Fatimənin (s) anadan olması və ya əbədi günəşin doğması

Zəhra ulduzu doğuldu. Məhəmməd (s) və Xədicə (s) evi Fatimənin mələkuti nuru ilə işıqlandı
Besətdən beş il sonra cəmadiüssani ayının iyirmisində qeybi ruzilərin bəhrəsi yer üzündə təcəlli etdi, Zəhra ulduzu doğuldu. Məhəmməd (s) və Xədicə (s) evi Fatimənin mələkuti nuru ilə işıqlandı. Pak və oxşarsız atadan, pakizə bir anadan bir körpə dünyaya gəldi ki, aləmi sahilsiz kamillik dəryasında qərq etdi. Qısa və bərəkətli ömründə bəşəriyyəti təəccüb və heyrətə gətirdi. Əgər mələklər insan xilqətinin əsrarından xəbərdar olsaydılar, bilsəydilər ki, Adəm nəslindən belə bir əxlaqi fəzilətli, ilahi sifətli insan ərsəyə gələcək, ilahi məhzərdə «Adəmi nə üçün yaratdın?» deyə sual verməzdilər. («Bəqərə» surəsi, ayə 30). Çünki mələklər insan deyildikdə yalnız günahkar və fəsad törədən adamları təsəvvür edirdilər. Onlar insanın Fatimə sayaq uca məqamından xəbərsiz idilər. Qarşısında səcdə qıldıqları Zəhra (s) indi də mələklərin sevimlisidir.
Bu gün söhbət Məhəmməd (s) «kövsərinin» cari olmasından, sahilsiz kamal dəryasının sədasından, nəhayətsiz mələkut rəhmətindən, daim yaşıl qol-budaqlı, dərin kök atmış paklıq şəcərəsinin (ağacının) yüksəlməsindən gedir. «Xoş bir söz kökü yerdə möhkəm olub, budaqları səmaya ucalan gözəl bir ağac kimidir». («İbrahim» surəsi, ayə 24.) Bütün bəşəriyyət onun səmərəsindən faydalanır.
Zəhranın (s) doğum günü kamil insan simasının parladığı, islamın nümunəvi xanımının doğulduğu gündür. İmamətin on bir parlaq ulduzunun anası odur. Bəzi rəvayətlərə görə Zəhra Qədr gecəsidir. Ustadların təbirincə, axı necə də Qədr gecəsi olmasın, məgər on bir natiq, danışan Quran bu gecədə (Fatimədə) nazil olmadımı!
Bu gün söhbət fəzilətlər anasının, dünya qadınlarının tacı, Məhəmmədin (s) gözünün nuru, yarı canı, qəlb meyvəsi Zəhranın viladətindən gedir. Həzrət onun haqqında buyurub: «Atan sənə fəda olsun». Bu gün söhbət əbədi parlaq fəzilət günəşindən, imamət ulduzlarının mehvərindəndir. Zəhra nuru zaman və məkana sığmadığından bu doğulmuş hansı il, hansı günə düşdüyünü araşdırmağa ehtiyac görmürük. Bu tarixçilərin işidir. Buna görə də bu viladətlə bağlı yalnız bəzi nöqtələri xatırlayırıq.

Fatimə necə doğuldu?
İmam Sadiqdən (ə) nəql olunub: Xədicə (s) həzrət Məhəmmədə (s) ərə gedəndə Məkkənin varlı qadınları tərəfindən məzəmmət olundu. Çünki cahiliyyət ənənələrinə görə Xədicə kimi varlı bir qadın Məhəmməd (s) kimi kasıb bir şəxsə uyğun deyildi. Bu səbəbdən də Xədicə (s) tənha qaldı.
Xədicə (s) Fatiməyə hamilə oldu. Fatimə ansının bətndə olan vaxtlarda, anası ilə danışardı, onu səbirli olmağa ruhlandırardı. Xədicə bu məsələni həzrət Məhəmməddən gizlətsə də, bir gün həzrət otağa daxil olanda Xədicənin kiminləsə danışdığını gördü. Peyğəmbərin sualı qarşısında Xədicə məsələni açdı. Həzrət (s) buyurdu: «Cəbrail mənə xəbər verib ki, bu körpə qızdır və mənim nəslim onun vasitəsi ilə davam edəcək. O, imamların, mənim canişinlərimin anası olacaq».
Hamiləlik dövrü başa çatdıqdan sonra doğum məqamı yaxınlaşdıqda Xədicə bəzi Qureyş qadınlarından kömək istədi. Amma müsbət cavab almadı. Bu onu kədərləndirdi. Bu vaxt Xədicə dörd qadın müşahidə etdi. Onlardan biri dedi: «Biz sənin bacılarınıq – Sarə, Asya, Məryəm, Gülsüm (Musanın (ə) bacısı). Allah bizi sənə yardım üçün göndərib». Bəli, dünyanın ən pak qadınları Xədicəyə yardıma gəldi. («Bihar»)
Fatimə (s) doğulanda Məkkənin, eləcə də dünyanın bütün evlərində nuranilik vardı. Zəhra nurunun saçılmadığı guşə yox idi. Əlində teştlər, kovsər dolu qablar on huri otağa daxil oldu. Fatiməni (s) kovsər suyunda çimirib, ağ və ətirli parçalara bürüdülər. Zəhra dilə gəlib, şəhadət kəlmələrini dedi: «Şəhadət verirəm ki, bir Allahdan başqa məbud yoxdur və atam onun peyğəmbəridir».
Fatimə (s) belə doğuldu. Bir günəş doğdu ki, bütün dünyanı nura boyadı və heç zaman qürub etməyəcək.

Fatiməyə ad qoyulması

İmam Sadiqdən (ə) nəql olunub ki, Allah yanında Fatimənin doqquz adı vardır: «Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Rəziyyə, Muhəddəsə, Zəhra.»
İmam Rizadan (ə) nəql olunub ki, Allah-təala onu Fatimə adlandırdı. Bəli, ilahi insanların bütün şəni, hətta adları da ilahidir. Necə ki, həzrət Məhəmməd (s), həzrət Yəhya (s), həzrət Məsihin (s) adları Allah tərəfindən buyuruldu. Rəvayətlərdə həzrət Fatimə (ə) üçün başqa adlar da nəql olunmuşdur. O cümlədən Bətul, Hisan, Hürrə, Səyyidə, Üzra, Hura, Ünsiyyə, Məryəm, Kübra, Səmaviyyə, Ümmül Hüseyn, Ümmül Möhsin və s. Ən gözəli isə, Fatimə «Ümmül-fəzail»dir.