İmam Rizanın (ə) әxlaqi xüsusiyyәtlәri

Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər
Məsum imamlar Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər. Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər. Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər. Bu barədə mərhum Səduq, İbrahim ibni Abbasdan nəql edərək belə yazmışdır: İmam Riza əleyhissalamın, sözlə bir kimsəyə züml etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət (ə) başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə aparardı. Məhəmməd ibni Әbi İbad, İmam (ə) haqqında belə deyibdir: «Həzrət (ə) yayda həsirdən, qışda isə yun fərşlərdən istifadə edərdi. Sadə bir evdə yaşayardı, lakin bayıra çıxanda təmiz və təzə paltar geyərdi. Qonağa hörmət edərdi. Bir gecə evdə yanan çıraq xarab olur, qonaq qalxıb çırağı düzəltmək istədikdə, imam (ə) onu bu işdən çəkindirir və özü çırağı düzəldib buyurur: Biz qonaqlarımızı işlətmərik». İmamın xidmətçisi Yasir deyibdir: İmam (ə) bizə belə buyurardı: Yemək yediyiniz vaxt əgər sizi çağırsam, xörəyinizi yeyib qurtarmayınca qalxmayın». İmamın əshabından olan başqa bir nəfər isə o həzrətin əxlaqı barəsində belə deyibdir: Bir gün yad bir adam imamın evinə gəlib: «Mən sizin dostlarınızdanam, yoxsul da deyiləm, lakin pulum qurtarıb və qayıtmaq üçün xərcim yoxdur, əgər bir az siz mənə pul versəniz, öz şəhərimə çatandan sonra sizin tərəfinizdən sədəqə verərəm» - dedi. İmam (ə) qalxıb o biri otaqa keçərək oradan 200 dirhəm gətirib qapının üstündən ona verdi və buyurdu: «Al bunu, mənim tərəfimdən sədəqə verməyin də lazım deyildir». İmamdan «belə etdin ki, səni görməsin?» - deyə soruşdular. İmam (ə) onların cavabında belə buyurdu: «Belə etdim ki, gözü mənə sataşıb utanmasın». İmamın əshabından olan Süleyman deyibdir: Bir gün həzrətlə evə getdik. Fəhlələr işləyirdilər. Orada imamın tanımadığı özgə bir kişi də var idi. İmam (ə) buyurdu: «Bu kişi kimdir?» Dedilər: Onu bizə kömək etmək üçün gətirmişik. Buyurdu: «Onunla müqavilə bağlayıb muzdunu təyin etmisinizmi?» Dedilər: Xeyr, ancaq yaxşı kişidir və nə qədər versək, qəbul edib etiraz etməz. İmam (ə) bu sözdən çox narahat olub buyurdu: «Həmişə sizə demişəm ki, birini işlətməyə gətirəndə əvvəldən muzudun təyin edin. Çünki muzdu təyin olub muzdundan çox ona pul versəniz, sevinər. Amma əgər muzdu təyin etməsəniz, onda muzdunun üç qatını da versəniz, elə güman edər ki, muzdunu verməmisiniz.»