən, ailəsinin iffətini aşkarlayan, məzluma qılınc sıyıran şəxs həmin qılıncla öldürüləcək. Axmaqlar arasına daxil olan alçalar, alimlərlə oturub duran yüksələr...
Ey oğlum! Xalqı kiçik sayma ki, səni kiçik sayarlar. Sənə köməyi olmayan, səni alçaldan yerlərdən uzaq ol. Söz xeyrinə də olsa, zərərinə də olsa, haqdırsa onu de. Ey oğlum! Ziyarət edirsənsə ən üstün olanları ziyarət et, günahkarların görüşünə getmə, onlar sussuz çeşmə, yarpaqları cücərməyən ağac, bərəkətsiz torpaqdır...
Bütün bu deyilənlər sünnə-əhli mənbələrindən nəql olunub. Aydın olur ki, həmin mənbələrdə İmam Sadiqin (ə) yüksək mənəvi və elmi məqamı təsdiqlənir.