Həzrət Fatimə (s) Cənnət xanımı

Sual : Nə üçün Peyğəmbər (s) "Fatimədən Cənnət qoxusunu alıram!" – buyurardı?

 

Qısa cavab:

Ətraflı cavab:

 İnsanın vücudunun ilk təməli onun nütfəsinin bağlandıqda atılır, çünki, insanın vücudunun dəyərlərinin ən əhəmiyyətli hissəsini özündə saxlayan məhz nütfədir. Bu səbəbdən İslam qaynaqlarındakı hədislərdə bu özülü düz qoymaqla əlaqədar çoxsaylı göstərişlər var. İslam xanımı Fatimeyi Zəhranın (əleyhas-salam) həyatına nəzər saldıqda görürük ki, o, bu baxımdan müstəsna məqama malikdir. Bu məqam kişi və ya qadın olmasından asılı olmayaraq dünyanın böyük şəxsiyyətlərinin tarixində misilsizdir. Yaxşı olar ki, bu sözü Peyğəmbərin (sallallahu əleyhi və alih) öz dilindən eşidək:

1. İbn Abbas nəql edir ki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Fatiməni çox öpərdi. Bir gün Ayişə dedi:
− Siz Fatiməni çox öpürsünüz?
Allahın rəsulu (sallallahu əleyhi və alih) belə cavab verdi:
− (Bunun səbəbi var.) Meraca getdiyim gecə Cəbrail məni Cənnətə apardı və bütün Cənnət meyvələrindən mənə verdi. O meyvələrin cövhərindən (suyundan) Fatimənin nütfəsi Xədicənin bətnində bağlandı.
فَاِذَا اشْتَقْتُ لِتِلْکَ الثِّمارِ قَبَّلْتُ فاطِمَهَ فَاَصَبْتُ مِنْ رایِحَتِها جَمِیعَ تِلْکَ الثِّمارِ الَّتی اَکَلْتُها
"Ürəyim o meyvələri istəyəndə Fatiməni öpürəm. Onun qoxusunu alanda həmin gecə yediyim bütün meyvələrin qoxusunu alıram." (1)
2. Bəzi hədislərdə o meyvənin alma olduğu diqqəti cəlb edir. “Zəxairul-uqba” kitabında bir hədisdə bir qrup səhabədən nəql olunur ki, Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
“Cəbrail mənim üçün Cənnətdən alma gətirdi. Mən onu yedim və Fatimənin nütfəsi ondan bağlandı." (2)
3. Digər bir hədisdə sözügedən meyvənin heyva olduğunu görürük. “Mustədrək əs-Səhiheyn” kitabında Səd ibn Malik həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) həmin hədisi nəql edir. (3)
4. Həmçinin, başqa bir hədisdə o cənnət meyvəsi biz dünya insanları üçün tanınmamış, amma olduqca gözəl, ətirli, füsunkar bir meyvə kimi təqdim olunur. Görkəmli alim Süyuti həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edir:
لَمّا اُسْرِیَ بِی اِلَى السَّماءِ اُدْخِلْتُ الجَنَّهَ فَوَقَفْتُ عَلى شَجَرَه مِنْ اَشْجارِ الجَنَّهِ لَمْ اَرَ فِی الجَنَّهِ اَحْسَنَ مِنْها وَ لا اَبْیَضَ وَرَقاً وَ لاَ اَطْیَبَ ثَمَرَهً، فَتَناوَلْتُ ثَمَرَهً مِنْ ثَمَرَتِها، فَاَکَلْتُها فَصارَتْ نُطْفَهً فِی صُلْبِی، فَلَمّا هَبَطْتُ اِلَى الاَرْضِ وَاقَعْتُ خَدِیجَهَ، فَحَمَلَتْ بِفاطِمَهَ، فاِذا اَنَا اشْتَقْتُ اِلى رِیحِ الجَنَّهِ شَمَمْتُ رِیحَ فاطِمَهَ
"Merac gecəsi məni Cənnətə daxil etdilər. Mən Cənnət ağaclarından birinin yanında dayandım. Bütün Cənnətdə ondan gözəl, yarpaqları ondan ağ, meyvələri onun meyvələrindən daha ətirli ağac görmədim. Onun meyvələrindən birini dərib yedim. Mənim sülbümdə ondan nütfə hazırlandı. Yer üzünə qayıdandan sonra Xədicə ilə yaxınlığım oldu və Fatimənin (aleyhas-salam) nütfəsi bağlandı. Ona görə də, cənnət qoxusunu almaq istədikdə Fatimənin qoxulayıram." (4)
Həqiqətdə, birinci hədis bu hədislərin hamısını izah edir. Çünki həmin hədisə görə, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) bütün Cənnət meyvələrindən yemişdi. Fatimənin nütfəsi onların hamısının cövhərindən təşkil olunmuşdu. Ondan əlavə, Cənnət aləminin bizim yaşadığımız dünya ilə o qədər fərqi var ki, bizim sözlərimiz onun həqiqətlərini bəyan etməyə qadir deyil. Bizim dediklərimiz onlar haqqında cüzi işarələrdir. Hər bir halda Cənnət xüsusiyyətlərinə malik belə bir cənnət xanımının nütfəsi cənnət meyvələrinin cövhərindən təşkil olunmalıdır. Bu üstünlük Xanım Zəhranı bütün dünya xanımlarından fərqləndirir. O bir cənnət xanımı idi. Təbiəti cənnətdən, canı və qəlbi cənnətdən, rəngi-ruhu cənnətdən, sözü-rəftarı cənnətdən, qısa sözlə desək başdan-başa Cənnətdən idi. (5)