Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İBADƏT NAMAZ VAXTLARI

İBADƏT

NAMAZ VAXTLARI

Namaz (salat) vaxtlarının Qurani Kərimdə bildirilib bildirilməməsi məsələsi müsəlmanlar arasında hər zaman mübahisə mövzusuna səbəb olmuşdur. Allah son nazil etdiyi kitabda «dininizi sizin üçün tamamladım» deməsinə rəğmən təəssüf ki, Allahın bəzi mövzuları söyləmədiyini iddia edənlər olmuşdur.

Əslində Quran bir bütün olaraq oxunarsa və oxunduğu zaman da nazil olduğu toplumun adəti, tarixi, dili nəzərə alınarsa o zaman bütün problemlər çözülər, bütün məsələlər aydınlaşar. Quranda bütün ibadətlərin vaxtı və zamanı, səbəbi və nəticəsi açıq - aydın ayələrlə bildirilmişdir.
Namazı qılın ki, bəlkə təmizlənəsiniz.
Orucu tutun ki, bəlkə təqvaya çatasınız...


Ayələrdəki BƏLKƏ kəlməsi bütün qılınan namazların təmizləmədiyinə, bütün orucların da təqvaya vəsilə olmadığına bir dəlildir. Hələ də təqvadan uzaq və kirə yaxın olan "müsəlmanlar" varsa sorun onların ixlaslı namaz qılıb oruc tutmamalarından qaynaqlanır.

Bu günki yazımızda Quran işığında namaz vaxtlarını öyrənməyə çalışacağıq. İlk öncə onu qeyd edək ki, Ərəb dilində digər dillərdə olmayan üç qrammatik kəmiyyət var: tək, cəm və təsniyə. Bir şeyin cəm formada işləməsi üçün o ən azı üç olmalıdır.
Tək - 1
Təsniyə - 2
Cəm - ən azı 3.


Qurani Kərimin tərcümə edilmiş məallarında nədənsə təfsirçilər kəlmələrin bu kəmiyyət formalarına diqqəti çəkməmiş, bundan qaynaqlanan səbəblə də dilin bu özəlliyini bilməyənlər də ayələri doğru anlaya bilməmişlər.

Mövzu ilə əlaqədər olaraq ilk öncə Hud surəsinin 114-cü ayəsinə baxaq:
«Namazı gündüzün iki tərəfində və gecənin (gündüzə yaxın) bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, yada salanlara öyüd - nəsihətdir»

Ərəb toplumunda «gündüz» (النَّهَارِ) deyilərkən anlaşılan vaxt günəşin doğuşundan batışına qədər olan zamandır. «Gecə» (اللَّيْلِ) deyilən zaman isə günəşin batışından doğuşuna qədər olan zamandır. Ayədən də anlaşılan kimi gündüz iki namaz fərz qılınıb. (bu ayədəki təsniyə kəməsindən bu anlaşılır): «naharın iki bölümündə namazı tam qıl».

Eyni ayənin ardında «gecənin zülfələrində ( وَزُلَفًا) də namazını qıl» deyilir. Zulfə kəlməsi bir şeyin bir - birinə yaxınlığını ifadə edir. Zulfə cəm mənasındadır. Zuləf - tək, zulfətən – iki, zulfə – ikidən çox deməkdir. Gecə namazı ən azı 3 vaxtdadır: məğrib, işa və sübh. Fərz əmrlər «ən az»a görə tətbiq edilir. Yəni insan ən azı yerinə yetirdiyi zaman ibadəti tamamlamış hesab edilir (zəkatı, fitrənin verilməsindəki ən az ölçünü yada salın).

Naharın iki tərəfi (iki ucu) və zulfədə namazı qıl. Gecə qılınan namazlar gündüzə yaxın olmalıdır. Zuləf kəlməsi yaxınlığı bildirir. Gecə ilə gündüzün bir birinə yaxınlığnı. Gecənin gündüzə yaxın vaxtlarından biri məğrib namazının vaxtı, digəri də sübh namazının vaxtıdır. Bu yaxınlıq həm də işa namazına da şamil edilir. O da gündüzə yaxın olmalıdır. Yəni hər üç namaz gündüzə yaxın olmalıdır. Məğrib və işa günəşin batışına yaxın olmalı, sübh namazı isə günəşin çıxışına yaxın olmalıdır.

19-cu əsrə qədər insanlar gözlə baxaraq bu vaxtları müəyyənləşdirirdilər. 19-cu əsrdən sonra təqvimlərin tətbiq edilməsi ilə bu vaxtlar təəssüf ki, dəyişdirilmişdir. Sübh namazı daha erkən, tamamən qaranlıqda qılınınır, məğrib və işa namazları da gecə qaranlışğı düşdükdən sonra qılınır. Halbuki, Qurandakı vaxtlar bu deyil. Buna görə ramazan orucu zamanı da təqvimdəki sahur və imsak vaxtları da Qurana uymur.

Yuxarıdakı ayə bizə fərz namazların vaxtını bildirdi. Deməli gecədə gündüzə yaxın olmayan vaxtlar da olmalıdır ki, zulfə kəlməsinin işlədilməsi aydın olsun. Namaz vaxtı gündüzə yaxın olmalıdır, əks halda zulfə kəlməsinin anlamı qalmaz. Gecənin tamamən qaranlığında nafilə namazlar var: məsələn təəccüd. Başqa sözlə desək gecənin gündüzə yaxın olmayan vaxtında fərz namaz qılma əmri yoxdur. Nafilə namazlar isə qılmaq olar.

«Gecənin bir vaxtı oyanıb ancaq sənə məxsus (təhəccüd) namazı qıl. Mümkündür ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin» (İsra, 79)

Quranın söylədiyi kimi «Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz ) orbiti ( ilə) üzüb gedir» (Yasin, 40). Hud surəsindən də anlaşıldığı kimi gündüz iki, gündüzə yaxın gecə isə üç fərz namaz əmri var. Günün ilk namazı zöhr namazıdır. Belə ki, cümə günü də «namaza çağrıldığınız zaman» deyilən ayədən də hər kəs günün ilk namazını, yəni zöhr namazı qılmaq üçün məscidlərə camaat namazına gedir. Yəni günün ilk namazı zöhr, son namazı isə sübh namazıdır.

«Cəbrayıl hədisi» deyilən hədisdə də Rəsulun namaz vaxtları ilə bağlı söylədiklərində də günün ilk namazının zöhr namazı olduğu anlaşılır:
«Cəbrayıl Kəbənin yanında mənə iki dəfə imamlıq etdi. Birincisində zöhr namazını kölgələr bir ayaqqabı bağı qədər ikən qıldırdı. Sonra hər şeyin gölgəsinin öz boyu olduğu zaman ikinci namazı qıldırdı. Günəşin batdığı və oruclunun iftar etdiyi saatda axşam namazını qıldırdı. Şəfəqin itdiyi satda işanı qıldırdı. Sabah namazını da dan yerinin ağardığı, oruc tutana yemək və içməyin qadağan olduğu saatda qıldırdı. Cəbrayıl ikinci dəfə imamlıq etdiyində zöhr namazını dünənki əsr namazı vaxtında, yəni hər şeyin kölgəsinin öz boyunda olduğu vaxtda, əsri hər şeyin kölgəsinin özünün iki qatı olduğu vaxtda, axşam namazını ilk günkü vaxtda qıldırdı, işa namazını gecənin 3/1 keçərkən qıldırdı, sübh namazını da ortalıq aydınlandığı sırada qıldırdı. Sonra Cəbrayıl mənə döndü və dedi ki, Ey Muhəmməd bu səndən öncəki nəbilərin ibadət vaxtıdır. İbadət vaxtı bu iki vaxtın arasıdır» (İbn Abbas)

Hud surəsində günün iki başı namaz əmri var idi. Ayə iki tərəf deyir. Tərəf təsniyəni bildiri, bu kəlmənin cəm forması «ətraf» kəlməsidir. İlk namaz günün başlanğıcında qılınan namazdır - zöhr. Bu ayədən də də gecə namazının vaxtı anlaşıldığına görə əsr namazını gün batmadan qılmaq lazım olduğunu anlayırıq. Zöhrün başlanğıcı var. Günəşin zirvədə olduğu an, bitişi isə yoxdur. Əsrin də başlanğıcı yoxdur, bitişi var, günəş batmadan öncə. Buna görə də müəyyən səbəblər olduqda bu namazları birləşdirmək mümkündür. Hədisdən də anlaşıldığı kimi zöhrü bir qədər gec qılaraq əsrə yaxınlaşdırmaq olar. İsra, 78 – ci ayədə keçən ğasaki əl-leyl (غَسَقِ اللَّيْلِ ) kəlməsi sərinlik vaxtını bildirir. Ayədə gecənin sərinliyinə qədər deyildiyi üçün günəş batdığı zaman həmən qaranlıq başlamır, lakin sərinlik başlayır. Əks halda ilin 6 ayının qaranlıq, 6 ayının isə gündüz olduğu qütüb bölgəsində namaz vaxtları anlaşılmazdı. Qütb bölgəsində 24 saat günəş olduğu zaman belə bu sərinlik hiss olunur. Allah kitabında elə bir kəlmədən istifadə edib ki, dünyanın hər yerində namaz vaxtını müəyyənləşdirmək mümkündür. Eləcə də Qütb bölgəsində günəşin 24 saat göydə olduğu vaxt sübh namazını müəyyənləşdirmək mümkündür. Gecənin sükutunun quşların və cırcıramaların səsinin pozmağa başladığı, mehin əsməyə başladığı vaxt sübhn namazının vaxtına dəlalət edir. Təbii ki, böyük şəhərlərdə yaşayan insanlara bu vaxtları müəyyənləşdirmək çətin görünə bilər. lakin kənd şəraitində gözlə bu vaxtları asanlıqla müəyyənləşdirə bilərsiniz.

Namaz vaxtlarını doğru təsbit etmək lazımdır. çünki Allah Kitabında «…Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir» (Nisa, 103) deyir. Bu müəyyən olunmuş vaxtları da təbii ki, Onun kitabından öyrənmək lazımdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə