Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İBADƏT Necə namaz qılmalıyıq

İBADƏT

Necə namaz qılmalıyıq

 Namaz iki növ əməldən təşkil olunmuşdur.
1-Hərəkət və vəziyyətlər;
2-Tilavətlər;
 
Hərəkət və vəziyyətlər aşağıdakılardan ibarətdir.
1-Düz və aram dayanmaq;
2-Ruku; (əyilmək);
3-Səcdə (alını yerə və ya möhürə qoymaq);
4-Təşəhhüd və salam demək üçün əyləşmək;
 
Tilavətlər (oxunuşlar) isə aşağıdakılardır:
1-Allahu əkbər;
2-Fatihə və surə;
3-Rüku və səcdələrin zikri;
4-Allah və Onun Rəsuluna şəhadət vermək, sonra Allahdan həzrət Peyğəmbər (s) və onun Əhli-beyti (ə) üçün bərəkət və rəhmət diləmək və daha sonra salam demək.
 
Bununla da namaz sona yetir.
 
Dini göstərişlərə əsasən, hər bir müsəlman gündə beş dəfə namaz qılıb, Allaha ibadət etməlidir.
 
Hər bir müsəlmana vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:
1-Sübh namazı -İki rəkət (Dan yeri söküləndən gün çıxana qədər);
2-Zöhr namazı  -Dörd rəkət (Günorta çağı);
3-Əsr namazı -Dörd rəkət (Günortadan bir az sonra);
4-Şam namazı -Üç rəkət (Gün batandan sonra);
5-Xiftən namazı -Dörd rəkət (Şam namazından bir az sonra). Namazın hər bir rəkəti qiyam (ayaq üstə durmaq), qiraət (oxunuş), ruku və səcdələrdən təşkil olunmuşdur.Hər iki rəkətdən sonra bir təşəhhüd oxunmalıdır.Cümə günlərində qılınan Cümə namazı Zöhr namazını əvəz edir və iki rəkət qılınır.
 
İki rəkətdən ibarət olan Sübh namazının qılınma qaydasını öyrəndikdə, digər vacib namazların qılınma qaydasını da öyrənmək sənin üçün asanlaşacaqdır. Elə buna görə də hər şeydən öncə yalnız namazın vacib hissəsini qeyd edəcək və daha sonra namazın bir sıra müstəhəb əməllərini diqqətinizə çatdıracağıq.
 
SÜBH NAMAZI
Sübh namazı 2 rəkətdir və dan yeri söküləndən sonra qılınır.
Dəstəmaz aldıqdan sonra, qibləyə tərəf durur və namaza başlayırıq.
 
1- Niyyət:
Ayaq üstə duran halda «Sübh namazını qılıram, qürbətən iləllah» sözünü qəlbdən keçirmək.
 
2- Təkbirətul-ehram:
İki əlləri qulaqlara qədər qaldırıb, «Allahu əkbər» deyərək namaza başlamaq.
 
3- Qiraət: «Allahu əkbər» dedikdən sonra ayaq üstə duran halda «Həmd» və «İxlas» surələrini oxumaq.
«Həmd» surəsi belədir:  Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Ərrəhmanir-Rəhim. Maliki yəvmid-din. İyyakə nəbudu və iyyakə nəstəin. İhdinəs-siratəl-mustəqim. Siratəlləzinə ənəmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələz-zallin.
«Həmd» surəsini oxuduqdan sonra «İxlas» surəsini oxuyuruq. «İxlas» surəsi isə belədir: Bismillahir-Rəhmanir-Rəhim. Qul huvəllahu əhəd. Əllahus-saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kufuvən əhəd.
 
4-Ruku.
"Həmd» və «İxlas» surələrini oxuduqdan sonra əyilib əllərimizi dizlərimizə qoyaraq, üç dəfə «Subhanəllah» demək və daha sonra ayağa qalxmaq.
 
5-Səcdə:
Qiyamdan sonra səcdəyə gedərək, alnımızı möhürə qoyub üç dəfə «Subhanəllah» demək.
 
Qeyd etmək lazımdır ki, səcdə halında alın, əllərin içi, ayaqların baş barmaqları və diz qapaqları yerə qoyulmalıdır.
Birinci səcdədən baş qaldıraraq bir anlıq diz üstə oturur və bir daha səcdəya gedərək üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
İkınci səcdəni yerinə yetirdikdən sonra yenidən diz üstə oturur və bununla da namazın birinci rəkətini qılmış oluruq.
Namazın ikinci rəkətini qılmaq üçün ikinci səcdədən sonra bir anlıq diz üstə əyləşir, daha sonra dərhal ayağa qalxaraq «Həmd» və «İxlas» surələrini oxuyuruq.
 
6-Qunut:
Namazın bu hissəsi vacib olmasa da bəyənilmiş bir iş sayılır.
Qunut, 2-ci rəkətdə «Həmd» və «İxlas» surələrindən sonra və rukuya getməzdən öncə oxunur.
Qunutda iki əllərin içini üzümüz önündə tutaraq, dua oxuyuruq. Qunutda bu duanı oxumaq daha yaxşıdır: «Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd».
Qunutdan sonra əllərimizi yanımıza salıb, rukuya gedir və üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
Bundan sonra ayaq üstə durur və bir az dayandıqdan sonra səcdəyə gedərək, üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
Bu zikrləri dedıkdən sonra səcdədən qalxır və azacıq dayandıqdan sonra bir daha səcdəyə gedərək üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
 
7-Təşəhhüd.
İkinci səcdədən sonra diz üstə əyləşib bu sözləri deyirik:
Əlhəmdulillah, Əşhədu əlla ilahə illəllah. Vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd.
 
8-Salam:
Təşəhhüd sona çatdıqdan sonra belə deyirik: Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələyna və əla ibadillahis-salihin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
Salamı dedikdən sonra, üç dəfə «Allahu əkbər» deyir və beləliklə də sübh namazını sona çatdırırıq.
Qeyd etmək lazımdır ki, hər namaz qurtardıqdan sonra alını möhürə qoyub, şükr səcdəsi etmək və səcdədə üç dəfə «Şukrən lillah» (yəni; Allaha şükr olsun) sözünü demək bəyənilmiş işlərdən sayılır.
 
ZÖHR NAMAZI
Zöhr namazı 4 rəkətdir və günorta çağı qılınır. Zöhr namazının qılınma qaydası belədir:
 
1-Niyyət:
Zöhr namazı qılıram, vacib qürbətən iləllah sözünü qəlbdən keçirmək.
 
2-Təkbirətul-ehram:
Allahu əkbər demək. Zöhr namazı təkbir dedikdən sonra eynilə Sübh namazı kimi qılınır. Lakin təşəhhüddən sonra salam deməmiş, ayağa qalxaraq üçüncü və dördüncü rəkətləri aşağıda göstərilən şəkildə tamamlamaq lazımdır:
 
3-Təsbihatı demək:
Subhanəllahi vəl-həmdulillahi və la ilahə illəllah vallahu əkbər-(3 dəfə).
 
4-Ruku:
5-Rukudan qalxmaq:
6-Səcdə:
7-Səcdədən qalxmaq:
8-İkinci dəfə səcdəyə getmək:
9-İkinci səcdədən qalxmaq:
 
İkinci səcdədən qalxdıqdan sonra bir daha ayağa qalxır və üçüncü rəkət kimi dördüncü rəkəti belə qılırıq:
1-Təsbihatı üç dəfə demək.
2-Ruku.
3-Rukudan qalxmaq.
4-Səcdə.
5-Səcdədən qalxmaq.
6-İkinci dəfə səcdəyə getmək.
7-İkinci səcdədən qalxmaq.
8-Təşəhhüd.
9-Salam.
10-Təkbir (3 dəfə).
 
ƏSR NAMAZI
Əsr namazı eynilə Zöhr namazı kimi olub, təkcə niyyətdə fərqlənir. Əsr namazı 4 rəkətdir və Zöhr namazından sonra qılınır.
Əsr namazının niyyəti belədir: «Əsr namazını qılıram, qürbətən iləllah».
Zöhr və Əsr namazlarını həm bir-birinin ardınca, həm də bir-birindən fasilə ilə (yəni öz fəziləti vaxtında) qılmaq olar. Lakin onları ayrıca (öz fəzilətli vaxtında qılmaq, daha üstün və bəyənilmiş sayılır).
 
ŞAM NAMAZI
Şam namazı 3 rəkətdir. Bu namaz günəş batdıqdan sonra və İşa namazından qabaq qılınır. Şam namazının qılınma qaydası belədir:
1-Niyyət: «Şam namazı qılıram qürbətən iləllah».
2-Təkbirətul-ehram.
3-Təkbir dedikdən sonra sübh namazı kimi 2 rəkət qılınır, amma 2-ci rəkətdə təşəhhüddən sonra salam deməmiş ayağa qalxıb 3-cü rəkətə məşğul oluruq. Namazının 3-cü rəkəti, Zöhr və Əsr namazlarının 3-cü rəkətləri kimidir. Şam namazının 3-cü rəkətində ikinci səcdədən qalxdıqdan sonra, təşəhhüd və salam deyilir və üç dəfə Allahu əkbər deməklə namaz tamamlanır.
 
XİFTƏN NAMAZI
Xiftən namazı dörd rəkətdir. Bu namaz Şam namazından sonra qılınır və onun qılınma qaydası eynilə Zöhr və Əsr namazları kimidir. Xiftən namazı yalnız niyyətdə Zöhr və Əsr namazlarından fərqlənir. Xiftən namazının niyyəti isə belədir: «Xiftən namazı qılıram qürbətən iləllah».
Qeyd etməliyik ki, Sübh, Şam və Xiftən namazlarında kişilər «Həmd» və «İxlas» surələrini ucadan, Zönr və Əsr namazları, həmçinin təsbihatları isə astadan oxumalıdırlar.
 
NAMAZDA BİR NEÇƏ ŞEYƏ DİQQƏT YETİRMƏK ZƏRURİDİR:
1-Namaz halında danışmamaq;
2-Namaz halında qəh-qəhə ilə gülməmək;
3-Namaz halında yemək və içməkdən pərhiz etmək;
4-Namaz halında qiblədən üz döndərmək;
5-«Həmd» surəsindən sonra amin deməmək;
6-Namaz qılarkən əlləri bir-birinin üzərinə qoymamaq və s.
Qeyd olunanların hamısı namazı batil edən amillərdən sayılır.
7-Qızlar və qadınlar həm namaz qılarkən, həm də digər vaxtlarda dini örtüyə riayət etməlidirlər.
 
NAMAZIN TƏRCÜMƏSİ
Həmd surəsi: «Rəhman və Rəhim Allahın adı ilə. Həmd-səna və tərif aləmlərin Rəbbi olan Allaha məxsusdur. Rəhm edənlərin rəhm edənidir. Qiyamət gününün sahibidir. İlahi! Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola hidayət et. O kəslərin yoluna ki, onlara nemət vermisən, qəzəb etdiyin şəxslərin və azğınların yoluna yox.»
İxlas (Tövhid) surəsi: «Rəhman və Rəhim Allahın adı ilə. De ki, odur yeganə Allah. (O) Allah ehtiyacsızdır. Doğmayıb, doğulmayıb və ona tay olan bir kəs yoxdur.»
Zikr: Pakizə və müqəddəsdir O Allah!
Təkbir: Allah çox ucadır.
Təsbihat: Pakizə və müqəddəsdir O Allah. Tərif yalnız Allaha məxsusdur. Ondan başqa heç bir məbud yoxdur və Allah çox ucadır.
Təşəhhüd: Allaha həmd-səna və tərif olsun. Şəhadət verirəm ki, Allahdan başqa ayrı bir məbud yoxdur və şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi və elçisidir. Ey mənim Allahım! Muhəmməd və Onun ailəsinə öz rəhmətini göndər.
Salam: Ya Peyğəmbər! Sənə salam, Allahın rəhmət və bərəkəti olsun. Salam olsun bizə və Allahın saleh bəndələrinə. Sizə salam və Allahın rəhməti və bərəkəti olsun.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə